Onlar heç vaxt əvvəlki yerinə dönməyəcək

Onlar heç vaxt əvvəlki yerinə dönməyəcək
13 may 2023
# 10:45

Kulis.az Loğmanın "Dərdin rəngi" adlı yeni essesini təqdim edir.

Hamı ağlayırdı, amma hamı ölənə ağlamırdı. Çox vaxt ölən unudulurdu, məclisin ab-havasından kövrələnlər öz keçmiş ölülərini yada salırdılar. Bircə Zabıta arvad hamıdan fərqlənirdi. Onun bambaşqa ağlamağı vardı. O, təkcə göz yaşı tökmürdü, səslə ölümün və ölənin şəklini çəkirdi. Səslə ölümü izah edirdi. Onun ağlamağı ölümün izharına çevrilirdi. Ölümlə barışığa çağırırdı adamları. Ölümə qarşı üsyan dərd çəkmək qorxusundan yaranır.
Ölümlə barışmaq öləni unutmaq deyil, dərdi çiyninə götürməkdir, dərdi çəkməyə razılıq verməkdir. Bu da bir mədəniyyətdir, dərd çəkmək əsilliyi, nəcibliyidir.Zabıta arvad bu yolla dərdi hamılaşdırırdı, hamınınkı edirdi.
Hamının içində olanı ağlayırdı çünki. Hər kəs özlüyündə elə bilirdi ki, Zabıta arvad elə onun dərdini hönkürür.
O, bununla adamların içindəki dərdi oyadırdı. Dərd adamın bu dünyada qalan şəklidir, dəyəridir. Nə dərdlidirsə, qiymətlidir. Öz dərdini ağlaya bilməyənlər Zabıta arvadın səsindəki dərdə bozlayırdılar – dəvə kimi. Zabıta arvad ağlamırdı, dərdi əzizləmək dərsi keçirdi. Hamı dərdini unudur, onun böyük dərd dastanına qulaq kəsilir, özünü tapır, toxdayırdı. Zabıta arvad hamının dərdinə yiyə dura bilirdi.

Qocaların ölümü o qədər də kədərli deyildi; görürdün ki, belə yerlərə gedəndə çox da üzülmür, hətta gülən, zarafat edənlər də olurdu. Amma Zabıta arvad o qocanı elə ağlayırdı, elə ağlayırdı ki, elə bilirdin ölən heç insan deyil, bir dünyadır. O dünya dağı, daşı, ağacı, çiçəyi, buludu ilə boş, kimsəsiz qalıb. Bağı, bostanı uralanıb. Çayları quruyub. Dəyirmanında suları sovulub. Dağlarına qar yağıb. Yollarını ot basıb. Ocağı tüstüləmir...Və onlar heç vaxt əvvəlki yerinə dönməyəcəklər...

Ölümlər də cürbəcür olur – körpə ölümü, ağac ölümü, tənha ölümü... Zabıta arvad körpəni ağlayanda gözlərindən əzilmiş yaz otunun ağrısı tökülürdü. Yamyaşıl ağlayırdı, kirpiklərindəcə pöhrələyirdi göz yaşları. Elə bilirdin dünyanın bütün yaşıllıqlarını biçiblər, bir də heç vaxt göyərməyəcək. Tənhaların ölümü də çox şey deyirdi. Tənhalıq təkcə adamlardan ayrılmaq, təklənmək deyil ki... Qonum-qonşudan, günəş işığından, yağışdan, yazdan da tənha qalmaq olur. Başının üstündəki damdan, özündən də tənha qalırsan. Ən böyük dərd elə özündən tənha qalmaqdır, çünki insan onda bütün dünyadan yetim olur. Zabıta arvad ağacı, çiçəyi, baharı, yağışı da tənhanın ölümünə yas saxlamağa çağırırdı. Bununla tənhanın boş qalan yerində doğmalıq əkirdi, simsarlıq tikirdi. Tənhanın ölümü dünyanın toran vaxtıdır, qərib vaxtıdır, hər şeyin seçilməyən vaxtıdır. Zabıta arvad tənhanı ağlayanda adamın gözlərinə qaranlıq çökürdü. Zabıta arvad camaatın dərddaş simvolu idi.

Böyük qardaşım Türkmənin toy mərasimi idi. O, boylu-buxunlu, yaraşıqlı gəncdi, əsl kişi görkəmi vardı. Nişanlısı sayılıb-seçilən nəsildən idi. Toyu da azman sənətkar, bütün Azərbaycanda ad çıxarmış, musiqi tarixində öz yeri, çəkisi olan, bənzərsiz xanəndə Ağabala Abdullayev aparacaqdı. Səhər tezdən öz dəstəsi ilə gəlmişdi. Amma atam demişdi ki, Bəyaz arvad gələnəcən səs olmasın. Onlar da çalğısız-filansız oturub gözləyirdilər.
Toyun təntənəsi əvvəldən adamı nəşələndirirdi.
Amma bir nisgilimiz vardı – Bəyaz nənəm dərdli idi. El içində böyük hörmət, izzət sahibi olan nənəm əslində nənəmiz deyildi, dayımın ömür-gün, dərd yoldaşıydı. O qədər istəkli, ağbirçək, doğma idi ki, ona hamımız “nənə” deyirdik. Göyərçin qanadlarına bənzəyən əlləri vardı. Üzü də saçları kimi nur içindəydi. Elə bilirdim ona bu adı saçları və üzü belə bəyazlaşandan sonra veriblər.
Bəyaz nənəmi dərd ağartmışdı – saçlarını, üzünü, əllərini də.
Keçən əsrin otuzuncu illərində cavan, nişanlı qardaşını – Yusifini itirmişdi. El dağdan qayıdanda qoşa çinarın arasında quldurlar vurmuşdular onu. Qoşa çinar kənddən xeyli aralıda, qəbiristanlığın yanında, el yolunun üstündə yerləşirdi. Dibində bulaq qaynayırdı. Ətraf göl-gölməçə, bataqlıq, qalın cillik, qamışlıqla örtülmüşdü. Yol üstə olanlar, obaya gəlib-gedənlər yayın istisində çinarların kölgəsinə çəkilib bulağın suyundan doyunca içər, üzünə-gözünə çırpıb sərinləyər, oturub dincini alardılar. Sovet hökümətinin zəif vaxtlarında qaçaq-quldur kəndə girə bilməsə də, həndəvərdə vurnuxur, girinə keçəni xəlvətə salıb soyurdu. Bu dəfə də yaylaqdan dönən köçün qabağını kəsmişdilər. Xəbər Yusifə çatan kimi özünü yetirmiş, qoşa çinarın haçasını səngər eləyib üç nəfərdən birini yaralamışdı. Görmüşdülər onunla bacara bilməyəcəklər, hiyləyə əl atmışdılar. İkisi atışmaqda davam etmiş, biri isə qamışlıqdan arxaya keçib onu namərdcəsinə kürəyindən vurmuşdu. Yusif yaralı olsa da, quldurlardan birinin tüfəngini və papağını almış, o birini tutub saxlamış, biri isə qaçmışdı.
Yaşlılar danışırdılar ki, Yusif hər igidin tayı deyildi. Elnən bir ad çıxartmışdı. O taydan Arazı keçib gələn çapovulçu dəstələri Yusifin adı gələn yerə üzükməzdilər. Bir ordunun qabağı idi Yusif. Tüfəngi, atı adnan deyilərdi. Tüfənginə də, atına da elçi düşənlər, mal-mülk tökənlər çox olmuşdu, amma Yusif verməmişdi.
Tüfəngi ona Türkiyədən gətirmişdilər. Qundağı gümüş işləməli, haçadayaqlı. aynalı idi. Hələm-hələm tapılan şey deyildi. Atı isə lap qulunluğundan özü böyütmüşdü. Yusifin bir işarəsi ilə yanına gələr, əlləri üstə qalxardı. İnsan kimi dil bilirdi. Yusifin ölümündən üç gün sonra atı da vurulduğu yerdə – qoşa çinarın altında ölmüşdü.
Sovet hökuməti onun tüfəngini müsadirə elədi, amma durbini, nişan üzüyü və qanlı köynəyini Bəyaz nənəm ölənəcən nişanə kimi saxladı. Deyirdi Yusifin iyini alıram onlardan. Öləndə də vəsiyyət eləmişdi ki, Yusifin qanlı köynəyini sinəmin üstünə qoyun...
Bəyaz nənəmin dərd imtahanı bununla bitmədi. Yusifin itkisindən illər sonra əsgər oğlu Yaqubun Ukraynadan ölüm xəbəri gəldi. Qış idi, evimizdə bircə mən qalmışdım. Qar yağırdı. Pəncərənin arxasından yağan qarın səssizliyinin səsi gəlirdi. Elə bil bütün dünya Bəyaz nənəmin dərdini sükutla yad edirdi. Yəqin ki, dərdi heç nə ilə ifadə etmək mümkün olmayanda, hər şey aciz qalanda hər şey beləcə susur. Yaqubun ölümü bütün kəndin hüznünə döndü. Qardaş nisgilinin üstünə oğul dağı çəkildi...

...Toy günü Bəyaz nənəmin gəlişi hamımızı sevindirdi. Maşından düşəndə atama nəsə dedi. O da Ağabala kişini kənara çəkib xeyli söhbətləşdi. Ağabala kişi tez-tez başını yırğalayırdı. Sonra o, “Yaxşı, yaxşı...” deyib dəstədən aralandı, əmimgilə tərəf getdi. Əmimgillə qapıbir qonşuyduq. Evlər bitişik idi. Ağabala kişi eyvana çıxıb qonaq otağına keçdi. Bəyaz nənəm içəridə qapının ağzındaca yaşmaq vurub oturmuşdu. Ağabala kişi otağın baş tərəfində qoyulmuş döşəkçənin üstündə bardaş qurub əyləşdi. Üzü çox kədərli görünürdü. Səhərki adama oxşamırdı. Nənəm mənə tərəf dönüb: “Nənən qurban, sən get mağara, biz də indi gəlirik. Get...” – dedi. Otaqdan çıxdım, amma aralana bilmədim, maraq məni götürmüşdü. Burada nə baş verdiyini anlamaq üçün çox can atırdım; gah qapının deşiyindən, gah da pəncərənin arasından içəriyə boylanırdım.
Ağabala Abdullayev oxuyurdu. Elə yanıqlı, elə dərdli oxuyurdu ki, özümü güclə saxlayırdım. O, oxuduqca Bəyaz nənəm için-için ağlayırdı. Yaş sel kimi axırdı. Yanaqlarından diyirlənən damlalar qar üzərində açılan cığıra bənzəyirdi. Elə bilirdim ki, o damlalar indicə Bəyaz nənəmin sifətində donub qalacaq, sonra bütün sifətini, saçlarını, əllərini də buza döndərəcək.
Bəyaz nənəm bütün dünyanı qoşa dərdinin arxasından görürdü. O, qardaşımın xoşbəxtliyinə başqa cür – yad, özgə gözlə baxmazdı. Amma o da vardı ki, bu şənlik nişan üzüyü barmağında qalmış Yusifi, Yaqubu xatırlatmaya bilməzdi. Bəyaz nənəm ona görə daldaya çəkilmişdi ki, birdən camaatın içində özünü saxlaya bilməz. Bunu kiminsə görməsini qüruruna sığışdıra bilmirdi.

Ağabala Abdullayev Bəyaz nənəm üçün oxuyurdu, onun nisgilini balası kimi yüyürləyirdi, nənni deyirdi. Dərdi beşikdə körpə kimi ovudurdu, oxşayırdı. Səsin dizini yerə atıb, dərdin altına girirdi – dəyər taxtına qaldırmaq üçün... Dərd o qədər ağır idi ki, ürəyini də səsə qoşurdu, çəkmək olmurdu. Dərd çox səs aparırdı deyə özündən kəsib səsə calayırdı. Nəyi vardısa dərdə dirək vermişdi. Ağabala Abdullayev oxumaqdan keçmişdi, gülgəz qan ağlayırdı – Yusifin köynəyi rəngdə...

Nəhayət, Ağabala Abdullayev oxuyub qurtardı. Başını dizinin üstündə ikiəlli tutduğu qavala söykədi. Üzü görünmürdü, bircə çiyinləri tərpənirdi... Bəyaz nənəm ağ ağlayırdı, ağappaq ağlayırdı. Ağ işıq kimi içində hər rəngdən – hər dərddən var idi ağlamağının. Sonralar Yaqubun əsgər paltarında ağappaq qarın üstündə çəkdirdiyi şəklini görəndə bu rəngi tanıdım. Bəyaz nənəm onda qar kimi ağlayırdı... Qar kimi səssiz, elə qar kimi də çox uzaqdan, çox hündürdən gəlirdi ağlamağı... Bəyaz nənəm ölənəcən nə bu dərddən – itirdiklərindən ayrıldı, nə də bu dərdi birisi ilə paylaşdı. Bu dərddən heç kimə qıymadı. Elə bil dərdlə əhd bağlamışdı. Dərdi bütöv saxladı, yaralamadı Bəyaz nənəm. O, Yusifin, Yaqubun dərdini özlərini sevdiyi kimi qorudu ölənəcən. Dərdi onların yerində görə bildi. Bəyaz nənəm körpəsini yatırmayınca rahatlıq tapmayan ana kimiydi. Dərdi onun körpəsi idi. Ömrünü dərdini uyutmağa, oxşamağa həsr elədi.
Çox vaxt deyirlər ki, insanı dərd öldürür. Əslində adam dərddən ölmür. Dərdin əlindən qaçmaqdan ölür, təntiyir, tövşüyür, nəfəsi kəsilir ölür. Dərdin qorxusundan ölür. Dərdi böyük olan, böyük dərd çəkən adam – böyükdür. Dərd adam öldürən deyil. Dərd adamı diri tutur, oyaq saxlayır, öləziməyə, sozalmağa qoymur... Bəyaz nənəm ömrünü ömür kimi yaşamadı, əsgər kimi dərdin keşiyində keçirdi. Dərddən vətən qurdu, onu qorudu, əzizlədi. Səksəni, doxsanı haqladı. Dərdini şax tutduğundan özü də şaxlığını itirmədi. Beli bükülmədi, əyilmədi, xəstələnmədi, körpələrini – dərdlərini uyudandan sonra yuxuya getdi... Bəyaz nənəm dərdi yaşında qaldı, dərdi yaşında öldü. Çünki onun dərddən ayrı ömrü-günü olmadı. Dərdi Bəyaz nənəmin üzü idi, siması idi, bütün həyatının mənası idi. Onu yaylığı kimi gəzdirirdi özüynən. Çünki bu dərd onun ləyaqəti idi...

Bu dünyada hər dərdin öz səsi, öz rəngi, öz ağlartısı var. Hər dərd bir səsə yatır, bir rəngə uyur, bir ağlartıya sığır. Hər səsdən bir dərd dikəlir. Dərd içimizdə bəslədiklərimizin, qurduqlarımızın, hamıdan gizli saxladıqlarımızın – pünhanların şamama tağı kimi qurumasıdır. İçimizdə illərlə binə tutan arzu və sevgilər məmləkətinin viranə qalmasıdır. İnsan belədir, bir şeyə ürəkdən bağlandısa, onu içində çiçək kimi bitirir. Həyatın hər zərbəsindən qorumaq üçün min cür əzaba qatlaşır. Hərənin bir cür – özü kimi ağlamağının mənasını sonralar anladım. O səslər mənə rənglər kimi çatırdı. Qırmızı-qırmızı, sarı-sarı, bənövşəyi-bənövşəyi ağlayırdı adamlar.
Bu, onların içində əzilənlərin, solanların, quruyanların – qızılgüllərin, nərgizlərin, bənövşələrin rəngi idi. Hər əzilən çiçəyin, sınan qanadın, solan qönçənin, quruyan tağın sızıltısı özü rəngdə ağlartıya dönürdü.
İnsanlar göz yaşları ilə içində əzilənlərin ağrı-acısını toxuyurdular, qüssəsini toxuyurdular, göynərtisini hörürdülər – gilə-gilə, ilmə-ilmə, puçur-puçur, al-əlvan...Yalnız içində çiçək açmayanlar – ağrımayanlar rəngsiz ağlayırdılar.
Hiss olunurdu ki, hər şey gözlərindədir, gözlərini boşaldırlar. Çünki bomboz ağlayırdılar, bumbuz ağlayırdılar, dümdüz ağlayırdılar. Dərdi soyuq-soyuq, buz kimi ağlamaq olar? Göz yaşı ilə qovurmasan, dərd bişməz! Dərdi də düz ağlamaq olar... Bükülməsən, qatlanmasan, qıvrılmasan dərd açılar?! O da var ki, dərdə durmayana dərd dəyməz. İçi göynəməyənin içində dərd dayanmaz. Dərddən dönən əyilib gedər.

...Rəngli ağlayanlar təbiətə bənzəyirdilər. Göz yaşları payız yarpaqları kimi ələnirdi. Adamlar da ağaclar kimidir. Sarı-sarı, qırmızı-qırmızı, yaşıl-yaşıl ağlayırlar. Bir də Günəş batanda qürub yerinin ağrısı rəngdə...

# 3034 dəfə oxunub

Oxşar xəbərlər

Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu

18:10 24 aprel 2024
III Regional xor müsabiqəsinə start verildi

III Regional xor müsabiqəsinə start verildi

18:00 24 aprel 2024
Məşhur rusiyalı bloger vəfat etdi

Məşhur rusiyalı bloger vəfat etdi

17:30 24 aprel 2024
“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

“Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı oldu

17:00 24 aprel 2024
#
#
# # #