Siyavuş Kərimi: “İndi çəkilən filmlərə baxa bilmirəm” – Müsahibə

Siyavuş Kərimi, Xalq artisti

Siyavuş Kərimi, Xalq artisti

13 iyun 2022
# 09:00

Kulis.az Xalq artisti, Milli Konservatoriyanın rektoru, bəstəkar Siyavuş Kərimi ilə müsahibəni təqdim edir.

– Şuşadan qayıtmısınız. Necədi oralar?

– Adam Şuşadan qayıtmaq istəmir heç. Burda yağış yağanda maşının üstü palçıq olur. Ora tərtəmizdir. Havası, suyu, təbiəti, küçələri şüşə kimidir. Əslində, hər yerdə yaşamalıyıq. Çünki oralar bizimdi. Həm Şuşada, həm Göyçədə, Zəngəzurda, İrəvanda. Oralar bizim torpaqlardır. Ermənini o yerlərdən bir dəfəlik qovmaq lazımdır. Sabah bizim uşaqlarımıza onlar problem yaratmamalıdır.

– Mərhum sənətkarımız Rafiq Babayevin həm tələbəsi, həm də dostu olmusunuz. Faciəvi şəkildə itirdik onu. İstəyərdim, Rafiq müəllimin son günlərindən, xatirələrindən danışasınız.

– Bizim aramızda doğmalıq var idi. Hər gün görüşürdük. Günümüzün yetmiş faizi bir yerdə keçirdi. Yerdə qalan otuz faiz də yemək, yatmaq, ailə. Heç bazara da gedə bilmirdik. Çünki studiyada olurduq, işləyirdik, dayanmadan çalışırdıq. Rafiq mənə təkcə musiqini yox, həyatı öyrədib. Dostluğu, kişiliyi, dürüstlüyü, insanlara münasibəti, insanların sənə münasibətini, təmkini – hər şeyi. Həyata dair nə varsa mən və mənimlə olan kollektiv ondan öyrəndik. Bu gün də nəsə bir iş görəndə, nəyəsə hazırlaşanda birinci onunla məsləhətləşirəm. Ondan xeyir-dua almaq istəmirəm. O da necəsə, hansısa bir yolla mənə tövsiyələrini verir.

– Ondan sonra şəxsi həyatınızda və sənətdə yerini doldura biləcək kim oldu?

– Heç kim. Heç kimi Rafiqin yerinə qoya bilmirəm. O mənim üçün müqəddəs idi. Başqa dostlarım var, yaxşı tanışlarım var, amma Rafiq Babayevin yerini doldura biləcək kimsə yoxdur.

– Əsasən, caz janrında yaratdı...

– Rafiqin spektri çox geniş idi. Onun yaradıcılığı milli, müasir musiqini, cazı, muğamı əhatə edirdi. Çox dərin idi.

– Ədəbiyyatımızda 60-cılar nəsli olduğu kimi, musiqidə də 70-cilər nəsli inqilab etdi. Özünüzdən əvvəlkilərdən nə idi fərqiniz?

– Mən inqilabçı yox, musiqiçiyəm. Ancaq, bəli, o vaxt musiqi ilə elə məşğul olurduq ki, bu, inqilaba bərabər idi. Musiqi ilə dolu həyat yaşayırdıq. Onda həm də cəmiyyətin istəklərini, təfəkkürünün boşluqlarını doldururduq. Buna görə də, tez məşhurlaşdıq.

– Yoldaşlarınız kim idi?

– Mən “Aşıqlar” qrupunda idim. 74-cü ildə konservatoriyanın ikinci kursunda oxuyurdum. Uşaqlar həmin qrupa dəvət elədi. O vaxt ora düşmək çətin idi. Sonra mən rəhbər oldum. Düşünürəm ki, məni musiqi həyatım baş verdi.

– Oradan?

– Yox, musiqi həyatım evdən başlayıb. Lap uşaqlıqdan. Konservatoriyada öyrəndiklərim savaddır. Musiqi də idman kimidir. Gedirsən zalda fəndləri öyrənirsən. Amma gücün yoxdursa və çətin vəziyyətdə başqa yollar tapa bilməyəcəksənsə, uduzursan. Musiqidə də gərək istedad olsun. Savad isə mənə elitaya düşmək üçün kömək oldu. Arzu etdiyim dəstələr, qruplar var idi. Və məni onlar özləri çağırdı. O elitaya yüksələ bilmişəm. Rəşid Behbudov kimi bir sənətkarla işləmişəm.

– Mahnı Teatrında?

– Bəli, Mahnı Teatrında. Rafiq Babayevi də orda tanıdım.

– Musiqi sənətində istedad neçə faiz gərəklidir?

– İstedad ola bilər. Baxır onu hansı istiqamətə yönləndirirsən. Sən çörəkbişirən ola bilərsən, çəkməçi ola bilərsən, başqa ixtisaslara yönələ bilərsən. Mənə isə evdən musiqiyə get dedilər. Mən də musiqiyə başladım.

– Sizə “orkestr adam” da deyirlər...

– Polad Bülbüloğlunun sözüdür. İlk dəfə o deyib. Mən özüm tar çalmışam. Sonra saz, ud, gitara, sonra nəfəs alətləri. Beləcə, musiqi alətlərini öyrəndim.

– “Avroviziya” yarışması oldu...

– Baxmıram mən!

– Niyə?

– Xoşuma gəlmir. Əvvəldən sevməmişəm.

– Çox siyasiləşib. Ona görə?

– Ola bilər. Ümumiyyətlə, o festivalı sevmirəm. Düşünürəm ki, ədalətsiz müsabiqədir. Azərbaycanın da orda iştirakını istəmirəm.

– Bütün müsabiqələrə qarşı fikriniz belədir?

– Yox, mən müsabiqələrin leyhinə olan adamam. Müsabiqə yaxşıdır. Gənclər üçün xüsusilə. Mükafatlar hissedici, münsiflər ədalətli olsun amma. Məsələn, “Oskar”. Bir milyon mükafat verirlər. Və ən əsası ora düşən filmlər elə bir nüfuz qazanır ki, o nüfuzu bir milyona əldə edə bilməzsən.

– “Oskar” demişkən, Kinematoqrafçılar İttifaqının katiblərindən birisiniz. Yeni filmlərimiz haqqında fikirləriniz necədir?

– Mən kinoya bağlı adamam. Ömrün böyük hissəsi kinostudiyada keçib. Orada yaşamışam. Anam orada işləyib. Bizim bir kino salnaməmiz var və bu gün ondan çox uzaqlaşmışıq. Bu gün çəkilən filmlər, hamısı yox, əksəriyyəti tamaşaçı sevgisini qazana bilmir. Bir dəfə baxırsan, vəssalam. Məsələn, “Ögey ana” filmini nə vaxt göstərsələr, oturub baxırsan. O filmlərə baxın. Necə gözəl aktyorlar var, necə gözəl musiqilər bəstələnib, rejissor işi necə mükəmməldir. “Uzaq sahillərdə” filminin hər səhnəsini əzbər bilirəm, ancaq nə vaxt televiziyada göstərsələr, oturub baxıram.

– İndi niyə o aktyorlar, rejissorlar yetişmir?

– Günah bizdədir. Özümüz yetişdirməliyik. Təhsilimiz, deməli, o səviyyədə deyil. Bu işdə fəaliyyət göstərən adamlar yerində deyil, bəlkə də. Mənim bir dostum var idi. Bir gün gəldi yanıma, iş istədi. Dedim, niyə başqa işdə işləmirsən. Dedi, yox, mən sənin yanında işləmək istəyirəm. Mən ona çox az maaş verirdim, qəpik-quruş. İmkanım ona çatırdı o vaxt. Neçə illər əziyyət çəkdi burda. Söhbər gedir Fuad Poladovdan.

– Allah rəhmət eləsin!

– Bax belə... Sonra dedi, çəkilişlərim var, gələ bilməyəcəm, dərslərin boş qalacaq. Belə. Buranı sevirəm. Burada azərbaycanlı balaları oxuyur. Azərbaycanın qaymaqları işləyir. Onlara on qat maaş verilməlidir.

– Sənət adamları “kaprizli” olur. Necə yola gedirsiniz?

– Hər kəsin öz dili var. Hamı ilə o dildə danışmaq lazımdır. Burada Xalq artistləri, Əməkdar artistlər var. Daşı atırsan, Xalq artistinə dəyir. Və hamı da düşünür ki, onu başa düşmürlər. Amma mənim bir sözümü iki eləmirlər. Çünki onlarla rəhbər kimi danışmıram. Sadə. Mən deyirəm ki, mən rəhbər deyiləm, musiqiçiyəm. İşlərimizi planlayırıq, düzgün yerinə yetiririk, vəssalam. Burada verilən təhsil heç yerdə yoxdur, heç yerdə. İnkişafa görə, ölkəmizə görə, azərbaycanlı balalarına görə bir-birimizi başa düşürük.

– Bura akademiya statusu verilə bilər?

– Nəyə lazımdı. Özüm konservatoriyanı bitirmişəm. Üzeyir bəyin yaratdığı konservatoriyanı. O vaxt bir dənə ora var idi. Buranı isə Ulu öndər yaratdı. Milli Konservatoriyanı Heydər Əliyev musiqiyə dəstək üçün yaradıb. Dünyanın ən məşhur musiqi ocaqlarından biri Moskvadakı konservatoriyadır. Dünyanın hər yerindən ora axışırlar. Vacib olan ad deyil, görülən işdir. Adam tanıyıram ki, adı Qəhrəmandı, özü qorxaqdı.

– Demisiniz, məmurluğu da yaradıcılıq kimi düşünürəm...

– Bəli, mən özümü yaradıcı kontingentə aid edirəm. Gərək, hər şeyə sadə baxasınız.

– Ümumi sənət cameəsinə münasibətiniz necədir?

– Tənəzzül var. Mənim fikrimcə, mədəniyyət və demokratiya bir-biri ilə uzlaşmayan anlayışlardır. Demirəm, kimisə kəsib-doğramaq lazımdır. Amma müəyyən çərçivələr vacibdir. Məsələn, balaca bir uşaq nalayiq söz işlədəndə onu tənbeh edirsən ki, olmaz. Bu, tərbiyədir. Diktatura tərbiyədir. Cəmiyyət nə istəyir, biz onu veririk. Belə olmaz. Televiziyalara baxın. Yumora fikir verin. Başdan ayağa söyüşdür. Televiziyalar cəmiyyəti arxasınca aparmaqdansa, cəmiyyətin fikirləri onlara təsir edir. Mədəniyyət özünü toplum kimi aparmamalıdır. Əvvəlki verilişlərə, tamaşalara baxın, yumora baxın, görün necə səliqəli, intellektual, əxlaqlı idi. Yaxşı kontent olan yerdə, yaxşı konsert gedən yerdə sabun reklamı girir ortaya, pampers reklamı göstərirlər. Belə mədəniyyət olmur, vallah.

– İndi hər şey həm də kommersiya xarakterlidir axı...

– Bəli, kapitalist cəmiyyət bu cür olur.

– Qızıl orta olmur?

– Əsl sənət özünü göstərir. Sənətkarın qiymətini sənət özü müəyyən etməlidir. Sənətin kommersiya məqsədi olmamalıdır.

– Sənətin qarşısında baryer olmalıdır?

– İndi elə dövrdür ki, istedadsız da, istedadlı da səhnədədir. Və heç kim istedadsıza qadağa qoymur. Kommersiya ilə, kapitalizmin yaratdığı imkanlarla bəzən həmin istedadsızlar irəli gedir. Baryer deyəndə ki, müəyyən konturlar olmalıdır. Nəyinsə dəyərinin göstəriciləri olmalıdır.

– Sizin qarşınızı kəsən istedadsızlar olub?

– Xeyr. Şükür ki, tale mənim qarşıma yaxşı və böyük adamlar çıxarıb. Hamısı köməklik edib, dəstək olublar. Sizin demirəm, mənim dövrümdə portretlərini görəndə sevindiyimiz adamlarla dost olmuşam. Həmişə özümdən böyük adamlarla dostluq etmişəm. 5 yaşım olanda Əlisəttar Atakişiyevlə dostlaşmışdım (gülür). Adil İskəndərovla dostluq etmişəm. Başımı sığallayıb “qadam, nətərsən?” deyirdi. 70-ə yaxın yaşım var, amma cavan görünürəm (gülür). Çox adamla dostluğum olub. Böyük, dahi adamlarla. Və buna görə şükür edirəm.

– Niyə teatra maraq yoxdur?

– Elə bilirsiniz, pis tamaşa qoyurlar? Bax, mən tez-tez Rusiyada oluram, orada mütləq tamaşalara baxıram. O qədər insan olur ki, iynəni atsan, yerə düşməz. Bizdə isə adamlar teatra getmək istəmirlər. Kitabxanalara getmirlər. Bizim adamlar karaokeyə getməyi sevir. Əyləncəyə pul xərcləməyi sevir. Mədəni yerləri sevmir. Texnologiya təkcə bizim həyatımızı asanlaşdırmayıb, həm də korlamaqla məşğuldur. Telefon olmayanda da hamı bir-birini tapırdı. İndi texnologiya daha çox xəstəliklər yaradır. Mən texnologiyanın əleyhinə deyiləm. Bu gün oxuya bilməyən də oxuyur. Məncə, fonoqram yığışdırlmalıdır. Çünki bilinmir, kim yaxşı oxuyur, kim pis. Mən uzun illər səs qrafikası ilə məşğul olmuşam...

(Siyavuş müəllimə zəng gəlir. Sürücüsü oturacaqda qalan eynəyin üzərinə oturduğunu deyir. Siyavuş müəllim də “vəssalam da, yüz manat da belə getdi” deyib mənə gülümsüyür: “Bu ikinci eynəkdi”)

– Fonoqramdan danışırdıq...

– Hə. Onu deyirəm ki, indi səsi kompüter özü yaradır. Sənətçinin səsini bilmək olmur. Gücün çatır, canlı oxu.

– Yeni yaranan janrlar haqqında necə düşünürsünüz? Rep, meyxana kimi musiqi janrları ciddi sənət hesab oluna bilərmi?

– Məni valeh edən janrlar deyil. Amma hələki. Ola bilər, sonra daha gözəl növlər yaransın. Məsələn, rep yarandı, yayıldı, amma mən onu musiqi hesab etmirəm. Heç meyxananı da. İndi musiqili meyxana yaranıb. Amma melodiyadan daha çox bu janrlarda söz daha önəmlidir.

– Meyxanaya qulaq asırısınız?

– Bəli. Hərdən dinləyirəm.

– Nə vaxtsa akademik tədris oluna bilər?

– Düşünmürəm. Biz əruzu tədris edirik. Bu daha yaxşıdır.

– İndi istəyiniz nədir?

– Can sağlığı. İstəyirəm, yerdə qalan ömrümü heç kimi incitməməklə keçirim. Nə pul istəyirəm, nə təyyarə, nə başqa şeylər, sadəcə can sağlığı. Yerdə qalan bir il, bir ay, bir gün, lap bir saatlıq ömrümü yaxşı yaşayım. Heç kimə deməyim ki, get dərman al.

– Kitab oxuyursunuz?

– Daha çox sənəd oxuyuram indi. Amma oxumuşam.

– Ən çox sevdiyiniz yazıçı kimdi?

– Stefan Zveyq. Onu sevirəm. İntihar edib. Gözəl əsərlər yazıb.

– Bəs bizlərdən?

– Mən Cabir Novruzu çox sevirdim. Əlbəttə ki, Səməd Vurğunu. Zəlimxan Yaqubla dostluq etmişəm, həm sevdiyim şair olub. Varisi oxuyuram, xoşuma gəlir.

Fotoqraf: Orxan Kərimov

# 10578 dəfə oxunub

Oxşar xəbərlər

# # #