Kulis.az Kamil Əlisoyun “Dəyişən sosial rolların fonunda dəyişməyən acı həqiqətlər” adlı yeni yazısını təqdim edir.
Əgər gününə səhər durub balkonda, və ya evin bağçasında təmiz hava almaq yerinə, birbaşa telefonu götürüb, gözünü ovxalaya – ovxalaya “görək, sosial şəbəkələrdə nə var?” deyə başlayırsansa, artıq sən öz ruhunu öldürməyə başlamısan. Öz yaradılış səbəbinə xəyanət edirsən, özün olmaqdan çıxırsan.
Həmişə dostlarla danışanda deyirəm, elə hiss edirəm ki, mənim ruhum, varlığım ötən əsrə aid imiş, bu dünyaya gecikmişəm bir az. Bu nə cəmiyyətdir axı?
Cəsarətini yavaş – yavaş itirən kişilər, gündən – günə artan cinsiyyət dəyişikliyi, həmçinin estetik əməliyyatlar, evinə çörək qazanıb gətimək istəməyən kişiciklər, “mən öz ayaqlarım üstündə dayanacam” deyib öz gəncliyini xərcləyən , Kəramət Böyükçöl demiş - "bir adamdan söz götürməsin deyə, bəsit səbəblərdən boşanıb 50 kişinin sözünü götürən qadınlar", amansız qətllər, uşaq yaşında evləndirilənlər və sair...
Bu yazdıqlarımdan “evə ancaq kişi çörək gətirməlidir” və ya “qadının yeri mətbəxdir” mənasını başa düşdünüzsə, əvvəldən deyim, məni anlamadınız.
Qadına da sığınacağı liman lazımdır ki, özünü həmişə rahat hiss etsin, təbiəti etibarilə kövrək və köməksiz hiss edəndə bir qanadın kölgəsinə daldalansın. Ancaq indi?
Hesabı qadınla “nemetskiy” bölən “kişi"lərlə, gül alan kişiləri zəif hesab edən "Z nəsli" "qadın"larla dolu bir cəmiyyətə qədəm qoymuşuq.
Heç vaxt mentalitet tərəfdarı olmamışam, nə də indikilərin dili ilə desək, "ultra müasir” deyiləm. Amma mən mühafizəkarlıqla müasirliyin tən ortasında dayanır, nə xeyirlidirsə, qəbul edir, ziyanlı olandan imtina edirəm. Sadəcə, həyat praktikası və təcrübə bizə hər şeyi verir.
Gəl ki, mentalitetin elə gözəl cəhətləri var ki, ondan imtina edəndə də aləm dəyir bir - birinə. Mirzə Ələkbər Sabirin bir sözü var: “Oxumaq istəyəni ərə verib, ərə getmək istəyəni oxumağa göndərəndə cəmiyyət dağılır”.
Əlbəttə, bir əsr əvvəlin baxışı idi, amma bəzən bu yanaşma indi də aktual olur. Çünki mentalitetin zamana uyğunlaşmayan cəhətləri olduğu kimi, insani və sosial dayaqlar kimi qorunmalı tərəfləri də var.
Yaxın günlərdə Meksikada aparılan bir sosial sorğuya rast gəldim. Gənc qadınlardan “indiki kişilərdə nə çatmır?” deyə soruşurdular. Cavab belə oldu: “Kişilik, cəsarət, liderlik. Mənə fikrini düzgün şəkildə qəbul etdirə biləcək kişi axtarıram, amma tapa bilmirəm”. Gənc oğlanlar isə deyirdilər: “Bizə hörmət edən, qərarlarımıza sayğı göstərən, sevdiyindən başqa kişilərlə münasibət qurmaq istəməyən qadınlar qalmayıb”. Bu yalnız Meksikada deyil, dünyanın bir çox yerində belədir. Sosial rollar artıq dəyişir və bu, ciddi suallar doğurur.
Məşhur aktyor Ceyson Stetham bir müsahibəsində belə demişdi: “Nə qədər ki, pivə içməyən, alkoqoldan uzaq duran, bir dəstə kişi ilə gəzmək əvəzinə dəyərlərinə sadiq olan qadınlar var, özümü kişi hesab edəcəyəm. Ümid edirəm, bu, ömrümün sonuna qədər belə qalacaq”.
Təəssüf ki, son araşdırmalar da bu dəyişikliyin yalnız sosial deyil, bioloji səviyyədə də baş verdiyini göstərir. Məsələn, testesteron səviyyəsi – kişilərdə güc, liderlik və risk etmə meyillərinə təsir edən əsas hormon – bir nəsil əvvəlkilərdə 1000-2000 arasında idisə, indiki gənc kişilərdə bu göstərici orta hesabla 800 civarındadır. Qadınlarda isə qadın hormonlarının səviyyəsində əks meyil müşahidə olunur. Bu isə insanın təbii balansını pozur.
Qısacası, insan müxtəlif yollarla öz təbiətinə qarşı çıxır. Təbii həqiqətlərə, bioloji reallıqlara zidd yaşamağın nə zamansa cavabı veriləcək. Ən azından təbiət tərəfindən... Çünki təbiətin qanunları dəyişmir, onun qanunlarına qarşı çıxanlar gez-tez cəzalandırılır.
Tarix boyu – daş dövründən tutmuş feodal dövrə qədər – hər kəsin sosial rolu bəlli idi. Bu bəsit prinsip cəmiyyətin nizamını qoruyurdu. İndi isə bu nizam pozulub.
İnanıram ki, insanlıq təbiətin qəzəbinə tuş gəlmədən tezliklə yenidən öz təməl dəyərlərinə qayıdacaq, sosial rollar öz lazımi yerini alacaq. Bizə hələ ki, yalnız buna ümid etmək qalır...