Müharibəyə səbəb olan meyvə - Vüsal Bağırlı

Müharibəyə səbəb olan meyvə -  Vüsal Bağırlı
8 fevral 2024
# 11:54

Kulis.az Vüsal Bağırlının "Ümumdünya cazibə qanunu, gözəl Afrodita və Troya müharibəsi" adlı yeni yazısını təqdim edir.

Karikatura ən sevdiyim rəsm janrlarındandır.

Karikatura- “caricare”, italyan dilindən tərcümədə şişirtmək, böyütmək mənasını verir, yumoristik məzmunlu rəsm janrıdır.

Karikaturanın özəlliyi ondadır ki, kiçik bir cizgidə bir kitab qədər məna olur. Karikatura düşündürür, güldürür. Müəllifi naməlum, çox sevdiyim bir karikatura nümunəsi var.

Deməli, rəsmdə bir restoran masası təsvir olunur. Dairəvi, iri masanın ətrafında çoxlu adamlar oturub. Maraqlı simalar. Böyük bir məclis. Orda kimlər yoxdur? Adəm, Həvva, İlan, İsaak Nyuton, Ağca və qnomlar, Billl Qeyts, Robin Qud, Stiv Cobs və sair. Hamı gözləyir. Hamı intizardadır.

Bu dəm, ofisiant məcməyidə alma ilə içəri girir və deyir:

- Bunu kim sifariş verib?

Bəli, girişdən, proloqdan, bəri başdan anladım ki, bu günün söhbəti, mövzusu odur, meyvələr kralı ALMA.

***
İnformasiya saytlarının birində yazıya rast gəldim. Tanınmış bir həkim valideynlərə müraciət edərək meyvə və giləmeyvələrin, xüsusilə, alça və çiyələyin uşaqlara yalnız öz mövsümündə verilməsini məsləhət görürdü.

Düzdür, pediatrın bu məsləhəti kənardan normal görünür. Amma alçanın dadının deyil, qiymətinin turşluğu, çiyələyin isə allergik təsirinin deyil, bahalığı bu meyvələri “alınmaz qala”ya, ekzotik mataha çevirir. Əlbəttə, yalnız bunların yox, şaftalı, armud, portağal, mandarin kimi klassik hesab edilən meyvələrin də qiyməti soruşduqda dil, toxunduqda əl yandıracaq qədər bahalaşıb.

İndi hansısa iqtisadi ekspertdən bu məsələyə obyektiv və subyektiv münasibət bildirməsini xəbər aldıqda əsas mövzu qalır bir tərəfdə, başlayır öz-özünü tənzimləyən iqtisadi bazar qanunlarından, tələb-təklif nisbətindən, Adam Smitdən, David Rikardodan dəm vurmağa.
Buna görə də, ən yaxşısı, məsləhətimizə yaxşıca qulaq asın və ucuzluğunu-xeyrini göz önünə gətirib alma alın, özü də yerlisini.
Bəli, ölkəmizdə haqqında film çəkilmiş, həmçinin dünyanın ən böyük proqram təminatı şirkətinin simvoluna çevrilmiş bu dəyərli meyvə hər vitaminlə zəngindir. Bütün formalarda- püre, qurudulmuş, kompot, mürəbbə - xeyirlidir, cana faydalıdır. Tərkibindəki faydalı elementlərin orqanizmə rahat sorulması üçün almanı köklə, üzümlə, hətta bananla da qarışdırmaq olar.
Yunan mifologiyasına görə, gənc Parisin bu meyvəni Afroditaya bağışlaması məşhur Troya müharibəsinə səbəb olub. Bunu “münaqişə alması” deyilən bir terminlə ifadə edirlər. Yəni hər hansı əhəmiyyətsiz, kiçik görünən əşya və ya olay böyük miqyaslı gözlənilməz və dağıdıcı hadisələrə gətirib çıxarır.

Başqa bir əfsanədə isə deyilir ki, tanınmış ingilis alimi İsaak Nyuton yay günü bağda istirahət edirmiş. Birdən, “tarapp” başına bərk bir şey düşür. Məşhur alim yuxarı boylanır, əyilib yerə baxır, yerdə, otların arasındakı almanı görüncə təəccüblənir. Axı alma düşərkən nəyə görə havada asılı qalmadı, guppultuyla təpəmə düşdü? Onu aşağıya doğru hərəkət etməyə hansı qüvvə məcbur edir?
Alim çox fikirləşir, az fikirləşir, dərə, təpə düz fikirləşir və ümumdünya cazibə qanununu kəşf edir.

Alma ilə əlaqədar mifoloji və folklor süjetlər bir çox incəsənət, ədəbiyyat və musiqi əsərlərində (Şillerin “Vilhelm Tell” dramında, Rossininin eyni adlı operasında, Karavaconun, Rafaelin rəsmlərində və s.) geniş istifadə olunur.

Alma qida kimi də faydalıdır.

Onda A, B, B2, B6, C vitaminləri orqanizmi təmin edəcək qədər boldur. Tərkibində maqniy, dəmir, fosfor, yod, bor, natrium, ftor, xrom, sink, nikel, molibden, vanadiy (az qala Mendeleyevin bütün cədvəlini saydım) kimi faydalı elementlər mövcuddur. Məsləhətdir ki, qabığını atmayasınız. Çünki tərkibində güclü antioksidant sayılan flavonoid var.

Orqanizmin virus və bakteriyalara qarşı təbii müdafiəsini təmin etmək üçün gün ərzində ən azı bir alma yeyin. “Antonovka” və “Simirinko” almaları faydalı xüsusiyyətləri özündə daha uzun müddət saxlayan sortlar hesab olunur.

Ümumiyyətlə, yaşıl rəngli almalardakı dəmirin miqdarı, digər rənglərə nisbətdə xeyli çoxdur. Məktəb yaşlı uşaqlara və böyüklərə almanın dənəsini çeynəmək məsləhətdir. Bununla sutkalıq yod ehtiyatı təmin edilir. Uşaqların dişlərinin normal inkişafı üçün də alma müsbət təsir göstərir.

Beləliklə, ailəlikcə almadan bol-bol istifadə edin, onda özünüz sağlam və enerjili, büdcəniz isə qənaətli olar.

# 1696 dəfə oxunub

Oxşar xəbərlər

Nadir Yalçının “Lal ev”  hekayələr kitabının təqdimatı oldu

Nadir Yalçının “Lal ev” hekayələr kitabının təqdimatı oldu

19:35 20 dekabr 2025
Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

Qardaşının ölümünü gizlədilər, həkimlər ona övlad qadağası qoydu - Anarın həyatdakı "Təhminə"si

14:14 20 dekabr 2025
"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

"Erməninin, rusun yiyələri olacaqdı, biz həmşərilərin yox?!" - Pişəvərinin xeyir-dua verdiyi şair haqqında

12:00 20 dekabr 2025
Meyxanaçı Kərim dəfn edildi

Meyxanaçı Kərim dəfn edildi

11:49 20 dekabr 2025
Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

Anadan gizli evlilik, övlad itkisi və yarımçıq qalan sevda – Nizami Rəmzi kimdir?

11:06 20 dekabr 2025
Yutubun fəaliyyətində problemlər yaranıb

Yutubun fəaliyyətində problemlər yaranıb

10:02 20 dekabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər