"Hər zaman musiqi" layihəsi haqqında - Günel Mehri

"Hər zaman musiqi" layihəsi haqqında - Günel Mehri
10 noyabr 2023
# 19:00

Kulis.az Günel Mehrinin "Hər zaman musiqi" layihəsi haqqında yazısını təqdim edir.

Efir məkanı: İctimai TV

Efir vaxtı: Hər bazar - saat 21:00

Mövzu: Retro musiqilər

Bilənlər bilir. Ölkənin mədəni həyatında hadisəyə çevrilmiş tamaşalara, film və tədbirlərə güzgü tutmağı sevirəm. Bu yazının ilk siqnalı isə Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumundan sonra beynimdə yaranmışdı. Daha doğrusu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin forumdakı alovlu çıxışından sonra. Fərhad müəllim həmin çıxışında vurğulayırdı ki, heç olmasa, proqramların 30-40 faizində ciddi sənət, ciddi musiqi görmək arzumdur. Elə olur ki, bu verilişlərə baxanda adam utanır. Biz bu sözləri ifadə etməkdən çəkinməməliyik, özümüzü tənqid etməkdən utanmamalıyıq... Sitatın sonu. Bu fikirlər dərhal çox müzakirələrə yol açdı. Gündəmi zəbt etmiş reytiqnli verilişlər tənqid hədəfinə çevrildi. Sosial şəbəkələrdə hamı həmin layihələrin və aparıcılarının adını hallandırmağa başladı. Amma önəmli bir nüans yaddan çıxdı. Axı deyirlər, ən böyük reklam elə antireklamdır. Təbii ki, sağlam tənqid həmişə olmalıdır. Amma bununla yanaşı, tərif edə biləcəyimiz nümunələr də olmalı axı. Məni fikir götürdü. Niyə biz peşəkar layihələri müzakirə etmirik ki? Niyə yaxşılardan danışmırıq? Axı istər televiziya, istər də radio efirində bütün parametrləri ilə zövqümüzə xitab edəcək layihələr var...

Elə bu minvalla da qələmimi əlimə alıb həmin layihələrdən birini – İctimai TV-nin yepyeni məhsulu olan “Hər zaman musiqi” telelayihəsini işıqlandırmaq qərarına gəldim. Açığı, ilk dəfə bu layihə barədə eşidəndə düşündüm ki, İctimai TV-də gedən “Bir mahnının tarixçəsi” silsilə verilişi ilə oxşardır. Amma daha sonra diqqət yetirdikdə gördüm ki, hər ikisi retro musiqilərlə bağlı olsa da, birincisi təqdim edilən nəğmələrin yaratdığı əhval-ruhiyyə verilişi, ikincisi isə mahnıların efir tarixçəsinə nəzər salan araşdırma layihədir. Efiri izləməyənlər üçün layihənin qısa xülasəsini çatdırım. Verilişin hər sayı üçün bir bəstəkarın yaradıcılığında önəmli yer tutan retro musiqilər seçilir və bu nəğmələr gənc ifaçılar tərəfindən yeni bir yozumda səsləndirilir. Daha sonra studiyada əyləşən ekspertlər həmin musiqi parçaları ilə bağlı öz xatirələrini danışırlar, həm də yeni ifaları qiymətləndirirlər. Özü də qeyd edim ki, bu ekspertlər ölkənin adlı-sanlı ziyalılarının arasından seçilir. Layihənin əsas qayəsi hafizəmizdə kök atan bəstəkar nəğmələrini yenidən gündəmə gətirmək, təzə nəfəslərlə gənc nəslə çatdırmaqdır. Bu anlamda layihə 7-87 hər kəsin könlünə xitab edə bilir. Belə ki, həm yaşlı və orta nəslin keçmiş xatirələrinə baş vurur, həm də yeni aranjmanlarla gənclərin zövqünü oxşayır.

Yeri gəlmişkən, bazar günləri İTV-nin efirindən “Hər zaman musiqi” deyib, pozitiv əhvalla tamaşaçıları salamlayan aparıcı Saleh Bağırovdur. Aparıcının verilişin formatına uyğun olaraq nümayiş etdirdiyi peşəkarlıq və efir mədəniyyəti də diqqətəşayandır. Gəlin unutmayaq ki, aparıcıyla yanaşı, qonaqlı-qaralı, haylı-haraylı musiqi layihəsini efirə hazırlayan böyük bir komanda var. O komanda ki, verilişi yüksək səviyyədə efirə çatdırmaq üçün kadr arxasında qarışqa kimi çalışır. Həm sözügedən bəstəkarın yaradıcııq yoluna güzgü tutan süjetlər hazırlayır, həm seçilmiş nəğmələri səsləndirə biləcək gənc səslər tapır, həm ekspertləri dəvət edir. Beləliklə, rənagərng studiya, üstəgəl mükəmməl çəkiliş, üstəgəl səliqəli montaj, üstəgəl ruhumuzu riqqətə gətirən musiqi, musiqi, musiqi, bərabərdir: “Hər zaman musiqi”! Onu da deyim ki, veriliş diqqətli tamaşaçılarını hədiyyəsiz də qoymur. Belə ki, sonda səsləndirilən sualı düzgün cavablayan tamaşaçılardan biri növbəti günlərdə canlı efirdə təsadüfi seçimlə qrammofon və musiqi valı qazanır. Göründüyü kimi, hədiyyəsi də layihənin özü kimi retrodur...

Tamaşaçı demişkən, sevindirici haldır ki, izləyicilər də yeni layihə haqqında xoş təəssüratdadırlar. Elə yeri gəlmişkən, verilişdə ekspert qismində iştirak etmiş iki nəfərin dəyərli fikirlərini sizinlə bölüşmək istərdim.

“Mənə görə keyfiyyətli bir mahnı 20 il, 30 il qabaq yazılsa da, köhnəlmir. Həmin əsərlərin melodiyasına toxunmadan yeni aranjmanda yazılması alqışalayiqdir. O mahnılar bu cür yaşadılmalıdır. Bu mənada “Hər zaman musiqi” layihəsini də, daim yeniliklərə imza atan İctimai TV-ni də ürəkdən dəstəkləyirəm.”

Bu fikirləri Xalq artisti Faiq Sücəddinov səsləndirib.

“Hər zaman musiqi” layihəsində bir müddət əvvəl ekspert kimi iştirak etmişdim. Verilişin həmin sayında unudulmaz bəstəkarımız Emin Sabitoğlunun yaradıcılığından söhbət açılırdı. Biz bu musiqilərlə böyümüşük və sevindirici haldır ki, belə layihələr o ölməz əsərləri yaşadır. Həm də gənc nəsil həmin mahnıları ərsəyə gətirən bəstəkarları, şairləri tanımış olur, onların bədii irsindən xəbər tutur. İTV-nin yeni layihəsini təbrik edirəm və uğurlar diləyirəm.”

Bu fikirlər isə bədii qiraətçi Xəzər Süleymanlıya məxsusdur.

Demək ki, teleməkanı bürümüş bu xaosun içində işıq zolağı kimi keçən işlər də var. Demək ki, daha işıqlı gələcəyə ümid hələ ölməyib. Demək ki, dəyərlərimizə dəyərli deməyin zamanıdır. Fürsətdən istifadə edib, “Hər zaman musiqi”nin bütün yaradıcı heyətinə uğurlar diləyirəm və axarlı-baxarlı bir efir ömrü diləyirəm.

Əziz oxucum, əgər siz də illərdən bəri sevdiyiniz musiqiləri yeni variantda və keyfiyyətli şəkildə dinləmək istəyirsinizsə, bazar axşamları İctimai TV-nin efirində gedən “Hər zaman musiqi” layihəsinə köklənin. Unutmayaq ki, ruhumuzun təravətli qalması üçün hər daim gözəl musiqilərə ehtiyac var!

# 994 dəfə oxunub

Oxşar xəbərlər

Məşhur şoumen Rusiyanı tərk etdi

Məşhur şoumen Rusiyanı tərk etdi

18:40 21 fevral 2024
Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat etdi

18:40 21 fevral 2024
Şəfiqə Məmmədova birləşmiş kino ittifaqının sədri  postuna namizəddir

Şəfiqə Məmmədova birləşmiş kino ittifaqının sədri postuna namizəddir

16:50 21 fevral 2024
24 yaşlı reper vəfat etdi

24 yaşlı reper vəfat etdi

16:30 21 fevral 2024
"Ordubad"  Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradıldı

"Ordubad" Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradıldı

16:00 21 fevral 2024
"İkinci planetin qırmızı rəngi"  filmi beynəlxalq festivalda

"İkinci planetin qırmızı rəngi" filmi beynəlxalq festivalda

14:50 21 fevral 2024
# # #