Nailə İslamzadə: “Qadınlarımız özünü ifadə edəndə çox vaxt ifrata varır...” – Müsahibə

Nailə İslamzadə:  “Qadınlarımız özünü ifadə edəndə çox vaxt ifrata varır...” – Müsahibə
6 yanvar 2026
# 10:00

Kulis.az Sevinc Mürvətqızının “QadınVari” layihəsində televiziya aparıcısı, diktor, ssenari müəllifi, Əməkdar artist Nailə İslamzadə ilə müsahibəsini təqdim edir.

Həyatın bütün sahələrində zərifliyi, estetik duyumu, gözəlliyi, mübarizliyi, sevgisi, mərhəməti, ruhani müdrikliyi və özünəməxsus, əvəzedilməz toxunuşu ilə Qadın Var... “QadınVari” layihəsi qadınların müxtəlif sahələrdəki fəaliyyətini daha qadınsayağı aspektdən təqdim edir. Bu, qadın dünyasının dərin qatlarına yönəlmiş mənəvi və intellektual bir səyahətdir.


Bu səyahətdə növbəti yol yoldaşım tanınmış aparıcı, ssenari müəllifi Nailə İslamzadədir. Söhbətimiz “Ötən günlər” verilişinin çəkiliş pavilyonunda baş tutdu. Rəngarəng işıqlar içindəki pavilyonun yarımqaranlıq dəhlizinə daxil olanda hələ çəkiliş gedirdi. Səhnədə gənc müğənni “Sən elə bir vaxtda rast gəldin mənə…” mahnısını oxuyurdu və keçmişin yaşanmışlığı ilə gələcəyin yaşanacaq ehtimalları arasındakı zamanı anladan bu həzin melodiya məni maraqlı bir söhbətə köklədi. Həmsöhbətimlə televiziya məsuliyyəti, zamanla dəyişən dəyərlər, xatirələr, qadın olmağın görünən və görünməyən tərəflərindən danışmışıq.


Müsahibim ssenarinin filmdə də, həyatda da vacibliyindən, önəmindən bəhs edib: Vaxtilə ermənilər arasında ciddi reaksiya doğuran, ssenari müəllifi olduğu filmlərdən də, eyni zamanda qadın xoşbəxtliyinin başqasının yazdığı ssenari ilə yox, məhz öz seçiminlə, öz həyatının müəllifi olaraq mümkünlüyündən uzun illər ekranlardan sevdiyimiz məlahətli səsi, özünəməxsus kübarlığı ilə söz açıb.


- Doğulduğunuz Balakənin təbiəti və mədəni ruhu sizin xarakterinizdə hansı izləri qoyub, uşaqlığınızı və gəncliyinizi necə xatırlayırsınız?

- Balakən mənim üçün təkcə doğulduğum yer deyil, dünyaya baxışımı formalaşdıran bir məktəb olub. Oranın təbiəti — dağlar, meşələr, təmiz hava — insana səbirli olmağı, müşahidə etməyi və sakit gücü öyrədir. Mədəni mühiti isə çoxrənglidir: müxtəlif adətlər, insanların səmimiliyi xarakterimdə dürüstlük, sadəlik və zəhmətkeşlik kimi keyfiyyətləri möhkəmləndirib. Uşaqlığımı olduqca xoşbəxt, saf və hərəkətli xatırlayıram. Dörd qardaşın tək bacısı, həm də evin sonbeşiyi idim, sevgi, qayğı içində böyüdüm. Gənclik illərində isə ailəmin verdiyi möhkəm təməl mənə həm özümə inanmağı, həm də böyük hədəflər qarşısında qorxmamağı öyrətdi. Düşünürəm ki, bu gün kimliyimdə və verdiyim qərarlarda ailəmin ruhu hələ də yaşayır.

- Televiziya aparıcılığına, diktorluğa marağınız nə vaxt və necə yaranıb?

- Əslində, mən pedaqoq olmağı düşünürdüm, hələ uşaq vaxtlarımdan qonşu uşaqları başıma yığıb onların “müəlliməsi” olurdum. Bu niyyət də, məni o zamankı, Mirzə Fətəli Axundov adına Rus dili və Ədəbiyyatı İnstituna gətirdi. İnstitutun 5-ci kursunda rəfiqələrimin təkidi ilə 4 mərhələli televiziya diktoru müsabiqəsinə qatıldım, 300 nəfər içindən seçilərək, diktorluq fəaliyyətimə başladım.

- İlk dəfə nə vaxt efirə çıxmısınız və bu zaman hansı duyğuları yaşamısınız?

- Müsabiqə 1982-ci ilin payızında başladı, 6 nəfərdən ibarət sanballı münsiflər heyəti qarşısında mərhələləri keçənə qədər 4 ay ötdü və 1983-cü il fevralın 19-da, səhər “Saat 10.30-da Zəngli saat, saat 11-də isə Sovet İttifaqına xidmət edirəm proqramları translyasiya olunacaq” sözləri ilə efirə çıxdım. Təbii ki, həyəcan, sevinc, məsuliyyət qarışıq duyğular idi...

- Ötən illərdə diktorların sayı az idi. Bu azlıq içində qadın kimi ekran önündə olmaq sizə hansısa çətinlikləri yaşadıbmı?

- Qadın diktorlara görə kişi diktorlar daha az idi, əslində. Cəmi 13 diktor var idi bütün respublikada, onların 4-ü kişi idi. Təbii ki, müəyyən çətinliklər olub, amma bu məni çəkindirmədi. Əksinə, daha məsuliyyətli, daha hazırlıqlı və daha inamlı olmağa vadar etdi. Rafiq Hüseynov o zaman baş diktor idi və ağzımızdan çıxan hər sözə, hər vurğuya nəzarət edirdi. Yeni efirə çıxan diktorlara maraq böyük idi, bu da məsuliyyətimizi ikiqat artırırdı. Ekran önündə olmaq təkcə peşəkar bacarıq deyil, həm də cəmiyyətin gözləntiləri ilə üz-üzə qalmaq demək idi.

- Bizim hamımızı vaxtilə kiçikdən - böyüyə televiziya qarşısına cəlb edən “Ailələr, talelər” ideyası necə yaranmışdı - bu layihə ilə bağlı danışmağınızı istərdik. Həmin verilişdə dinlədiyiniz hekayələrdən hansı sizdə silinməz iz buraxıb? İndiki dövrdə də belə bir layihəyə ehtiyac duyulurmu?

- "Ailələr, talelər" verilişi 1997-ci ildə yarandı, son sayı 19 il bundan əvvəl, mənim AzTV-dən getdiyim 2006-cı ildə efirə gedib, amma qədirbilən tamaşaçılar hələ də xatırlayırlar. Silinməz iz buraxan hadisələr, məktublar, insanlar çox olub, indiyə qədər də bayramlarda məni axtaran “qəhrəmanlarım” var. Ailə dəyərləri haqda, Azərbaycan ailəsinin keçmişi bu günü haqqında verilişə həmişə ehtiyac var. Yanaşma necədir? Bu isə ayrı mövzudur...

- Sizcə, Azərbaycan ailəsinin mənəvi siması illər ərzində hansı yönə doğru və necə dəyişib? Ailədə qadının rolu nədən ibarətdir?

- Ənənəvi dövrdə Azərbaycan ailəsi daha çox patriarxal quruluşa malik idi. Ailə böyük nəslə söykənirdi, hörmət, itaət, böyüyə söz qaytarmamaq, ailə namusu və birliyi əsas dəyərlər sayılırdı. Mənəviyyat əsasən adət-ənənələr, dini və milli dəyərlər üzərində qurulurdu. Sovet dövründə ailə modelində müəyyən dəyişikliklər baş verdi. Qadınların təhsilə və əmək fəaliyyətinə daha çox cəlb olunması ailədaxili rolları qismən balanslaşdırdı. Bununla belə, ailə birliyi və qarşılıqlı məsuliyyət anlayışı yenə də qorunurdu.

Müstəqillik dövründə və müasir zamanda qloballaşma, texnologiyanın inkişafı və fərdi azadlıqların artması ailə münasibətlərinə təsir edib, valideyn–övlad münasibətlərində daha demokratik yanaşma yaranıb. Eyni zamanda, ənənəvi mənəvi dəyərlərlə müasir düşüncə arasında tarazlıq axtarışı gedir. Müasir dövrdə qadın həm ailə üzvü, həm də cəmiyyətin fəal iştirakçısıdır. O, ana, həyat yoldaşı olmaqla yanaşı, təhsil alır, işləyir, ictimai həyatda rol oynayır. Qadın ailədə sevgi, mərhəmət, qarşılıqlı anlayış və dəyərlərin ötürülməsi baxımından həlledici fiqurdur.

- Vaxtilə rəhbəri olduğunuz “Kulturaplus” internet televiziyası mədəniyyətimizə hansı layihələri bəxş edib? Dini və mənəvi dəyərləri ekrana gətirmək sizə hansı məsuliyyəti yükləyib? “Fitnə”, “Şəhadət”, “Vəhdət”, “Əbədi Maqsud” kimi filmlərin ideyası sizdə necə formalaşdı, bu filmlərin cəmiyyətə aşılamaq istədiyi əsas fikir nə idi?

- “Kulturaplus” internet televiziyası, o zamankı, Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin ideyası və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin maddi-texniki dəstəyi əsasında yaranmış, məramı milli-mənəvi və dini dəyərlərimizin təbliği, erməni saxtakarlıqlarının üzə çıxması, xalqımızlın həyatında tarixən mövcud olan tolerantlığın, mədəni və linqvistik müxtəlifliyin qorunub saxlanılması idi. Mən də o zaman, Nazirlikdə Multimedia Mərkəzinin rəisi idim, bu televiziyanı qurmaq işi mənə tapşırıldı. Çox nüfuzlu və işinin əsl peşəkarı olan Nadejda İsmayılovanı, Nadir Bədəlovu, Namiq Şirəlibəyovu və bir çoxlarını dəvət etdim və birlikdə çox gözəl layihələr həyata keçirildi. Xaricdən gələn qonaqlarımız gördüyümüz işlərlə tanış olanda təəccüb edirdilər ki, 20-30 işçisi olan kanal necə belə işlər görə bilir?

Saydığınız filmlərdən başqa, ermənilərin “Antitopor” layihəsinin yalanlarını üzə çıxarmaq üçün, “Qafqaz Albaniyasının sirləri” silsilə filmlər hazırlamağa başlamışdıq, ilk film “Youtube”da yayımlanan zaman, ermənilərə elə dağ çəkdi ki, filmimizin hər cümləsini təhlil edən 45 dəqiqəlik cavab filmi çəkdilər. İndiyə qədər bizim televiziya məkanımızda hazırlanan heç bir filmə ermənilər belə reaksiya verməmişdilər. Hətta saytımıza bir neçə dəfə kiberhücumlar edib, dağıdırdılar, biz isə yenidən bərpa edirdik. Çox təəssüf ki, o zaman Azərbaycanın təbliğat maşınına cavabdeh insanlar bunu qiymətləndirmədilər və belə bir peşəkar qrup işləyən “Kulturaplus” dağıldı və bir çox layihələr kimi, nəzərdə tutulan 22 bölümdən ibarət olacaq “Qafqaz Abaniyasının sirləri” filminin yalnız 4-nü hazırlaya bildik.

- Hazırda çəkiliş pavilyonunda olduğumuz “Ötən günlər” verilişində keçmişlə bu günü birləşdirirsiniz. Sizcə, cəmiyyət olaraq keçmişə münasibətimiz hansı müstəvidə olmalıdır, keçmişin hansı dərsi bu gün hələ də öyrənilməyib?

- Siz sualı ümumiləşdirmisiniz, “Ötən günlər” verilişi ölkəmizin mədəni həyatı haqqındadır. Ümumi olaraq isə, deyə bilərəm ki, məncə, cəmiyyət olaraq keçmişə münasibətimiz nə nostaljiyə qapanmaq, nə də onu tam inkar etmək müstəvisində olmalıdır. Daha sağlam mövqe tənqidi yaddaşdır: keçmişi nə ideallaşdırmaq, nə də demonizə etmək, onu səbəb–nəticə əlaqələri ilə anlamaq.
Keçmişə düzgün münasibət, onu haqlı çıxarmaq üçün yox, özümüzü dəyişmək üçündür. Keçmiş cavablar vermir, amma doğru sualları verir. Problem ondadır ki, biz hələ o sualları səmimi şəkildə verməyə tam hazır deyilik.

- Gənc jurnalistlər və qadın aparıcılara hansı tövsiyələri verərdiniz?

- Gənc jurnalistlərə onu tövsiyə edərdim ki, tez görünmək yox, dərin olmaq məqsədiniz olsun. Bir xəbər yazmaq mümkündür, amma kontekst qurmaq çətindir. Hadisəni deyil, səbəbini, nəticəsini və kimə necə təsir etdiyini araşdırın. Mənbə mədəniyyəti formalaşdırmaq lazımdır. Bir xəbərin dəyəri onun neçə dəfə paylaşıldığı ilə yox, neçə mənbə ilə yoxlandığı ilə ölçülməlidir. Tələsik olmaq jurnalistin düşmənidir.

Qadın aparıcılara isə deyərdim ki, peşəkarlığınızı görünüşünüzdən ayırmayın, amma ona tabe də etməyin. Görünüş media reallığıdır, amma sizi ekranda saxlayan səsiniz, biliyiniz və mövqeyinizdir. Öz dəyərinizi yalnız zahiri meyarlarla ölçməyin.



- Güclü qadın obrazı sizə görə nə deməkdir?

- Güclü qadın, dəyərini başqalarının razılığı ilə ölçməyən qadındır. O, hər şeyi sübut etməyə çalışmır, çünki kim olduğunu bilir. Əsl güc hər zaman möhkəm görünmək deyil. Yorulduğunu, incindiyini qəbul etmək və yardım istəyə bilmək də gücdür. Güclü qadın başqa qadınları rəqib yox, müttəfiq kimi görə bilir. Güclü qadın obrazı bir forma deyil, bir daxili mövqedir. Onda sabit qalan bir şey var: özünə hörmət və seçim haqqına sahib çıxmaq.

- Azərbaycan qadınlarının bu günkü mənəvi portretini sözlə necə təsvir edərdiniz?

- Bu gün Azərbaycan qadınının mənəvi portreti çoxqatlıdır. O, bir tərəfdən köklü dəyərlərə, ailəyə və mənəviyyata bağlıdır, digər tərəfdən isə dəyişən dünyanın çağırışları qarşısında öz yolunu tapmağa, özünü ifadə etməyə can atır. Sonuncuda çox vaxt ifrata varır.

- Sizin fikrinizcə, qadın xoşbəxtliyi nədir?

- Məncə, qadın xoşbəxtliyi tək bir formaya sığan anlayış deyil və onu kənardan müəyyənləşdirmək də mümkün deyil. Ən böyük yanlışlıq da budur: qadın xoşbəxtliyini başqalarının onun üçün “doğru” saydığı ssenari ilə ölçmək. Qadın xoşbəxtliyi, öz həyatının müəllifi ola bilməkdir. Ana olmaq da, olmamaq da, evə fokuslanmaq da, karyera qurmaq da, xoşbəxtlik - seçim hüququnun əlindən alınmadığı yerdə başlayır. Sevdiyi və sevildiyi münasibətlərdə olmaq, amma itirilməmək bahasına yox. Özünlə barışıq olmaqdır qadın xoşbəxtliyi. Bədənlə, keçmişlə, seçimlərlə... Qüsursuz olmaq yox, özün olmaqdır xoşbəxtlik...



- Qadının gənc və gözəl qalmasına hansı amillər təsir edir?

- “Gənc və gözəl qalmaq” məqsəd yox, sağlam və özünlə barışıqda yaşamağın təbii nəticəsi olmalıdır. Qadının dəyəri yaşla və ya zahiri görünüşlə ölçülmür. Daxili vəziyyət, daim stres, qorxu və özünü sıxmaq insanı tez yorur, bu, simaya da, bədənə də yansıyır. Özünə qarşı mərhəmətli olmaq, günahkarlıq hissi ilə yaşamamaq insanı “gənc saxlayan” ən güclü amillərdəndir. Yuxu və istirahət çox vacibdir. Yetərli yuxu almaq bədən üçün bərpadır, lüks deyil, çox təəssüf ki, hər zaman əməl edə bimirik. Qidalanma və hərəkət, bədəni cəzalandırmaq üçün deyil. Həddindən artıq məhdudiyyətlər və nəzarət əks təsir yaradır. Bir də, daim özünü başqaları ilə müqayisə edən qadın daha tez yorulur. Öz dəyərini tanımaq insanı daha dik, daha işıqlı göstərir və bu, zahirdən çox hiss olunur. Gülə bilmək, sevdiyi işlə məşğul olmaq, özünü ifadə etmək, yaşı düşmən kimi görməmək, bir sözlə, özünə qayğı göstərən, özünü sıxmayan, öz həyatını yaşayan qadın istər-istəməz daha canlı, daha güvənli görünür.

- Sizə nələr ruhi dinclik verir?

- Daxili sakitlik - daim müqayisə etməmək və tələsməmək, şükranlıq - sahib olduqlarını görmək, sadə həyat - az, amma mənalı şeylərə fokuslanmaq, səmimi münasibətlər - güvəndiyin və yanında özün ola bildiyin insanlar...

- Yaradanla “münasibətiniz” necədir? Sizcə, insan Yaradanla münasibətində ən çox nəyi səhv anlayır?

- İnsan-Yaradan münasibəti qorxuya deyil, güvənə, təkcə rituala yox, daxili niyyətə, yalnız çətin anlarda xatırlamağa yox, davamlı şüura əsaslanır. Yaradanı yalnız cəzalandıran güc kimi görmək yanlışdır, məncə. Yaradan həm də mərhəmət, anlayış və bağışlama rəmzidir. Bəzən də, insanlar öz məsuliyyətini Yaradanın üzərinə atırlar. Seçimlərinin nəticəsini qəbul etməkdənsə, hər şeyi taleyə bağlayırlar.



- Keçmişin hansısa məqamına qayıtmaq imkanınız olsa, orada nəyi dəyişmək istərdiniz?

- Heç nəyi. Yaşadıqlarımın hamısı mənimdir.

- Xatirələriniz sizin üçün yükdür ya motivasiya?

- Sadəcə xatirədir, acılı və şirinli...

- Yaradıcılıqda qadın duyumu ilə kişi baxışı arasında əsas fərq nədədir?

- Məncə, yaradıcılıqda “qadın duyumu” və “kişi baxışı” arasında kəskin, dəyişməz sərhədlər çəkmək doğru olmaz. Çünki yaradıcılıq ilk növbədə insani təcrübənin ifadəsidir. Əsas fərq daha çox haradan baxmaqda yox, nəyi görməkdədir. Bu fərqlər bioloji yox, böyük ölçüdə sosialdır. Qadın da analitik və sərt ola bilər, kişi də həssas və dərin. Güclü yaradıcılıq, adətən bu iki baxışın kəsişdiyi yerdə yaranır.

- Bu illər ərzində Nailə İslamzadə kimliyində nələrsə dəyişibmi?

- Mən kimliyini dəyişən insanlardan deyiləm. Həyat təcrübəm artıb, o qədər...

- Sonda həmcinslərinizə “QadınVari” mesajınız nə olardı?

- Bütün qadınlara arzu edirəm ki, öz dəyərlərini heç vaxt unutmasınlar, güclərini başqalarının təsdiqində yox, öz içlərində tapsınlar. Həm güclü, həm də xoşbəxt ola bilsinlər...

Foto: İlkin Nəbiyev


# 1295 dəfə oxunub

Oxşar xəbərlər

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif etdi

Prezident Cahangir Novruzov, Məsud Aşina və digər bir qrup şəxsi təltif etdi

18:00 7 yanvar 2026
Mehman Əhmədli:  "10–15 meyxanaçı rəsmi müraciət etməlidir”

Mehman Əhmədli: "10–15 meyxanaçı rəsmi müraciət etməlidir”

17:40 7 yanvar 2026
İkili kimlik sahibi yazıçı - O, “Stalinin inəkləri” romanında nəyi qələmə almışdı?

İkili kimlik sahibi yazıçı - O, “Stalinin inəkləri” romanında nəyi qələmə almışdı?

17:20 7 yanvar 2026
Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?

Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?

17:00 7 yanvar 2026
Saf biliyi Şərqdə axtaran fransız filosof - O, niyə İslamı qəbul etmişdi?

Saf biliyi Şərqdə axtaran fransız filosof - O, niyə İslamı qəbul etmişdi?

16:40 7 yanvar 2026
Mikki Rurkdan yardım kampaniyasına reaksiya: “Bu, utancvericidir”

Mikki Rurkdan yardım kampaniyasına reaksiya: “Bu, utancvericidir”

15:44 7 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər