Gör, özüm hardayam, ürəyim harda... - Gürcü şairin Naxçıvan xanının qızına yazdığı şeir

Gör, özüm hardayam, ürəyim harda... - Gürcü şairin Naxçıvan xanının qızına yazdığı şeir
27 dekabr 2025
# 16:00

Bu gün tanınmış gürcü şair Simon Çikovaninin doğum günüdür.

Kulis.az bu münasibətlə onun “Qönçəbəyimin mahnısı” şeirini Xalq şairi Nəriman Həsənzadənin tərcüməsində təqdim edir.

Gürcü şairi Simon Çikovaninin (1902-1966) yaradıcılığında ömrünün bir hissəsini Naxçıvan və Gəncədə keçirmiş Nikoloz Barataşvili haqqında “Gəncə gündəliyi” (“Gəncə dəftəri”) adlı lirik-epik poeması xüsusi yer tutur.

Həmin poemanın “Qönçəbəyimin mahnısı” hissəsini Xalq şairi Nəriman Həsənzadə tərcümə edib. Qeyd edək ki, Qönçəbəyim Kəngərli nəslindən olub. Onun Naxçıvanın axırıncı xanı Ehsan xanın qızı olduğu bildirilir.

Aman, Qönçəbəyim, azəri qızı,
kölgən də bəzəkdir quru yollara.
İlahi, bir qəlbin nədir ağrısı,
aman... bu hüsn hara, bu kədər hara?

Sən də Leyli kimi, qan ağlayırsan,
soyuq yanağında isti göz yaşı!
Sağ ikən özünə yas saxlayırsan,
alışıb, od tutur bağrımın başı.

O mavi gözlərin hüdudsuz ümman!
Bir ömrün dərdini danışır mənə.
Sən necə incəsən, necə mehriban,
gözəllik necə də yaraşır sənə!

Dolanır bağçanı azəri qızı,
zorla sürükləyir ayaqlar onu.
Nədir bu söhbəti, bu pıçıltısı?
necə də dinləyir yarpaqlar onu:

"Gör, özüm hardayam, ürəyim harda...
əsən yel qoy mənim ah-zarım olsun.
Bu budaq altında, qoy elə burda,
mənim unudulmuş məzarım olsun.

Arı pətəyini, qoca cökəni
mən həmdəm seçmişəm... sirrimi saxlar.
Bu budaq altında gizlədər məni,
üstümə tökülən sarı yarpaqlar..."

Dəyişir gözündə rəngini cahan,
susur dodaqları Qönçəbəyimin.
Onun bu hökmündən, bu qərarından,
ah, yoxdur xəbəri hələ heç kimin.

# 1597 dəfə oxunub

Oxşar xəbərlər

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

Pulitzer mükafatçısının yeni romanı – Gələcəyin dağılmış Nyu-Yorkunda sağ qalmaq

18:40 14 oktyabr 2026
Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

Rassel Brendin məhkəmə prosesi başladı: Aktyora qarşı altı qadının şikayəti araşdırılır

17:30 14 oktyabr 2026
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

Əməkdar jurnalist Ənvər Qafarlı vəfat etdi

16:53 14 oktyabr 2026
Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

Əfsanəvi müğənni 62 ildən sonra ABŞ vətəndaşı oldu

16:40 14 oktyabr 2026
Həbsxanada qəza:  Qalmaqallı repçi P. Diddy  xəstəxanalıq oldu

Həbsxanada qəza: Qalmaqallı repçi P. Diddy xəstəxanalıq oldu

15:40 14 oktyabr 2026
Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

Ulduzların iştirak etdiyi müzikl yenidən səhnəyə qayıdır

15:16 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər