Yadlaşma - Məlik Rza yazır...

Məlik Rza

Məlik Rza

16 iyul 2022
# 17:00

Kulis.as Məlik Rzanın yazısını təqdim edir.

Ədəbiyyat tarixində bəzi əsərlər var ki, müəlliflərini məyus edəcək dərəcədə populyarlaşıb ətraflarında kütlənin şablonlarından hörülmüş halələr yaradıblar. Halbuki bu fövqəl mətnlər məhz kütləyə, ənənəvinin ürəkbulandırıcı dəyişməzliyinə qarşı üsyana niyyətlənmişdi. Onların üsyanı diqqətsiz oxucular ucbatından kapitalizmin pul kisəsini dolduran tələbata, “pop art”ın rəngli səhnəsindən gəncliyin ilkin təlaşlarına gülümsəyən klouna çevrilib və heç kim gözəlim mətnlərin taleyini dəyişməyə cəhd etmir.

Qurbanların sırasında Kamünün “Yad”-ına Kafkanın “Çevrilmə”si məhrəmdir. “Çevrilmə”ni oxuyanların böyük qismi bir neçə gün ümidsizcə evlərində dolaşıb özlərinə qapandıqlarını, “Yad”ın oxucuları bədbəxtlik quyusunun dibinə yuvarlanıb çapaladıqlarını iddia edirlər. Kiçik əksəriyyət isə bu möhtəşəm mətnlərdən yalnız marjinal davranışlar mənimsəməklə kifayətlənir.

Əsərlər haqqında türkcə və doğma dilimizdə oxuduğum yazılarda eyni şablon ifadələrlə qarşılaşdım. “Topluma yadlaşma”, “Ümidsizlik”, “Modern insanın faciəsi”, “Özünə yadlaşma” və başqa hülqum qurudan birləşmələr. Zənnimcə bu tip yazılar əsərlərin arxa qapaqlarını bəzəyəcək sinopsis olmaq məqamına belə layiq deyil.

İndi yekə bir STOP!

Mətnlərin ətrafındakı cazibəli şarlar partlasın! Ya da sən şarları əllərindən göyə uçurt əziz oxucum!

“Yad” və “Çevrilmə” eyni batereyanın qütbləritək bir-birini tamamlayan, lakin əks mətnlərdir. Hər ikisi qərib süjetlərlə əvvəlcə oxucunu toplumun, əxlaqın ənənəvi qaydalarından kənarlaşdırıb müqəddəs torpaqlara gətirmək, sonra kirdən təmizlənmiş pak ruhları müdhiş həqiqətlə hədiyyələmək istəyir. Biri yola əvvəldən, digəri sondan başlayır.

Topluma yadlaşma.

Öz olmaq pərgar kimi bir ayağınla ruhunda sabitləşib digəriylə ətrafına çənbər çəkmək deyil. Sərhəd varsa, pozulacaq. Zamzanın faciəsi, Meursaultun zəfəri bizə eyni həqiqəti pıçıldayır. Özünü qorumaq müdafiə olunmamaqdır. Zamza onu böcək kimi görən topluma qarışmaq, birgə sevinib birgə ağlamaq istədi. Öldürdülər(Öldü)! Meursault isə son ana qədər dözüb axırda zəfərinə kölgə saldı. Ruhunun gizlinini hücrəsinə gəlmiş adama bağırmaqla. Hər ikisini işlədiyi cinayətlərlə günahlandırıb həmin cinayətlərin toplum və əxlaq güzgüsündəki əksləriylə cəzalandırdılar.

Ümidsizlik.

Markezin dediyi kimi “Çevrilmə” mənə ümid bəxş etdi. Ruhunu içində əridən sistemdən uzaqlaşıb tənhalaşmaq necə ümidsizlik olsun?! Hücrəsində kiçik pəncərədən göy üzünü izləyən, qumsalı, sevgilisini arzulayan, edamlardan qaçış haqqında kitablar oxumadığı üçün peşmanlanan Meursaultu ümidsizliklə damğalamaq kimin ağlına gəlib?

Modern insanın faciəsi.

Əgər sistemin çarxında əzilirsə, Zamza niyə özünə çevrilməsin? Əgər ömrünün qürubuna yaşayan qoca hüznlü axşamda yeni həyata ümidlənirsə, Meursault anasının ölümünə niyə ağlasın? Əsərlərdə faciə vardısa, həmin faciə Zamzaların gecəni yatmayıb Qreqorun ölümünü gözləməsi, insanların bir adamın edamını izləmək üçün həvəslə meydana toplanması idi.

Özünə yadlaşma.

Mən hələ heç bir əsərdə ruhunu anlayan, özünü bu həddə bilən obrazlarla qarşılaşmamışdım.
Sonda “Yad” romanı əsasında çəkilmiş, Zəki Demirkubuz filmini(Yazqı) sizə ərməğan edir, hücrəmə çəkilirəm.

# 2602 dəfə oxunub

Oxşar xəbərlər

Qılman İmanın yeni kitabı nəşr olundu

Qılman İmanın yeni kitabı nəşr olundu

18:20 6 avqust 2026
“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

“AHBAP” dərnəyinə verilən ianələr araşdırılır

17:40 6 avqust 2026
Tanınmış italyan ifaçı  vəfat etdi

Tanınmış italyan ifaçı vəfat etdi

17:20 6 avqust 2026
Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

Tarixi razılaşma əldə olundu - "TikTok" və "Disney” arasında

15:30 6 avqust 2026
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi

15:15 6 avqust 2026
Türkiyəli ssenarist vəfat etdi

Türkiyəli ssenarist vəfat etdi

14:30 6 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər