Xəyanətə görə yaddaşını itirən “detektiv kraliçası” - O, əsərlərində hansı xalqları alçaltmışdı?

Xəyanətə görə yaddaşını itirən “detektiv kraliçası”  - O, əsərlərində hansı xalqları alçaltmışdı?
15 sentyabr 2025
# 10:15

15 sentyabr məşhur ingiltərəli yazıçı, “detektiv janrının kraliçası” Aqata Kristinin doğum günüdür.

Kulis.az bu münasibətlə yazıçının həyatı və fəaliyyəti haqqında diqqətçəkən faktları təqdim edir.


Dünyanın ən məşhur detektiv yazıçısı olan Aqata Kristi qısa hekayələr və pyeslərlə yanaşı 66 roman yazıb.

Aqata Kristinin kitabları onlarla dilə tərcümə olunub və təxminən 2 milyard nüsxə satılıb. Bu nəticə ilə o, dünyada kitablarının ən çox satılmasına görə İncil və Şekspirdən sonra 3-cü yeri tutur.

1890-cı ildə İngiltərənin cənub-qərbində, sahil şəhəri Torquayda doğulan Aqata Kristi evdə təhsil almışdı.

Uşaqlığını xəyali dostları, ev heyvanları və ev işçiləri ilə keçirmiş, digər uşaqlarla az ünsiyyətdə olmuşdu. Ancaq öz avtobioqrafiyasında uşaqlıq illərini xoşbəxt kimi təsvir edir.

Sonradan Parisdə musiqi təhsili alsa da, yazıçı kimi özü sərbəst şəkildə özünü inkişaf etdirmişdi.

Atası Frederik ailədən qalan mirasla dolanırdı, vaxtını yaxta klublarında kart oynamaq və pul xərcləməklə keçirirdi. Kristi onun haqqında “O, sadə və mehriban, amma tənbəl bir insan idi. Bəlkə də işləmək üçün doğulmamışdı,” – deyə yazırdı. Anası isə şeirlər yazır, zərdüştlük, katoliklik kimi dini cərəyanlarla maraqlanırdı.

Cəmi 11 yaşında ilk şeirini bir tramvay şəklinə baxaraq yazıb. Yeniyetməlik dövründə şeirləri “The Poetry Review” jurnalında dərc olunurdu.

Ancaq Birinci Dünya Müharibəsinə qədər detektiv janra maraq göstərməmişdi – bacısı onun yaxşı detektiv roman yaza bilməyəcəyini deyənə qədər. Bu iddiaya cavab olaraq yazdığı ilk roman “Stylesdə müəmmalı hadisə” nəşriyyata təqdim olundu və bəzi düzəlişlərlə nəşr olundu – beləliklə, onun detektiv yazıçılıq karyerası başladı.

Kristi ədəbiyyata iki əfsanəvi detektiv obrazı bəxş edib – Erkül Puaro və Ceyn Marpl. Erkül Puaro 33 romanda və 50-dən çox hekayədə baş qəhrəmandır və o, ölüm xəbəri qəzetdə dərc olunan yeganə uydurma obraz olub. Meraklı yaşlı qadın olan Ceyn Marpl isə 12 roman və 20 hekayədə yer alır. Kristinin az tanınan digər obrazlarına Tommi və Tappens Beresford cütlüyü, Parker Payn və Harley Quin daxildir.

Detektiv romanların məşhur klişesinə rəğmən Aqata Kristinin heç bir romanında qatil xidmətçi olmamışdır. Əvəzində o, dörd romanda həkim, iki dəfə siyasətçi, aktyor, əsgər, müəllim, evdar qadın və polis məmurlarını qatil kimi təqdim etmişdi.

Birinci Dünya Müharibəsi dövründə apteklərdə çalışdığı üçün bir çox cinayətlərdə zəhərləmə üsulundan istifadə edib.

Çoxsaylı romanları İngiltərədə keçsə də, yazıçı çoxsaylı ölkələrə səyahət etdiyi üçün başqa yerləri də ustalıqla təsvir edə bilirdi.

