Tərk edilmiş və zibilliyə çevrilmiş məzarlar – Kimsəsizlər qəbiristanlığından reportaj

Tərk edilmiş və zibilliyə çevrilmiş məzarlar – Kimsəsizlər qəbiristanlığından reportaj
11 noyabr 2022
# 09:00

Kulis.az Günəş Mərdin “Kimsəsizlər qəbiristanlığı”ndan hazırladığı reportajı təqdim edir.


Saat 16:00 da Buzovnada, “Xrustalnı” qəsəbəsinə yerləşən “Kimsəsizlər qəbiristanlığı”na getmək üçün taksi sifariş verirəm. Sifarişdə məkanı qeyd etməyimə baxmayaraq, biz yola düşdükdə sürücü təkrar soruşur:

– Xanım hara gedirik?

– “Kimsəsizlər qəbiristanlığı”na .

– Ora nə üçün “Kimsəsizlər qəbiristanlığı” deyirlər ki? Oradakıların hamısı kimsəsizdir?

– Bu haqda fikirləşməmişəm.

– Ziyarətə gedirsiniz?

– Əslində, yox. Düşünmürəm ki, ora ziyarətə gedən olsun. Adı üstündə bu adamlar kimsəsizdir.

– Məncə, yanılırsınız. Dəfələrlə tanımadığı adamların məzarını ziyarət edib, onların qəbirlərinin ətrafını təmizləyən, onlar üçün dualar edən adamlar görmüşəm.

– Ümid edirəm mən də görəcəm, sağ olun.

Sürücü ilə söhbətimizi bitirib, taksidən düşürəm.

Məkana çatanda günəş yavaş-yavaş batırdı. Onun öləziyən şüaları mərmərdən hazırlanmış məzar daşlarını işıqlandırırdı. Göz qamaşdıran bu mənzərə fikrimi dağıdır, eyni zamanda, məni qəbirlərin mərmərlərinə fokuslayırdı.

Qəbiristanlığın girişində yaşı əllini ötmüş, uzun əbalı, qara saqqal bir molla məni saxlayıb soruşur:

– Bacı, “Yasin” oxumaq lazımdı?

– Yox, çox sağ olun.

– Özünüz telefondan oxuyacaqsız?

– Yox, oxumayacam.

– Əgər lazım olsa, burdayam ha.

– Çox sağ olun.


Molladan canımı qurtarıb, məzarlığa girirəm.

Bura ümumi qəbiristanlıq olsa da, bir kənarında kimsəsizlər dəfn edildiyi üçün, hamı buranı “kimsəsizlər qəbiristanlığı” kimi tanıyır.

Gözətçidən kimsəsiz qəbirlərin yerini xəbər alıram. O bildirir ki, həmin məzarlar qəbiristanlığın lap qurtaracağındadır. Təşəkkür edib yoluma davam edirəm.

Artıq həmin məzarların yanındayam. Burada ayaq qoyulan hər yerdə məzar var. Hansısa qəbirin üzərinə ayaq basmamaq üçün də maksimum dərəcədə ehtiyatlı olmalısan. Hər məzarın yuxarı hissəsinə başdaşı kimi paslı dəmirlər qoyulub və daşların üzərində tabaşirlə onların sıra nömrələri yazılıb. Məsələn, 51, 52, 53, 89 və s. Yağış bəzi rəqəmləri yuyub, aparıb.

Bəlkə, ziyarətə gələn olar deyə, məzarların arasından kənara çəkilib bir qədər gözləyirəm. Kimsə gözə dəymir. Bu məqamda yadıma Ramiz Rövşənin misraları düşür:

Düzü bura gəldikdə də yol boyu ağlımda olub:

“...Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var”.

Düşünürəm, görəsən, bu məzardakıların ümidi kimədir? Onlar da ziyarətçi gözləyir, yoxsa artıq kimsəsiz taleləri ilə barışıblar?

Diqqətimi çəkən məqamlardan biri də odur ki, qəbirlər cərgə ilə düzülməyib. Qəbiristanlığın girişində gördüyüm qəbirlərin səliqə ilə düzülüşündən burada əsər-əlamət yoxdur.

Burada qəbirlərin üzərini bir yandan alaq, ot basıb, bir yandansa onların baş ucuna qoyulan daşlar və ya dəmir parçaları uçub-tökülüb.

Qəbirlərin ətrafında gəzişərkən əlində zibil paketləri tutmuş balaca bir oğlanla rastlaşıram. O zibili bura atıb gedəndə soruşuram:

– Sənin adın nədir?

– Nicat – gözlərini bərəldib cavab verir.

– Nicat, bura axı zibillik deyil. Niyə zibil atırsan?

– Mamam deyib ki, zibili ora at. Axı burdakı qəbirlərin yiyələri yoxdur – deyib, gedir.

