Qolu sarıqlı süpürgəçini bu hala salanlar – Ayxan yazır...

Qolu sarıqlı süpürgəçini bu hala salanlar – <span style="color:red;">Ayxan yazır...
18 iyul 2018
# 11:37

Ayxan Ayvaz

Bu gün işə gələndə süpürgəçi qadınlarla salamlaşdım. Hər zaman etdiyim kimi...

- Necəsiniz?

Onlara bu sualım qəribə gəldi.

Gülümsündülər... Küçənin tozunu süpürə-süpürə...

Nazirliklərin birində süpürgəçi qadına salam verməyimi xatırlayıram. Yazıq diksinmişdi. Qorxmuşdu. Sonradan başa düşdüm ki, burda ona heç kim salam verməyib. Salamsız səhərlərin zalım olar gecəsi.

Harda küçə süpürən qadın görürəm yadıma Murad Köhnəqalanın misrası düşür:

Küçə süpürən qadınlar,

ot çalan kişilərə parodiyadır

Murad bir dəfə də yazmışdı ki, süpürgəçi işləyərdim gənc ehtirasla.

Toz-tozanaqlı küçələr onların əlləri ilə özünə gəlir axı. Bütün küçələr onların gəlişinə sevinir.

Nə küləklər, nə sərsəri uşaqlar, nə avara gənclər onları küçələrdən soyuda bilir.

Küçələrə siqaret kötüyü, butulka, zir-zibil atanları görəndə acığımdan söymüşəm onlara.

Siqaretli, butulkalı, zir-zibilli küçələrin canlanması, dirilməsi o qadınların əlindədir.

Dünən sınıq qoluyla iş görən süpürgəçi qadını görəndə uzun müddət susdum. Sonra baxa bilmədim ona. Hər dəfə qabağıma çıxanda ötürdüm. Birdən dodaqaltı bu misranı pıçıldadım:

Əyilib ovcuna qəpik qoymuram,

əyilib ovcundan öpürəm, qadın

Bir az dəyişdirərək təbii:

Sınıq qolundan öpürəm qadın...

Nizami küçəsində görünmüşdü o sınıq qollu süpürgəçi. Getdim ora. Şəklini yığışdırmışdılar qadının. Bircə süpürdüyü yerlər qalmışdı...

Küçə süpürən qadınlar ədəbiyyatdı. Daha doğrusu, ədəbiyyat küçə süpürən qadının qolunu sarıyıb işə girişməyidi.

Dostlardan biri onun halına acıyıb, kömək əli uzatmaq istəyib. Qadın razılaşmayıb və süpürgəsi ilə yollara sığal çəkməyə davam edib. Özünün sığala ehtiyacı varkən...

Hər kəs günahkardı burda, aidiyyatı qurumlardan tutmuş ta sadə adamlara qədər. Bir qadının qolu sarıqlı küçə süpürməyinə vecsiz olmaq nə deməkdir? Guya hər şeyin qarşısını alıblar. Guya o qadın kefindən durub küçə süpürür.

Ədəbiyyat mənə görə, bu qadının qolu sarıqlı yer süpürməyindən başlayır. İnsanlıq burdan başlayır. Hansı həssas qəlbli adam bu mənzərəyə ağrısız baxa bilər ki?

Onların heç nəyə yox, qayğıya, sevgiyə ehtiyacı var. İnsan kimi davranışa. Salam verəndə diksinməsinlər. Sevinsinlər buna.

"Kamaz"ın vurub öldürdüyü süpürgəçi qadını yada salın. Guya bu ölümlərin qarşısını almaq üçün qadınların yaxalarına işıqla düzdülər. İşıqları onların üzərinə düzmək lazım deyil e, öz içinizi işıqla doldurmaqdı məsələ.

Onlar bu vəziyyətə içindən zülmət fışqıran adamların ucbatından gəlib-çıxıb.

# 4436 dəfə oxunub

Oxşar xəbərlər

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

Nobel mükafatçısı ilə qalmaqallı evlilik yaşayan isveçli yazıçı - Moa Martinson kim idi?

16:00 2 noyabr 2026
"Şimal qadınları və ezoterizm"  adlı sərgi açıldı

"Şimal qadınları və ezoterizm" adlı sərgi açıldı

15:30 2 noyabr 2026
Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

Qızıl Portağal Film Festivalının qalibləri bəlli oldu

15:00 2 noyabr 2026
Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

Əsl ömür insanların yaddaşında qalan izlərlə ölçülür... - Məcid Rəşadətoğlu

14:00 2 noyabr 2026
Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

Mikayıl Ruhandın "Qapı" kitabının imza günü olacaq

13:30 2 noyabr 2026
Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü  keçiriləcək

Türkiyədə 4-cü İbero-Amerika Yazıçılar Görüşü keçiriləcək

12:30 2 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər