Əlilliyi olan uşaqlar nə üçün məktəbə gedə bilmirlər?

Əlilliyi olan uşaqlar nə üçün məktəbə gedə bilmirlər?
5 yanvar 2023
# 11:30

Kulis.az Həcər Bayramın "Onları doğmalarına yük etməyin…" adlı yazısını təqdim edir.

Keçən həftə sonu Gənclik Mallda idim, şoppinqə çıxmışdım. Uzaqdan bir cütlük gördüm, paltar mağazasında alış-veriş edirdilər. Cavan adamlardılar, bir qız və əlil arabasında oturmuş cavan oğlan... Əyin-başları çox təmiz və səliqəli idi, zövqlə geyinmişdilər. Bir-biriləri ilə olduqca mehriban davranır, dinləyir və nəzakətlə cavab verirdilər. Qız paltar seçir, arada bəyəndiyini üstünə tutub oğlana tərəf baxırdı. Oğlan da gülümsəyib, qıza cavab verirdi. Doğrudan da, bir-birlərinə çox yaraşırdılar. Bir-birilərinə sevgi dolu gözlərlə baxmalarını uzaqdan belə görmək olurdu.

Görüntü elə gözəl idi ki, yalan olmasın, on dəqiqə dayanıb, cütlüyə tamaşa elədim.

Bəziləri deyə bilər ki, bu, pozitiv diskriminasiyadır, əlilliyi olan insanlar dayanıb, seyr eləmək üçün deyil. Onlar da hər kəs kimi, şoppinqə gedə bilər və bunu əlahiddə bir şey kimi təqdim etmək doğru olmaz. Razıyam. Amma gəlin, bununla da razılaşaq ki, biz hər gün şopinq edən, küçədə əlil arabası ilə rahat hərəkət edən, ictimai yerlərdə rahat otura bilən, kinoya-teatra gəlib, baxa bilən fiziki məhdudiyyətliləri hər gün görmürük. Nəinki bu sadaladıqlarım, heç minimal insani ehtiyacları qarşılanan əlilləri belə, hər gün görmürük…

Məsələn, mənim Rasim adlı tələbəm var. On üç-on dörd yaşlı, ortaboylu, iri gözləri olan, qaraşın oğlandır. Uşaq serebrial iflicindən əziyyət çəkir. Rasim xüsusi məktəbdə oxuyur. Həftədə üç dəfə onların evinə gedir, Rasimlə məşğul oluram. Əslində, Rasim normal orta məktəblərdən birində oxuya bilər. Amma hər gün onu əlil arabası ilə məktəbə aparıb-gətirmək olduqca çətindir. Üstəlik, Rasimin məktəbi Bakının mərkəzində, evi isə Biləcəridə yerləşdiyi üçün, məsafə olduqca uzaqdır.

Ailə bu qədər yolu, ya hər gün taksi ilə, ya da ictimai nəqliyyatla gedib-gəlməlidir. Amma taksiyə maddi imkanları imkan vermir. İctimai nəqliyyat isə o zaman mümkün olardı ki, şəhərdəki bütün avtobuslar əlil arabalarını minməsi üçün uyğun olsun. Şəhərdə hərəkət edən avtobusların isə ancaq bir qismində var. Üstəlik, yollardakı tıxac... Övladlarını oxutmaq istəyən bir ailənin qarşısında duran saysız-hesabsız maneələr, çətinliklər…

Bu gün ölkəmizdə Rasim kimi əlilliyi olan yüzlərlə uşaq var. Onların hamısının yaşıdları ilə bərabər təhsil almaq, oynamaq, sosiallaşmaq, ünsiyyət qurmaq, əylənmək haqqı var. Onlar da yaşıdlarının yaşadığı dünyada, atmosferdə, gündəlik rutində olmaq, özlərini onlarla eyni dalğada hiss etmək istərdilər. Amma təhsil ocaqlarının inklüziv olmaması belə uşaqların ən sadə, xırda arzularını ürəyində qoyur.

Amma həqiqətdən qaça bilmirik. Rasim kimi uşaqlar ya evdə oxumalı, ya da xüsusi təhsil müəssisələrində nəsə öyrənməlidirlər. Halbuki, mütəxəssislər deyir ki, əlilliyi olan uşaqların evdə oxuması, yaşıdlarından təcrid edilərək, xüsusi təhsil alması onlara pis təsir edir. Cəmiyyətdən ayrılmış, evə qapadılmış uşaqlarda gələcəkdə özlərinə inam az olur, özünü əskik görür və bir sıra başqa problemlər yaşayır. Onlar cəmiyyətə normal inteqrasiya edə bilməyəcək və maliyyə cəhətdən müstəqillikdən məhrum olacaq. Yetkinlik yaşına çatanda isə valideynlərin, qəyyumların və başqa ailə üzvlərinin dəstəyinə möhtac qalacaqlar.

Bu uşaqların, ya da əlilliyi olan böyük insanların tək dərdi təhsildirmi? Yox. İnsan həyatını elə bir sahəsi, elə bir tərəfi yoxdur ki, əlillərin orda problemləri olmasın. Başımızı qaldırıb, ətrafımıza baxaq. Gündəlik həyatda küçədə, ictimai yerlərdə əlilliyi olan insanlara nadir hallarda rast gəlirik. Halbuki, onlar var, onlar bizimlə eyni şəhərdə, eyni binada, eyni bloklarda yaşayır. Amma biz onları görmürük. Çünki bu adamlar öz yaşıdları kimi dinamik, maraqlı həyat sürə bilmirlər. Sosiallaşa bilmirlər. Kafeyə-restorana, kinoya-teatra gedə bilmirlər. Toylara-yaslara gəlmirlər.

Bunların səbəbi təkcə imkansızlıqdırmı? Yox. Min dənə səbəb var. Onu bir tərəfə qoyaq ki, dövlət və ailə əlillərin sosiallaşma, mədəni həyat, asudə vaxt problemini dərd hesab etmir, buna vəsait və personal ayırmır. Ən pisi, ən dəhşətlisi cəmiyyətin əlillərə münasibətidir. İnsanlarımızın beynində əlillərlə bağlı stereotipləri var. Əlilliyi olan adam görəndə qulaqlarını çəkən, iraq olsun deyən, mərhəmət dolu baxışlarını zilləyən, hündürdən dua oxuyan, ən pis halda isə əlilə nəzir uzadan adamlar şəhərdə, küçədə, ictimai yerlərdə doludur.

Bunların hamısı əlilliyi olan insanlar üçün travmadır, psixoloji şiddətdir, diskamfortdur. Bu kimi münasibətlər əlilləri asosial edir, evə qapanmağa məcbur edir, insanlardan uzaqlaşdırır. Fiziki imkanları məhdud olan insanların ailələri ən yaxşı halda onlara şəhərdən, mərkəzdən uzaq, həyət evlərində qayğı göstərməyi seçir ki, bu da əlilləri qaynar həyatdan uzaqlaşdırır. Nə etsinlər, belə yerlərdə əlil arabasında oturan adamı heç olmasa, təmiz havaya çıxarmaq rahatdır.

Əlillərə qayğı məsələsində ən böyük yük ailələrinin üstünə düşür. Valideynlər nə qədər ki, sağdır, uşaqlarına baxır, maddi-fiziki qayğılarını öz üzərinə götürür. Bəs valideynlər dünyasını dəyişəndən sonra nə olur? Bu adamlara kim qayğı göstərəcək, onların xərclərini kim qarşılayacaq, xırda məişət işlərini kim üstlənəcək? Yaxşı halda, ailə qurubsa, öz uşaqları, ailə qurmasa, bacı-qardaşları və ya onların uşaqları…

Bu da nə deməkdir? Kiminsə boynuna belə ağır yük qoymaq. Ömürlük bir qayğını o adamlara zəncirləmək. Mərhəmət, humanizm, insanpərvərlik gözəl anlayışlardır, bəs öz əlilliyi olan bacı-qardaşlarına, valideynlərinə baxmağı o adamlar özləri seçiblərmi? Yox. Buna görə də, əlilliyi olan doğmalarını dövlət himayəsinə verməyə məcbur olan qohumları demonizə etməkdənsə, fiziki imkanları məhdud adamlara gələcəkdə özlərini rahat dolandıra biləcək təhsil, peşə, bilgi vermək, el dili ilə desək, əllərini çörəyə çatdırmaq daha uğurlu plandır.

Əlində yaxşı işi, təhsili, qazancı olan bu adamlar gələckdə özlərinə köməkçi tutar, evində rahat hərəkət etmək üçün infrastruktur qurar, heç kimsəyə möhtac olmazlar. Ömürlük kiməsə fiziki və maddi yük olmaq kimi ağır, öldürücü bir mənəvi yükdən xilas olarlar.

Bizdə isə əlliliyi olan uşaqların valideynləri onun təhsili, gələcək karyerası yerinə, tez evləndirməyi düşünür. Bu da anlaşılandır, çünki əlilliyi olan insanlarla həyat yoldaşı tapmaq daha çətin olur. Partnyorları razı olsa da, ailələri mane olur, insanlar övladının əlilliyi olan biri ilə ailə qurmasını istəmir. Əslində, bunun da səbəbi daha çox maddi məsələdir, çünki əlilliyi olan insan, bir qayda olaraq, gəlirsiz insan kimi qəbul edilir. Məsələn, əlilliyi olan biri ilə ailə qurmaq istəyən qızı olan ailə düşünür ki, qızlarının evlənmək istədiyi adam gələcəkdə arvad-uşağını necə saxlayacaq? İmkanı yaxşı olan ailələrdə bu problem daha tez həll oluna bilir, onlar uşaqlarını daha tez evləndirə bilirlər. Hər necə olsa, ortada bir sosial təminat var. Kasıb ailələrin övladları əlilliyi olanda, şans daha az olur. Bu kimi səbəblər, valideynləri vadar edir ki, əlilliyi olan uşaqları böyüyər-böyüməz onları evləndirmək barədə düşünsünlər. Əslində, bir növ uşaqlarının gələcəyini sığortalayırlar. Düşünürlər ki, biz dünyamızı dəyişəndən sonra uşağımıza baxan, yeməyini verən olsun, qulaq yoldaşı olsun. Daha düşünmürlər ki, təhsili, gəliri olmayan fiziki məhdudiyyətli birini yük kimi başqasına ötürmüş olurlar.

Avropa ölkələrinə yolum düşəndə bir şey diqqətimi çox çəkmişdi. Əlil arabasında oturmuş, görmə qabiliyyətini itirmiş insanların küçədə rahatlıqla hərəkət etdiyini, ictimai yerlərdə əyləndiyini görürdüm. Onlar hamı kimi, öz normal həyatlarını yaşayırlar. Bunun üçün ailə də, dövlət də əlindən gələni edir. Məsələn, Fransada həyat yoldaşı əlilliyi olan insanlara uşaqlarına və yoldaşına qulluq etdiyinə görə dövlət tərəfindən yaxşı müavinət verilir.

BMT Uşaq Fondunun təqdim etdiyi rəqəmlərə görə Azərbaycanda qeydiyyatda təxminən 72 min sağlamlıq imkanları məhdud olan uşaq var. Bunlardan 54000 nəfəri ibtidai və orta məktəb yaşındadır. Amma məktəb yaşındakı bu əlilliyi olan uşaqların cəmi iyirmi faizi təhsilə cəlb olunub, qalan səksən faizi isə təhsildən kənardadır.

Bu sahədə işləyən mütəxəssis kimi demək istərdim ki, əlilliyi olan uşaqların təhsilə hazırlıq və təhsilə cəlb edilməsi işləri xeyli öncədən başlanılmalıdır. Bununla bağlı uğurlu beynəlxalq təcrübələrdən yararlanmaq lazımdır. Belə ailələrə xüsusi qayğı göstərilməli, ailələr bu mövzularda maarifləndirilməli, bunun üçün də mütəxəssislərlə seminarlar və görüşlər təşkil olunmalıdır.

# 2292 dəfə oxunub

Oxşar xəbərlər

Bakıda Qırğız Mədəniyyəti Günləri  keçiriləcək

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

16:40 20 aprel 2024
Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

Moskvada Tağıyevin xatirə gecəsi keçirildi

16:00 20 aprel 2024
DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

DokuBaku Beynəlxalq Film Festivalına müaciətlə qəbul olunur

15:00 20 aprel 2024
Nəvəsi Cavaşir Məmmədovu yad etdi

Nəvəsi Cavaşir Məmmədovu yad etdi

14:18 20 aprel 2024
Məşhur reper saxlanıldı - Səbəb

Məşhur reper saxlanıldı - Səbəb

13:35 20 aprel 2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi

13:06 20 aprel 2024
# # #