#

Xalq artistinin nəvəsi: "Nənəmin gözlərini səhnədə yandırmışdılar..." - Müsahibə

Xalq artistinin nəvəsi:  "Nənəmin gözlərini səhnədə yandırmışdılar..." - Müsahibə
9 sentyabr 2024
# 09:00

Kulis.az aktrisa, Xalq artisti Barat Şəkinskayanın nəvəsi pianoçu Afət Mustafayeva ilə müsahibəni təqdim edir.

- Siz nənənizin cavanlığına çox bənzəyirsiniz...

- Nənəm ağappaq idi, pambıq kimi, çox nərmənazik.

- Barat xanım əslən Şuşadan olub. Bəs sizin babanız?

- Babam gəncəlidir. Bilirsiniz ki, Barat xanım üç dəfə ərə gedib. Hər evlilikdən də bir uşağı olub. Mənim anam Solmaz xanım birinci evliliyindən idi. Babam Mir İbrahim Həmzəyevlə Barat xanım on altı yaşı olanda öz istəyi ilə evlənib. İsmayıl Əfəndiyev qaçırdıb onları. Nənəm on üç yaşından teatrda olub. Anası vermirdi, deyirdi, balacasan. Babam nənəmdən altı yaş böyük olub.

- Neçə yaşınız olanda Barat xanım rəhmətə gedib?

- 1999-da 46 yaşım vardı. Gərək Barat xanım haqqında açılan Vikipediya ilə ətraflı işləyim, çünki çox quru yazıblar. Heç yazmayıblar ki, o, Şekspirin qadın obrazlarının ən mahir ifaçısı olub. Korneliyanı, Dezdemonanı, Cülyettanı, Violanı – hamısını çox məharətlə oynayıb. Bircə Ledi Maqbeti oynamayıb, onu Hökümə xanım oynamışdı. O da xarakterdən asılı idi. Çünki nənəm incə-mincə qadın idi, ledi Maqbet isə tamam başqa xasiyyətdədir.

- Necə qadın, necə nənə idi?

- Nənə kimi, necə deyim, yaxşı nənə idi. Mən onun böyük nəvəsiyəm, mən doğulanda onun 39 yaşı vardı. Axı mənim anam da çox tez ailə qurub. Nəvələrdən onunla ən çox vaxt keçirən mən olmuşam. Qardaşım məndən yeddi yaş kiçik idi. Sonra xalam Rövşanənin uşaqları oldu. Nənəmin evində ən çox mən olsam da, demək olmaz ki, o bizə nənəlik edib. Çünki o, başqa nənələr kimi deyildi.

- Xarakteri imkan vermirdi ya işi?

- Hər ikisi, daha çox işi. Amma deyim ki, bir nəvəsini götürüb özü baxıb, Elçin dayımın oğlu Kərimi. Onda artıq təqaüdə çıxmışdı. Bilirsiniz, bizim ailə çox sərbəst, rahat olub. Nənəmlə, anamla zarafatlaşmaq, deyib-gülmək gözəl idi. Sonra Elçin dayımla nənəm rəhmətə getdi, Rövşanə xalam otuz ildi Amerikadadı. Amma yaxşı vaxtlarımızda yığışanda səs-küyümüzdən, deyib-gülməyimizdən divarlar titrəyirdi. Çünki nənəm çox zarafatcıl adam idi, yaxşı yumoru vardı. Artistlər, adətən, yumorlu adamlar olurlar, çox nadir ola bilər ki, kimsə qaraqabaq olsun. Məsələn, Ələsgər Ələkbərov. Düzdü, mən onu görəndə çox balaca idim, amma zəhmli idi.

- Hökümə xanım gəlib gedirdi sizə? Dostluqları vardı nənənizlə?

- Nənəm daha çox Nəcibə Məlikova ilə yaxın idi, bir də Leyla xanımla (Leyla Bədirbəyli - red). Hökümə xanımla da münasibətləri yaxşı idi. Bilirsiniz, uşaq hər şeyi görür və eşidir. Mən heç vaxt onlar arasında konflikt olduğunu eşitməmişəm.

- Məsələn, Nəcibə xanımla Hökümə xanım bir-birlərinə qarşı dözülməzlikləri, intriqaları ilə məşhurdular. Amma Barat xanım haqqında qətiyyən belə şey deyilmir.

- Nənəm sərt deyildi, amma xarakteri möhkəm idi. Həmişə sözünü demək, heç kimə baş əyməmək onun xüsusiyyəti idi... Məğrur qadınıydı. Amma sadə adam idi, özündənrazılığı yoxuydu. Heç vaxt heç nə üçün heç kimə ağız açmazdı. Bir epizod danışım. Mən Bülbülü qurtarıb Konservatoriyaya girəndə, professor Elmira Nəzirovanın sinfində oxumaq istəyirdim. Demə, bunun üçün ərizə yazmaq lazım imiş. Elmira xanımın da xəbəri vardı. İmtahanları verdim, getdim bağa. Sentyabrda gələndə mənə dedilər ki, sən Zivər Əliyevanın sinfindəsən. Mən də bir az nənəm kimi ərköyünəm axı. Dedim, onun dərsinə girmirəm. Belə dərslərə gedirdim, amma ixtisas dərsinə getmirdim. İki-üç həftədən sonra dekan məni çağırdı, səbəbini soruşdu ki, Mustafayeva, niyə dərslərə girmirsən? Dedim ki, mən Elmira xanımın sinfini istəyirəm. Dekan dedi, iş-işdən keçib. O vaxt rektor Soltan Hacıbəyov idi. Nənəmə zəng elədim ki, nənə, sən Soltan Hacıbəyova zəng elə ki, məni Zivər xanımın sinfindən Elmira xanımın sinfinə keçirtsin. Nənəm dedi, dəli olmusan? Mən durub Soltana zəng edəcəyəm ki, nəvəmin sinfini dəyiş? Özü də, mən Zivər xanımı tanıyıram, çox gözəl pianoçudur. Doğrudan da, Zivər xanım çox gözəl mütəxəssis idi, o vaxt Konservatoriyada namizəd idi. Sonra onunla qohum olduq, əmim qızı Zivər xanımın oğlu ilə evləndi. Nənəm Soltana heç nə demədi, ömründə eləməzdi.

- Bəs onun adı sizə kömək olurdu? Məşhur aktrisa idi.

- Anamın sözüylə deyim, o deyirdi ki, biz ömür boyu Baratın kölgəsində olmuşuq. Amma deyim ki, biz ondan istifadə etmişik, yox, olmayıb. Özü də bunu bizə heç kim tapşırmamışdı ki, onun adından istifadə etmək olmaz. Biz belə böyümüşük.

- Amma ehtiyac olanda açar rolunu oynayıb onun adı sizin üçün? Yəni, bu Baratın qızıdı, ya nəvəsidi.

- Hə, elə tanıyırdılar. O vaxt Konservatoriyanı qurtaranda mən işləmək üçün Gəncəni seçdim. Amma Gəncədə kurs yoldaşlarımdan başqa heç kimi tanımırdım. Başladım orda peşə məktəbində dərs deməyə. Bir həftədən sonra qızlar yaxınlaşdılar ki, sən niyə demirsən, Şəkinskayanın nəvəsisən? Dondum qaldım ki, niyə deməliydim?

- Özü xoşlayırdı?

- Yox, heç özü də xoşlamırdı. Yəni, bizim üçün eləmirdi, amma ətrafda qonşu qalmazdı, tanış qalmazdı ki, gedib işlərini düzəltməsin. Əsgərlik olsun, xəstəxana olsun, hamısını düzəldirdi.

- Məişətdə necə idi?

- Çox gözəl xörək bişirirdi. Uşaqlıqda buna normal baxırdım ki, nənəm xörək bişirir. Xalamgildə qonaqlıq olanda biz salatları düzəldirdik, nənəm də gəlib iyirmi-otuz nəfərlik aş süzürdü. Çox gözəl əl qabiliyyəti vardı. Adi kartof qızardanda qonşular gəlirdi ki, Barat xanım, ver dadına baxım, şişərəm. Aləmi iy götürürdü. Qəşəng mürəbbələr bişirirdi. Tikmək, toxumaq, hər şeyi bacarırdı. O bacarığı qızlarına da keçib. Xoşlayırdı ki, ev səliqəli olsun. Amma bər-bəzəyə, üzük-filana çox soyuq idi. Geyiminə isə fikir verirdi. Zövqü də vardı, yaxşı geyinməyi də xoşlayırdı.

- Barat xanım üç dəfə ailə qurub və hər evliliyindən bir övladı dünyaya gəlib. Ananız Solmaz xanım, xalanız Rövşanə xanım, dayınız Elçin. Övladlarına münasibəti necə idi?

- Nənədə bir xasiyyət vardı ki, övladları ayrı evliliklərdən olsa da, daim bir yerdə olmuşuq. Nəinki biz, keçmiş həyat yoldaşlarının yeni arvadları, onların uşaqları, hamımız həmişə bir yerdə olmuşuq. Məsələn, mən həmişə elə bilmişəm ki, Fərhad doğma dayımdı. Elə indinin özündə də Fərhad kiməsə zəng edəndə deyir ki, bacım qızı gələcək. Anama, xalama həmişə bacı kimi baxıb. Mehdi Məmmədovun o biri yoldaşından olan oğlu Çingiz hələ Elçin sağ olanda oğlunun adını Elçin qoymuşdu, o qədər sevirdi dayımı. Biz bir yerdə olmuşuq həmişə. Nənə bir də görürdün, Çingizə - Mehdinin o biri arvadından olan oğluna zəng edirdi ki, Çingiz, kranım xarab olub, gəl, Çingiz, maşın lazımdı... Mən indi başa düşürəm ki, bu nənədən gəlmə bir şey idi, demokratik adam idi.

- İndi sizin danışdıqlarınız Azərbaycan cəmiyyəti üçün bir az qəribə gəlir, görünür, Barat xanım rahat qadın olub.

- Rahat və sakit idi, boş buraxırdı hər şeyi. Zarafat edəndə deyirdi ki, onları mən boşamışam da, onlar məni boşamayıblar ki... Mən elə Şəmsigildə böyümüşəm. Qonaqlıq olanda hamı bir stol arxasında otururdu.

- Taleyindən şikayət edib?

- Heç vaxt. Çətin uşaqlıq keçirdib, atasız böyüdüb, bizim balaca nənəmiz – nənənin anasına elə deyirdik – iki qızı, oğlu qarnında Şuşadan qaçıb erməni-müsəlman davası vaxtı. Deyirlər, əvvəlcə Ağdama gəliblər, sonra Gəncəyə. Bilirsiniz, mən uşaqlıqda belə şeylərə maraq göstərmirdim, öyrənmirdim. Bizdə Elçin yaxşı bilirdi ailə barədə, nəsil barədə hər şeyi. Mən bir az səthi bilirəm.

- Bilirsiniz, nə üçün soruşdum taleyi haqqında? “O olmasın, bu olsun” filmində məşhur səhnə var, Rüstəm bəy Sənəmə acıqlananda o, yanıqlı muğam ifa edir. Barat xanım bir dəfə demişdi ki, mən o filmdə öz taleyimi oxuyuram.

- Bilmirəm. Hərdən görürsən, elə şeylər yazırlar ki... Yox, nənədə elə şey olmayıb, mən elə şey eşitməmişəm.

- Bəs ailə qurmaqlarını uğursuzluq hesab edirdi? Bayaq dediniz ki, yoldaşlarını özü tərk edib. Bu barədə danışırdı?

- Heç vaxt belə bir söhbət olmayıb. Nə özü, nə də başqaları tərəfindən. Dediyim kimi, çox mehriban idik, bütün ailələr mehriban idik. Bu niyə oldu, niyə boşandı, - bu barədə heç nə danışmırdı. Ayrılandan sonra da tək yaşayırdı.

- Yadınızda qalan xatirə var? Sırf sizin özünüzə aid. Barat xanım və siz.

- Nə deyə bilərəm? O qədər xırda-xırda şeylər olurdu ki. O danışanda həyatından yox, teatrdan danışırdı. Teatrda gülməli şeylər olurdu, danışıb gülürdülər. Artistlərin zarafatları filan. Nənə çox kitab oxuyurdu. Mən ona həmişə kitablar gətirirdim. O teatrdan tez getdi, yetmiş yaşında. Bu artist üçün tezdi.

- Deyəsən, demişdi ki, vaxtında getmək lazımdır.

- Hə, demişdi, amma artist üçün yaş göstərici deyil.

- Kimləri oxuyurdu?

- Mən ona Latın Amerikası ədəbiyyatı gətirirdim, Markesdən başlayaraq bir çox yazıçıları. “Yüz ilin tənhalığı”nı Elçinlə mən oxudum, sonra Barata verdim. Markesdən sonra mən Latın Amerikası ədəbiyyatına vuruldum, başladım hamısını oxumağa. Jorj Amadunu, Lyosanı, Kortasarı... Hamısını da nənəmə gətirirdim. Mənim xoşuma gəlirdi ki, nənə müasir ədəbiyyatı qəbul edir, təhlil edir. Televizorda hansısa kino olanda zəng edirdi ki, baxdın? Deyirdim, baxdım. Soruşurdu, necə idi? Müzakirə edirdik kinonu. Biz İçərişəhərdə yaşayanda bizə gəlirdi maşınla. O heç vaxt avtobusa minməyib. Mirzağa Əliyev deyirdi ki, aktyoru heç vaxt bazarda görməməlidirlər, olmaz. Sən axşam səhnədə kraliçasan, bu biri gün səni bazarda kartof-soğan alan görəndə, yaxşı olmaz.

- Sürücüsü vardı?

- Vaxtilə vardı, hə. Mən uşaq olanda onun Volqa maşını da vardı, sürücüsü də. Sonralar ancaq taksiylə gəzirdi.

- Qazancı çox olurdu?

- Hə, vaxtikən çox qazanıb.

- Ən çox nəyə pul xərcləyirdi?

- Ən çox geyimə xərcləyirdi. O vaxt şəhərdə iki-üç yaxşı dərzi vardı, onlara paltar tikdirirdi. Ev üçün yaxşı əşyalar alırdı. Deyirdi ki, otuz qəpiklik meyvə otuz manatlıq vazda olmalıdı. Bu, yəqin, xan nəslindən gəlməsiylə bağlıdı. Amma biz heç vaxt deməmişik ki, biz İbrahimxəlil xanın nəslindənik, Şəkinskayanın nəslindənik.

- Doğrudan, Afət xanım, Şəkinskaya soyadı hardan gəlir?

- Moskvada Qarabağ xanlarının tarixini araşdıran bir cavan tarixçi səsli mesaj göndərmişdi. Demək, İbrahimxəlil xanın bir qızını vermişdilər Səlim xan Şəkinskiyə, Şəki xanına. Bu soyad ordan gəlir. Baratın atası Həbib xan Şəkinski idi. Barat xanım ana tərəfdən İbrahimxəlil xanın nəvəsidi, ata tərəfdən Səlim xanın nəslindən. Həbib xanın atası Süleyman xan Səlim xanın nəvəsiydi. Mən birinci dəfə Həbib xan haqqında televizorda eşitmişəm. Mirşahin Zəngəzurdan reportaj hazırlamışdı, bir ev göstərdi ki, bura da Zəngəzurun pristavı Həbib xan Şəkinskinin evidi. Nənə böyük qız idi, bacısıyla qardaşı nənənin familiyasını götürmüşdülər: Hacıyev. Amma Barat atasının familiyasında qaldı. Balaca nənə bir az qorxurdu belə şeylərdən.

- Evə kimlər gəlirdi məşhurlardan?

- Nəcibə Məlikova, onun oğlu Elçinlə yaşıd idi. Sona xanım Hacıyeva ilə çox yaxın rəfiqə idilər. Bir neçə ev deyə bilərəm, mənim uşaqlığım oralarda keçib. Sona xanımın qızı Meri rəhmətlik anamın çox yaxın rəfiqəsi idi. Leyla xanım. O vaxt artistlərin uşaqları dostluq edirdi, bir yerdə böyüyürdülər. Sonra nəvələr də eyni ənənəni davam etdirirdi.

- Qadağaları nə idi? Nələri sevirdi, nələri sevmirdi?

- Mənə heç nəyi qadağan etməyib. Elçin də, mən də çox dəcəl olmuşuq uşaqlıqda. Böyüdükcə biz yığışanda danışıb gülürdük bunları. Elə bir şey olmayıb ki, nənə desin olmaz. Çox möhkəm qadın idi, amma o demək deyildi ki, nə dedim, o da olacaq.

- Bir az çəkili qadın idi.

- Hə, amma əməliyyatdan sonra kökəlmişdi. O vaxt çox ciddi əməliyyat keçirtdi mədəsindən. Mənim 13-14 yaşım vardı. Anamla getdilər Moskvaya, Kremlin xəstəxanasında müayinədən keçdi. Mədəsində polip varmış. Orda dedilər, qayıdın Bakıya, sizdə yaxşı cərrahlar var. Ata-oğul Topçubaşovlar, sonra Əfəndiyev baxıb ona, deyiblər, səni əməliyyat etməyəcəyik. İstəmirdilər ki, əməliyyat etsinlər, tanıyırdılar onu. Ata Topçubaşov deyirdi ki, birdən öldün əlimin altında? Camaat məni necə tanıyacaq? Hansı Topçubaşov? Baratı öldürən Topçubaşov.

- Bəs hansı cərrah etdi əməliyyatı?

- Üçü də.

- Evlilikləri neçə il olub?

- Mənim babamla bir il olub. Anam doğulandan sonra ayrılıblar. Sonra nənə gəlib Bakıya. Ona görə mənim babamla çox ünsiyyətim olmayıb. Onu cəmisi bir dəfə görmüşəm. O, Naxçıvanda yaşayıb, oranın Mədəniyyət naziri də olub. Amma onun övladları ilə əlaqəmiz olub. Nənəm xasiyyətinə görə xəyanəti qəbul edən olmayıb.

- Ölümünü necə xatırlayırsınız?

- Nənədə demək olar ki, əməliyyatdan sonra ciddi bir xəstəlik olmayıb. Əməliyyatdan sonra kökəlməyə başladı, amma yenə də formada idi. Gəncədən sonra Bakıya qayıdıb müəllim işləməyə başladım. Məktəb nənəmin eviylə üzbəüz idi. Dərsdə olduğum günlər naharda nənəgilə gedirdim. Yemək yeyirdik, söhbət edirdik. Nənəmin fantastik, unikal yaddaşı vardı. Mənim bütün rəfiqələrimin adını da bilirdi, ailələrini də tanıyırdı...
Gözlərində bir az problem vardı.
Səksəninci illərdə səhnədə gözlərinə gur işıq salmışdılar, yanmışdı gözləri, yaxşı görmürdü. Nəcibə Məlikovada da elə olmuşdu. Nənəm Odessaya getdi, müayinə olundu. Dedilər, əməliyyat lazımdı. Amma zəmanət vermirik. Nənəm mənə zəng elədi, gedib onu gətirdim, orda əməliyyat olunmadı. Sonra bir dəfə gözündən çox pis ağrı qopdu. Elçin onu apardı klinikaya. Gözünün birini götürüb şüşə göz qoydular. Yenə də evdə yemək bişirirdi, təmizliyə baxırdı. Düzdü, bəzi şeyləri daha edə bilmirdi. Məsələn, pərdələri açıb yuyurdum, təmizlik üçün adam aparırdım. Zəng edib bazarlıq üçün nə lazımdı soruşurdum, alıb aparırdım. Bazarlığın pulunu da verirdi, əlavə pul da verirdi. Fərdi təqaüdçü idi... Nənə rəhmətə gedəndə mən bankda işləməyə başlamışdım. Bir dəfə mənə zəng elədilər ki, dalınca gəlirik. Gəlib məni nənəgilə apardılar. Soruşdum, amma heç nədən şübhələnmədim. Yuxarıda gördüm Elçin pis haldadı. Elçin, ümumiyyətlə, pis keçirtdi həmin dövrü.

- Dediniz, teatrdan danışmağı xoşlayırdı. Hansı rolunu bəyənirdi?

- Özündən heç vaxt danışmırdı. Aktyorluğuna da, özünə də çox skeptik yanaşırdı. Nənə özü məqalələr yazırdı, xatirələrini yazırdı. Xatirələri çap olunub kitabça kimi. Xatirələri ancaq tərəf müqabillərindəndir. Özündən bir kəlmə də yoxdur. Bu nənəmin xasiyyəti idi.

- Mehriban adam idi?

- Baratı qışqıran da görmüşük. Biz uşaq olanda, evdə bir-birimizin dalınca qaçanda, əlbəttə ki, qışqırırdı. Amma mehriban adam idi. Bir şey danışım. Ələsgər Ələkbərov teatrdan gedəndə Barat da getmişdi. Onda kinoya çəkilməyə başladı, pul qazanmaq lazım idi. Ələsgər onun tərəf müqabili idi, Şekspiri bir yerdə oynayırdılar.

Fotolar: İlkin Nəbiyev

# 13471 dəfə oxunub

Oxşar xəbərlər

"İrəvan gündəliyi"  kitabının təqdimat mərasimi keçirildi

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirildi

19:00 4 oktyabr 2024
Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş əsər nəşr olunub

18:18 4 oktyabr 2024
Fidan Hacıyeva:  "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

Fidan Hacıyeva: "Qayınanam məni evində qarşılamadı, bu, xətrimə dəymişdi” - Müsahibə

18:13 4 oktyabr 2024
Mazhar Alansonun qızı vəfat etdi

Mazhar Alansonun qızı vəfat etdi

17:34 4 oktyabr 2024
Aqşin Yenisey:  "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

Aqşin Yenisey: "Dirilərin olduğu yerdə mədəniyyət yarana bilməz"

16:36 4 oktyabr 2024
Kitab sərgisində "Günlərdən şeir"

Kitab sərgisində "Günlərdən şeir"

16:05 4 oktyabr 2024
# # #