İçki içmək, əylənmək və seks üçün Bakıya gələn ərəb turistlər

İçki içmək, əylənmək və seks üçün Bakıya gələn ərəb turistlər
24 yanvar 2023
# 15:00

Kulis.az Həcər Bayramın “Bizə turist lazımdır, yoxsa yox?” adlı yazısını təqdim edir.

Turizm şirkətlərinin birində çalışan rəfiqəm var. 35 yaşı var və 10 ildir, turizm sektorunda çalışır. Bu sahədə kifayət qədər təcrübəsi var.

Çoxdandır bir-birimizi görmürdük, telefonla danışır və ya Vatsapda mesajlaşırdıq. Növbəti dəfə yazışanda üzbəüz görüşmək qərarına gəldik. Görüş zamanı daha çox işimizdən danışdıq. Söz hərləndi-fırlandı, turistlərin üstünə gəlib çıxdı. Rəfiqəm mənə bu yaxınlarda şahidi olduğu hadisəni danışdı.

Beşulduz otellərin birində ərəb turistlər qalırmış. Bir gün onlardan biri qaldığı otağın qapısının ağzında oturub, ətrafında bir neçə qarpız düzərək, kəsib yeməyə başlayır. Qarpızların suyu ətrafa sıçrayır, xalçaları batırır. Otel işçiləri əvvəl heyrətlə mənzərəyə baxır, daha sonra turistə başa salmağa çalışırlar ki, belə olmaz, qarpızı sinidə, masada yeməlidir. O isə əlini əbasına silərək, cibindən bir bağlama pul çıxarır və 10 ədəd yüzlük (bu yüzlüklərin ABŞ dolları, Euro, yoxsa AZN olması barədə tarix susur) sayır. Uzadır işçilərə ki, alın bu pulu, təzə xalça alarsınız, amma indi mənimlə qarpızlarımın arasına girməyin.

Bu hadisə nə birinci, nə də axırıncı turist sərgüzəştidir. Bir dəfə də şərqli turistlər elektrik çaydanında sosiska qaynatmışdılar. Getdikləri restoranlarda ayaqqabılarını çıxarıb, ayaqlarını masanın üstünə uzadan, tualetlə hovuzu dəyişik salan və s. kimi heyrətamiz hərəkətlərə yol verən nə qədər turist görmüşük. Yəqin ki, bundan sonra da görəcək və eşidəcəyik.

Turizm ekspertlərinin sözlərinə görə, turist axını olan ölkələrdə bu hallar qaçılmazdır. Təkcə, ölkəmizdə deyil, turist gedən hər ölkədə gəlmələrin hərəkətləri bəzən yerlilər üçün qəribə, heyrətamiz olur. Mədəniyyətlər, həyat qaydaları fərqli olan toplumlarda belə şeylər olub və olacaq.

Azərbaycana turistlər daha çox Şərq ölkələrindən, xüsusilə də ərəb ölkələrindən gəlirlər. Son bir ildə isə Ukrayna ilə müharibəyə görə rus turistlərin də sayı artıb. Ərəb turistləri əsasən ailəlikcə, ya da qrup halında gəlirlər. Bir ailə bəzən 30 nəfərə qədər olur. Ya böyük otel otaqları, ya da evlər tutub, qalırlar.

Müsəlman ölkələrindən gələn turistlərin ölkəmizi seçmələrinin müxtəlif səbəbləri var. Əvvəla, din qardaşlığı – müsəlmançılıq. Sonra başqa ortaq dəyərlərimiz. Məsələn, qadına, ailəyə münasibətdə nisbətən oxşarlıq – ərəb turistlər burda ailələrinin təhlükəsizlikdə olacaqlarını bilir. Ümumiyyətlə, turistlər üçün təhlükəsizlik vacib məsələdir ki, bu baxımdan da, şükür, Azərbaycan ən təhlükəsiz ölkələrdən biri hesab edilir.

Təbii ki, ərəb turistlərdən içki içmək, əylənmək və seks üçün gələnlər də var. Müsəlmanlıq öz yerində, ölkəmiz şəriətlə idarə edilmədiyinə görə, bütün bunların sərbəst olduğunu da bilirlər. Bu sahədə tələbatları o qədər yüksəkdir ki, Bakıda bəzi gecə klubları ərəb ölkələrindən olan müştərilərə xidmət göstərmək sahəsində ixtisaslaşıb. Turistlər seks işçiləri ilə tanış olmaq üçün bu klublara gəlirlər. Öz ölkələrində bu sadalananlar haram sayılır. Burda isə azad və əlçatandır.

Rus turistlərin də ölkəmizlə bağlı öz müsbət mənzərələri var. 70 ilə yaxın bir müddətdə biz onlarla eyni ölkədə yaşamışıq. Bizi onlarla siyasi tariximiz birləşdirir. Onlar da burda sərbəst gəzib, istədikləri yerə rahat gedə bilirlər. Yerli əhalinin çoxu rus dilində bilir. Xidmət sektorunda rus dili demək olar ki, dominantlıq edir. Eyni zamanda, ruslar yerli əhali üçün yad millət hesab edilmirlər.

Həm ərəb, həm də rus turistlər bilirlər ki, Azərbaycan Avropaya nisbətən daha rahat, daha ucuz, daha doğma ölkədir. Viza problemi yox, dil baryeri yox, mədəniyyət isə az qala oxşar.

Restoran sektorundan tutmuş, taksi sürücülərinə, gid firmalardan tutmuş, kirayə ev sahiblərinə, otellərə qədər bir çox xidmət sahələri də bu axından razıdır. Turizm mövsümündə həyat canlanır, gəlirlər artıq, yerli əhalinin cibi pul görür.

Amma məsələ burasındadır ki, ölkəyə turist axını başlayan kimi, qiymətlər də qalxır. Turizm obyektlərində hər şey bir neçə dəfə bahalaşır, restoran və istirahət mərkəzlərində bayram və tətil günlərində boş yer tapmaq bəzən çətin olur. Xidmət obyektlərində yerli müştərilərə lazımi diqqət göstərilmir. Çünki biznes sahiblərinə turistlərə qulluq edib, daha çox qazanc götürmək cazibədar görünür. Hətta bəzi turizm bölgələrində restoranlarda ikili menyu olur – yerlilər və ərəblər üçün. Əlbəttə, bu menyularda qiymətlər fərqli olur. Xarici turistlər 5-10 nəfərlik qruplarla gəlir, qiymət söhbəti etmirlər, yeməkləri bəyənsələr, xidmətlərdən təkrar istifadə edirlər. Bəzi restoranlarda bir şiş kababı turistlər üçün 12, yerli əhali üçün 8 manata təklif edirlər.

Bahalı restoranlarda yemək yeyə bilməyən, lüks mağazalardan al-ver edə bilməyən yerli əhali belə yerlərdə ərəb turistləri görəndə, əsəbiləşir, onlara qarşı aqressiv davranırlar. İnsanlar düşünür ki, bunun səbəbkarı xarici turistlərdir. Bütün bunlar medalyonun bir üzüdür.

Əhalinin bu axına qıcıq olmağının səbəbi, əslində, başqa məsələlərdir.

Birincisi, artıq ölkəmiz ərəb turistləri arasında “seks turizm” ölkəsi kimi tanınır. İnsanlar bu məsələyə həssas yanaşır, qadınlarının, qızlarının başqaları üçün əyləncə obyekti olmasını ağrılı qarşılayırlar.

Başqa faktor isə gigiyena məsələsidir. Şərq ölkələrindən gələn turistlər masanın üstü dolub-daşana qədər yemək sifariş verirlər, yeməkləri bitəndə isə iki adam lazımdı ki, ətrafı təmizləsin. Çox vaxtı getdikləri restoran və kafelərə qələbəlik gedirlər. Yediklərini, istifadə etdiklərini zibil qabına yox, yerə atırlar. Kirayə qaldıqları mənzilləri, otel otaqlarını, icarəyə götürdükləri avtomobilləri çirkləndirilmiş, zibillənmiş halda geri qaytarırlar.
Təbii ki, belə insidentlər də həm sosial şəbəkələrdə, həm şəxsi söhbətlərdə, həm də mətbuatda nifrət sousu altında təqdim edilir.

Çox vaxt ölkəmizə gələn ərəb turistlərin səviyyəsi, dünyagörüşü, savadı çox aşağı səviyyədə olur. Məsələn, Qətərdən, BƏƏ-dən, Küveytdən gələn turistlər daha mədəni və sakit olur. Amma eyni şeyi İraqdan gələn turistlər haqqında demək olmaz. Çünki İraq xalqı illərdi ölkədə gedən müharibənin travmasını yaşayır. Buna görə də iraqlılar, uzağa getməyək, elə qonşu Gürcüstanda arzuolunmaz qonaqlar hesab olunur. Hətta bir ara qonşularımız onlara viza verməkdən imtina edirdi.

Amma gəlin, görək, bizim ərəb turistlərinə bu qədər nifrətimiz var, yoxsa bütün gəlmələrə belə nifrət sərgiləyirik?

Mentalitet faktoru böyük rol oynayır. Turistlərə yerli əhali tərəfindən təzyiq var. Rusiyadan və Avropada gələn turistlərə ölkəmizin bölgələrinə avtostopla səyahət etmək çətindir. Hələ gələn əcnəbi qonaqların geyiminə bir qulp qoymaq bir başqa dərdi. Vay o gündən ki, küçədə qaradərili, şortikli əcnəbi gözə dəysin. Heyrətli baxışlar onlara tuşlanır, gözdən itənədək onları izləyirlər.

Yerli əhali arasında turistlə ünsiyyət, turisti qəbul etmə mədəniyyəti demək olar ki, yoxdur. İnsanlar ölkəyə gələn turistlərə yeriyən pul qabı kimi baxır. Bəzən də əhali düşünür ki, turist gəlib onların minillik əxlaqını, tərbiyəsini, ailə dəyərlərini dəyişəcək.

Bir çox ölkələrin büdcəsinin böyük hissəsi turizmdən gələn gəlir hesabına formalaşır. Amma bu gün neft-qaz bazarındakı gözlənilməz sürprizlər məcbur edir ki, bizim ölkədə digər böyük gəlir gətirən sahələrə diqqət yetirsin.

İstirahət deyəndə təkcə yay yada düşmür, qış turizmi də inkişaf edir.
Azərbaycan geniş turizm imkanlarına malik ölkələrdən biridir. Ölkədə turizm fəaliyyəti əsasən Bakı və Bakıətrafı ərazilərində yerləşən turizm obyektləridir. Son illər regional turizm ərazilərində – Lənkəran, Şəki, Quba-Qusar, Gəncə və digər şəhər və rayonlarımızda inkişaf gedir. Qəbələ beynəlxalq tədbirlərə ev sahibliyi edir. Orada turizm üçün bütün perspektivlər var. Yəni Azərbaycanın bu bölgəsi artıq turist məkanına çevrilib. Bütün bölgələri də bu səviyyəyə çatdırmaq mümkündür.

Bu məqsədlə Azərbaycanın milli mətbəxini, mədəniyyətini, qonaqpərvərliyini, zəngin iqlim tiplərini təbliğ etməklə turist sayını artıra bilərik. Lakin turizm bazarına girmək üçün onları heyrətləndirmək lazımdır. Odur ki, hələ çox işlər görülməlidir. Ölkəmizə gələn bu turistlər otellərdə qalır, kirayə maşın götürür, restoranlarda və əyləncə məkanlarında əylənir, alış-veriş edirlər.

Hazırda Azərbaycana viza almaq, başqa turistik ölkələrlə müqayisədə daha ucuz başa gəlir. Bundan başqa ailəvi turlar təşkil olunur. Hava limanında rahat viza ala bilirlər. Birbaşa uçuşlar var. Həmçinin, yay aylarında Yaxın Şərq ölkələrində daha isti olur, bu da turistləri məcbur edir ki, bizim ölkəmiz sərin yerlərə üz tutsunlar.

# 1365 dəfə oxunub

Oxşar xəbərlər

Bir vaxtların Rəşad Dağlısı

Bir vaxtların Rəşad Dağlısı

14:30 24 yanvar 2023
Allah o gədəni özü cəzalandıracaq

Allah o gədəni özü cəzalandıracaq

17:30 23 yanvar 2023
Vəhşi ayıya qalib gəlib, dostları tərəfindən xəyanətə uğrayan ovçu

Vəhşi ayıya qalib gəlib, dostları tərəfindən xəyanətə uğrayan ovçu

12:30 23 yanvar 2023
Qətl günü

Qətl günü

16:00 21 yanvar 2023
Körpə uşağı niyə yol qırağına atıblar?

Körpə uşağı niyə yol qırağına atıblar?

16:40 18 yanvar 2023
Həbsxanadan çıxan adamlar iş tapa bilmir

Həbsxanadan çıxan adamlar iş tapa bilmir

17:40 12 yanvar 2023
# # #