"Vətən üçün ölməliyik..." - Ülvi Bünyadzadə

"Vətən üçün ölməliyik..." - Ülvi Bünyadzadə
20 yanvar 2024
# 15:00

Bu gün şair, publisist, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin anım günüdür.

Kulis.az onun şeirlərini təqdim edir.

VƏTƏN ÜÇÜN ÖLMƏLİYİK

(sinif yoldaşlarıma)

Biz öz ömür sazımızda
“Dilqəmi”ni bilməliyik.
Leylimizin ürəyini
Məcnun kimi sevməliyik.

Bisütunu biz də yaraq,
Çənsiz Çənlibellər quraq.
Sazımızda ağlayaraq,
Biz həyatda gülməliyik.

Döyüşlərdə yoğrulmuşuq,
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik!


MƏN QORXMURAM UZAQ YOLA ÇIXMAQDAN

Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
şaxtasından, soyuğundan mən qorxmuram.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yolun,
acısından, ağrısından,
«Ölüm» adlı yuxusundan mən qorxmuram.
Yollar saysız,
Yollar sonsuz,
Yollar ötür,
Dünənimdən,
bu günümdən, sabahımdan
ötür keçir.
Mən qorxmuram uzaq yola çıxmaqdan,
Çünki,
dünyadakı bütün yollar,
Anamın təndir evinin qabağından
ötür keçir.
1989


***
Sən
mənim adıma
rast gəlməyibsən.
Adsız uyuyuram bu qərib yerdə.
Sənə deməyəcəyəm
heç adımı da.
Məni diri bilib,
Gözləyir anam.
Demə!
Qoy gözləsin,
dözməz bu dərdə.
Görürəm
qəbrimin içi yaş olur.
Deyəsən ağlayır anam xəlvətcə.
Girmir heç olmasa yuxuma –
deyəm, ağlama, ay ana,
mən çox yaxşıyam.
Səndən narahatam,
Niyə hər gecə çıxıb
qaranlıqda yola baxırsan?!
Niyə vaxtsız yatıb,
vaxtsız qalxırsan?!
lll
Qardaş da yoxdur ki, ona tapşırım.
Bəlkə ... sən olasan ...
Mənim qardaşım.
İndi ki,
Razısan,
Onda get bizə
Ovut anamızı, sən mənim başım.

QOCALMAZ, SEVGİ QOCALMAZ

Sevgi dolu, kədər dolu,
Aylar, illər ötür keçir.
Özümüz də heç bilmədən,
Ömrümüzdən ömür keçir.

Cavanlaşır balacalar,
Qocalansa cavanlardı.
Bu dünyada qocalmayan,
Eşq yolunda yananlardı.

Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa.
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.


HEYİF Kİ...

Ürəyim sevməyir, sevməyir səni,
Günahı gözümdə görürəm yalnız.
Hər dəfə qarşıma çıxanda, məni
İzinsiz özümdən alırsan, ay qız.

Ürəyim deməyir gözüm deyəni,
Baxma ki, eşqini gözündən alıb.
Bəlkə də sevərdim, ay gözəl, səni,
Heyf ki, ürəyim erkən ovlanıb...

# 2061 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər