Kulis.az "Replika" rubrikasında Sevinc Mürvətqızının fikirlərini təqdim edir.
Hərdən sosial şəbəkələrdə qarşıma illər əvvələ aid köhnə lent yazıları çıxır.
Belə videogörüntülər bir andaca insanın xəyalını xiffət qoxan nostalgiyaya aparmaqla yanaşı, bəzən də tarixin danılmaz həqiqətləri haqqında fikrini bildirməyə vadar edir.
Bugünlərdə qarşıma TRT-nin arxivinə aid - 1983-cü ilə anbaan şahidlik edən unudulmaz bir kadr çıxdı: Türkiyənin Qars şəhərinin ruhunu, tarixini və onun unudulmaz folklorunu əks etdirən lent yazısı.
Qara-ağ ekran, ötən əsrin səksəninci illərinin sakit, nostalji ab-havası və ekrandakı səslər, baxışlar, əllərin o təmkinli hərəkəti insana qəribə bir doğmalıq aşılayır, dərhal ruhumuza toxunur
Çünki bu torpağın suyu da, havası da, insanının qürurlu duruşu da hamımıza yaxşı tanışdır.
1983-cü ilin həmin arxiv kadrlarında Qarsın xalq oyunları təqdim olunur. Videonu izlədikcə diqqəti ilk çəkən şey o bədənin heç vaxt əyilməyən, hər zaman dik və məğrur qalan duruşudur. Əyilib-qalxmalarında, əllərini yönləndirmələrində qorunan o ləyaqətli cizgi, insanı illərin o tayındakı bir mədəniyyət ruzgarına aparır.
Amma şəxsən mənim üçün maraqlısı odur ki, bu görüntülər ekranda başqa bir adla – "Qafkaz oyunu" kimi təqdim edilsə də, duyğular və sənətin incə dili bunun tamamilə başqa bir həqiqətdən xəbər verdiyini pıçıldayır.
Bu, milli Azərbaycan rəqsidir. Buradakı qadının süzərək yeriməsi, qolların yumşaq hərəkətləri, kişinin öz tərəf-müqabilini qoruyan, sağ əli göy üzünə, sol əli zərifliklə xanıma tərəf yönəldən o vüqarlı duruşu, eləcə də cütlüklərin birgə ifa tərzindəki plastik elementlər birbaşa Azərbaycan milli rəqs məktəbinin (məsələn, "Mirzəyi" və ya digər təmkinli el oyunlarının) estetik qaydalarını özündə əks etdirir.
Folklor sərhəd tanımır, o, ürəklərin köçdüyü yerdə iz buraxır. Qars bölgəsində, sərhəd boyu yaşanan həyatın ritmi, çalarları və oyunlardakı o incə zəriflik məhz təmiz Azərbaycan ruhunu özündə ehtiva edir.
Bunların hər biri Azərbaycan milli rəqs məktəbinin ecazkar plastikasından bəhs edir. Addımların atılmasından tutmuş, xanımın örpəyini üzünə çəkməsinə qədər...
Tarixin müəyyən dönəmlərində adlar dəyişə bilər, etiketlər fərqli vurğularla təqdim oluna bilər. Amma ruh, ritm və qan yaddaşı heç vaxt yanılmır.
1983-cü ilin o ağ-qara kadrları bizə bir daha xatırladır ki, Qarsın folklor xəzinəsi mədəniyyətlərimizin ortaq və ayrılmaz bir parçasıdır.