Dahiliyi məqalə ilə təkzib edilən dahi yazıçı ANDREY BELIY

Dahiliyi məqalə ilə təkzib edilən dahi yazıçı ANDREY BELIY
14 may 2014
# 13:58

Mirmehdi Ağaoğlu

9 yanvar 1934-cü ildə “İzvestiya” qəzetində Andrey Belıy haqqında nekroloq dərc olunur. Müəlliflər onu dünya klassikləri səviyyəsində qiymətləndirir, onu Marsel Prustla müqayisə edir, “Ceyms Coysun müəllimi adlandırırlar.

Nekroloqu üç nəfər yazmışdı; Boris Pasternak, Boris Pilnyak və Qriqoriy Sannikov.

Nekroloqda Belıyın “dahi” adlandırılması siyasi dairələrdə də qıcıq yaradır. Bir həftə sonra “Literaturnaya qazeta”da nekroloqdakı fikirləri təkzib edən məqalə dərc olunur.

“Coysun müəllimi” adlandırılan yazıçı Sovet hakimiyyəti illərində unutduruldu. Onun adı heç ədəbiyyat tarixi dərsliklərinə də salınmırdı.

Bəs haqqında ikili münasibətlər olan, bir tərəfdə dünyanın klassik yazarları ilə bir cərgəyə qoyulan, digər tərəfdə isə istedadı danılan, burjuy adlandırılan yazıçı kim idi?

***

1880-ci ildə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsinin dekanı Nikolay Vasliyeviç Buqayevin ailəsində oğlan uşağı dünyaya gəlir. Əsl adı Boris Buqayev olsa da tarixdə Andrey Belıy kimi qalacaqdı.

Üstün zəkaya malik olan Andrey gənc yaşlarından elmin müxtəlif sahələri ilə məşğul olur. Sonralar okkultizmə, buddizmə meyllənir.

Tələbə ikən rus simvolistləri ilə yaxınlıq edən Belıy “Arqonavtlar” adlı ədəbi dərnək yardır. Dərnək ədəbi-fəlsəfi tezislərini elan edir. Kitabları çap olunur. Belıy həm şeir, həm də nəsr yazırdı.

Onun adı məhəbbət üçbucaqlarından da əskik olmurdu. Yazıçı Bryusov və arvadı ilə, o cümlədən Aleksandr Blok və xanımı ilə də sevgi macərası yaşadığı məlumdur. Belıyın yaşadığı bu sevgi üçbucaqları rus yüksək cəmiyyətinin əsas qeybət mövzularından idi.

1909-ci ildə Avropaya səfəri zamanı filosof ezoterik Rudolf Şteynerlə tanış olan Belıy tezliklə onun fəlsəfi ideyalarının davamçılarına çevrilir. Bir müddət Avropada yaşayan yazıçı vətəninə, artıq Sovetləşən Rusiyaya qayıdan kimi onun faciələri başlayır. 1925-ci ildə Lev Trotski “Pravda” qəzetinə yazdığı məqalədə Belıyı da xatırlayırdı: “Belıy - ölüdür, o heç vaxt dirilməyəcək.”

Dövrünün parlaq şair, yazıçısı, rus simvolist və modernistlərinin aparıcı simalarından sayılan Andrey Belıy SSRİ-dəki həyatı dövründə “Moskva”, “Maskalar” kimi romanlar yazır.

O, 1934-cü ildə günvurmadan xəstələnərək ölür. Deyilənə görə “Kül” şeirində necə öləcəyini yazıbmış.

Belıyın dünyagörüşü Sovet ideologiyasına uyğun gəlmirdi. Buna görə də yuxarı dairələr onu qəbul etmir, onda “sovet yazıçısı”nı görmür, “burjuy yazıçı” adlandırırdılar. Sovetlər onun nekroloqda üç dəfə “dahi” adlandırılmasını qəbul etmirdi.

Andrey Belıy öləndə “dahi” kimi qəbul edilməsə də araşdırmaq üçün beyni İnsan Beyni İnstitutu tərəfindən götürülür.

# 2456 dəfə oxunub

Müəllifin son yazıları

# # #