Uşaqlığında Misir və Fransada yaşamış, sonralar İngiltərəni tanıtmaq üçün dünya turuna çıxmışdı. İkinci əri – özündən 14 yaş kiçik arxeoloq ilə İraqda tanış olmuşdu.

“Şərq ekspresində qətl” və “Onlar Bağdadda idilər” kimi romanlar bu səfərlərdən ilhamlanaraq yazılıb.

Kristinin bəzi əsərlərində zəncilər, asiyalılar, ərəblər və yəhudilər barədə alçaldıcı təsvirlər var.

Əsərlərindən birinin orijinal adı da sonradan dəyişdirilmiş “On kiçik zənci” idi. Yəhudilər tez-tez simic və burunları böyük kimi təsvir olunurdu. ADL (İftira və İnkarla Mübarizə Birliyi) bu səbəbdən yazıçıya etiraz məktubu göndərmişdi.
ABŞ-dakı nəşriyyat bu ittihamı rədd etsə də, Kristi bəzi xoşagəlməz ifadələri əsərlərindən çıxarmağa məcbur oldu.

Anasının vəfatı və ərinin xəyanəti Kristini dərin depressiyaya salmışdı. 1926-cı il dekabrın 3-də evdən çıxaraq yoxa çıxdı. Ertəsi gün avtomobili boş vəziyyətdə tapıldı və onun axtarışına minlərlə insan, polis, itlər və hətta təyyarələr qoşuldu. Qəzetlər onu tapanlara 100 funt mükafat vəd etmişdi.

11 gün sonra o, İngiltərənin şimalında spa otelində tapıldı və bu hadisəni xatırlamadığını, bunun bir növ yaddaş itkisindən qaynaqlandığını bildirdi.

Kristi detektiv romanlarını və xatirələrini öz adı ilə nəşr etsə də, 6 romantik sevgi romanını “Mary Westmacott” təxəllüsü ilə yazmışdı. “Mary” onun ikinci adı, “Westmacott” isə qohumunun soyadı idi. Bu fakt təxminən 20 il sonra bir jurnalist tərəfindən ortaya çıxarıldı.

Avtobioqrafiyasında isə “Baharda itki” adlı romanını özünü tam şəkildə ifadə etdiyi yeganə əsər kimi göstərmişdir.

Aqata Kristi yalnız detektiv janrının deyil, ümumiyyətlə bütün ədəbi dünyanın ən təsirli və sirli fiqurlarından biri olaraq qalır.

Onun həyat hekayəsi – yazıçı olmaq üçün keçdiyi yol, şəxsi sınaqları və gizli kimlikləri – əsərləri qədər araşdırmağa dəyər bir mövzudur.

# 135 dəfə oxunub

Oxşar xəbərlər

"Emmi" mükafatının qalibləri açıqlandı

"Emmi" mükafatının qalibləri açıqlandı

12:31 15 sentyabr 2025
Məcburi köçkünlərin "işğal" etdiyi evlər... - Səidə Bəkirqızının qaçqınlarla bağlı çıxışının məqsədi nə idi?

Məcburi köçkünlərin "işğal" etdiyi evlər... - Səidə Bəkirqızının qaçqınlarla bağlı çıxışının məqsədi nə idi?

12:00 15 sentyabr 2025
Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olundu

Xankəndi, Ağdərə və Xocalıda Bilik Günü qeyd olundu

11:40 15 sentyabr 2025
Hacan Hacısoy:  "Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” - Müsahibə

Hacan Hacısoy: "Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” - Müsahibə

11:13 15 sentyabr 2025
Eşqin tərifini verən yazıçı - Əlibala Hacızadə haqqında

Eşqin tərifini verən yazıçı - Əlibala Hacızadə haqqında

11:00 15 sentyabr 2025
Arzularını çəkən rəssam  Elbəy Rzaquliyev   - Günün tablosu

Arzularını çəkən rəssam Elbəy Rzaquliyev - Günün tablosu

11:00 15 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər