Kulis.az ədəbiyyatşünas Mətanət Vahidin “Rəhim Əliyevin hekayələrində gender məsələləri” məqaləsini təqdim edir.
Rəhim Əliyevin “Zülmətdə çəhrayı” kitabında əsas qəhrəmanı qadınlar olan hekayələr “Çəhrayı”, kişilər olanlar isə “Zülmət” başlığı altında verilir. Bu bölgünü istənilən şəkildə yozmaq mümkündür.
“Çəhrayı” hekayələrdə əsas mövzu qadın azadlığıdır. Amma necə azadlıq? Onlar sələfləri Sevil, Almaz, Həyat kimi, hüquqları uğrunda mühitlə mübarizə aparan, eqalitar cəmiyyət (cinslərin bərabərliyi prinsipi üzərində qurulan) arzusu ilə yaşayan qadınlar deyil. Onlardan xoşbəxtliklərinin nədə olduğu soruşulsa, yəqin ki, düşünmədən “kişilərdə” cavabını verərlər. Lakin “xoşbəxtlik formulu” göründüyü qədər sadə deyil. Hekayələr düşündürür: qadının həyatında kişinin, yaxud əksinə olması onların həyatlarından məmnun qalmasına səbəb ola bilirmi?
Rəhim Əliyevin “çəhrayı dünyası”na məxsus qadınlar idealsız, məqsədsiz yaşayır, nə istədiyini bilmir, tək dərdləri yanlarında bir kişinin olmaması, yaxud yanındakı kişiyə qane ola bilməmələridir. Burada qadının ana kimi, övlad, dost, vətəndaş kimi mahiyyəti oxucu üçün qaranlıq qalır; ailədəki, cəmiyyətdəki yeri, ictimai statusu, dünyagörüşü bir çox hallarda pərdəarxası məqama çevrilir. O, metafizik başlanğıcı, sirri, dərkolunmazlığı ifadə etmir, əksinə, bu qadınlar, demək olar ki, həmişə gözlənilən addımı atır, çıxış yolunu eyni bir nöqtədə tapırlar. Bu hekayələrdə “qadınlıq” anlayışını “seksuallıq” əvəz edir, qadının yeni obrazı seksual obyektə çevrilir.
Onların fiziki və psixoloji problemləri yalnız həyatlarındakı kişilərin varlığı, yaxud yoxluğu ilə tənzimlənir. “Zülmətdə çəhrayı”nın bütün qadın qəhrəmanları Ziqmund Freydin pasientləri olmağa layiqdirlər – çünki mərhum psixoanalitik deyərdi ki, onlar hamısı həyatlarında intim münasibətlər çatışmazlığından, yaxud da bu münasibətlərin doğru tənzimlənməməsindən belə aqibət yaşayırlar.
İstənilən kitabı əlimizə götürəndə ilk növbədə annotasiyasını oxuyur, ilkin məlumata yiyələnirik. “Zülmətdə çəhrayı”nın annotasiyasında yazılır: “Bu yazıların əsas qəhrəmanları müxtəlif taleli, insana layiq həyata, özünü təsdiqə çalışan müasir qadınlardır. Onlar dədə-baba adətləri ilə azad həyat, şüuraltı ilə əxlaq arasında çətin seçim edir, öz xoşbəxtlik paylarına can atırlar. Dolanışığın, düşüncəmizin, məişətin qüsurları onların taleyini birmənalı edir. Lakin bu hekayələrdə müəllifin dərin rəğbəti bu çətin taleli qadınların tərəfindədir, çünki məhz onlar müsəlman psixologiyasından çıxmağa, azad şəxsiyyət olmağa can atırlar. Müəllifin bizim qadınlara romantik bir məhəbbəti, sonsuz rəğbəti də hiss olunur, çünki müəllifə görə, həyatımızda yaxşı nə varsa, bizim qadınlığın dözümlülüyü, gücü, tükənməz məhəbbəti ilə bağlıdır.”
Amma qəribəsi budur ki, bu fikirlər hekayələrin məzmununda təsdiqini tapmır. Bu qadınların “insana layiq həyat” adı altında can atdığı yanlış yollardır. Çünki azadlıqla əxlaqsızlıq arasında çox incə bir sərhəd var və “Çəhrayı”nın qadınları bu sərhədi aşırlar.
Əri qazanc dalınca Rusiyaya gedən Səkinə müəllimə işləyir. (“Səkinənin romanı”) Təkliyini ovutmaq üçün özünə kişi dostlar tapır, Seyidlə görüşür. Onu sevdiyi halda, başqalarıyla küçədə tanış olmaqdan, telefon əlaqəsi saxlamaqdan da vaz keçmir. Uzun-uzadı görüşlərdən sonra ərindən boşanıb türk rəssamla ailə qurur, amma Seyidlə də münasibətləri kəsmir. Hətta təzə ərinin pulundan köhnə sevgilisinə də hədiyyə edir: “Hamı xəşdiyir, sən də xəşdə.” (Kitabda, demək olar ki, bütün qəhrəmanlar Bakı ləhcəsi ilə danışırlar) Bunca sərbəstliyə nə qədər “mənəvi azadlıq” donu geydirməyə çalışsaq da, əsl adı başqadır.
O ki qaldı “müəllifin dərin rəğbəti”nə, mən bu hekayələrdə sərbəstliyə meylli qadının iç üzünü açmağa cəhd, qüsurlarına diqqət çəkmək həvəsi duyuram. Eynilə Sənəmin Zöhraba məktubundakı kimi – yenə də müəllif (bu dəfə isə hekayələrin müəllifi) “ifşa etməklə” məşğuldur, lakin sanki üzr diləyə-diləyə.
“Sənəmin məktubu” hekayəsi öz adı ilə S.Sveyqin “Naməlum qadının məktubu”na allyuziya yaradır. Üstəlik, Sənəm də məktubunda adını çəkməsə də, bir yazıçının çox illər əvvəl oxuduğu hekayəsindən ötəri bəhs edir. Sveyqin novellası tərtəmiz sevgi haqqındadır – özünü biləli bircə nəfəri sevmiş, bu sevgini ömrü boyunca daşımış bir qadının məktubu əsasındadır. Sənəm də məktubunda etiraflar edir, amma onun etirafı qarşısında nəinki heyrət edir, hətta halına acımırsan.
Sənəm nədənsə birdən-birə Zöhraba “bir sirr açmaq” qərarına gəlir, çünki daha görüşməyəcəklərini bilir. Ümumiyyətlə, heç bir ağlı başında qadının hətta dərdindən öldüyü bir kişiyə belə yazmayacağı sözləri, üstəlik, neçə il ali təhsil almış, uzun müddət də peşə məktəbində kitabxanaçı işləyən qırx yaşlı bir qadının “arvad müəllimələr”, “istirəm ki, Qaracaya quşum qonsun” kimi ifadələri işlətməsi, fikrini aşırı dərəcədə vulqar sözlərlə ifadə etməsi heç də real deyil.
Tərk edilmiş qadının yazdığı məktub, fikrimcə, bir qisas növüdür – o, bunu anlaqlı etsə də, etməsə də. Qadın “səni anlayıram, qətiyyən qınamıram” deyə-deyə bu qədər anlayışlı olduğunu nümayiş etdirməklə onu tərk edən kişiyə bilərəkdən və ya bilməyərəkdən vicdan əzabı yaşadır. Sveyqin naməlum qadını bu məktubla sevdiyi kişiyə onu dünyalarca sevən qadının və bir övladının varlığından söz açır – varlığından və yoxluğundan. Çünki övladını yenicə itirib, özü də ölüm ayağındadır. Rəhim Əliyevin Sənəmi isə sevgidən daha çox dəlicəsinə ehtirasın əsiridir – bəkarətini, normal ailə qurmaq arzusunu bu ehtirasa qurban verir. Hər iki hekayədə qadın öz hisləri ilə bir addım öndədir, kişi isə unutqandır – onun üçün yaşadıqları qısa zaman kəsiyində onu əyləndirən, başını qatan macəradan başqa bir şey deyil. Hekayədə qadınla kişinin əsas fərqi özünü bunda göstərir: kişi üçün vaxt keçirdiyi, əyləndiyi qadının onun haqqında nə fikirləşdiyi maraqlı deyil. Sənəm isə dönə-dönə izahat verir, istəyir ki, əxlaqsız olduğu düşünülməsin: “...əsas istəyim odu ki, biləsən: mən pis qız deyiləm və mənim haqqımda pis fikirləşmə. Amma bil: sənnən elədiyimə peşman deyiləm və səndən bir gilə də narazılığım, gileyim yoxdur. Ailəli olduğunu da bilmişəm həmişə. Amma istirəm biləsən: həm o günəcən, həm də bu sözləri yazdığımacan mənə səndən başqa kişi əli dəyməyib.”
Sənəm məktubunda uzun-uzadı qardaşı arvadının – tatar qızının hekayətindən də bəhs edir. Qardaşı öləndən beşcə ay sonra tatar qızının yanına gecələr gələn olur. Anlayışlı qayınana və baldız xahiş edir ki, adımızı bədnam eləmə, kiməsə ərə get. Cavabı isə belə olur: “Nə ər? Uşaqnan məni kimdi alan, öz millətimizi tanımırsan? Harda görmüsən birisi uşaqlı qadınla evlənsin?” Sənəm gəlini haqlı çıxardığını deyir və onun əməllərinə göz yumurlar. Məsələ onda deyil ki, onu qınayırıq. Məsələ bundadır ki, ümumiyyətlə, qadının özünə haqq qazandırmaq üçün dediyi bu sözlər, Sənəmin məktubda yazdığı digər bütün fikirlər kimi, onu öz dili ilə alçaltmaqdan, ifşa etməkdən başqa bir şey deyil. Qadın guya mental dəyərlərin əsiri olduğu üçün onunla heç kimin evlənməyəcəyini deyir, halbuki ağlı başında qadınla uşaqlı olsa da, evlənirlər – Azərbaycanda yaşasaq da, XXI əsrdir.
Gerçəkdə, adətən, həyat yoldaşını itirən qadınlar öz sevgilərini tamamilə övladlarına yönəldirlər, onları dəlicəsinə sevir, bir sözünü iki eləmir, necə deyərlər, övladları ilə nəfəs alırlar. Bu hekayələrdə isə qadın ya atanın əvəzini uşaqlardan çıxaraq onları daim döyür, söyür, hirsini, hikkəsini uşaqlara tökür, ya da öz vəzifəsini uşağı dərsə aparıb, dərsdən gətirməklə bitirir – burada qadınların övladı ilə münasibətində natamamlıq görürük.
“Çəhrayı”nın qadınları ədəbiyyatımızda əvvəllər təsvir olunan övlad yolunda qara saçını ağardan, ərinin xatirəsinə sayğısından uzun müddət, bəlkə də, ömürlük onun yasını tutan sədaqətli qadın obrazlarından tamamilə fərqlənir. Bütün hekayələrdə qadınlar onları tərk etmiş kişilərin arxasınca əzab çəkir, həyatlarındakı boşluğu kimlə gəldi, doldurmağa çalışırlar. Bunların əksəriyyəti əndazəni aşan köklükdə, gözəgəlimli, əsas qüsuru çox danışmaq olan, pulgir qadınlardır. Məsələn, qarşısına evlilik üçün bir ciddi adam çıxmayan Nərmin sonradan impotent olduğunu öyrəndiyi Qüdrətə ərə gedir (“Evli qız”). İllərlə onun varlığına dözür, sadəcə bir səbəblə ki, yanında bir kişi olsun. Qadın məntiqi ilə (ya bəlkə, ən yaxşısı, məntiqsizliyi ilə deyək) düşünür ki, tək yaşamaqdansa, onun kimi biri ilə də olsa, yaşasın və ərinə xəyanət edir. Bu qadınların çoxu ərinin pulu ilə dolanışığını, sevgilisinin varlığı ilə fiziki istəklərini təmin edir. Kimisi ərinin pulu ilə sevgilisinə də yardım edir, kimisi elə ilk birgəlikdən sonra ona da pul kisəsi kimi baxmağa başlayır.
Əminə nişanlananda gələcək həyat yoldaşının kimliyi barədə heç narahat olmamışdı (“Axırıncı zəng”). Lakin işə düzələndən sonra gözü açılır, nişanlısını bəyənmir. Çıxış yolunu sadəcə nişanlısından ayrılmaqda görmək əvəzinə, kimlə gəldi, hətta atası yaşında Vəlizadə ilə görüşməyə başlayır. Nişanlısından ayrılmamasının səbəbi atasından, qardaşından qorxması olduğu halda, başqa bir adamla münasibətlərə girməkdən çəkinmir. Yəni bu qadınların azadlıq haqqındakı anlayışı problemi kökündən çözməyə yönəlmir. Onları yanlış addımlara sövq edən sevgi hissi deyil, ağılsızlıqları, nəfslərinə sahib ola bilməmələridir.
“Çəhrayı” bölümündə yer alan bəzi hekayələrin aparıcı qəhrəmanı qadın deyil, kişidir. “Xoruzun oğlu” hekayəsindəki Qəni səhəri gün hərbi xidmətə yola düşəcək oğulluğuna yaxşılıq etmək məqsədilə öz qadınını onunla paylaşır: düşünür ki, Elnur hərbi xidmətə getsə, ön cəbhədə ölə bilər. Çünki nə deyilsə, onu edəndir, desələr ki, güllə qabağına get, gedəcək. Tanya təklif edir ki, Elnuru yola salmaq məqsədilə heç olmasa, bir qonaqlıq keçir. Qəni artıq xərc çəkmək istəmir, “Yenə sən onunçun bir şey eliyə bilərsən...” deyir, əlavə edir ki, sabah onun evdə axırıncı gecəsidir, yat onunla, uşağın yadında qalar. “Əgər onun yetimliyinə yazığın gəlirsə... analıq elə ona...”
Bu hekayə oxucunu qəribə, qarışıq fikirlər qarşısında qoyur. Qəni pul xərcləyib qonaqlıq etmək əvəzinə, öz qadınını Elnura bir gecəlik hədiyyə edəcək qədər rəzildir, amma həm də bunu etməyə bilərdi axı. Odur ki, həm də fərqlidir. “Böyük ürəyi var” deyə bilərikmi? Bilmirəm. Mən deyə bilmirəm. Amma bu hekayə düşündürür - insan xisləti, əməlləri haqqında. Qəninin əməli iyrəncdir, lakin onu bu addımına görə nə alqışlamaq olur, nə də nifrət etmək. Hekayənin maraqlı cəhəti də elə bundadır: düşündürür, fikir ayrılığına səbəb olur.
Rəhim Əliyevin qəhrəmanları, demək olar ki, həmişə ayrılığa məhkumdurlar – sevənlər də, sevməyib, sadəcə keçici əlaqələr yaşayanlar da. Bu hekayələrdə tanış olub birləşən kişi və qadın mütləq ayrılır. Maraqlı cəhət də odur ki, bu ayrılığın yerində qalan xatirələri heç vaxt şirin və dadlı olmur. Çünki yaşadıqları macəra dərin hislərlə bağlanmır, əksər halda ötəri, keçici ehtirasdan ibarət olur.
Hekayələrin çoxunda başqa qadınla təsadüfi əlaqəyə girən kişi ailəlidir, bununla belə, heç birinin azacıq da olsa, təbəddülatına şahid olmuruq. Bu hekayələrin kişi qəhrəmanı üçün öz qadınına, həyat yoldaşına xəyanət adi bir işdir – o, heç nə ilə azacıq da olsa, vicdan əzabı çəkdiyini, peşmanlıq duyduğunu hiss etdirmir. Burada patriarxal düşüncə hakimdir. Əvəzində, bəzən qadın qəhrəmanı vicdanının səsi “narahat edir”. Məsələn, “Zabitəli kişinin arvadı”nda Gülbacı ərinin evdə olmadığından istifadə edib tez qonşuya qaçır, qayıdıb gələndən sonra fikirləşir ki, bir də heç vaxt ərini aldatmayacaq. “Bu kişi dünyada ona ən əziz adam idi. Onu küçədən xilas eləmişdi, ev-övlad sahibi eləmişdi, neçə il idi ona çörək verirdi. Qadın nankor deyildi və olmaq fikri də yox idi.” Əsas məsələ də elə bundadır: bu hekayələrdə ərlər qadınlar üçün pul kisəsi, çörək ağacı, başın üstündəki dam – hər şey ola bilirlər, bircə sevilən kişidən başqa. Gülbacı onu “qanadının altına çəkən” adama minnətdarlıq əlaməti olaraq, səssiz-sözsüz dərhal yatağına girməyə razı olur və dərhal da kəbin kəsdirməsini xahiş edir. Güldara nə lazım idi ki? Gülbacı gözəl olmasa da, gənc, kimsəsiz qadın idi və dərhal ona “arvad” olmağa razılaşdı. Güldar həyatından razı olsa da, Gülbacını bir neçə il sonra bu yaşlı kişi artıq qane etmir, qonşudakı baxımlı, yaraşıqlı, “arvad kimi ətirlənən” kişi ağlını başından alır. Yenə də ürəkdən gələn hislər yox, ehtiras əsas rol oynayır. Bu xüsusiyyət, ümumiyyətlə, Rəhim Əliyevin əksər hekayələri üçün xarakterikdir: onun buninsayağı qəhrəmanları üçün sevgi anlayışı əgər varsa, o da ilk növbədə, ehtirasla assosiasiya olunur.
Hekayələrdə patriarxal düşüncənin hakim olduğu, mental dəyərlərin aparıcı əhəmiyyət daşıdığı cəmiyyətdə qadın mənəvi azadlığına can atarkən özünü tələyə salır. Təsadüfi tanışların yatağında hüzur tapmağa çalışan qadın könüllü şəkildə ona sadəcə bir bioloji varlıq kimi baxan kişinin əsarətinə düşür. Bir bədbəxtlikdən başqa bir bədbəxtliyə doğru öz ayağı ilə gedir və düşdüyü bataqlığa batdıqca batır.
Qadın mövzusunda illərlə - təxminən 35 il ərzində bu cür təkidlə yazmaq üçün yəqin ki, onun psixologiyasına yaxından bələd olmaq lazımdır. Lakin hamısı eyni cür düşünən, eyni cür yaşayan qadın qəhrəmanlar bu realist hekayələrdə belə, absurd görünür. “Zülmət” bölməsindəki hekayələri oxuyarkən şahid oldum ki, müəllif kişi psixologiyasına daha yaxşı bələddir, odur ki, bu hekayələr daha uğurlu alınıb. “Çəhrayı”dakı hekayələrdə isə qadının bədbəxtliyi qabardılsa da, mənə elə gəldi ki, onların kişi qəhrəmanları daha acınılası durumdadır. Çünki bəzən çirkin hesab etdiyi, zahirən heç bəyənmədiyi, xasiyyətindən də xoşlanmadığı bir qadınla ünsiyyət quran və bunu aylarla, illərlə davam etdirən kişi daha bədbəxtdir. Qonşunun arvadına, dostun sevgilisinə göz dikən kişilər, ictimai nəqliyyatda, yolda, dost məclisində tanış olduğu hər kəslə ilk görüşdən yatağa girən, hətta məhz bu məqsədlə tanış olan qəhrəmanların başqa bir istəyi yoxdur. Dolayısı ilə, “Zülmətdə çəhrayı” toplusundakı hekayələrin əksəriyyəti qadın azadlığı məsələsini qabartmış görüntüsü yaratsa da, nəticə etibarilə, qadınla kişinin bir-birindən maddi, mənəvi və fiziki asılılığını təsvir etmiş olur.