Ətrafıma diqqətlə baxıb görürəm ki, doğrudan da, bura çoxlu zibil atıblar. Yaranmış mənzərə məni kədərləndirir.

Bir yerdə cəmlənən sahibsiz qəbirlərin aşağı tərəfində qalaqlanmış güllər görürəm. Çox güman ki, onlar köhnəldiyi üçün təmizlik məqsədi ilə digər məzarların üzərindən yığılıb.

Deməli, bir yandan yaxınlıqdakı sakinlər bu əraziyə zibil atır, digər yandan da qəbiristanlığın işçiləri lazımsız nə varsa, bura yığırlar.

Burada təbəqələşmə yoxdur. Bir qəbir digərindən çox bəzədilməyib. Birinin baş daşı digərininkindən daha sanballı görünmür. Bu məzarlar gözəllik üçün bir-biri ilə yarışmırlar. Hamısı eyni dərəcədə səssiz, kimsəsiz və baxımsızdır.

Uzun müddət gözlədikdən sonra axır ki, qəbiristanlıqda işləyən işçilərdən birinə rast gəlirəm. Yaxınlaşıb kimsəsiz qəbirlər haqqında maraqlanıram.

– Salam, siz burda işləyirsiz?
– Salam, hə, burda işləyirəm.
– Bura niyə “Kimsəsizlər qəbiristanlığı” deyirlər?
– Mən nə bilim, deyirlər də.

– Burda məzarı olan adamların hamısı kimsəsizdir?

– Yox, o tərəfdə – əli ilə sağ tərəfi göstərir – olanların qohum-əqrəbası var. Amma burda olanların yoxdur.

– Kimlərdi ki bu adamlar?

– Əsasən, balaca uşaqlar və qocalardı. Ya heç kimləri olmur, ya da ailələri, qohumları atıb-gedirlər.

– Siz neynirsiz burda?

– Qəbiristanlığa nəzarət eliyirəm. Hərdən mal-heyvan, it-pişik girir, otları yeyir, qəbirləri batırır. Ümumi baxıram hər şeyə. Sən neynirsən burda bəs?

– Mən jurnalistəm, burdan reportaj hazırlamağa gəlmişəm.

– Jurnalist? Məni yazma ha.

– Yazmaram.

– Hansı kanaldansan?

– Kanal deyil, saytdı.

– Sayt nədi?

– Sayt da, internet.

– Hə, başa düşdüm. Yaxşı, mən gedim.


Bura daxil olduqda çox istədim ki, taksidə sürücünün dediyi mənzərə ilə rastlaşım. Tanımadığı adamların məzarını ziyarət edib, onların qəbirlərinin ətrafını təmizləyən, onlar üçün dualar edən adamlar görüm.

Təəssüf ki, bir nəfər belə gözümə dəymədi. Sürücü burada olan məişət tullantılarını, qəbirlərdəki dağınıqlığı və dərin səssizliyi görsə idi, yəqin ki, xəyal qırıqlığı yaşayardı. Məncə, onun bəhs etdiyi qəbirlər bu qəbiristanlığın girişində ön cərgədə duranlar olub. Hansı ki, günəşin şüaları da ən çox onların mərmərlərində əksini tapır, edilən duaları da ən çox onlar eşidir. Kimsəsizlərin məzarlarında isə bu duaların sadəcə zəif pıçıltısı eşidilir və insan buradakı dərin səssizliyi iliklərinə qədər hiss edə bilir.

Kimsəsiz məzarların arasında gəzə-gəzə, onların talelərini, yaşadığı hadisələri, başlarına gələn sevincləri və kədərləri düşünürdüm. Günəş asta-asta bataraq, qəbirisantlığın kənalarında yerləşən qəbirləri getdikcə görünməz edirdi. Kimsəsiz küçə itləri hərdən ulaşır, qaranlıq düşürdü. Yeyin addımlarla Kimsəsizlər məzarlığını tərk edib, yenidən taksi sifariş verdim.


# 2751 dəfə oxunub

Oxşar xəbərlər

Daha bir serial yekunlaşır

Daha bir serial yekunlaşır

18:00 25 aprel 2024
“28 il sonra” filminin aktyor heyəti açıqlandı

“28 il sonra” filminin aktyor heyəti açıqlandı

17:30 25 aprel 2024
“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

“Dəniz kənarında” filminin çəkiliş tarixi açıqlandı

17:00 25 aprel 2024
Məşhur aktyorda xərçəng aşkarlandı

Məşhur aktyorda xərçəng aşkarlandı

16:30 25 aprel 2024
Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi

16:00 25 aprel 2024
Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

Azər Quliyev: "Ölkəmizi təmsil etməyə hazırıq"

15:30 25 aprel 2024
#
#
# # #