Aqiyə Naxçıvanlı düzmü deyir? – Aliyə yazır…

Aqiyə Naxçıvanlı düzmü deyir? – <span style="color:red;">Aliyə yazır…
16 may 2018
# 13:37

Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən?”

Günün sitatıdır. Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı ailələrin dağılması mövzusunda danışarkən söyləyib.

Kontekstdən çıxarmayaq: Qadınlar komitəyə müraciət edirlər, dinləyəndə, görürsən ki, bunun savadı yoxdur. Sual verirsən ki, necə ailə qurmusan? Deyir, valideynlərin razılığı ilə olub. Deyirəm, bəs ailə qurduğun şəxs qonşun olubsa, əvvəlcədən onun necə birisi olduğunu bilmirdin? Ailə qurmaq, sonradan dağıtmaq o qədər sadələşib ki... Deyirəm, ilk gündən döyülmüsənsə, söyülmüsənsə, niyə üç uşaq dünyaya gətirmisən? Deyir, uşaqları siz götürün saxlayın. Uşaqlara dövlətin baxmasını tələb edir. Dövlət sifariş vermişdi ki, üç uşaq dünyaya gətirəsən? Əvvəllər belə şeylər olmayıb, müharibə dövründə 18-19 yaşında dul qadınlarımız olub, uşaqlarını təkbaşına böyüdüblər, heç yenidən ailə qurmaq haqqında düşünməyiblər. İndi bəs nə baş verir?

Ola bilsin, Aqiyə xanım, qadınların ailədə, uşaq dünyaya gətirməkdə məsuliyyətini vurğulamaq istəyir, istəyir ki, qadın deyilən məxluq öz məsuliyyətini anlasın. Bəlkə bu fikirləri başqası desə, belə qıcıq doğurmazdı. Qıcıq doğuran odur ki, bunu bu məsələlərdə dövlətin məsuliyyətini artırmalı olan şəxs deyir. O şəxs ki, birbaşa qadının vəziyyətini, problemini açmaqda, ortaya qoymaqda, həllinə diqqət çəkməkdə sorumludur.

Və o şəxs problemi yaradan səbəbləri ortaya çıxarmaq yerinə qadının özünü günahlandırır. Bu gün üç uşaq dünyaya gətirdiyinə görə qınanan qadın, sabah oğlunu əsgərə göndərib bəlkə də şəhid anası olacaq.

Daha qəribəsi odur ki, təhsildə, maariflənmədə, sosial təminatda, işlə təmin olunmaqda dövlətin vəzifəsini xatırladıb, qadına ayaq üstə durmağa kömək etməli ikən nicatı ağsaqqal-ağbirçək məsləhətində, mentalitetdə axtarır.

“Hazırda boşananların sayı artıb. Rahatlıqla boşanırlar, ailə dağılır. Çünki ictimai qınaq yoxdur. Toydan iki ay öncə rəqsə gedirlər. Rəqsə getməkdənsə, ağsaqqalın, ağbirçəyin yanına getsinlər, ailə necə olur, onu öyrənsinlər. Ailələrdə dözümlülük yoxdur”.

Halbuki, o döyülüb söyülən qadına elçiliyi ağbirçəklər edirlər. Döyülüb söyülməyin normal olduğunu (normalsa uşaq da dünyaya gətirmək normaldır) o ağbirçəklər ötürür. Dövlətin mübarizə apardığı selektiv abortlara da rəvac verən Aqiyə xanımın nicat umduğu ağsaqqal-ağbirçək institutudur. Hansı ki, bir toy rəqsini gənclərə çox görməklə, Aqiyə xanım o ağbirçəklərə qoşulur. O ağbirçəklərə ki, küçədə durduğu yerdə adama “İndi aparat var, yoxlat, oğlandırsa saxla. Biz o vaxt bir oğlana görə, 10 dənə qız dünyaya gətirirdik” - deyirlər.

Ağbirçəklər və gənclər davası deyil, problem və onun səbəbləri var. Hansı ki, bu səbəbləri araşdırmağa, öyrənməyə və həllini axtarmağa, proqramlar irəli sürməyə hörmətli Aqiyə xanım bir komitə sədri kimi borcludur.

Qız uşaqlarını niyə istəmir bu cəmiyyət?

Qadınlar niyə tanımadan ərə getməyə razıdır?

Qızların təhsili və işlə təminatında göstəricilər niyə aşağıdır?

Nə qədər ailə iqtisadi sosial baxımdan müstəqil yaşaya və bir ailə olaraq öz qaydalarını müəyyən edə bilir?

Boşanma faciə kimi bədbəxtlik kimi qəbul olunursa, niyə dözüb ailəni qoruya bilmirlər?

Ümumiyyətlə, nəyə və niyə dözməlidirlər?

Əlbəttə yetkin insan (yalnız qadın deyil, kişi də) uşaq dünyaya gətirməyin məsuliyyətini anlamalıdır. Amma özünü şəxsiyyət olaraq önəmli hiss etməyən, ayaqları üstündə durmağı bacarmayan qadın ailə və uşaq məsuliyyətini də hiss edə bilməz. Bəlkə elə o qadın yalnız bir dəfə özünü önəmli, diqqətəlayiq hiss edir: Toy günü ağ gəlinlik geyinib həyat yoldaşı ilə rəqs edəndə!

Boşanma problem yox, problemin ortaya çıxmasıdır, göstəricisidir. Müasir dünyada müasir ola bilməyən qadınların və kişilərin qarşılaşdığı problemlərin…

Azərbaycan efirində fərdlərin sosial və ailə problemini ortaya qoyub məsələdə onun özünü, yaxınlarını ittiham etmək ənənəsi var. Televiziya proqramları məsələni bacardıqca fərdiləşdirib, sosial analiz-filan olmadan, şəxsin faciəsi kimi qələmə verməyə meyllidirlər. Bunu hardasa qəbul etmək olar. Medianın 99 adından biri də Reytinq olan Allahı var. Amma və lakin biz sadəlövhcə Ailə, qadın və uşaq problemləri komitəsindən daha dərin, daha əhatəli və daha sosial-analitik bir yanaşma umuruq. Bəlkə də umurduq. Sən demə, problemin sadə və hikmətli bir izahı var imiş: günah öləndədir!

# 1471 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı  təşkil olunacaq

Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı təşkil olunacaq

14:00 29 aprel 2024
Çənəsi ilə düşünənlər - Pərvanə Bayramqızı

Çənəsi ilə düşünənlər - Pərvanə Bayramqızı

13:30 29 aprel 2024
Məşhur ssenarist Kann Film Festivalının münsifi seçildi

Məşhur ssenarist Kann Film Festivalının münsifi seçildi

13:00 29 aprel 2024
“Anamın kitabı”  yenidən Akademik Milli Dram Teatrının səhnəsində

“Anamın kitabı” yenidən Akademik Milli Dram Teatrının səhnəsində

12:30 29 aprel 2024
Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək

Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək

12:00 29 aprel 2024
Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

Səməd Vurğun ona məktub yazan gəncləri satmışdı? - Anar

12:00 29 aprel 2024
# # #