Romanı vasitəsilə evlənən, müəllimlik hüququndan məhrum edilən türk yazıçı

Romanı vasitəsilə evlənən, müəllimlik hüququndan məhrum edilən türk yazıçı
9 oktyabr 2025
# 13:00

9 oktyabr türk yazıçı Yusuf Atılqanın anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Türk ədəbiyyatının ilk modernist yazıçılarından biri olan Yusuf Atılqan az sayda əsər yazmasına baxmayaraq, qələminin ustalığı ilə özünə mühüm yer qazanıb.

İlk romanı “Sərgərdan"da ("Aylak adam”) yadlaşma və tənha qalmaq mövzusunu işləyib.

“Anayurd oteli”ndə isə ünsiyyətsizlik və hadisələrin hər zaman məntiqlə izah oluna bilməyəcəyini vurğulayıb.

Yusuf Atılqan 1921-ci il avqustun 25-də Manisanın Göktaşlı məhəlləsində dünyaya gəlib.

Yazıçının öz sözlərinə görə, onun həqiqi doğum tarixi 1921-ci il iyunun 27-dir.

Uşaqlıq illəri Manisada keçib. Bu bərəkətli torpaqlar həm onun həyatına, həm də romanlarına məkan olub və yaradıcılıq gücünü formalaşdırıb.

Şəxsiyyət vəsiqəsindəki tam adı Yusuf Ziya Atılqandır.

Onun Turqut adlı bir kiçik qardaşı da olub.

Məhz Turqut Atılqan böyük qardaşının hekayələrini müsabiqələrə şəxsən göndərirdi.

İbtidai təhsilini Manisa şəhərində başa vuran Yusuf Atılqan orta məktəbi Balıkesirdə bitirib.

Ailəsi onun Tibb Universitetində oxumasını istəsə də, o, müəllim olmaq arzusu ilə ədəbiyyat fakültəsini seçib.

Atası ilk il təhsili üçün ona pul göndərir, lakin sonrakı illərdə artıq pul göndərməyəcəyini bildirərək oğluna öz gücünə arxalanmağı məsləhət görür.

Bunun üzərinə Atılqan hərbiyə müraciət edir və müraciəti qəbul olunur.

Artıq o, fakültəyə hərbi geyimlə gedib-gəlməyə başlayır.

Yusuf Atılqanın fakültədəki müəllimləri ona böyük təsir etmişdi.

Onun müəllimləri arasında Reşid Rahmeti Arat, Halide Edip Adıvar, Ahmet Hamdi Tanpınar, Ahmet Caferoğlu, Ali Nihat Tarlan və Fahir İz kimi adlar var idi.

Xüsusilə, Ahmet Hamdi Tanpınarın tələbəsi olmaqdan böyük qürur və fəxr duyurdu.

Akşehirdəki Maltepe Hərbi Liseyinə müəllim təyin edildikdən bir il keçməmiş Atılqan bir çox sorğu-suala məruz qalır.

"İleri Gençlik Birliği" adlı bir təşkilatla əlaqəsi olduğu iddia edilən Atılqan məhkəməyə çıxarılır və nəticədə ordudan xaric olunur.

Altı aylıq cəzasını on aydan çox çəkir və müəllimlik hüququ da əlindən alınır. Bu hadisə onu çox kədərləndirir.

Həbsdən çıxar-çıxmaz kəndinə qayıdır və dolanışığını fermerliklə təmin edir.

Atılqanın ədəbiyyat və kinodan sonra üçüncü ehtirası futbol idi. 1950-ci ildə Yusuf Atılqan kəndin gənclərindən ibarət bir komanda yaradaraq Hacırahmanlıspor Futbol Klubunu təsis edib.

O, həm klubun prezidenti, həm də komandanın hücumçusu olub. Manisa və ətraf bölgələrdə müxtəlif oyunlarda iştirak ediblər. Atılqan klubun maliyyə, səfər və meydan işləri ilə tam məsuliyyət daşıyırdı.

Yusuf Atılqan "Tərcüman" qəzetinin keçirdiyi hekayə müsabiqəsinə qardaşı Turqutun israrı ilə iki hekayəsinin göndərilməsinə icazə verir.

Turgut “Kümesin ötəsi” adlı hekayəni Ziya Atılqan, “Evdəki” adlı hekayəni isə Nevzat Çorum imzası ilə müsabiqəyə göndərir.

800 hekayə arasından “Evdəki” birinci, “Kümesin ötəsi” isə yeddinci olur.

Yusuf Atılqan isə hekayələrin ona aid olduğunu açıqlamır və mükafatı qəbul etmir. Onun üçün hekayələrinin dəyərləndirilməsi və yer tutması kifayət idi.

Yusuf Atılqan 1958-ci ildə Yunus Nadi Roman Mükafatına müraciətin son günü və saatında “Sərgərdan” romanı ilə qatıldı.

Jüri heyəti – Halide Edip Adıvar, Azra Erhat, Sabahattin Eyuboğlu, Yakup Kadri Karaosmanoğlu, Orxan Kamal, Behcət Necatigil, Vala Nureddin, Haldun Taner və Cevat Fehmi Başkut birinciliyi Fakir Baykurtun “İlanların intiqamı”, ikinciliyi Yusuf Atılqanın “Sərgərdan”, üçüncülüyü isə Ömər Sakıpın “Nə əkərsən...” romanına verdi.

“Sərgərdan” romanı Atılqanın həyatında evlənəcəyi qadınla tanış olmasına da səbəb olub.

Ankara Dövlət Konservatoriyasının tələbəsi və hələ 17 yaşı olan Serpil Gence roman qəhrəmanlarından “B” obrazını özünə çox yaxın hiss edib.

O, Atılqanın ünvanını taparaq ona məktub yazıb. Məktublaşmadan sonra həm Manisada, həm də Ankarada görüşməyə başlayıblar.

Serpil Gence sonradan belə deyirdi: "Dedim ki, mən bu adamı tapacağam. Kor da olsa, topal da olsa, fərqi yoxdur. Ondan sonra nə olacaq bilmirəm. “Sərgərdan”da da hiss edirsiniz; "həm çox xoş biridir, həm də təhlükəli bir adamdır" deyirsiniz. Qorxuducu bir tərəfi var. Bəlkə, yaxınlaşa bilərsiniz, bəlkə, ələ keçirə bilərsiniz, amma sonuna qədər problemli biri ola bilər. Çox rasionallıq deyil, sadəcə intuisiya. Amma axtardım".

1973-cü ildə çıxan ikinci romanı “Anayurd oteli”ndən sonra Yusuf Atılqan ilə Serpil Gence arasında 14 il davam edən görüşlər evliliklə nəticələnib.

“Zebercet” obrazı ilə bir növ özünü əks etdirən Yusuf Atılqan böyük ehtirasla bağlı olduğu Serpil Genceyə yalnız ikisinin həll edə biləcəyi şifrələrlə dolu bu romanı ithaf edib..

Yusuf Atılqan 1976-cı ildə Serpil Gence ilə evləndikdən sonra İstanbula köçüb.

Yazıçı 1989-cu ildə vəfat edib və Bülbüldərəsi məzarlığında dəfn edilib.

# 160 dəfə oxunub

Oxşar xəbərlər

Bu gün Nobel mükafatına layiq görülən  Laszlo Krasznahorkai kimdir? - DOSYE

Bu gün Nobel mükafatına layiq görülən Laszlo Krasznahorkai kimdir? - DOSYE

15:34 9 oktyabr 2025
“Avroviziya 2026"  ləğv edilə bilər

“Avroviziya 2026" ləğv edilə bilər

15:20 9 oktyabr 2025
Xalq artisti Əminə Yusifqızı vəfat etdi

Xalq artisti Əminə Yusifqızı vəfat etdi

14:45 9 oktyabr 2025
"Kişilərə bu da azdır!" - Ərini döyərək öldürən qadına niyə 1 il 6 ay iş verildi?

"Kişilərə bu da azdır!" - Ərini döyərək öldürən qadına niyə 1 il 6 ay iş verildi?

14:00 9 oktyabr 2025
“Xalq şairi Bəxtiyar Vahabzadə 100”  elektron məlumat bazası yaradılıb

“Xalq şairi Bəxtiyar Vahabzadə 100” elektron məlumat bazası yaradılıb

14:00 9 oktyabr 2025
"Seyid Əzim  ingilislərin Bayronuna bərabər imiş..." - Firidun bəy Köçərli niyə təəssüflənirdi?

"Seyid Əzim ingilislərin Bayronuna bərabər imiş..." - Firidun bəy Köçərli niyə təəssüflənirdi?

13:40 9 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər