Peruda aparılan arxeoloji qazıntılar nəticəsində təxminən 4000 il yaşı olan antik şəhər – Peniko aşkarlanıb.
Kulis.az xəbər verir ki, Karal mədəniyyətinə aid olan bu şəhər ölkənin paytaxtı Limadan 200 kilometr şimalda, Supe və Uauara vadiləri arasında yerləşir.
Mütəxəssislər şəhəri strateji mövqeyi və ictimai binalar, yaşayış evləri, mərasim məkanları ilə zənginliyi baxımından "sosial inteqrasiya şəhəri" kimi dəyərləndirirlər.
Karal mədəniyyəti eramızdan əvvəl 3000–1800-cü illəri əhatə etsə də, Peniko şəhəri daha sonra – eramızdan əvvəl 1800–1500-cü illərdə inkişaf edib. Buradakı tapıntılar Karal icmasının dövrün digər xalqları ilə sıx əlaqədə olduğunu göstərir.
Qazıntılar zamanı 18 tikili üzə çıxarılıb, onların arasında mərasim salonu xüsusi əhəmiyyət daşıyır. Bu binanın divarlarında “pututus” – böyük dəniz ilbizində hazırlanmış nəfəsli çalğı alətlərinin təsvirləri olan dekorativ elementlər müəyyən edilib. Arxeoloqlar bu tapıntını şimal Perunun digər Kolumböncəsi mədəniyyətləri ilə əlaqənin sübutu hesab edirlər.
Peniko şəhəri 600 metr yüksəklikdə, Supe çayı yaxınlığında yerləşir və 1000 metrlik təpələrlə əhatələnib.
Qeyd edək ki, yeni antik şəhər hazırda ictimaiyyətin ziyarətinə açıqdır.