Etimad Başkeçid: "Yazıçılar Birliyinin problemləri Anar sədrlikdən gedəndən sonra başlayacaq" - Müsahibə

Etimad Başkeçid, yazıçı

Etimad Başkeçid, yazıçı

10 iyul 2026
# 10:00

Kulis.az Nadir Yalçının yazıçı, tərcüməçi Etimad Başkeçidlə müsahibəsini təqdim edir.

– Muradovdan Başkeçidə bir yol var. Sizin əsərlərinizdə də bu yol anlayışı xüsusi işlənib. Ələlxüsus, “Min yol mənə söylər”də… İstərdim bu yolun xəyali xəritəsi ilə başlayaq. Gürcüstanın Dmanisi rayonundan, Başkeçid dağlarının ətəklərindən yol alıb Rusiyaya, sonra Azərbaycana getmək, ümumiyyətlə, qələm adamı olmaq fikrini qətiləşdirmək hansı məqamlarla formalaşdı sizdə? Yəni bu qərarı özünüzə necə təlqin etdiniz?

– “Min yol mənə söylər…” romanının baş qəhrəmanı, məlum olduğu kimi, klassik şərq fəlsəfəsindəki “dao – yol” arxetipinin relikt cizgilərini özündə birləşdirir. O, sadəcə baş verən hadisələri seyr edən, mühitə qarışsa da, daxilən ondan uzaq durmağı bacaran bir “müşahidəçi” rolundadır. Dao estetikasını və motivlərini bədii işarələr sistemi kimi özündə daşıyan bir əsər yazmaq çoxdankı arzumdu və zənnimcə pis alınmayıb. Təbii ki, yol sadəcə iki nöqtəni birləşdirən məsafə deyil. Bu qavram Dao fəlsəfəsində bütün mümkün çalarları ilə ifadə olunur. Fikir vermisinizsə, burada izlənilən yol qəhrəmanın daxilindəki ziddiyyətləri, məsələn, kənd mühitinin sadəliyi ilə paytaxt bohemliyinin mürəkkəbliyini qarşı-qarşıya qoymur, əksinə, onların hər ikisini həyatın təbii axarının bir parçası kimi göstərir. Hazırda romanın rus versiyasını hazırlayıram. Qələm adamı olmaq fikrinə gəlincə, bu qərar birdən-birə, şüurlu bir təlqin və ya kabinet planı kimi formalaşmadı. Bu, daha çox içində doğulduğum o zəngin folklor, dastan havası, insanların xarakterindəki daxili dramatizm və coğrafiyanın diktə etdiyi bir ehtiyac idi.

– Siz də “Qorkiçi”lərdənsiz, Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda təhsil almısınız. Sizi ora Gürcüstandan göndərmişdilər, yoxsa Azərbaycandan? Necə oldu sizi göndərdilər?

– Bəli, Moskva Ədəbiyyat İnstitutunun, bizim o dövrdə dediyimiz kimi "Qorki İnstitutu"nun mənim həm şəxsiyyət, həm də yazıçı kimi formalaşmağımda müstəsna rolu var. Məni ora nə Gürcüstandan, nə də Azərbaycandan birbaşa göndərmişdilər. Orta məktəbi bitirəndən sonra BDU-nun filologiyasına qəbul olunmaq istəyirdim. Amma, o dövrün dili ilə desək, “konkursa düşdüm”. Qayıdıb Rustavidəki peşə məktəbində qülləli kran operatoru kursunu bitirdim. Bir neçə ay Rustavi metallurgiya fabrikində krançı işlədim. Sonra Ədəbiyyat İnstitutundan məktub gəldi ki, yaradıcılıq müsabiqəsindən keçmisən, qəbul imtahanlarına buraxılırsan. O dövrün qaydalarına görə, əvvəlcə institutun yaradıcılıq müsabiqəsindən keçmək lazım idi. Müsabiqədən keçmək üçünsə iki nəfər tanınmış imzanın zəmanəti tələb olunurdu. Şeirlərimi rəhmətlik Vladimir Qafarov rus dilinə sətri tərcümə etmişdi. Zəmanəti isə Süleyman Rüstəmlə Nəbi Xəzri vermişdilər. Süleyman Rüstəm Sosialist Əməyi Qəhrəmanı, Ali Sovetin sədri… təsəvvür edirsinizmi? Nəbi Xəzri də ondan geri qalmırdı. Təbii ki, o sənətkarların məndən xəbərləri yoxdu, onda beş-üç şeirim çap olunmuşdu, o da Gürcüstanda. Zəmanəti onlardan atamın xalasının oğlu rəhmətlik Vilayət Rüstəmzadə almışdı. Yeri gəlmişkən, Vilayət Rüstəmzadə gözəl şair olmaqla yanaşı, əvəzolunmaz və bənzərsiz bir tərcüməçi idi. Nə isə, bütün bu təmtəraqlı anturaja baxmayaraq, həmin il məni imtahanlara buraxmadılar. İmtahanlardan əvvəl xüsusi komissiya abituriyentlərlə ayrı-ayrılıqda söhbət aparırdı. Orda dedilər ki, rus dilini yaxşı bilmirsən. Kor-peşman gedib, “Vladimir Elektromor zavodu”nda yarım il krançı işləyəndən sonra, elə oradan əsgərliyə apardılar. Əsgərlikdə kiçik komandir idim, özümə vaxt ayıra bilirdim. Oxuyub-yazmaq imkanım vardı. Höcətə düşüb, rus dilini öyrənməyə başladım. Təxminən bir il sonra hərbi hissəmizi tərifləyən bir məqalə yazıb, ordu qəzetinə göndərdim. Heç gözləmədiyim halda məqaləni çap elədilər və bundan sonra ümumiyyətlə mənə dəyib-dolaşan olmadı. Əsgərlikdən sonra təkrar Ədəbiyyat İnstitutuna imtahan verdim. Yenə həmin komissiya. Raisa Fyodorovna adlı rus dili müəllimi məni tanıdı: “Sən imtahana buraxmadığımız həmin oğlan deyilsən?”. “Həmin oğlanam” – dedim. “Rus dilini harda öyrənmisən?” – soruşdu. “Orduda”, – cavab vedim. Başladı ki, görürsünüz, şanlı Sovet ordusu necə insanlar yetişdirir. Qərəz axır ki, imtahanları verib qəbul olundum.

– “Qorkiçi”lərə münasibət birmənalı deyil. Ən azı indi görünən mənzərə aydın fikir formalaşdırır. Təbii ki, hamıya aid deyil, amma şəxsən mən düşünürəm ki, Azərbaycandan Qorkiyə göndərilənlərin çoxu heç dil də bilməyib, ancaq rus arağından vurub, eşqbazlıq edib. Siz özünüz nə müşahidə edirdiniz orda? Niyə Qorki keyfiyyətli, Azərbaycana qayıdandan sonra məktəb, ənənə formalaşdıran şəxslər yetişdirə bimədi? Günah kimdə və nədə idi?

– Jurnalist gözü ilə baxanda bu mənzərə, bəlkə də, dediyiniz kimi görünə bilər və mən bu iddiada müəyyən bir həqiqət payının olduğunu inkar etmirəm. Bəli, Tverskoy bulvarındakı mühit, Moskva həyatı gənc və əyalətdən gəlmiş çoxlarının başını gicəlləndirirdi. Əsasən də, kimlərinsə dəstəyi, proteksiyası ilə oraya qəbul olunanların. Bohem həyatı, rus arağı, eşqbazlıq macəraları Dobrolyubov döngəsindəki yataqxana divarları arasında kifayət qədər idi. Kimisi elə o bohemanın içində itib getdi, kimisi üçün Moskva sadəcə bir diplom və eyş-işrət xatirəsi olaraq qaldı. Bu, danılmaz bir faktdır. Amma məsələyə bir az daha dərindən və fəlsəfi yanaşmaq lazımdır. Günahı təkcə institutda və ya o tələbələrin iradəsində axtarmaq düzgün olmazdı. Problem həm də o adamların Moskvadan hansı baqajla qayıtmasında və qayıtdıqdan sonra düşdükləri mühitdə idi. Ədəbiyyat İnstitutu insana istedad bəxş etmir, o sadəcə formalaşmış və ya formalaşmaqda olan istedada miqyas qazandırır, dünya ədəbi prosesini öyrədir. Orada gecə-gündüz mütaliə edən, kitabxanalardan çıxmayan, dünya fəlsəfəsini sümüyünə qədər hopduran bir nəsil də var idi. “Niyə məktəb, ənənə formalaşdıran şəxslər yetişdirə bilmədi?” sualına isə cavabım çox konkretdir: o institutu bitirənlər nəinki Azərbaycanda, ümumiyyətlə heç yerdə, heç bir ölkədə məktəb formalaşdırmayıblar. Bu, tamamilə təbii haldır. Çünki, əvvəla, o institutun və ya oranı bitirənlərin belə bir missiyası, öhdəliyi yox idi. Ədəbiyyat İnstitutu bir elmi-tədqiqat akademiyası və ya pedaqoji mərkəz deyil ki, özündən sonra ardıcıllar ordusu buraxsın. İkincisi isə, məktəb rəsmi kabinetlərdə və ya metropoliya auditoriyalarında yox, yerlərdə, doğulduğun coğrafiyanın daxili reallıqlarında, intellektual mühitində və ehtiyaclarında yetişir.

– Necə idi Qorkinin ab-havası? Nələri öyrədirdilər? Öz müasirlərinizlə, o dövrün modern imzaları ilə tanışlıq yaranırdımı?

– Qorki İnstitutunun ab-havasını tək bir sözlə ifadə etmək lazım gəlsəydi, mən oraya “mütaliə və azadlıq adası” deyərdim. Sovet rejiminin ən sərt, ideoloji basqılarının olduğu dövrlərdə belə, o institutun divarları arasında fərqli bir toxunulmazlıq, intellektual sərbəstlik var idi. Biz orada ədəbiyyatı sadəcə bir peşə kimi deyil, dünyanı dərk etmək forması kimi öyrənirdik. Antik ədəbiyyatdan başlayaraq, Qərb və Şərq fəlsəfəsini, dünya ədəbiyyatı tarixini, estetikanı mənimsəməyə çalışırdıq. Bizim müəllimlərimiz hər biri bir məktəb olan böyük alimlər və yazıçılar idi. Məsələn, bizə antik ədəbiyyatı birbaşa dünya şöhrətli filoloq-klassik, akademik Mixail Qasparov tədris edirdi. Onun mühazirələrini dinləmək, mətnə onun gözü ilə baxa bilmək bütöv bir universitetə bərabər idi. Mənim seminar rəhbərlərim məşhur Yevgeni Dolmatovski və İqor Volqin idilər. Yuri Levitanski, Anatoli Pristavkin, Vladimir Makanin, Fazil İsgəndər və s. kimi sənətkarların oxuduğu mühazirələrin hər biri bir hadisəydi.

– O vaxtın Azərbaycanın ədəbi və akademik mühiti ilə hansı fərqləri görürdünüz?

– Açığı, mən Moskvada oxuduğum o illərdə Azərbaycanda cəmi bir-iki dəfə, o da bir neçə günlük olmuşdum. Ona görə də o vaxtkı Bakı ədəbi və akademik mühiti barədə daxildən gələn, geniş və sistemli bir təsəvvürüm yox idi. Mən Bakını və buradakı mühiti yalnız kənardan, Moskvaya gələn soraqlardan, rəsmi mətbuatdan və ya ora gəlib-gedən azərbaycanlı qələm adamlarının söhbətlərindən müşahidə edə bilirdim. Amma sizə bir şey deyim: lokal mövzulara, daxili qruplaşmalara və ənənəvi çərçivələrə qapılmaq kimi məsələlər elə onlara da xasdır. Böyük ölçüdə onların bizdən elə də böyük bir fərqi yoxdur. Hətta bəzi mənfi şeylərdə bizdən də irəli gediblər. Məsələn, öz gözümlə gördüyüm bir mənzərəni deyim: Mərkəzi Ədiblər Evinin birinci mərtəbəsində məşhur dramaturq Qriqori Qorinin cənazəsi qoyulmuşdu, onunla vida mərasimi keçirilirdi. Mənfi birinci mərtəbədə isə başqa bir qruplaşmanın üzvləri şövqlə yeyib-içirdilər, şənlənirdilər... Bizdə belə şeylər mümkün deyil, mənəviyyatımız, mentalitetimiz buna yol verməz. Onlarda ən müxtəlif məsələlər, vəzifə filan ətrafında gedən dava-qırğın bizimkilərdən beşbətərdir.

– Etimad müəllim, sizi adətən az yazmaqda günahlandırırlar? Yazıçı həm də mütəhərrikliyi ilə oxucuya daha çox diqtə edə bilir. Təbii ki, söhbət maklatura ilə məşğul olanlardan getmir. Ən azı, özünüzdən əvvəlki nəsil istedadlı nasirlərdə bu mütəhərriklik müşahidə edilib. 80-lər ədəbi nəsli və onlardan sonrakılarda bu passivlik daha çox nəzərə çarpıb. Bunun səbəbi nədir? Həm özünüzlə bağlı, həm də digər yaşıdlarınızda...

– Özünü oda-közə vurmaq, hər yerdə görünmək, bütün tədbirlərdə iştirak etmək və şəkil çəkdirməkdən söhbət gedirsə, bəli, mütəhərrik deyiləm. Mən illərlə o mütəhərrikliyi milli mədəniyyətimiz üçün fundamental əhəmiyyət kəsb edən nəhəng layihələrə xərcləmişəm. Amma özümü az yazanlar sırasında görmürəm. İkinci romanımı çapa hazırlayıram, bu günlərdə bir parçası “Ədəbiyyat qəzeti”ndə dərc olunacaq. Bu arada “Don Kixot” adında böyük bir pyes yazmışam. Ona yaxın hekayə, saysız esselər və məqalələr… Hələ tərcümə etdiyim kitabları demirəm. “Tövrat”, “Xosrov və Şirin”, Dostoyevskinin seçilmiş əsərləri, Lao Tzının məşhur “Dao De Dzin”, Çexovun, Moravianın, Qoqolun, Folknerin kitabları, neçə-neçə filoloji əsərlər, rus dilinə çevirdiyim kitablar, bunlar yazı deyilmi? Çox təəssüf ki, bizdə tərcüməyə hələ də müstəqil yaradıcılıq sferası kimi baxmırlar. Ona görə tərcümə təsərrüfatı belə bərbad vəziyyətdədir. İkincisi də, yazıb tarixdə qalmamaqdandasa, yazmayıb tarixdə qalmamaq yaxşıdır. Mən özümü qətiyyən passiv adam saymıram, istədiyim vaxt istədiyim mövzuda fikirlərimi bildirmişəm. Minlərlə səhifəlik dünya bədii və elmi əsərini Azərbaycan dilinə qazandırmaq, bu mətnlərin hər bir cümləsi üzərində tər tökmək passivlikdirmi?

– Hazırda nə yazırsız? Yeni hekayə, povest, roman...

– Dediyim kimi, yeni “Gözyaşı qapısı” romanımı və Servantesin məşhur romanının motivləri əsasında yazdığım “Don Kixot” pyesini çapa hazırlayıram. Onu da deyim ki, Dövlət teatrlarından biri “Don Kixot”u səhnələşdirmək istəyir. İnşallah olar.

– Uzun illər Azərbaycan Dövlət Tərcümə Mərkəzində fəaliyyət göstərdiniz. Əvvəlcə ondan başlayaq ki, bu mərkəz Azərbaycan ədəbiyyatını dünyaya, müasir dünya ədəbiyyatını Azərbaycana tanıtmaq hədəfinə nə qədər çata bilmişdi? Ümumiyyətlə, belə hədəf mövcud idimi?

– Sualınızın sonundakı subyektiv şübhəyə rəğmən, qətiyyətlə deyə bilərəm: bəli, belə bir hədəf nəinki mövcud idi, o, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin əsas strateji xəttini təşkil edirdi. Mərkəz fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan ədəbiyyatı ilə dünya ədəbiyyatı arasında kortəbii deyil, məhz dövlət səviyyəsində sistemli, ikitərəfli bir körpü qura bildi. Bizə qədər dünya ədəbiyyatı klassiklərinin bir çoxu dilimizə rus dilindən, özü də sovet senzurasının filtrlərindən keçərək gəlmişdi. Müasir dünya ədəbi fikri isə, çox zaman yarıtmaz tərcümələr ucbatından oxucumuza demək olar ki, çatmırdı. Mərkəz bu boşluğu titanik bir əməklə doldurdu. Ədəbiyyatı dünyaya çıxarmaq sadəcə bir kitabı tərcümə edib rəfə qoymaq deyil. Bu həm də ciddi geopolitik və mədəniyyət siyasətidir. Mərkəz fərqli ölkələrin aparıcı nəşriyyatları, yazıçı birlikləri və dövlət qurumları ilə birbaşa əlaqələr qurdu. Azərbaycan ədəbiyyatı antologiyaları ingilis, rus, fransız, ərəb, ispan, alman və digər dünya dillərinə peşəkar şəkildə tərcümə edilərək həmin ölkələrin mərkəzi kitabxanalarına, universitetlərinə və ədəbi dairələrinə çatdırıldı. Təbii ki, görülən işlərin hamısını ideal adlandırmaq olmaz, ədəbi proses canlı orqanizmdir, hər zaman daha yaxşısını etmək imkanı var. Xüsusilə xaricdə kitabların yayımı, distribusiyası və təbliği sahəsində müəyyən obyektiv çətinliklər hər zaman yaşanır. Lakin bir həqiqət var: Tərcümə Mərkəzi Azərbaycanı beynəlxalq ədəbi xəritədə görünən, fəal və ciddi tərəfdaş kimi qəbul etdirmək hədəfinə böyük ölçüdə nail oldu.

– Mərkəzi ləğv edilməsi neçə-neçə yazıçı, tərcüməçinin işsiz qalmasına səbəb oldu. Necə qarşıladınız bu xəbəri?

– Çox da şad olmadım.

– Xalq yazıçısı Kamal Abdulla Azərbaycan Dillər Universitetində “Xəzər” jurnalının fəaliyyətini davam etdirdi və siz də daxil olmaqla, bəzi keçmiş Tərcümə Mərkəzi əməkdaşlarını bir yerə topladı. Onların, demək olar, hamısı tanınmış insanlardır. Bu addım “filankəs bir para çörəyindən qalmasın” məqsədi daşıyır, ya jurnalın, qəzetin sıradan çıxdığı dövürdə “Don Kixotluq” etmək, inqilab etmək istəyirsiniz?

– Sualınızdakı hər iki ehtimal məsələnin mahiyyətini tam ifadə etmir. Çünki burada söhbət nə kiməsə çörək verməkdən gedir, nə də yel dəyirmanları ilə faydasız mübarizədən. Söhbət Azərbaycanın ədəbi və intellektual elitasının bütövlüyünü, onların illərlə formalaşmış peşəkar potensialını qoruyub saxlamaqdan gedir. Kamal Abdulla təkcə böyük yazıçı yox, həm də strateji düşünən bir elm və mədəniyyət xadimidir. O, çox gözəl anlayır ki, intellektual resursları yetişdirmək onilliklər tələb edir, lakin onları dağıtmaq, itirmək bir anın işidir. “Xəzər” Azərbaycan tərcümə məktəbinin formalaşmasında müstəsna xidmətləri olan, tarixi missiya yerinə yetirən bir jurnaldır. Jurnalın kollektivi nadir mütəxəssislər, tanınmış imzalardır. Saday Budaqlı, Nəriman Əbdülrəhmanlı, Mahir Qarayev, Yaşar, Salam Sarvan kimi sənətkarlardan söhbət gedir. Çap mediasının böhran yaşadığı bir dövrdə bu addımı “Don Kixotluq” adlandırmaq, bəlkə də, kənardan cəlbedici görünə bilər. Amma mən buna başqa ad verərdim: bu, mədəni müqavimətdir. Bəli, bu gün internet, sosial şəbəkələr, vizual kontent önə çıxıb. Lakin ciddi, akademik və fundamental ədəbi jurnalların yeri tamamilə fərqlidir. “Xəzər” jurnalı heç vaxt kütləvi tiraj üçün nəzərdə tutulmayıb. O, elitar oxucu, tələbələr, gənc tədqiqatçılar və gələcəyin mütəxəssisləri üçün bir məktəbdir. Dillər Universitetinin mühitində bu jurnalın yenidən nəfəs alması həm də gənc nəslin birbaşa o peşəkar mühitlə təmasına şərait yaradır. Özünə hörmət edən bütün mədəni ölkələrin öz “Xəzər”i var və mən şəxsən jurnalı yaşatmağa qərar vermiş Prezident Administrasiyasına və Dillər Universitetinin rəhbərliyinə burdan təşəkkür etməyi özümə borc bilirəm.

– Ara-sıra Azərbaycan dilinin saflığının qorunması naminə bəzi qələm dostlarımız can-fəşanlıq edirlər. Onların arasında tutarlı arqumentlərlə çıxış edənlər də var. Xüsusən, əvvəlki nəslin dilində rus sintaksisinin əsintilərin görürdüksə, indi türk cümlə quruluşları parazitlərlə bəzi nasirlərin dilinə oturur. Siz isə adətən bu çıxışlara müxalif mövqe sərgiləyirsiz. Belə bir mühafizəkarlığın lazımsız olduğunu deyirsiniz. Səbəb nədədir?

– Mənim bu məsələdəki mövqeyim müxalif olmaqdan daha çox, elmi və realdır. Dil muzey eksponatı deyil ki, onu şüşə arxasında saxlayıb tozunu silək. Dil canlı bir orqanizmdir, o nəfəs alır, qidalanır, dəyişir və ən əsası, hərəkət edir. Onu zorla bir çərçivəyə salıb “saflaşdırmaq” cəhdləri çox vaxt dilin inkişafını iflic etməkdən başqa bir şeyə yaramır. Sualınızda haqlı olaraq qeyd edirsiniz: bir dövrün ədəbiyyatında rus sintaksisinin, bu günün nəsrində isə türk cümlə quruluşlarının təsiri görünür. Amma gəlin fərqinə varaq: bu, qorxulu bir fəlakət deyil, təbii mədəni-tarixi prosesdir. Biz onilliklər boyu rus dilli elmi və bədii mühitin daxilində olduq, bu gün isə böyük bir türk mədəniyyət və media məkanının təsiri altındayıq. Dil özünə lazım olanı götürür, yad olanı isə zamanla onsuz da rədd edir. Vaxtilə dilimizə ərəb-fars tərkibləri də eyni şəkildə kütləvi daxil olmuşdu, lakin Füzuli o dildən dünya şedevri yaratdı. Mənim qarşı çıxdığım məqam dilin özü yox, onun ətrafında yaradılan süni fundamentalizm və linqvistik aqressiyadır. Yazıçını sərbəst buraxmaq lazımdır. Əgər bir yazıçı tərcümə etdiyi və ya oxuduğu rus klassiklərindən, tutaq ki, Dostoyevskidən, Çexovdan gələn o mürəkkəb, analitik cümlə strukturunu Azərbaycan dilinin imkanları daxilində uğurla həzm etdirə bilibsə, bu, dili korlamır. Əksinə, dilin ifadə imkanlarını genəldir, onu sadəcə məişət dili olmaqdan çıxarıb böyük fəlsəfənin, elmin dilinə çevirir. Eləcə də müasir türk dilinin gətirdiyi bəzi dinamik ifadə formaları çevik mətni formalaşdırmağa kömək edə bilər. Söhbət təqliddən və parazit sözlərdən getmir, söhbət sintaktik zənginlikdən gedir. Mən dünya ədəbiyyatının ən çətin mətnlərini, Folknerin “Səs-küy və hiddət”indəki mürəkkəb daxili monoloqları, şüur axınını, Lao Tzının “Dao de Dzin”indəki fəlsəfi aforizmləri, Dostoyevskinin mürəkkəb psixoloji cümlələrini Azərbaycan dilinə çevirəndə bir şeyin şahidi oldum: bizim dilimizin daxili potensialı, çevikliyi və intonasiya imkanları o qədər nəhəngdir ki, o, hər bir dünya dühasının nəfəsini özündə əks etdirə bilir. Buna görə də, dili qorumaq canfəşanlığı ilə onun qapılarını pəncərələrini bağlamaq olmaz. Dil qorxudan yox, böyük mətnlərin daxilində sınaqdan keçərək təmizlənir. Yaxşı yazıçı onsuz da dilin instinktini hiss edən adamdır. Parazit quruluşlar gəldi-gedərdir, amma dilin o böyük magistral yolu həmişə qalır. Bizə lazımsız mühafizəkarlıq yox, dilin imkanlarına inanan cəsarətli mətnlər lazımdır. Bilmək lazımdır ki, bədii mətn yazıçının sərbəst uçuş zonasıdır. Baxın, bir var rus dili, bir də var Dostoyevskinin dili, Qoqolun dili, Şoloxovun dili. Bunlar elə bu adlar altında da öyrənilir. Bizimkilər hamıdan eyni, standartlaşmış dildən istifadə etməyə zorlayır. Olan iş deyil.

– Nəsillərarası qarşıdurmalarda o qədər də adınız tez-tez çəkilməsə də, bəzən polemikalara qoşulursunuz. Amma gənclər çox vaxt peşəkar qələm adamı hesab etdiklərinin susqunluğunu qəbul etmir. Məsələn, Saday Budaqlı, Fəxri Uğurlu, Səfər Alışarlı... siyahını genişləndirmək olar... bu sırada olan püxtə imzalar yeni imzalara laqeyddilər, heç bir reaksiya, müsbət, yaxud mənfi rəy yoxdur. Gənclik özlüyündə haqlıdır. Siz bu barədə nə düşünürsüz?

– Bu sual daha çox ədəbi mühitdə tez-tez gündəmə gələn ustad-şagird münasibətləri və nəsillərarası rabitəsizlik barədədir. Sualda adı çəkilən müəlliflər, Saday Budaqlı, Fəxri Uğurlu, Səfər Alışarlı və s. həqiqətən də ciddi, təmkinli və mətbuatın səs-küyündən uzaq duran imzalardır. Gənclərin haqlı tərəfini qəbul etməklə yanaşı, qeyd olunan yazıçıların bu susqunluğunu laqeydlik kimi yox, ədəbi məsuliyyət və fərqli bir yaradıcılıq etikası kimi izah etməyin tərəfdarıyam. Digər tərəfdən, bu gün ədəbi mühitdə rəy bildirmək, tənqid etmək çox riskli və təhlükəli bir işə çevrilib. Təəssüf ki, müasir gəncliyin mühüm bir hissəsi bədii tənqidə fərdi müstəvidə yanaşır, ən obyektiv iradı belə şəxsi qərəz kimi qəbul edir. Belə bir aqressiv sferada püxtələşmiş yazıçıların kənara çəkilib sadəcə müşahidə etməsi özünüqoruma instinktidir.

– Cavanlardan kimləri oxuyursuz? Kim ürəyinizcədir? Yeni çıxan silsilə romanları əldə edib vərəqləməyə cəhd göstərmisinizmi?

– Fürsət düşdükcə mütləq maraqlanıram. Orxan Həsəni, Orxan Saffari, Ulucay Akif, Orxan Cuvarlı, Vüqar Van, Xaqan, Əli Zərbəli, Təvəkkül Boysunar, sən özün… maşallah çoxsunuz, çatdırıb oxumaq da olmur.

– Son vaxtlar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın sədrliyi, bunun ətrafında gedən söz-söhbətlə bağlı fikirləriniz müzakirələrə səbəb oldu. Sizin bu mövqeyinizə haqq qazandıranlarla yanaşı, tənqid edənlər də tapıldı. Bu polemikanın əsası və birdən, ilin-günün bu vaxtı bu sədrlik məsələsini gündəmə gətirməyinizə səbəb nə idi?

– Ədəbiyyatda və ziyalı mühitində prinsipləri deməyin xüsusi bir təqvimi və ya uyğun zamanı olmur. Söz o zaman deyilir ki, ətrafda gedən müzakirələr artıq ədəbi sferadan çıxıb, ucuz bir inzibati və fərdi hücum kampaniyasına çevrilir. Mən məhz həmin məqamda susmağı özümə rəva bilmədim. Mənim polemika yaradan mövqeyimin əsası çox sadə və sərast bir məntiqə söykənir: idarəetmədə əvəzolunmaz adamlar olmaya bilər, lakin ədəbiyyatda və mədəniyyətdə hər bir böyük imza təkrarolunmazdır. Anar sadəcə bir təşkilatın rəsmi sədri, bir məmur deyil. Anar ötən əsrin 60-cı illərindən bəri Azərbaycan ictimai-bədii fikrini formalaşdıran, sosrealizmin şablonlarını dağıdan, dilimizin və mədəniyyətimizin estetik xəritəsini çəkən bir neçə nəhəng sütundan biridir. Bu gün onun sədrliyinə qarşı çıxanların böyük əksəriyyəti, təəssüf ki, məsələyə ədəbi meyarlarla yanaşmırlar. Onların etirazı institusional islahat tələbi deyil, sadəcə Anar şəxsiyyətinə qarşı daxili bir aqressiyanın təzahürüdür. Baxın, bu gün sizə deyirəm, Yazıçıla rBirliyinin və cameəsinin əsl problemləri Anar sədrlikdən gedəndən sonra başlayacaq. Mən o yazımda da qeyd etmişdim: Anar öz dövründə köhnə təfəkkürə qarşı çıxanda bunu inzibati yollarla deyil, “Ağ liman”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlərlə, yəni ortaya yeni ədəbi alternativ qoymaqla etmişdi. Bu gün onun sədrliyini tənqid edənlər isə ortaya heç bir ciddi bədii alternativ qoya bilmirlər. İnkardan quruculuğa keçə bilməyən, strategiyası yalnız dağıtmaq və iddia üzərində qurulan hər bir hərəkat gec-tez sönməyə məhkumdur.

– Anardan sonra kimi AYB sədri kimi görürsüz?.. Ümumiyyətlə, AYB-nin gələcəyini necə görürsüz? Sizcə necə olmalıdır? Struktur, funksionallıq dəyişməlidirmi?

– AYB sədrinin kim olacağı məni qətiyyən maraqlandırmır. Mənə lazım olsa, özüm bir təşkilat quraram.

– Mənə elə gəlir, “Min yol mənə söylər”dəki baş qəhrəmanın prototipi Etimad Başkeçidin özüdür. 80-ci illərin sonu… 90-cı illərin əvvəli… Moskvada oxuyan azərbaycanlı gənc… O vaxtdan gündəlik qeydlər aparırdınız, ya sonra yazmaga başladınız? Bu romanın yazılma prosesindən danışaq.

– Floberdən məşhur romanının qəhrəmanı haqqında soruşanda, qısaca belə cavab vermişdi: “Madam Bovari mənəm”. Bu mənada “Min yol mənə söylər...” romanındakı o azərbaycanlı gənc də müəyyən mənada elə mənəm. Onun Moskvada çəkdiyi mənəvi iztirablar, o epoxanın kəsişməsində yaşadığı tənhalıq elə mənim hüceyrələrimdən süzülüb gələn hisslərdir. Yazılma prosesinə və gündəliklərə gəlincə, yox, mən o illərdə “gələcəkdə bir roman yazacağam” deyə xüsusi, sistemli gündəlik qeydləri aparmırdım. Mən o mətni Moskvada oxuyarkən yox, illər sonra, həmin hadisələrə tamamilə fərqli bir zamandan və məsafədən baxmaq imkanı qazananda yazmağa başladım.

– Etimad Başkeçid “Min yol mənə söylər”də insanın öz yolunu tapması, seçimləri barədə götür-qoy edir. Bəs özü necə, tapa bildimi yolunu? Geriyə baxanda nələri “başqa cür edərdim” deyirsiniz?

– İnsanın bu dünyada öz yolunu tapması birdəfəlik baş verən, nöqtəsi qoyulan bir hadisə deyil. Yol dinamik bir prosesdir. İnsan hər yaşda, hər yeni mərhələdə o yolu yenidən kəşf edir, bəzən itirir, bəzən isə tamamilə fərqli bir cığıra çıxır. Əgər bir adam qətiyyətlə “mən öz yolumu tapmışam və artıq mənzil başındayam” deyirsə, demək, onun mənəvi və yaradıcı inkişafı dayanıb. Bəs geriyə baxanda nələri başqa cür edərdim? Bilirsiniz, gənclikdə insana elə gəlir ki, zaman sonsuzdur, hər şeyə vaxt çatacaq. İndi, yaşın müəyyən bir zirvəsindən geriyə boylananda bəlkə də ən çox təəssüf etdiyim şey zamanı bəzən çox səxavətlə, bəzən də bir az israfçılıqla xərcləməyimdir. Ola bilsin ki, bəzi inzibati işlərə, ədəbi mühitin daxilindəki mənasız, ötəri polemikalara, enerjimi bölən xırda məişət qayğılarına bu qədər çox vaxt ayırmazdım. Rus və ya dünya ədəbiyyatının nəhənglərini tərcümə etməyə sərf etdiyim o titanik enerjinin bir azını da öz bədii nəsrimə ayırardım. Amma yenə də taleyə qarşı böyük bir üsyanım və ya radikal peşmançılığım yoxdur. Yaşanan hər şey, edilən hər bir seçim elə o böyük Yolun bir parçası idi. Mən sadəcə o yolu ləyaqətlə yürüməyə çalışmışam və bu gün də davam edirəm.


# 232 dəfə oxunub

Oxşar xəbərlər

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Sabir Əhmədli haqqında

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız – Sabir Əhmədli haqqında

10:40 10 iyul 2026
Nazım Hikmetin böyük eşqi - Pirayenin gizli arxivi ilk dəfə yayımlandı

Nazım Hikmetin böyük eşqi - Pirayenin gizli arxivi ilk dəfə yayımlandı

10:14 10 iyul 2026
"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

"Yaltaqlıq bu gün ən sərfəli valyutadır" - Qorxmaz Quliyev

19:00 9 iyul 2026
50 yaş  təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

50 yaş təkcə təqvim rəqəmi deyil... - Miri Rəsulzadə

18:30 9 iyul 2026
"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

"Kafir" adlandırıldı, dəfninə 15 nəfər getdi - Seyid Əzim Şirvani niyə rus dilini öyrənməyimizi istəyirdi?

17:00 9 iyul 2026
Vaqif Poeziya Günləri başlayır

Vaqif Poeziya Günləri başlayır

16:35 9 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər