1 milyon illik sirr – Mirmehdi Ağaoğlu yazır...

1 milyon illik sirr – Mirmehdi Ağaoğlu yazır...
13 mart 2022
# 10:00

Kulis.az Mirmehdi Ağaoğlunun “1 milyon illik sirr: Həvva nənəmizi cənnətdən niyə o heyvan qovdurdu?” essesini təqdim edir.

Elmdə təkamül biologiyası adlı son on illiklərdə yayılmış bir sahə var. Bu sahə insanın indiki davranış və xüsusiyyətlərini deyil, yüz min illər öncə Afrika savannalarında yaşayan əcdadlarımızın və primatların xarakter və xüsusiyyətlərini araşdırır. Bəzən təkamül psixologiyası da adlanan bu sahənin alimləri bir sıra sübut, müşahidə və təcrübələrlə insanın xarakter və xüsusiyyətlərinin necə formalaşmasını öyrənməyə çalışırlar. Bu təmayüldə sayını bilməsəm də düşünürəm ki, artıq müəyyən kitablar yazılıb. Mən onlardan biri – Gordon H. Oriansın “İlanlar, gün doğumları və Şekspir” kitabından bəhs etmək istəyirəm. İxtisasca ornitoloq olan Orians ömrünün bir hissəsini Afrikada quşların öyrənilməsinə xərcləyib. Bu dövrdən başlayaraq da insan psixologiyasındakı bir çox məsələlərin kökünü təkamüldə və qədim dövrlərdə axtarmağa başlayıb. Savannalarda yaşamış uzaq əcdadlarımızın təcrübələri isə ətrafımızda gördüyümüz hər şeyə verdiyimiz reaksiyalara hopub. Təkamüllə bağlı bu təsbitləri istifadə edərək Afrika savannalarından gələn qədimdən qədim miraslarımızı kəşf etmiş oluruq.

Əcdadımızı dirildib bizi öldürən şəkər

Kitab insanın şəkərə meylini araşdırmaqla başlayır. Bu gün bizim şirniyyata, müxtəlif konditer məmulatlarına olan asılılığımızın səbəbləri çox keçmişlərdə öyrənilir. İnsan əcdadlarımız və ya primatlar Afrika çöllərində yaşayarkən hər gün səhər şirinçay içmək, ürəkləri istəyəndə şəkərbura, paxlava bişirmək, marketə girib “Snikers” almaq imkanından uzaq imişlər. Onlar üçün şəkər ehtiyaclarını ödəmək inanılmaz dərəcədə çətin idi. Ləzzətli, dadlı meyvələr də həmişə olmurdu. Bəs şəkər ehtiyaclarını necə ödəyirdilər? Bunun üçün arı pətəkləri var idi. Qədim insanlar savannada arı pətəyi ovuna çıxır və tapdıqları anda onu arıdan arındırıb oradaca yeyirdilər. Təbii ki, qədim insanların balı hardasa saxlayıb hər səhər yemək imkanları yox idi, azdan-çoxdan nə tapdılarsa anındaca həzmi-rabedən keçirirdilər.

Bu proses bir il, iki il deyil, bəlkə yüz illər, min illər boyu davam edib. Nəticədə insanda şəkər asılılığı yaranıb. Bu səbəbdən də müasir insan şirin məmulatlar yeməkdən doya bilmir. Orion insanın şəkər asılılığını belə izah edir: “Şirniyə düşkünlük, qidanın qıt olduğu zamanlarda enerji depoları və o qocaman, iri beyinlərinin bədəlini ödəmələri lazım olan ovçu-toplayıcı əcdadlarımız üçün harmonik reaksiya idi. Topladıqları qidaların çoxu şirin deyildi. Çox-çox sonralar əkin sahəsində bol nişastaya sahib olduq. Lap yaxın zamanlarda isə texnologiya bizi şəkərə boğdu. Savannaya uyğunlaşmış bədənlərimiz hələ də şəkər istəyir, amma dövrümüzdəki texnoloji toplumlarda şəkər sıxıntısı deyə bir şey ya çox nadir hallarda yaşanır, ya da heç yaşanmır. Bu üzdən aldığımız izafi qidanı yağ olaraq depolayır və artıq çəkidən əziyyət çəkməyə başlayırıq”.

Maraqlıdır ki, insan başqa qidalara qarşı “acgözcəsinə” davranmır, yalnız şəkər qarşısında nəfsi tablamır, özünə stop qoya bilmir. Üstündən yüz min illər vaxt keçib, biz hələ də “əlimə keçib pətəyin hamısını yeyim, bir də nə vaxt bal tapacam” qorxusu ilə marketlərdə qabağımıza çıxan şəkər məhsullarına hücum çəkirik. Halbuki istənilən marketdəki məhsulların ən azı yarısı şəkər tərkibli olur və tarixin heç bir dövründə şəkər məhsulları bu qədər əlçatan olmayıb.

Həvva nənəmizi yoldan çıxaran heyvan

Ən maraqlı məqamlardan biri insanın ilanlarla münasibəti ilə bağlıdır. Müqəddəs kitablarda Həvvanı yoldan çıxaran heyvan qismində canavar, pələng, şir, bəbir, qartal kimi vəhşi varlıqların deyil, məhz ilanın göstərilməsi təsadüfi deyil. Bizim folklorda da “ilanın ağına da lənət, qarasına da” adlı məşhur məsəl var. Çox da uzağa getməyək, özümüzdən götürək, yanımızda ilandan danışanda içimizi gizli bir ürpərti sarır, ətimiz çimçəşir. Baxmayaraq ki, ilana nəzərən şir, pələng, canavar daha yırtıcı varlıqlardır, yer üzündəki ilan növlərinin isə yalnız dörddə biri (!) zəhərlidir. Üstəlik əksəriyyəti şəhərdə yaşayan müasir insanların çoxu ömür boyu ilanı bir, ya iki dəfə, özü də heyvanxanada görə, ya görməyə. Lakin yenə də ilandan qorxuruq. Amerikada aparılmış bir təcrübəyə görə, insanların ən çox qorxduqları heyvan ilan olub. Halbuki sorğu aparılanların arasında çoxu Nyu-Yorkdakı göydələnlərdə yaşayırmış, heç vaxt ilan görməyiblər. Bəs insanın ilandan bu qədər qorxmasının səbəbi nədir?

Qorxunun səbəbinə keçməmişdən qabaq onu deyim ki, ilandan qorxan təkcə insan deyil. Zəhərli ilanların yaşamadığı Madaqaskardakı lemurlardan başqa primatların hamısında asanlıqla alovlanan ilan qorxusu var. Laboratoriyada yetişmiş və heç ilan görməmiş meymunlar belə, ilandan qorxan digər meymunları görərək ilan qorxusu formalaşdırırlar.

Zəhərli ilanların olmadığı Britaniya Kolumbiyası və Alyaskada yaşayan Kvakiutl qəbiləsi üzvləri həm insan, həm də ilan üzləri olan üçbaşlı sürünən sisiutldan qorxurlar.

Ən azından yüz minlərlə ildir ilan olmayan bölgələrdə yaşayan Şimali Amerika tarla sincablarında hələ də ilan təhlükəsinə qarşı davranışlar müşahidə edilir. Yeri gəlmişkən, bu da ayrı bir sualdır ki, sincablar (elə Nyu-Yorkda yaşayıb heç vaxt ilan görməyənlər də) artıq neçə nəsildir ilan adlı bir canlının varlığından xəbərdar olmaya-olmaya canlarında bu qorxu hardan qalıb? Necə olub ki, yaddaşları nə vaxtsa olmuş bir qorxunu saxlayıb? Belə çıxır ki, bizim genlərimiz təkcə fizioloji davranışları deyil, hissləri, duyğuları da ötürə bilir? Və müasir insanın bir çox arzu və istəkləri, həyat şəkli nə vaxtsa əcdadların veyl-veyl gəzdikləri Afrika savannalarında formalaşıb? Bizim əcdadlarımız təxminən 1.6 milyon il əvvəl iki ayaq üzərində dayanmağı və iti addımlarla yeriməyi öyrəndikləri üçün bu formalaşmanın hansı dövrə təsadüf etdiyini təsəvvür etməyə çalışanda adamın gözü qaralır.

Savannada var-gəl edən əcdadlarımızın ən çox qorxduqları heç də şir, pələng, bəbir, yaxud hazırda nəsli kəsilmiş hansısa yırtıcı olmayıb, məhz həmən yırtıcılardan qaçan vaxt, yaxud ov pusduqları zaman qəfildən otların arasında üstünə ayaqlarını basacaqları ilanlar olub. Qədim insan şiri, pələngi, bəbiri çöldə, otların-kolların arasında seçə bilir, təhlükə yarandığı vaxt qaçıb canını qurtarırdı. Lakin gürzənin otların arasından nə vaxt çıxıb onu sancacağını bilmirdi. Lap tutalım adi vaxtı ehtiyatlı davranırdı, amma acından nəriltisi Afrikanı başına götürən şirdən “daban 56” qaçan vaxtı bədbəxt əcdad ayağının altına baxsın, yoxsa dırmaşmağa ağac axtarsın? Bu səbəblə də qədim əcdadlarımızın hədsiz qorxduğu heyvan daha iri, təhlükəli canlılar deyil, məhz ilanlar olub ki, bu qorxu sonradan müqəddəs kitablara, elə folklorlara da sirayət edib, nəticədə Həvvanı cənnətdən çıxaran heyvana çevrilib: “Primatların təkamül tarixlərinin əvvəlində ovlarını zəhərlə və ya boğaraq öldürən ilanlar onlar üçün ən önəmli onurğalı yırtıcılar idi”.

Naxışlı təhlükələr

Sual oluna bilər ki, hər şeyi təkamüllə öyrənən insanlar necə olur ki, ilanların otların arasında gizlənməsinə alışmayıb, buna qarşı özlərində müqavimət yarada bilməyiblər? Təkamül biologiyası buna da təcrübələrlə cavab tapmağa çalışıb. Məsələn, nə uşaqlar, nə də yetkin insanlar çiçəklər arasındakı qurbağanı, qurbağalar arasındakı çiçəkdən daha yaxşı ayırd edə bilirlər. Halbuki ilanlara münasibətdə insan bu cür deyil. İnsanın gözləri ilanları görməyə, onları başqa canlılardan seçməyə çox yaxşı alışıb. Əlbəttə bayaqdan ilan-ilan deyib, başqa yırtıcıları aşağılamayaq, bəbirləri də qədim insanları qorxuya salan yırtıcılılar qisminə aid etmək olar. Araşdırmalar göstərib ki, insan gözlərinin mozaik və xallı naxışlara reaksiyaları digərlərinə nisbətən daha çoxdur. İlan, bəbir, pələng dərisini xatırladan parçalardan paltarların hər zaman dəbdə olmasının bir səbəbi də yəqin budur.

Görünür, ilanın hədsiz dərəcədə qıcıq yaradan varlıq olması və qədim əcdadların ondan hədsiz qorxmaları beynimizdə ilanlarla bağlı əbədi yara açıb. Buna görə də ilana müxtəlif mədəniyyətlərdə xüsusi önəm verilir. İlan dərisi formasında altıbucaqlı, mozaik naxışlar incəsənət, eləcə də memarlıqda da geniş yayılıb. Məsələn, Səmərqənddəki Şirdor mədrəsəsinin fasadı mozaik formadadır. Bunun səbəbi isə digər naxışlara nəzərən ilan dərisi formasında naxışların diqqətimizi daha çox çəkməsidir. Halbuki çoxumuz heç bu naxışların ilanlarla əlaqəsini fikirləşmir, ya da xatırlamırıq.

Burda maraqlı bir məqam üzə çıxır. Bəs necə ola bilir ki, Nyu-Yorkda, yüz mərtəbəli binalarda yaşayan insanlar heç vaxt görməyə-görməyə ilandan qorxurlar? Bəlkə insanın genləri təkcə fizioloji nəsnələrə deyil, qorxuları, müəyyən hissləri də ötürür. Əlbəttə bu sualların cavabları hələ tam təsdiqini tapmayıb, amma aparılan təcrübələr göstərir ki, genlərimiz təkcə fizioloji nəsnələri deyil, həm də fizioloji olmayanları, hiss və duyğuları da ötürmək qabiliyyətinə malikdir: “On yeddinci əsrə gələnədək mikroorqanizmlərin varlığından xəbərdar deyildik, xəstəliklərə yol açdığını öyrənməyimiz də yüz il əvvələ təsadüf edir, buna görə də onlara qarşı təkamül etmiş qorxumuz yoxdur. Buna qarşı iltihablı yara, çürüyən ət, cəsəd, və nəcis kimi patogenlərlə əlaqəli şeylər gördüyümüz zaman diksinirik”.

Amerikanı kəşf edən bibər

Biz insanlar nəcisdən iyrənirik. Amma nəcislə, çürümüş ətlə qidalanan canlıların (qəsdən heyvan yazmadım) varlığı da məlum. Bəs necə olur ki, kaftarlar iylənmiş ətlə, cəsədlə qidalana bilirlər, insan yox? Məlum olduğu kimi iylənmiş əti yemək insan orqanizmi üçün zərərlidir, toksikdir, ölümə səbəb olur. Əgər insan üçün iylənmiş ət ölüm təhlükəsi yaratmasaydı, o zaman ikrah da doğurmazdı. Nəticə belə olur ki, biz iylənmiş ətin qoxusuna ikrah duyduğumuz üçün deyil, onun bizi öldürməsindən çəkindiyimiz üçün iyrənirik. Müəllif bunu daha sonra ədviyyatın mətbəximizdə önəmli yer tutması ilə də bağlayır.

Kulinariyamızda ədviyyat xüsusi yer tutur. Onu da vurğulamaq gərəkdir ki, yeməklərinə dadlı olsun deyə müdaxilə edən yeganə canlı da bizik. Özümüzlə müqayisə etsək görərik ki, əcdadlarımızın yemək saxlamaq imkanları yox dərəcəsində, bəlkə də heç yox idi. Soyuducusu olmayan əcdadların yedikləri ətli qidalar çox güman ki, isti havanın təsiri ilə qısa zamanda xarab olaraq iylənməyə başlayırdılar. Çox güman qədim insanlar ətli qidaların bu cür xoşagəlməz qoxularından qaçmaq üçün ədviyyatlara üstünlük veriblər. Ədviyyatların bəşəriyyətin həyatında nə qədər böyük əhəmiyyətə sahib olduğu məlumdur, onların üzündən böyük dünya səyahətləri başlayıb, onların sayəsində Amerika kəşf edilib. Kolumbun məqsədi Hindistana ən qısa dəniz yolunu tapıb ordan Avropaya ədviyyat gətirmək idi.

“Su başında durmuşuq”

Müəllif əsərdə bir sıra başqa məsələlərə toxunur. Məsələn, insanların niyə su qaynaqlarının yaxınlığında məskən saldıqlarını, hansı ağacları daha təhlükəsiz hesab etdiklərini izah etməyə çağırır. Kitabın ən maraqlı bölümlərindən biri insanların məskunlaşma sahəsi seçdikləri zaman diqqət etdikləri özəlliklərdir.

Araşdırmalar zamanı məlum olub ki, insanlar daha çox asan şəkildə dırmaşıla bilən ağacları sevirlər.

İnsanların məskunlaşması ilə bağlı aparılan bir təcrübə də diqqət çəkicidir. Amerika Birləşmiş Ştatlarına sığınan rus müxalif rəssamlar Vitali Komar və Aleksandr Melamidə marketinq araşdırmaları aparan bir firmadan həddi buluğa çatmış amerikalıların vizual sənətlərə qarşı münasibət və seçimlərini dəyərləndirən bir anket hazırlamaq təklifi gəlir. Min nəfər arasında aparılan sorğudan sonra ortaya çıxan “Amerikalıların ən çox istədikləri” adlı tablo mənzərə janrında olub. Savannanı xatırladan bu mənzərədə su (sakit bir göl), arxa planda yüngül əyilimli təpələr, solda ağaclıqla bir qayalıq var. Ağaclar arasında ən fərqlənəni isə ani bir təhlükədə asanlıqla dırmaşmaq mümkün olan ağacdır. Tablonun aşağı sağ tərəfində isə qida mənbəyini göstərən iki maral da təsvir olunub. Komar ilə Melamid eyni anketi Rusiya, Ukrayna, Fransa, Finlandiya, Danimarka, İslandiya, Türkiyə, Keniya və Çində də hazırlayıblar və yaranan digər 9 tablo ilə “Amerikalıların ən çox istədikləri” tablosu arasında xeyli oxşarlıq ortaya çıxıb. Tablo mənim yadıma Sovet dövründə demək olar hər evdə divardan asılan, daha çox ceyran-maral təsvirinin yer aldığı mənzərə qobelenlərini saldı. Görünür, o dövrdə insanların su, maral, yaşıllıq təsvirli bu qobelenlərə kütləvi maraq göstərmələrinin kökündə də hardasa rus rəssamlarının təcrübəsinə qohum məqamlar yer alır.

İnsanlar üzərində məskunlaşma ilə bağlı aparılan bütün bu araşdırmalar dünyanın harasında yaşamasından asılı olmayaraq savanna hipotezinə uyğun gəlir: çay daşları ilə bəzənmiş yapon bağları da, çayırlı-çəmənli ingilis bağları da, hovuzlu-göllü müasir parklar da bu hipotezə söykənir. Qədim insan su qaynaqlarının yanında həm su ehtiyacını ödəmək, həm də ora su içməyə gələn heyvanlar sayəsində qida ehtiyacını təmin etmək üçün qalırdı. Asan dırmaşılan ağaclar isə ona vəhşi heyvanlardan canını qurtarmaq üçün gərək idi. Əks halda yerdə yatan primatlar asanlıqla yırtıcı heyvanların ovuna çevrilə bilərdilər. Bunun üçün insanın əcdadları dırmaşmaq asan olan ağacları seçirdilər. Kitabda insanların hansı ağacları daha çox bəyənməsi haqqında da təcrübələrin nəticəsi qeyd olunub, lakin mən xırdalığına qədər yazıb yormaq istəmədim. Çəmənlik sahə isə qədim insana yırtıcı heyvanları uzaq məsafədən müəyyən edib, dərhal sığınacağa çəkilməsi üçün gərək idi.

Günəş batanda rəngi saralanlar

Kitabın mənim nəzərimdə ən diqqətəşayan məqamlarından biri də günün batması, yaxud qürub çağı ilə bağlıdır.

Axşam düşəndə insan niyə hüznə qapılır? Bunun səbəbini güman ki, şairlər başqa cür izah etsinlər, Orion isə belə deyir: “Təkamül bioloqlarının fikrincə atalarımız və gündüzlər aktiv olan digər primatlar üçün gecələr təhlükəli zamanlar olub. Gecə qorxusu da ehtimal ki, gecə primatları gündüzləri aktiv olmağa başladıqdan sonra təkamül edib. Babuin körpələrinin qaranlıq və yıxılmaq qorxusu doğuşdandır. Rəngləri gündüzləri görə biləcək şəkildə təkmilləşən görmə sistemimiz, işığın azaldığı zaman fəaliyyətini itirir. Kaftarlar, böyük pişiklərin, vəhşi itlərin və ilanlar kimi bir çox təhlükəli yırtıcıların əsl ov zamanları isə gecədir. Ovlanmaq və yeyəcək toplamaq üçün hər gün uzun məsafələr qət edən atalarımızın ehtimal ki, sıx-sıx qarşılaşdıqları durumlardan biri də gün batandan sonra müdafiəsiz qalmaqları idi. Günəşin batması, gecə çökmədən etibarlı bir yerə qayıtmaqları üçün güclü bir işarə olmalı idi. Bu səbəblə də yaxınlaşan qaranlığa işarə edən günəş batması və uzun kölgələr kimi ipucları bizim üçün güclü motivasiya qaynağına çevrilib”.

Portağal rəngini alan günəşin asta-asta üfüqdə yuvarlanıb dağların dalında itməsi qədim insan üçün həyəcan siqnalı sayılırdı. Bir azdan gecə düşəcək, hər tərəf zülmətə qərq olacaq və o, hava aydınlanana qədər ölüm-qalım mübarizəsi aparacaqdı. Günəşin üfüqdə itməsi sonuncu ümidin də ölməsinə, gecənin uzun və gərgin keçəcəyinə işarə idi. Yalnız işıqda görə biləcək şəkildə təkamül edən görmə sistemimiz bizi gecələr ölümün ağuşuna atırdı. Səhərə kim ölə, kim qala...

Günəşin batması bir çoxu gecələr ova çıxan yırtıcı heyvanların yeminə çevrilən ulu əcdadlarımız üçün böyük təhlükə idi. Elə qohumlarımız olan primatlar üçün də. Fikir versəniz, nağılların çoxu da gecə gələn təhlükələrdən bəhs edir (modern dövrlərin vampir nağılları da buna aiddir). Xülasə, gecə demək, əcdadlarımız üçün ölüm, ayrılıq, qorxu demək idi. Bəlkə buna görədir ki, günəşin qürubu kimi estetik bir səhnə bizim kefimizi açmaq yerinə kədərləndirir. Halbuki əksi olmalı idi. Görünür, əcdadlarımızın qorxuları on min illərdir damarlarımızda axır.

Düzdür, günün batmağının elə də qorxulu olmadığı bir dövrdə artıq bu instinkt bizə gərək deyil, baxmayaraq ki, hələ də axşamın düşməyinə şər qarışan vaxtı deyirik və yalnız şairlərə (yaradıcı adamlara) fayda verməkdən başqa bir işə yaramır.

Qadınların çiçək sevgisi

Kitabda qadınlarla bağlı da maraqlı məqamlar yer alır. Təcrübə göstərib ki, uşaq meydançalarındakı dəmir qurğulara qızlar oğlanlara nisbətən daha cəld dırmaşırlar. Uşaqlar arasında aparılan başqa bir təcrübə zamanı isə onlardan “Təhlükəli heyvan gördükdə nə edərdiniz?” kimi sual soruşulub. Qızlar uca ağacları seçdikləri halda oğlanlar daha çox hündür qayalara üstünlük veriblər. Digər bir sorğu isə qız uşaqlarının gecə vaxtı çarpayının altından, oğlan uşaqlarının isə şkaflardan, daha doğrusu yandan gələn təhlükələrdən qorxduqları məlum olub.

Qadınların çiçəkləri kişilərə nisbətən daha çox sevmələrinin səbəblərinin də maraqlı izahı var. Çiçəklər insanların qidasının çox kiçik bir hissəsini təşkil etsə də yeyilən bitki və meyvələrin yetişdiyi və ya gələcəkdə yetiºə biləcəkləri yer barədə böyük informasiyaya malikdirlər. Çiçəklərə qonan arıları izləyib balın yerini təsbit etmək mümkündür. Bitkilərin çiçəkləmə dövrü meyvə və toxumdan əvvəl baş verir. Buna görə onların harda və nə zaman çiçəklədiklərini xatırlarsaq, meyvələri də harda və nə zaman toplayacağımızı müəyyənləşdirə bilərik. Zəngin bitki örtüklərinin arasındakı çiçəklər bizə lazım olan bitkiləri seçməyimizə də imkan verirlər.

Nəzərə alsaq ki, ilkin insan qruplarında qadınlar daha çox yığıcılıq və toplayıcılıqla məşğul olurdular, onların çiçəklər haqqında niyə bu qədər məlumatlı olmaqlarının səbəbi aydınlaşar. Belə çıxır qadınların bir buket güllə sevinməsinin səbəbi yığıcı-toplayıcı nənələrimizin ac qalmaq qorxusu ilə çiçəkləri bir-birindən fərqləndirmək bacarıqlarını inkişaf etdirmələri olub.

Qadınlar qoxuları müəyyənləşdirməkdə də kişilərə nisbətən üstündürlər. Bir həftəlik körpə qızlar belə yeni qoxulara doğru başlarını çevirir və körpə oğlanlara nəzərən onları daha çox qoxulayırlar. Bunun ən ağlabatan səbəblərindən biri təkamül tariximizin böyük hissəsində yuxarıda dediyimiz kimi qadınların yığıcı-toplayıcılıqla məşğul olmalarıdır. Qoxu hisslərinin yaxşı olması qadınlara savannada yeyilə bilən meyvələri tapmağa, o cümlədən təhlükəli qidaları müəyyən etməyə də imkan verirdi.

Qadınlar supermarketdə keyfiyyətli ərzaqların harada olduğunu da kişilərdən daha yaxşı xatırlayırlar.

İnsanın iki ayağı üzərində yeriməyə başlaması qadınların çanaq sümüklərinin daralmasına gətirib çıxardı. Digər tərəfdən iki ayaq üzərində gəzmək yeni fürsətlər verməklə yanaşı zehni əmək də tələb etdiyindən, bu yenilik beynin böyüməsinə gətirib çıxarırdı. Böyük beyin təbii ki, çoxu qida, yəni şəkər tələb edirdi. İnsanın şəkərə meylliyinin bir səbəbi də bəlkə bu olub. Sonrakı dövrdə bişmiş ətin yeyilməsi və insanın ov etməsi, balıq tutması, insan qruplarının bir-biri ilə ünsiyyətinin artması kimi fəaliyyətləri beynin böyüməsinə gətirib çıxardı. Bu da əlbəttə çanaq sümüyü daralan qadınların doğum prosesini çətinləşdirirdi. Lakin körpələrin başı rəhm kanalından keçə biləcək şəkildə təkamül edib. İnsan övladı digər primatlardan fərqli olaraq doğulan zaman beyni tam formalaşmış vəziyyətdə olmur, bu proses bir yaşına kimi baş tutur, ona görə deyirlər ki, körpənin başına dəymə, əmgəyi bərkiməyib, qorillalar isə demir, çünki onların körpələri əmgəyi bərkimiş şəkildə doğulur. Bu deyilənlərə kilid vurub bərkitmək üçün bir faktı da diqqətə çatdıraq: insan təkcə doğmaq qabiliyyətinə malik olmayan yeganə canlıdır.

Niyə elektrik naqili ilanı əvəz etmir?

Müəllif deyir ki, bu gün içində yaşadığımız mühitin yaşı çox azdır: “Otuz beş min əvvələ qədər ovçu-toplayıcılardan formalaşan kiçik qruplar halında yaşayırdıq. Təkamülümüzdəki bir sonrakı dönüş nöqtəsi olan taxıl məhsullarının islah edilməsi və heyvan yetişdiriciliyi sadəcə on min il əvvəl ortaya çıxıb. Sənaye inqilabı son iki əsr içində gerçəkləşib. On nəsildən az zamandır həqiqi mənada modernik. Dolayısı ilə ovçu-toplayıcı atalarımızın Afrika düzlərində həyatda qalmasına yarayan davranış reaksiyaları olduqca yaxın bir dönəmə qədər bizə kifayət qədər yaxşı xidmət edib”.

Bəs bunları öyrənmək bizə nə verir? Modern dünyanın insanı savannada yaşayan əcdadlarına nəzərən daha böyük təhlükələrlə qarşı-qarşıyadır. Bu gün dünya üçün nüvə təhlükəsi ilan təhlükəsindən o qədər çoxdur ki, heç müqayisəyə də gəlməzlər. Halbuki nüvə adı gələndə heç qılımız da tərpənmir.

Avtonom sinir sistemi dövrələri bu gün daha böyük təhlükələrə malik nəsnələrə (odlu silahlar, elektrik naqilləri, sürətli avtomobillər) deyil, uzaq keçmişlə əlaqəsi olan nəsnələrə (ilanlar, təhlükəli otyeyən heyvanlar və böyük ətyeyən məməlilər) gücü reaksiyalar verəcək şəkildə təkamül yaşayıb. Bu gün qorxmağımız gərəkən nəsnələr ilanlar və hörümçəklər deyil, silahlar, sürətli avtomobillər, təhlükəsizlik kəməri taxmadan sürülən avtomobillər və vanna kənarında dayanan saç qurutma makinalarıdır.

Qədim insanın ilan kimi təhlükələrə qarşı qorxuları formalaşmışdısa da müasir insan sürət həddini aşmağın daha çox ölümə səbəb olduğunu bildiyi halda yenə çəkinmir, ya da çəkinirsə də qorxduğu üçün deyil, cərimələnməmək üçün edir.

Əlbəttə yuxarıda yazdıqlarım kimlərəsə nağıl kimi görünə bilər. Zatən təkamül bioloqlarının-psixoloqlarının çoxu bunları fərziyyə və ya hipotez kimi səsləndirirlər. Heç bir alim ehtimalların yüz faiz dəqiq olduğunu iddia etmir, yalnız müxtəlif təcrübələr və müşahidələr belə düşünməyə imkan verir. Təkamül psixoloqları tərəfindən aparılan bu araşdırmalar nəticəsində bəzi reaksiyalarımızı bu gün daha yaxşı anlayır, özümüzü daha yaxşı tanımağa başlayırıq. Güman ki, özümüzü daha yaxından tanımağımız yer üzündəki gələcək həyatımızın yaxşılaşmasına xidmət edəcək. Ən azından bunu arzulaya bilərik.

Yeri gəlmişkən, deyəsən arzulamaq istəyi də bizə ulu əcdadlarımızdan keçib axı, yox?

# 2984 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #