"İsa Tanrı oğlu yox, sehrbaz idi!" - İntibahın ən böyük "maq"ı

"İsa Tanrı oğlu yox, sehrbaz idi!" - İntibahın ən böyük "maq"ı
17 fevral 2026
# 13:30

Bu gün italyan filosof Cordano Brunonun anım günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


Filippo Bruno 1548-ci ildə İtaliyanın cənubunda, Neapol şəhəri yaxınlığında, Vezuvi yanardağının ətəyində yerləşən Nola şəhərində dünyaya gəlib. Onun doğma şəhəri ilə əlaqəsi o qədər güclü idi ki, sonradan özünü "Jordanus Brunus Nolanus" ("Yordanos Bruno Nolanos") kimi təqdim edərək bu adı əbədiləşdirdi. Gənc yaşlarında Dominikan təriqətinə qoşularaq Cordano adını qəbul etsə də, onun narahat ruhu və iti zəkası kilsənin dar çərçivələrinə sığmırdı.


Dominikanların müdafiə etdiyi Aristotel sxolastik ənənəsi ilə kifayətlənməyən Bruno, qadağan olunmuş kitabları oxumağa və xristianlığın "Müqəddəs Üçlük" (Ata, Oğul və Müqəddəs Ruh) kimi təməl prinsiplərini sorğulamağa başladı. Bu cəsarətli addımları onu təriqət daxilində şübhəli şəxsə çevirdi və nəticədə o, İtaliyanı tərk edərək Avropa yollarına düşmək məcburiyyətində qaldı.



Həyatının böyük bir hissəsini Cenevrə, Paris, London, Oksford və Almaniyanın müxtəlif şəhərlərində sərgərdan kimi dolaşaraq keçirən Bruno, sığındığı demək olar ki, hər yerdən qovulurdu. Çünki o, sadəcə fərqli düşüncələrə sahib deyildi, həm də olduqca ziddiyyətli və dözülməz xarakterə malik idi. Məsələn, Oksford Universitetinə səfəri zamanı oradakı alimləri "nadanlıq və təkəbbür mücəssəməsi" adlandıraraq təhqir etmiş, özünü isə "akademiyaların yatmış ruhunu oyadan" biri kimi təqdim etmişdi.

Londonda yazdığı "Kül çərşənbəsi axşamı" əsərində ingilis professorlarını o qədər sərt tənqid etmişdi ki, ona qarşı böyük nifrət yaranmışdı. Bu dövrdə o, Kopernikin Günəş mərkəzli sistemini dəstəkləsə də, fikirləri ondan daha irəli gedərək mövcud kosmoloji strukturu tamamilə alt-üst etdi. Bruno iddia edirdi ki, kainatın bir mərkəzi və ya sərhədi yoxdur, o, sonsuzdur. Gördüyümüz ulduzların hər biri əslində uzaqdakı günəşlərdir və onların da ətrafında fırlanan, üzərində canlıların ola biləcəyi başqa dünyalar mövcuddur.

Lakin tarix kitabları Brunonu adətən elmi həqiqətlərin qurbanı – "astronomiya şəhidi" kimi təqdim etsə də, məsələnin görünməyən tərəfi daha dəhşətli və mistik idi. Müasir tədqiqatçılar, xüsusilə Frensis Yeyts kimi tarixçilər iddia edirlər ki, o, sadəcə alim deyil, "İntibah dövrünün ən böyük "maq"ı (sehrbaz) olmağa iddialı idi. Bruno Kopernik sistemini riyazi model kimi deyil, qədim Misir dinini və hermetizmi geri qaytarmaq üçün vasitə kimi görürdü.

Onun fikrincə, xristianlıq qədim, "həqiqi" Misir dininin təhrif olunmuş forması idi və xaç işarəsi əslində qədim Misir simvolu olan "anx"dan (həyat açarı) oğurlanmışdı. Onun məşhur "yaddaş sənəti" (mnemonika) dərsləri də sadəcə əzbərləmə texnikası deyildi; bu, insanın beynini kainatın ulduzları ilə eyni tezliyə kökləmək, kosmik qüvvələri idarə etmək üçün hazırlanmış okkult bir sistem idi. Onun yaratdığı sirli çarxlar ilahi biliklərə birbaşa çıxış imkanı verən "sehri-cahan" açarları sayılırdı ki, bu da kilsənin vasitəçiliyi olmadan Tanrıya hökm etmək demək idi.

Ən böyük qalmaqal isə onun teoloji baxışlarında gizlənirdi. İnkvizisiya sənədlərinə görə, Bruno İsanın Tanrı oğlu deyil, sadəcə çox bacarıqlı bir "maq" olduğunu, möcüzələrini ilahi qüdrətlə deyil, qədim kabbalistik üsullarla həyata keçirdiyini iddia edirdi. Onun sonsuz dünyalar nəzəriyyəsi də sadəcə astronomik fərziyyə deyildi, teoloji bir bomba idi. Əgər kainat sonsuzdursa və saysız-hesabsız dünyalar varsa, bu, "İlk Günah" anlayışını və İsanın bəşəriyyəti xilas etməsi missiyasını tamamilə mənasızlaşdırırdı; çünki İsa sonsuz sayda dünyada sonsuz dəfə çarmıxa çəkilə bilməzdi.

Nəhayət, bu təhlükəli fikirlər onun sonunu gətirdi. Covanni Moçeniqo adlı bir zadəgan tərəfindən yaddaş sənətini öyrətmək bəhanəsi ilə Venesiyaya dəvət edilən Bruno, qısa müddət sonra elə həmin şəxs tərəfindən İnkvizisiyaya satıldı. Romaya ekstradisiya edilən filosof yeddi il zindan həyatı yaşadı, dəfələrlə dindirilib işgəncələrə məruz qaldı, lakin fikirlərindən dönmədi. 1600-cü il fevralın 8-də ona rəsmi olaraq kafirlik ittihamı ilə ölüm hökmü oxunarkən o, hakimlərə baxaraq tarixə düşən o məşhur cümləni qurdu: "Mənə ölüm hökmünü oxuyarkən siz məndən daha çox qorxursunuz".



17 fevral 1600-cü ildə o, Romanın "Kampo de Fiori" meydanına gətirildi, dili və bədəni dirəyə bağlanaraq diri-diri yandırıldı. Külləri Tibr çayına atıldı ki, ondan heç bir iz qalmasın. Əsrlər sonra, 1889-cu ildə məhz yandırıldığı həmin meydanda onun şərəfinə ucaldılan heykəl Vatikan istiqamətinə deyil, tam əks tərəfə baxır. Bu heykəl sadəcə elmi həqiqəti deyil, həm də iki fərqli dünyagörüşünün – doqmatik orta əsrlər ilə İntibahın mistik azadlığının toqquşmasını və Brunonun bu yolda göstərdiyi sarsılmaz iradəni simvolizə edir.


# 142 dəfə oxunub

Oxşar xəbərlər

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

Dövlət işi naminə dinini dəyişdi, Parisdə siyasi mühacir həyatı yaşadı... - O, mirasını hansı şərtlə arvadına vəsiyyət etmişdi?

15:00 17 fevral 2026
Qəzzanin 5 min illik irsi Parisdə

Qəzzanin 5 min illik irsi Parisdə

14:30 17 fevral 2026
Asif Ata və Tanrı probleminin yeni fəlsəfi yozumu - Düzgün Atalı

Asif Ata və Tanrı probleminin yeni fəlsəfi yozumu - Düzgün Atalı

12:56 17 fevral 2026
Əsəri qadağan olundu, borca görə həbs edildi - O, niyə "Molyer" təxəllüsünü götürmüşdü?

Əsəri qadağan olundu, borca görə həbs edildi - O, niyə "Molyer" təxəllüsünü götürmüşdü?

12:30 17 fevral 2026
Gənc Tamaşaçılar Teatrında yeni tamaşa - “Pul əhvalatı”

Gənc Tamaşaçılar Teatrında yeni tamaşa - “Pul əhvalatı”

11:53 17 fevral 2026
Şair-tərcüməçi Qoca Xalid vəfat etdi

Şair-tərcüməçi Qoca Xalid vəfat etdi

11:30 17 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər