Hərdən atalar belə şeylər edirlər - Ayxan Ayvaz

Hərdən atalar belə şeylər edirlər - Ayxan Ayvaz
2 may 2025
# 18:15

Kulis.az Ayxan Ayvazın yeni yazısını təqdim edir.

Atası ilə problemləri olan, daim atası ilə qarşıdurma yaşayan adamlar həmişə mənə maraqlı gəlib. Düzü, mənim də atamla ilk vaxtlar bu cür problemlərim olub.

Araşdırma apararkən onu tapdım ki, atası ilə problem yaşayan məşhurların çoxu yəhudilər olub. Ata kultuna münasibətin psixoloji şərhi — Edip kompleksi də yəhudi Freydin işi deyilmi?

Onlarda ana əsas xətt sayılır və görünür, ona görə də atalarla oğulların daim problemləri meydana gəlir.

Bizdə isə ata əsas fiqurdur. Ata nə deyirsə, qanundur. Başqa cür ola bilməz.

Atasını itirən, yaxud ondan ayrı qalan adamların həyatı bu ağrıyla başlayır. Zaman-zaman o sancını üzərində hiss edər və onu gözlərində daşıyarlar.

Mən iki yazıçının bu ağrını daha qəddarca yaşadığını oxumuşdum.

Biri Nabokovdur...

O biri Yaşar Kamal...

Deyirlər e, hansı yazıçının taleyinə ürəyin ağrıyır?

Mən hər ikisini deyərdim.

Nabokov haqda illər əvvəl oxumuşdum:

"1922-ci ildə Vladimirin həyatında ağır itki baş verir. Atası mühacirət iclaslarından birində özünü qabağa verib, tanınmış demokrat Pavel Nikolayeviç Milyukovu monarxist gülləsindən qorumağa çalışarkən öldürülür. Başqa versiyalara görə bu, monarxist yox, faşist gülləsi olur. Bu hadisədən sonra Nabokov mənəvi sarsıntı keçirir. Sonrakı illərdə o nümayişkaranə şəkildə ateist olduğunu bəyan edir."

Yəqin, Nabokovda bu sarsıntı daha dərinlərə işləyib və o faciədən ədəbiyyat yaradıb.

Yaşar Kamal hələ 5 yaşında olarkən atasının məsciddə öldürülməsinə şahid olub. Balaca uşaq, məscid və atasının gözü qabağında öldürülməsi... Özü də qan davası üstündə. Ümumiyyətlə, Yaşar Kamalın həyatı faciələrlə doludur. Hansısa romanında yazmışdı ki, Anadoluda quş ovçuları varmış, onlar quşları ovlayıb qəfəsə salır, sonra onu bazara gətirirlərmiş. Bazarda kimlərsə pul verib qəfəsdəki quşları azad eləyirmiş. Yəni quşların xilası kiminsə mərhəməti hesabına olurmuş.

Mən Yaşar Kamal haqda sənədli filmə baxanda beynimdə xərçəng kimi bircə səhnə qalmışdı: balaca uşağın atasının öldürüldüyünü görməsi...

Atasız, atası ilə problemi olan, yaxud atasını heç görməyən uşaqlar.

Onların gözləri bir başqa cür baxar.

Bir başqa cür olarlar o uşaqlar.

Hamısının içində tərk edilmək qorxusu.

Kiməsə uduzmaq qorxusu.

Hərdən atalar belə şeylər edirlər: ölürlər və uşaqlarının gözlərinə əbədi kədər qondurarlar.

# 1094 dəfə oxunub

Oxşar xəbərlər

Türkləri və yəhudləri qıranlar kimlərdir? - Rusiyanın terror üzü

Türkləri və yəhudləri qıranlar kimlərdir? - Rusiyanın terror üzü

15:00 2 avqust 2025
Məşhur aktrisanın keçmiş həyat yoldaşı güllələndi

Məşhur aktrisanın keçmiş həyat yoldaşı güllələndi

13:10 2 avqust 2025
Aydın Kazımzadə:  “Film adı altında təqdim olunan verilişlər gözümdən qaçmır” – Müsahibə

Aydın Kazımzadə: “Film adı altında təqdim olunan verilişlər gözümdən qaçmır” – Müsahibə

12:00 2 avqust 2025
Bu gün Azərbaycan Kinosu Günüdür

Bu gün Azərbaycan Kinosu Günüdür

10:02 2 avqust 2025
Ölümə açılan qapı:  Meksikanın Milli Ölüm Muzeyi

Ölümə açılan qapı: Meksikanın Milli Ölüm Muzeyi

10:00 2 avqust 2025
“Freaky Friday”nin davamı gəlir

“Freaky Friday”nin davamı gəlir

18:50 1 avqust 2025
#
#
# # #