Kitab sərgisi

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin "Karmen"i niyə sərt tənqid edilmişdi?

Stendalla dost olan, Jorj Sandla ehtiraslı sevgi yaşayan yazıçı - Merimenin  "Karmen"i niyə sərt  tənqid edilmişdi?
23 sentyabr 2025
# 15:00

23 sentyabr məşhur fransız yazıçı Prosper Merimenin anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılığı haqqında diqqətçəkən faktları təqdim edir.

Fransız ədəbiyyatında romantizmdən realizmə keçidin ən parlaq nümayəndələrindən biri kimi tanınan Prosper Merime 1803-cü il sentyabrın 28-də Parisdə sənətkar ailəsində dünyaya gəlib.

Anası Anna Merime və atası Jan Fransua Leonor Merime bacarıqlı rəssam olub, atası eyni zamanda kimya sahəsində də fəaliyyət göstərib.

Erkən yaşlarından sənət mühitində böyüyən Prosper Merime Parisdəki IV Henri Liseyində təhsil alıb, daha sonra isə Sorbonne Universitetində hüquq təhsili almağa başlayıb.

Hüquq oxuduğu dövrdə ədəbi dairələrə qoşulub, tanınmış yazıçı Stendal ilə tanış olub və bu dostluq onun yaradıcılığına güclü təsir göstərib. Hüquq təhsilini 1825-ci ildə başa vurub və Ticarət Nazirliyində qraf DArqunun katibi vəzifəsinə təyin olunub.


Boş vaxtlarında ilk ədəbi əsərlərini yazmağa başlayıb. "Klara Qazul Teatrı" adlı ilk pyeslər toplusunu çap etdirib və oxucuların böyük marağını qazanıb.

Ardınca “La Guzla” adlı guya İlliriya mənşəli xalq mahnıları toplusunu nəşr etdirib və bu əsəri ilə geniş şöhrət qazanıb. Daha sonra qısa hekayələrini yazıb.

1830-cu ildə İspaniyaya səyahət edib, burada Montixo qrafı və qrafinyası ilə tanış olub, ailə ilə yaxın münasibətlər qurub.

Qrafın qızı Yevgeniya Mariya ilə sonradan dostluğunu davam etdirib. Bu qız illər sonra III Napoleonla evlənərək Fransa imperatriçası olub.

Prosper Merime bu evliliyə əvvəlcə qarşı çıxıb, lakin sonra Yevgeniyanın sarayda nüfuzu artdıqdan sonra Merime də senator vəzifəsinə təyin olunub və sarayda mədəni tədbirləri təşkil etməyə başlayıb.

Prosper Merime yazıçılıq fəaliyyətini davam etdirib, “İkiqat yanılma” adlı psixoloji romanını yazıb. Ən məşhur əsərlərindən biri olan “Kolomba”nı 1840-cı ildə, “Karmen” romanını isə 1845-ci ildə yazıb.

“Karmen” əsərində dramatik hadisələr zənciri ilə qurulmuş, emosional və təsirli süjet yaradıb. Bu roman sonralar dünya şöhrətli bəstəkar Jorj Bize tərəfindən 1874-cü ildə operaya uyğunlaşdırılıb, opera ilk dəfə 1875-ci ildə səhnəyə qoyulub, lakin mövzusu səbəbindən əvvəlcə tənqidə məruz qalıb. Zamanla isə dünyada ən məşhur operalardan birinə çevrilib.

Merime 1833-cü ildə Fransanın tarixi abidələr üzrə baş müfəttişi təyin olunub.

Bu vəzifədə çalışdığı dövrdə ölkənin müxtəlif bölgələrini səyahət edib, memarlıq irsinin qorunması üçün mühüm tədbirlər həyata keçirib, Karkason qalasının və Notr-Dam Kilsəsinin bərpasında əsas rol oynayıb.

1834–1860-cı illər arasında tarixi abidələrin qorunması sahəsində böyük xidmətlər göstərib. Dini memarlıqla bağlı araşdırmalar aparıb və bu sahədə də qiymətli əsərlər yazıb.

Prosper Merime həmçinin İtaliya, Yunanıstan və Türkiyəyə də səyahətlər edib, gördüklərini səyahətnamələrdə və elmi-publisistik yazılarda qələmə alıb. Ədəbi və elmi fəaliyyəti ilə Fransız Ədəbiyyat və Epiqrafiya Akademiyasına, daha sonra isə Fransız Akademiyasına üzv seçilməyə nail olub.

Rus ədəbiyyatını Fransada tanıtmaq istiqamətində də mühüm işlər görüb. Aleksandr Puşkin, Nikolay Qoqol və İvan Turgenevdən etdiyi tərcümələrlə fransız oxucularına rus realizmini tanıdıb.

Tarixi romanlarında Valter Skott, dramlarında isə Puşkinin təsirini qəbul etsə də, öz dəsti-xəttini formalaşdıra bilib.



Əsərlərində mistika, qorxu, fövqəltəbii elementlərə tez-tez yer verib, realizmə yönəlməklə obyektiv təsvirlər yazıb.

Stendalın təsiri ilə hadisələri müəllif mövqeyindən uzaq, soyuqqanlı və realist üslubda təqdim etməyə çalışıb.

Prosper Merime "Guzla", "Jakeriya", "Karvahal ailəsi", "IX Karlın hakimiyyətinin xronikası", "Matteo Falkone", "Tamanqo", "Toledo incisi", "Etrusk vazası", "Cəhənnəm sakinləri", "İlli Venera", "Jaklin", "İkili səhv", "Kolomba", "Karmen" və "Lokis" kimi roman və povestlərin müəllifidir.


Eyni zamanda o, “Stendhal haqqında”, “Qoqol və rus ədəbiyyatı”, “Ukrayna kazakları”, “İvan Turgenyev haqqında” mövzusunda elmi və tarixi əsərlər qələmə alıb.

Merime heç vaxt evlənməyib. 1833-cü ildə yazıçı Jorj Sand ilə qısa, lakin ehtiraslı münasibət yaşayıb.

Daha uzunmüddətli sevgi münasibəti isə bankir Qabriel Delesserin həyat yoldaşı Şarlotta ilə olub – bu münasibət 1832-dən 1852-ci ilədək davam edib.

1860-cı ildən sonra onun səhhəti pisləşib, astma tutmaları artıb, ayaqları şişib, ruhi gərginliklə yaşayıb. 1867-ci ildə Kann şəhərinə köçüb, həyatının son illərini burada keçirdib.



Prosper Merime 23 sentyabr 1870-ci ildə, 67 yaşında Kann şəhərində dünyasını dəyişib.

Əsərlərində romantizmin rəngarəngliyini və hissiyyatını realizmin obyektivliyi ilə birləşdirib, fövqəltəbii və dramatik hadisələri dərin psixoloji portretlərlə zənginləşdirib, fransız ədəbiyyatında özünəməxsus yer tutub.

# 154 dəfə oxunub

Oxşar xəbərlər

Öz nekroloqunu çap etdirən yazıçı Robert Blox

Öz nekroloqunu çap etdirən yazıçı Robert Blox

15:15 23 sentyabr 2025
“Sənət inciləri”  layihəsi üzrə növbəti mühazirə-konsert

“Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert

15:13 23 sentyabr 2025
Rüstəm Behrudi xaricdə müalicə alır

Rüstəm Behrudi xaricdə müalicə alır

15:10 23 sentyabr 2025
"Natali, hardasan, hələ dönmədin ala-qaranlığıma..." - Günün mahnısı

"Natali, hardasan, hələ dönmədin ala-qaranlığıma..." - Günün mahnısı

14:45 23 sentyabr 2025
“Arazın o tayında” sənədli filmi İğdırda nümayiş etdirilib

“Arazın o tayında” sənədli filmi İğdırda nümayiş etdirilib

14:30 23 sentyabr 2025
Azərbaycanlı qadın professor rüşvətə görə  həbs olundu

Azərbaycanlı qadın professor rüşvətə görə həbs olundu

14:02 23 sentyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər