“Yaxşı oğlan” olmaq üçün... - Bir cümlə ilə taleyi “müəyyənləşdirilən” qadınlar

“Yaxşı oğlan” olmaq üçün... - Bir cümlə ilə taleyi “müəyyənləşdirilən” qadınlar
20 oktyabr 2025
# 14:20

Kulis.az Sevinc Mürvətqızının “Bir cümlə ilə taleyi “müəyyənləşdirilən” qadınlar...” yazısını təqdim edir.

Gündəmə nəzər salanda belə nəticə hasil olur ki, Azərbaycanda qadının əsas “missiya”sı - ailə, karyera və məişətə aid yüklər azmış kimi, sanki “namus”un ağır “çuval”ını da daşımaqdan ibarətdir.

Bugünlərdə sosial mediada yayılan dəhşətli bir hadisə ölkəmizdə qadınlara qarşı formalaşmış təhlükəli stereotiplərin və qəzəbin necə qəddarcasına yönəl(dil)diyini bir daha ortaya qoydu.

Üç uşaq anası olan gənc qadın əri tərəfindən vəhşicəsinə öldürülüb. Qatil ərin sosial şəbəkədə paylaşdığı videodan anlaşılır ki, qadının öldürülmə səbəbi guya onun ərinə xəyanət etməsi imiş... ( Hətta lap xəyanət faktı olmuş olsa belə, sanki kiminsə canına qəsd etməyə haqqı varmış kimi!..)

Bu “motiv” bir silah kimi, təkcə qadının həyatını deyil, onun şərəfini, adını hədəfə aldı. Ancaq dəhşət bununla bitmir. Cinsindən asılı olmayaraq potensial qatillər sosial mediada ömrünün otuzuna çatmamış və neçə aydır təkbaşına övlad qayğılarının yükü altında əzilən bir qadını “namussuz”, “əxlaqsız” damğaları ilə linç etməyə başladılar.

Azərbaycanda öz psixopat davranışına, caniliyinə, qatilliyinə “məna” və haqq qazandırmaq, sonra da guya cəmiyyətdə, eləcə də illərlə yatacağı həbsxanada “yaxşı oğlan” kimi tanınmaq üçün bəzi kişilər həyat yoldaşlarını rahatlıqla öldürə bilmək naminə bir səbəb uydurublar: Namus!

Cəmiyyətin “namuslu”ları isə bu qətldən sonra 3 övladın qayğısından başı açılmayan bir ananı rahatlıqla öz qaranlıq, çirkli zehniyyətlərinin müstəvisində sağa-sola sürüyüb ağıllarına və ağızlarına gələni sosial mediada şərhlərə “döşədilər”.

Ta ki, öldürülən qadının qayınanası hüzr mərasimində ağlaya-ağlaya “Gəlinim aydan-arı, sudan duru idi... ” – deyənədək. Bu bircə cümlə sonrakı “gedişat”ı dəyişdi. O qadın “günahkar” olmaqdan çıxdı, “əsrimizin sosial şəbəkə müqəddəsləri” əllərindəki və ətəklərindəki daşları tökdülər - kin-küdurəti buraxdılar, susdular, bəlkə də (könül istərdi ki, belə olsun) utanıb xəcalət çəkib yerə girdilər...

Diqqətinizi yönəltmək istədiyim məsələnin başqa tərəfidir. Səd əfsus, min təəssüf ki, 21-ci əsrin ilk rübündə hələ də Azərbaycanda hal-qəziyyə belədir: Gəlinin taleyi — fərq etməz, yaxşı, ya pis — çox vaxt qayınananın ağzından çıxan cümləyə bağlı olur. Vay o gündən ki, o, son gündəmdəki qayınana kimi haqqı bilən, doğrunu danışan biri olmaya... Onda öldürülən qadının heysiyyəti, xatirəsi də lənətlənir...

Bu, təkcə bir ailə dramı deyil, cəmiyyətimizin acı həqiqətidir. Qadının adı, namusu, həyatı kişilərin və onların ailəsinin (xüsusən də qayınananın) əlində bir oyuncağa çevrilib.

Hər dəfə “namus motivli” cinayətlərdən sonra cəmiyyətin “libido yaralısı” olan hissəsinin üfunətli iç üzü ortaya çıxır. Sosial şəbəkələrdə qadının linç edilməsi, ona “namussuz”, “əxlaqsız” damğalarının vurulması üç övladın ömrünün qaraldan bu faciəyə necə zalım və qərəzli yanaşıldığını göstərir. Bir çox insanlar qatili yox, qadını günahkar görürlər. Ta ki ərin ailəsindən kimsə ədalətli davranıb həqiqəti dilə gətirənəcən...

Niyə axı qadının sağ ikən, hətta öləndən sonra da taleyi hansısa bir ailə üzvünün — xüsusilə qayınananın rəyindən asılı olmalıdır?

Bu da bir tərəfə, cəmiyyətin “həzrəti İsa kimi günahsızları” hansı mənəvi, əxlaqi və hüquqi əsasla bu rəyi – fərqi yoxdur, ya yaxşı, ya pis yönə əllərində bayraq edib meydan sulamalıdırlar?..

Bəs o qayınana Allahından-dinindən dönüb doğrunu deməsəydi, sussaydı, lap pisi - yalan söyləsəydi, onda nolacaqdı? Üç uşaq anasının həyatına qəsd edilməsi azmış kimi, övladları da ondan qala yeganə “miras”dan - təmiz xatirəsindən də məhrum olmalı idi?!

Gündəmin cinayət statistikasında az qala hər gün qadın qətllərinin görünməsi vacib məsələləri yenidən xatırladır: hüquqi sistem qadını qorumaqda daha sərt olmalı, ailədaxili zorakılıqla bağlı qanunların icrası gücləndirilməlidir. Sosial mediada qadına qarşı təhqir, linç və şər atanlar cinayət məsuliyyəti daşımalıdır. Təhsil sistemi uşaqlara və gənclərə gender bərabərliyi, insan haqları barədə geniş maarifləndirmə tədbirləri aparmalıdır. Ən önəmlisi, qadın qadına qarşı amansız düşmən mövqe tutmamalıdır, həmrəylik nümayiş etdirməlidir, qadın qadının qurdu yox, yurdu olmalıdır...

Yoxsa hələ uzun müddət qadınlar qayınanaların və “qaynanalar”ın bircə cümləsindən asılı halda yaşamağa və ölməyə davam edəcək...

P.S. Sosial şəbəkələrdə vaxtaşırı bütün uğursuzluqlarında və faciələrində qadını “günah keçisi” görən “kişilər”lə “çiyin-çiyinə” bəzi həmcinslərimin “namus”, “əxlaq” şərhlərini görəndə onların yerinə də bir daha, bir daha, bir daha... utandım, Azərbaycanın paytaxtında nə qədər “ispan utancı” yaşamaq olar?... Sezen Aksunun məşhur “Namus” mahnısının sözləri yaddaşımın divarlarında əks-səda verdi: “Namuslu görünmək kimlərə qalmış... Haydı, yandan, yandan...”

# 819 dəfə oxunub

Oxşar xəbərlər

Vatikanın tənqid etdiyi yazıçı - O, Nobel mükafatı alandan sonra niyə kədərlənmişdi?

Vatikanın tənqid etdiyi yazıçı - O, Nobel mükafatı alandan sonra niyə kədərlənmişdi?

16:15 20 oktyabr 2025
“Tağıyev: Neft” filmi Azərbaycanın Oskar mükafatına rəsmi namizədi  seçilib

“Tağıyev: Neft” filmi Azərbaycanın Oskar mükafatına rəsmi namizədi seçilib

14:00 20 oktyabr 2025
Nizami Rəmzinin qızı həbs olundu

Nizami Rəmzinin qızı həbs olundu

13:23 20 oktyabr 2025
Xalq yazıçısı Anar:  "Qarabağ əvvəlkidən də gözəl olacaq" - VİDEO

Xalq yazıçısı Anar: "Qarabağ əvvəlkidən də gözəl olacaq" - VİDEO

12:57 20 oktyabr 2025
Əlisəmid Kür ölüm ayağında mənə nə demişdi? - Nadir Yalçın

Əlisəmid Kür ölüm ayağında mənə nə demişdi? - Nadir Yalçın

12:00 20 oktyabr 2025
“Küçə sənətçiləri”  layihəsi üçün müsabiqə elan edildi

“Küçə sənətçiləri” layihəsi üçün müsabiqə elan edildi

11:45 20 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər