"Şairə söz qadağası qoyula bilməz!" - Akif Səməd şeirində "türmə" sözünü işlədən şairi necə xilas etmişdi?

Akif Səməd, şair

Akif Səməd, şair

22 iyul 2026
# 10:00

Bu gün tanınmış şair Akif Səmədin doğum günüdür.

Kulis.az Coşqun Xəliloğlunun "Şairə söz qadağası qoyula bilməz" yazısını təqdim edir.

2026-cı ilin iyul ayının altısında qocaman mətbu orqanlardan biri olan “Vışka” qəzetinin nəzdində fəaliyyət göstərən “Neftçi Ədəbi Məclisi”nin yaranmasının 27-ci ildönümü tamam oldu. “Neftçi” Ədəbi Məclisi “Vışka” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Mədinə Həsənovanın xeyir-duası və neftçi, şair-dramaturq Zaməddin Ziyadoğlunun, eləcə də digər neftçi-şairlərin təşəbbüsü ilə yaranmışdır. O vaxtlar mətbuata, ədəbiyyata daha çox sevgi və maraq var idi. “Neftçi” Ədəbi Məclisi”nin yaradılmasında əsas məqsəd neft-qaz sənayesində çalışan və bədii yaradıcılıqla məşğul olan müxtəlif peşə sahiblərinin şeirlərinin çap edilməsinə kömək etmək, onları yaradıcılığa ruhlandlrmaq idi.

İlk toplantıda Mədinə xanım qeyd etdi ki, uzun illərdir ki, “Vışka” qəzetininin nəzdində rusdilli oxucuların bədii yaradıcılığına güzgü tutan “Rodnik” Ədəbi Birliyi uğurla fəaliyyət göstərir. Müstəqillik dövründə qəzetimizin səhifələrində həm Rus dilində və həm də doğma ana dilimizdə yazılara yer verildiyini nəzərə alaraq bədii yaradıcılğa meyl edən həvəskar şairlərin qələm təcrübələrini də dərc etməkdən məmnun olarıq.

Yarandığı ilk illərdə “Neftçi” Ədəbi Məclisi”nin fəaliyyəti çox məhsuldar oldu. Hər ayın sonuncu cümə günü məclis üzvləri qəzetin redaksiyasina toplaşar, yeni şeirlərini oxuyar, müzakirələr aparardılar. Neftçi-şairlər Mollalar Əşrəf, Pənah Nehdiyev, Vahid Hacıyev, Nazim Aslan Bozalqanlı, Oqtay Hüseynzadə, Əliheydər Babayev, Füzuli Canıyev məclisin ən fəal üzvləri idilər. Həvəskar şairlərlə yanaşı Zaməddin müəllimin dəvəti ilə tanınmış ədəbiyyat adamları da tez-tez bu görüşlərə gələrdilər. Nəriman Həsənzadə, Nizami Cəfərov, Oqtay Rza, Şəmşad Rza, Həmid Abbas, İlyas Tapdıq, Oqtay Salamzadə kimi tanınmış söz adamları ilə ünsiyyət necə də xoş və maraqlı idi.

Neftçi şairlərin növbəti yığıncaqların birində, səhv etmirəmsə, 2000-ci ildə tanınmış şair Akif Səməd və şair Mahmud Vəli ilə “Vışka” qəzetinin redaksiyasında görüşdük. Görüşdə ənənəvi olaraq söz adamları şeir oxudular. Şux görkəmli, səliqəli geyimli Akif Səməd özünəməxsus bir üslubda səmimi fikirlərini bildirdi, çətin və şərəfli peşə sahiblərini dinlədikdən sonra onların şeir yazmalarını təqdirəlayiq hal hesab etdiyini bildirdi. Qeyd etdi ki, yaşadığımız diyar neft-qaz ölkəsidir, bununla belə, dünyaya göstərməliyik ki, biz müdrik xalqıq, dərin təfəkkür sahibiyik. Həmişə haqqın, ədalətin yanındayıq. Qərbin ikili siyasətinin səhv olduğunu onlara zəkamızla, siyasətimizlə, əməlimizlə başa salmalıyıq. Heç vaxt müqəddəs torpaqlarımızın yağıların tapdağında qalmasına dözə bilmərik və hər qarış torpağımızı düşməndən alacağıq.

O, oxunan hər bir şeir haqqında da obyektiv fikrini bildirdi. Mənim üçün xoş idi ki, Akif Səməd yazdığım şeiri bəyəndi və xoş sözlərini dedi. Yaxşı yadımdadır, şeirin bir yerində “Türmə” sözü işlətmişdim. Bəziləri bu sözə etiraz edəndə, gülərək, “Şairə söz qadağası qoyula bilməz” dedi.

Bu gün biz Akif Səmədi sevgiylə xatırlayırıq. Maraqlıdır ki, iyul ayının 22-də, Milli Mətbuat və Jurnalistika Gününə təsadüf edən şanlı, tarixi bir gündə nəcib, həssas qəlbli bir insanın – həm görkəmli şair və həm də istedadlı, itiqələmli jurnalistin 67 yaşı tamam olur.

Xəyalən Akif Səmədə səslənirəm:

– Həmişə qəlbinizi sızladan, işğalına dözə bilmədiyiniz, döğma yurda gedə bilmədiyinizə kədərləndiyiniz, yüksək poetik dillə qələmə aldığınız Şuşa yenə bizimdir. Bu şeirinizi oğlunuz, gənc yazıçı Ulucay Akif ruhunuza böyük ehtiramla 2022-cildə Şuşada keçirilən Vaqif Poeziya Günlərində səsləndirdi. Şeirinizin sədaları Şuşaya yayıldı və Siz də ruhunuzla Şuşanı ziyarət etdiniz.

Bu halal yolnan, yoldaşnan
Şuşaya gedə bilmirəm.
Bir belə qohum-qardaşnan
Şuşaya gedə bilmirəm.

Qazağıq, özbəyik, türkük,
Tarixdə çoxuna görkük,
Həsrətdə, dözümdə bərkik
Şuşaya gedə bilmirəm.

Ulduzuq nədə bilirəm,
Bilirəm, dədə, bilirəm,
Evimə gedə bilirəm.
Şuşaya gedə bilmirəm.

Şuşasız evim evdimi?
Dözən mənəmmi, devdimi,
Kimə söyləyim dərdimi
Şuşaya gedə bilmirəm.

Şuşada güllər gülürmü?
Dağına duman gəlirmi?
Xudu müəllim bilirmi –
Şuşaya gedə bilmirəm.

Türk olmaq günahmı oldu?
Günahkar segahmı oldu?
Təbrizdən uzaqmı oldu?
Şuşaya gedə bilmirəm.

Şuşa, Xankəndi, Laçın, Qubadlı, Kəlbəcər… əbədiyyətə kimi bizimdir. Biz Şuşaya, doğma yurdumuza sərbəst şəkildə, qürurla, fəxrlə gedə bilirik. Biz artıq hünərimizə dünyanın ən böyük dövlətlərinin, güc mərkəzlərinin heyran qaldığı qalib dövlətik. Siz isə fiziki cəhətdən bu dünyadan 22 il əvvəl köçsəniz də həmişə sevilən söz adamı kimi qəlblərdə yaşayırsınız. Gənclərimiz, milli ruhlu şeirlərinizi sevə-sevə oxuyur, saflaşırlar.

Yaşınız mübarək unudulmaz, sevimli şair Akif Səməd!

# 133 dəfə oxunub

Oxşar xəbərlər

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

İslamdan imtina, ruslaşdırma və missionerlik - Mirzə Kazım bəy xristianlığı necə qəbul etmişdi?

11:00 22 iyul 2026
Elnarə Abdullayevaya ağır itki

Elnarə Abdullayevaya ağır itki

10:40 22 iyul 2026
Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

10:20 22 iyul 2026
Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

10:00 22 iyul 2026
Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

Reanimasiyaya yerləşdirilən Murat Cemcirdən açıqlama

18:00 21 iyul 2026
Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

Kərbəla faciəsini romanlaşdıran adam - Cürci Zeydan haqqında bilmədikləriniz

17:37 21 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər