AST nəşriyyatı Alya Roqojina təxəllüslü Anastasiya İvanovanın "MMA əfsanəsi - Fyodor Yemelyanenko" kitabını satışdan çıxarıb.
Kulis.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Nəşriyyatın mətbuat xidmətindən bunun səbəbinin Yemelyanenkonun fotolardan istifadə ilə bağlı irəli sürdüyü iddialar olduğu bildirilib. AST əlavə edib ki, kitabın ümumi tirajı 2 min nüsxə təşkil edib və Yemelyanenkonun tələb etdiyi kompensasiya məbləği kitab bazarının təcrübəsinə uyğun gəlmir.
Ötən gün Yemelyanenkonun "AST Nəşriyyatı" MMC-ni və yazıçı Anastasiya İvanovanı məhkəməyə verdiyi bildirilmişdi. İdmançı iddia edir ki, o, fotosunun, adının və obrazının nəşr üçün istifadəsinə icazə verməyib. Bununla belə, kitab mağazalarda və onlayn platformalarda satılmaqda davam edir.
Yemelyanenko cavabdehlərdən əldən çıxmış mənfəət müqabilində 12,6 milyon rubl, mənəvi zərərin əvəzi olaraq isə əlavə 300 min rubl kompensasiya tutulmasını, həmçinin bu kitabın yayılmasının dayandırılmasını istəyir. Bundan əlavə, döyüşçü kitabda qeyd olunan məlumatların bir hissəsinin həqiqətə uyğun olmayan kimi tanınmasını tələb edir.