Dünya ədəbiyyatında bircə roman müəllifi kimi tanınan, elə bu əsərə görə də alman ədəbiyyatının ən yaxşı yazarı statusuna sahiblənən Patrik Züskindin qazandığı uğura yiyələnmək hər kəsə nəsib olan iş deyil. İlk dəfə 1985-ci ildə İsveçrədə çap olunmuş romanın 30 ilə yaxın bir müddətdə 42 dilə tərcümə edilərək bütün dünyada hələ də yüksək tirajla satılmasının, sevilməsinin səbəbləri, təbii ki, maraqlıdır.
Xronoloji ardıcıllığı nəzərə alsaq, Patrik Züskində ilk uğurunu gətirən “Kontrabas” (1981) monopyesi olmuşdur. Lakin mən əvvəlcə müasir oxucu üçün daha böyük maraq kəsb edən “Parfyumer” romanından yazmaq istəyirəm. Bu əsəri “kütləvi istifadə üçün elit məhsul” adlandırırlar. Belə ki, dünya oxucusunun böyük marağına səbəb olmuş bu postmodernist roman elitar və kütləvi ədəbiyyat arasındakı sərhədləri pozur. Onu pop-mədəniyyətə aid edərək retro stilində yazılan roman hesab edənlər də olub, kontrmədəniyyətə aid xippi ədəbiyyatı nümunəsi kimi qəbul edənlər də. Romanda tez-tez hansısa dövr və hadisələrə göndərişlər edilir, özündən əvvəlki müəyyən əsərlərlə bağlılıq yaradılır. Ümumiyyətlə, kiçik həcminə baxmayaraq, çoxqatlılığı ilə seçilən bu romandan bəhs edərkən onun intertekstuallığını nəzərdə saxlamaq lazımdır. Bu baxımdan geniş oxucu auditoriyasının sevimlisinə çevrilmiş “Parfyumer” romanının olduğu kimi başa düşülməsi, əslində, oxucudan xeyli ədəbi hazırlıq tələb edir. Bununla belə, onu üst qatda oxuyub sevmək də mümkündür.
Bir tərəfdən “Parfyumer” romanında elə kodlar yer alır ki, onu yalnız mütaliəli, geniş ədəbi bilgilərə malik oxucu anlaya bilər. Digər tərəfdən isə bu mətn sadəcə olaraq, maraqlı oxu üçün yazılmış uydurma hadisələrdən ibarətdir. Halbuki müəllif bu əsər vasitəsilə gizli şəkildə diktatorluğa, bəzi xristian ayinlərinə, XVIII əsrdə geniş yayılmış edamlara qarşı çıxır. Eyni zamanda, postmodern romana xas ədəbi priyomlardan faydalanır ki, bunları kütləvi ədəbiyyatın özəllikləri kimi təqdim etmək mümkün deyil. Züskind bu kiçik həcmli mətndə romantizmdən postmodernizmə qədər müxtəlif metodlardan məharətlə istifadə edir. Bu baxımdan onu ədəbiyyatın parfyumeri hesab edənlər də olub.
Q.Ştadelmayer fikrini obrazlı şəkildə ifadə edərək, “Parfyumer” müəllifini ətir əldə etmək üçün qətllər törədən qəhrəmanı ilə müqayisə edir: “Qrenuy ölmüş adamların dərisini soyur, Züskind isə ölmüş yazarlardan “oğurluq” edir.”
Bu pritçavari mətnə malik roman struktur etibarilə ənənəvi xarakterlidir: qəhrəmanın doğuluşdan ölümə qədərki təsviri, özünün qeyri-adi xüsusiyyətləri və cəmiyyətin onun formalaşmasındakı rolu bu əsəri özünəqədərki romanlardan quruluşca fərqləndirməsə də, mahiyyət etibarilə “Parfyumer” çox fərqlidir. Belə ki, adətən, bu strukturlu romanların mərkəzi fiquru öz istedadını, enerjisini yaxşı işlər, böyük amallar uğrunda sərf edir. Qrenuy isə qeyri-adi istedadı ilə yırtıcı, dağıdıcı qüvvəyə çevrilir. Romanın ilk sətirlərində yazılır: “On səkkizinci əsrdə Fransada dahi və mənfur insanlarla bol olan bu dövrün ən dahi və mənfur fiqurları sırasına daxil olan bir insan yaşayırdı.” (tərc. C.Yusifli) Müəllif konkret məkan və zamanı təsvir edərək Jan Batistin adını bu əsrdə yaşamış “ən dahi yırtıcılar” - Markiz de Sad, Sən-Jüst, Jozef Fuşe və N.Bonapartla bir sırada çəkir.
Romandan danışan bəzi peşəkarlar isə qeyd edirlər ki, Züskind bu qəhrəmanını əslində, XX əsrin Lenin, Stalin, Hitler kimi hakimiyyətə gedən yolda minlərin ölümünə bais olan böyük diktatorlarını nəzərdə tutaraq yaratmışdır. Bilmək olmaz, hər bir halda bu roman interpretasiya üçün geniş imkanlar açan mətndr.
Müəllif bu psevdo-tarixi romanda ayrı-ayrı günləri, tarixləri o qədər xırdalıqla qeyd edir ki, bu məqam diqqəti istər-istəməz cəlb edir. Müxtəlif bədii metodların sintezindən yaranmış, lirik və satirik başlanğıcın eyni dərəcədə ifadə olunduğu “Parfyumer”i tarixi roman kimi də oxumaq olar, qotik roman kimi də, detektiv kimi də... Lakin əsər həmin janrlara parodiya şəklində meydana çıxır. Mətnin maraqlı və oxunaqlı olmasını təmin edən əsas xüsusiyyətlərdən biri kimi detektiv xətti yalnız Qrenuyun həyat yolunda özünü göstərir. Burada ayrı-ayrı qətl hadisələri araşdırılmır, romanın ikinci adından (“Bir qatilin tarixçəsi”) da göründüyü kimi, qətllərin tarixinə deyil, qatilin tarixçəsinə diqqət cəlb olunur.
Yeri gəlmişkən, əsərin adı haqqında: alman dilində yazılmış romanın orijinal adı “Das Parfum” olduğu üçün onu “Ətir” və ya “Qoxu” kimi tərcümə etmək daha doğru olardı. Lakin 1991-ci ildə E.Vengerova əsəri rus dilinə “Parfyumer” deyə tərcümə etdiyindən romanın adı bu şəkildə, bizdə isə həm də “Ətriyyatçı” kimi təqdim olunub. Halbuki burada ətir mətnin əsas məğzini anlamağa yönəlmiş metaforadır. Qrenuy müəyyən yaşdan sonra bir həqiqəti dərk edir ki, ətirlərin sirlərinə yiyələnməklə insanlar üzərində hakimiyyətə nail olmaq mümkündür.
Tarixiliyə gəlincə, Züskindin bu əsərdə məhz XVIII əsrə müraciəti təsadüfi deyil. Belə ki, maarifçilik əsri Avropa mədəniyyətində elmi, fəlsəfi və ictimai fikrin açarı hesab olunur. Maarifçiliyin əsas xüsusiyyəti ondan ibarətdir ki, dünyanın dini dərkindən imtina edilir, xilas yolu elmdə görülür. Maarifçilər inanırdılar ki, elm ayrı-ayrı şəxslərə xidmət etməli deyil, hər kəs üçün praktiki əhəmiyyətə malik olmalıdır. Ən önəmlisi isə o idi ki, elmin şərə xidmət etməsi istisna edilir, onun vasitəsilə yalnız xeyir əməllər törədilməsinin mümkünlüyü əsas gətirilirdi. Lakin uzun illərin praktikası göstərir ki, onların bu gözləntisi heç də hər zaman özünü doğrultmayıb. O cümlədən, bəhs etdiyimiz romanda cəmiyyətdən təcrid olunaraq yaşayan Qrenuy üçün dəyərli və müqəddəs heç nə yoxdur: Allah sevgisi və xeyir əməllər arzusundan məhrum olan bu gəncin yeganə arzusu möcüzəvi ətri hazırlayaraq, insanlar üzərində absolyut hakimiyyətə sahib olmaqdır. Bunun üçün dəfələrlə qatil olması, kiminsə ömrünü yarıda qoyması onu azacıq da olsa, düşündürmür, narahat etmir. Ömrü boyu ona ikrah duymuş, qaçmış, çox vaxt heç varlığını fərq etməmiş insanlara özünü sevdirmək, ürəklərə hakim kəsilmək ehtirası gerçəkləşdiyi zaman isə o, bundan rahatlıq tapmır. İnsanların bu məcburi sevgisi, möcüzəli iksirin köməyilə ona tapınması Qrenuya xoşbəxtlik gətirmir. Yaxınlığında doğulduğu “cəhənnəm qoxulu” Günahsızlar qəbiristanlığına geri dönür və burada çevrə qapanır.
Əsərin finalında Qrenuy insanlara olan ikrahından özünün onlar tərəfindən məhv edilməsinə şərait yaradır. Özünü qurbanetmə aktı onun etirazının ifadəsinə çevrilir. İnsanlar üçün pisliyin daşıyıcısı olan Jan Batistə başgicəlləndirən ətrin təsiri ilə məhəbbət onların gözünü bağlayır; vəhşi ehtiraslarına yenilərək onu parça-parça edib yeyirlər. Belə bir sonluq təsadüf ola bilməzdi, çünki kütlə tərəfindən sevilən qəhrəmanlar demək olar ki, əksərən bu sevginin qurbanına çevrilirlər. Bu, əvvəlki əsrlərdə də belə olub, indi də belədir. Məsələ mütləq sevimli qəhrəmanların cismən parçalanıb məhv olmasında deyil; kütlənin sevgisi istedadı və bacarığı ilə seçilmiş insanlara normal yaşamaq imkanı vermir - xüsusi istedad sahibləri başqaları kimi sadə insan həyatı yaşamaq imkanından məhrum olurlar. Lap elə Züskindin öz həyatına baxaq. Yəqin ki, onun cəmiyyətdən gizli həyat sürməsi, üzdə görünməməyi təsadüfi deyil. Milyonların sevgisini qazanan bir çox yazar, müğənni, aktyor və digər sənət adamlarının taleyinin necə bitdiyini yada salaq. Əksəriyyəti bu aşırı sevgidən, rahat buraxılmamaqdan, daim sevənləri tərəfindən “izlənməkdən” cana doyublar, həyatları onlar üçün mənasızlaşıb, çoxluq böyük bir boşluq yaradıb. Və bu boşluq nəticə etibarilə, arxasınca intihar gətirib. Züskindin qəhrəmanı da özünü ona aşiq olan kütlənin əlinə təhvil verməklə intihar edir.
Bir gözəlliyi yarada bilmək üçün çoxlu sayda gözəl qızın həyatına qıyan Qrenuy az əvvəl onu edam etməyə hazırlaşan insanların bu kor-koranə sevgisinə ehtiyac duymur. Onun üçün idealına çatdıqdan sonrakı mərhələ heç bir əhəmiyyət kəsb etmir. Romantik əsərlərə xas olan xüsusiyyət (ideala doğru gedən yolun keçilməsi prossesi) bu əsərin qəhrəmanı üçün də əsas məqsəddir: “Mən bunu bacaracaq qədər dahiyəm” fikri onun üçün daha böyük əhəmiyyətə malikdir.
“Parfyumer”i müxtəlif cəhətlərdən bir neçə əsərlə, xüsusilə, C.Faulzun “Kolleksioner”i ilə müqayisə edirlər. Amma bu müqayisə daha çox mətnlərin, belə demək olarsa, zahiri əlamətlərinə görə aparılır. Hər iki əsərin qəhrəmanının, bir növ, manyak olması, qızları oğurlaması kimi xüsusiyyətlər hələ bu romanların oxşar olduğunu demək üçün kifayət etmir.
Maraqlıdır ki, Stenli Kubrik “Parfyumer”i ekranlaşdırılması mümkünsüz əsər hesab etsə də, 2006-cı ildə Tom Tıkverin çəkdiyi eyniadlı film alman kinematoqrafı tarixində ən bahalı film olmuş, büdcəsi əlli milyon yevro təşkil etmişdir.
P.Züskindin digər əsərləri “Parfyumer” romanına nisbətən zəif və bəsit təsir bağışlayır. Elə birpərdəli “Kontrabas” monopyesi də. Bu, həyatda da orkestrdə olduğu kimi, ikinci planda qalan balaca, tənha adam haqqında əsərdir. Həyatından bildiyimiz kimi, uşaq vaxtı Züskind də musiqi ilə məşğul olmuşdur və bu əsərdə müəllif özünün musiqi bilgiləri ilə bir xeyli paylaşır. Pyesdə o qədər terminlər var ki, musiqi terminologiyasından xəbərsiz oxucu üçün bu məqam istər-istəməz yorucu olur. Bununla belə, insanın tənhalığını anlatmaq baxımdan “Kontrabas” maraq doğurur. Mən onu başqalarının düşündüyü kimi, dahiyanə, təkrarsız əsər hesab etmirəm. Sadəcə olaraq, düşünürəm ki, müəllif həyatı gətirməyən uğursuz insanın iç dünyasını, fikir və düşüncələrini pyesdə uğurla təsvir edə bilib. Lakin məncə, bu əsəri orada adları çəkilən musiqiqlərin sədası altında səhnədən izləmək daha maraqlıdır, nəinki kitabdan oxumaq.
Özünü cəmiyyətdən mümkün qədər təcrid edərək yaşayan yazıçının qəhrəmanları da təcridə meyllidirlər: gənc rəssam xanım emalatxanasına, kontrabasçı səskeçirməz mənzilinə, Jan Batist mağaraya qapandığı kimi... Xüsusilə, cənab Zommer (“Cənab Zommerin hekayəsi”) bu baxımdan daha çox diqqəti cəlb edir. Onun ən böyük istəyi cəmiyyətdən uzaqlaşaraq mənəvi rahatlıq tapmaqdır. Belə bir təəssürat yaranır ki, Züskindin həyatı əsərlərinin davamıdır və yaxud əksinə. Onun hər bir qəhrəmanı bu və ya digər şəkildə tənhadır, başa düşülmür, xilası özünə qapanmaq, yaxud cismən məhv olmaqda görür. İntihar, yaxud itmək yolu ilə bu mətnlərin qəhrəmanları sanki ətrafdakı insanlardan, onları anlayıb duya bilməyən, qəbul etməyən cəmiyyətdən qisas alırlar – özlərindən məhrum buraxmaqla.
Züskindin “Ədəbi amneziya” essesində oxunmuş kitabları unutmaqla bağlı yaddaşsızlıq xəstəliyindən bəhs olunur. Müəllif onun həyatını dəyişən kitablar haqqındakı suala cavab hazırlayarkən belə bir fikrə gəlir ki, oxuduğu bütün kitablar ürəyində, düşüncəsində, bir sözlə, həyatında böyük dəyişikliklərə səbəb olan izlər buraxsa da, ayrı-ayrılıqda onların nə müəllifini xatırlayır, nə əsərin məzmununu, nə ideyasını... Züskind ədəbi amneziyanın nəticələrini belə izah edir: “Deməli, ədəbi amneziyadan əziyyət çəkən oxucu qiraətin təsiriylə çox dəyişir, lakin bunu duymur, çünki oxu zamanı onunla birgə dəyişdiyini deyə bilən beyninin tənqidi hissəsi də dəyişir. Belə xəstəlik özü yazan kəslər üçün ola bilər ki, xeyirli olsun, bəlkə də bu, bədii yaradıcılıqla məşğul olmaqdan ötrü vacib şərtdir, çünki hər bir bədii əsərin göstərdiyi müqəddəs təsir hissindən yazanı qoruyur, onu plagiata qarşı tamamilə utanmaz münasibətə sövq edir, çünki bunsuz orijinal heç nə yaza da bilməz. Bilirəm ki, bu əzablı, nalayiq və pis təsəllidir, odur ki, yaxamı qurtarmaq istəyirəm: sən bu dəhşətli amneziyaya tabe olmamağa borclusan.” (tərc. S.Ənnağı)
Maraqlıdır ki, postmodern romanın xüsusiyyətlərinə uyğun olaraq, “Parfyumer”də intertekstuallıq, reminisensiya, allyuziya və s. elementlərdən gen-bol istifadə edən Züskind bu essedə yaddaşsızlıqdan şikayətlənir. İlk oxuda, həqiqətən, bu fikirlərin ciddiyyətinə aldanmaq da olur. Amma ədəbi amneziya yaddaşsızlığın sürətlə artdığı bir zamanda insanların ən çox əziyyət çəkdiyi bəlalardan biri olsa da, yaradıcılığı ilə yaxından tanış olduqda Patrik Züskindin də bu bəladan əziyyət çəkdiyinə inanmaq olmur.
Alman yazarın daha bir maraqlı əsəri “Dərinlik ehtirası” adlı kiçik hekayəsidir. Bu hekayə haqqında söhbət isə artıq ayrıca yazının mövzusudur.