Kulis.az "Atamın xatirəsi" layihəsindən Ülvi Bahadırın tanınmış şair, tərcüməçi Ələkbər Salahzadənin qızı Xatirə Salahzadə ilə müsahibəsini təqdim edir.
— Ələkbər bəy necə ata idi?
— Evdə çox demokratik idi. Demək olar ki, bizim heç bir fikrimizə, qərarımıza qarşı çıxmırdı. Düzdür, öz fikirlərini, məsləhətlərini mütləq bildirərdi, amma müdaxilə etməzdi, qərarlarımızı öz öhdəmizə buraxırdı. Yəni demək olar ki, müəyyən çərçivələrdə, amma sərbəst böyümüşük.
— Necə ailədə doğulmuşdu?
— Uşaqlıq dövrü müharibə illərinə – 1941-ci illərə təsadüf edib. Atası Baba Məmmədsalahov kolxoz sədri olub. Anası Nəcimə xanım bəy nəslindən idi. Nəcib bir ailədə anadan olub. Beş qardaş, beş bacı olublar. Qardaşların hamısı ali təhsilli, savadlı insanlar olub. Bacılarının həyat yoldaşları da müəllim, ziyalı şəxslər olub.
— Deyirlər, qardaşlarından biri müharibədə həlak olub?
— Xeyr, belə bir şey olmayıb. Sadəcə, iki qardaşı həkim olub, kiçik qardaşı o vaxt Qarabağ müharibəsi illərində həkim olaraq xidmət edib. Böyük qardaşı isə 70-ci illərdə Almaniyaya 5 il müddətinə həkim olaraq göndərilib. Həlak olmaq məsələsi isə atamın Alim adında öz əmisi barəsindədir. Atamın əmisi 1941-ci ildə müharibəyə gedib və geri qayıtmayıb.
— Qubada doğulub, amma əslən Ağsudan olduğu deyilir.
— Sadəcə belə bir söhbət var ki, ulu babaları nə vaxtsa Ağsudan gəlib. Amma bu da dəqiq məlumat deyil. Özü Qubanın Cimi kəndində doğulub. Orta təhsilini isə Qonaqkənddə alıb.
— Özü bu barədə danışırdı?
— Bəli, belə deyirdi. Amma tam dəqiq xatırlamıram, daha çox atasından eşitdiyi məlumat kimi danışırdı. Yəni bunu tam etibarlı mənbə saymaq olmaz.
— Bəs onu ədəbiyyata gətirən nə olub?
— Uşaqlıqdan ədəbiyyata həvəsi olub. İlk şeiri “Pioner” qəzetində çap olunub. Məktəbdə oxuyarkən direktora pul yığıb verirmiş ki, Bakıya gedəndə onun üçün kitab alsın. Hətta ona lüğət də gətiriblər. Dil öyrənməyə böyük marağı olub. Belə-belə başlayıb.
— Niyə soruşuram: o vaxt da, indi də ədəbiyyatla məşğul olmaq daha çox kasıb təbəqəyə aid edilib. Amma Ələkbər bəy kolxoz sədrinin oğlu olub. Bu ona mane olmayıb ki?
— Xeyr, mane olmayıb. Sadəcə, atası həmişə deyirdi ki, universitetdə dərs desin. Maddi baxımdan daha sabit olmasını istəyirdi. Amma atam heç vaxt bunu istəmirdi, qəti şəkildə universitetdə qalıb müəllim olmaq istəmirdi. Yalnız yaradıcılıqla məşğul olmaq istəyirdi.
— Onun hansı sahəni seçməsini istəyirdilər?
— Dəqiq bilmirəm. İki əmim həkim olub, digərləri iqtisadiyyat üzrə təhsil alıb. Yalnız atam filoloq olub, ədəbiyyat yolunu seçib. Hamısından fərqli olub.
— Təhsili də filologiya üzrə olub?
— Bəli. O vaxtkı Azərbaycan Dövlət Universitetində.
— Onun dostları kimlər idi? Sizə kimlər gəlib-gedirdi?
— Ən yaxın dostları İsa İsmayılzadə, Abbas Abdulla, Çingiz Əlioğlu olub. Onlar həm də tələbə yoldaşı olublar. Bizə tez-tez gələn elə onlar olub. Ümumiyyətlə, həyatının müxtəlif dövrlərində çox insanlarla gözəl dostluq, yoldaşlıq, həmkarlıq münasibətləri olub. Anar, Fikrət Qoca, Fikrət Sadıq, Elçin, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Kamal Abdulla, Rafiq Səməndər, Camal Yusifzadə, Vaqif Əlixanlı, Çingiz Əlioğlu, Tofiq Nurəli, Vaqif Arzumanlı, Qaçay Köçərli və digərlərinin adını çəkə bilərəm. Camal əmi qapıbir qonşumuz olub. Çox tez-tez bizim evdə görüşüb uzun-uzadı söhbət edərdilər. Vaqif Əlixanlı da bizim evin qonağı olub.
— Yaxın dostları ilə onu nə bağlayırdı? Sadəcə tələbə yoldaşlığı idi?
— Əsasən ədəbiyyat. Görüşəndə daha çox ədəbiyyatdan danışırdılar. Yəqin ki, eyni problemləri də yaşayırdılar. İsa İsmayılzadənin bağına yığışardılar. Hətta bir dəfə məni də özü ilə aparmışdı.
— Adətən şairləri daha çılğın, emosional təsəvvür edirik. Amma Ələkbər bəy daha sakit insan təsiri bağışlayır.
— Əslində, sakit və mülayim təbiətli idi. Amma iş məsələsində, xüsusilə poeziya və jurnal mühitində daha tələbkar, bəzən sərt ola bilirdi. Evdə isə demək olar ki, həmişə mülayim idi. Bəzən əsəbiləşə bilərdi, amma bu da müəyyən çərçivədə olurdu.
— Ən çox nəyə əsəbiləşirdi?
— Demək olar ki, ciddi əsəbiləşdiyi hallar az olurdu. Daha çox xırda məsələlərə irad bildirirdi. Bunu əsəbləşmək kimi yox, daha çox qadağa kimi də anlamaq olurdu. Məsələn, rus sözlərindən istifadə olunmasını xoşlamırdı. “Xolodilnik” əvəzinə “soyuducu” deməyimizi istəyirdi. Az qalsın “neologizmə” çevrilmiş “rojok” sözünün yerinə də israrla "dabankeş" sözünü işlədirdi. Yəni burda da ana dilimizin təəssübkeşliyini çəkərək belə xırda iradlar bildirirdi.
— Neçə uşaq olmusunuz?
— Beş. Dörd qız, bir oğlan.
— Azərbaycan kimi bir yerdə dörd qız böyütmək böyük məsuliyyətdir.
— O dövrdə çoxuşaqlı ailələr kifayət qədər idi, bu, bir qədər adi sayılırdı.
— Qız uşağı kimi sizə hansısa qadağalar qoyulurdumu?
— Qadağa deməzdim. Sadəcə, müəyyən iradlar bildirirdi. Məsələn, deyirdi ki, bunu eləmə, bu düzgün deyil. Amma bir az israr edəndə artıq razılaşırdı, “özün bilərsən” deyirdi. Məsələn, qızlarının şalvar geyinməsini çox xoşlamırdı, buna görə də bizə çox vaxt öz iradını bildirirdi. Amma bir dəfə uzun ətək geyinmişdim, o dövrdə dəbdə idi. Baxıb dedi ki, sən ən yaxşısı şalvar geyin. Belə xırda nüanslar olurdu.
— Hansınız ona xaraktercə daha yaxın idiniz?
— Deyərdim ki, mən, bir az da bacım Afaq. Ümumiyyətlə, hamımız ondan xaraktercə nələrisə götürmüşük. Amma atama həm xaraktercə, həm də xarici görünüşcə bənzəyən oğlu Fəriddir.
— Bəs ünsiyyəti daha çox hansınızla idi? Kimlə daha çox məsləhətləşirdi?
— Açığı, atam uzun-uzadı söhbət edən, hər mövzunu müzakirə edən insan deyildi. Daha çox öz otağına çəkilib öz işi ilə məşğul olurdu. Sözümüz olanda özümüz yaxınlaşıb məsləhət alırdıq, nələrisə müzakirə edirdik. Böyük bacım Aydanla daha çox yazı-pozu barədə söhbət edərdilər, çünki bir yerdə çalışırdılar. Qardaşımla isə futbol barədə uzun-uzadı müzakirələr aparırdı.
— Siz nəsə deyəndə, kompromisə gedirdi, yoxsa öz fikrində qalırdı?
— Ailədə kompromisə meylli idi. Xüsusilə də biz qız uşaqları olduğumuz üçün bizə qıymırdı. Ən önəmlisi isə odur ki, səhv edəndə belə heç vaxt üzümüzə vurmazdı. “Mən demişdim” sözünü ondan eşitməmişik. Əksinə, bizi sakitləşdirirdi.
— Ələkbər bəy Azərbaycan poeziyasının ən unikal şairlərindən sayılır. Bu unikallığı siz onun xarakterində də hiss edirdinizmi?
— Xarakterində də bu fərqlilik hiss olunurdu. Xüsusilə, işində çox tələbkar və mükəmməliyyətçi idi. İşçilərə qarşı da tələbkar, amma eyni zamanda hörmətlə yanaşırdı. Jurnal işi ilə bağlı da belə idi. Əgər jurnala təqdim olunan bir yazı zəif idisə, onu demək olar ki, qəbul etmirdi. Tanışlıq və ya münasibətlər onun üçün rol oynamırdı. Əsas meyar keyfiyyət idi.
— Siz o dövrdə onun poeziyasının fərqliliyini hiss edirdinizmi?
— Ələkbər Salahzadənin poeziyasını tam anlamaq üçün onu dəfələrlə oxumaq lazımdır. Bir dəfə oxumaqla çətin gələ bilər. Həm də onun şeirləri hər oxucu üçün deyildi. Daha çox seçilmiş, intellektual oxucu üçün idi. Gerçək sənət naminə və həmin sənəti anlayıb dəyər verən publika üçün yazırdı.
— Özünün ən sevdiyi şeiri hansı idi?
— “On üç fevral” şeirini çox sevirdi. Bu şeiri nənəsinə həsr etmişdi. Yadıma gəlir həmişə nənəsini böyük kədərlə xatırlayardı. Bir də “Vadi adam”, “İçərişəhər”, “Kim nə çəkir”, “Ağ bir zanbaq kimi açıldı səhər” və digər şeirlər. Yadımda qalan bunlardı.
13 ildən çox olar,
13 fevral - gözlərimdə qaradı,
həm də nədənsə qarlı;
çiynində bir nənə keçir,
çarşablardan qaradır qar,
mən qıraqda bir uşaq,
qırıq bir sözə bəndəm
13 fevral...
13 ildən çox olar -
kəndimizdən bir qarının keçdiyi.
Nənəm də yox,
elə belə qarıydı.
çarşablardan qar qaraydı,
ağır-ağır yağırdı qar...
13 ildən çox olar,
13 fevral çiynində
o nənəni aparar,
aparar, aparar
amma dəfn edə bilməz,
bir il sonra yenə
başqa 13 fevral alar çiyninə:
çarşablardan qaradır qar,
ağır-ağır yağırdı qar...
mən qıraqda bir uşaq,
qırıq bir sözə bəndəm.
— Bəs sizin sevdikləriniz?
— Mənim çox sevdiyim şeirləri var. “İçərişəhər”, “Bir də gördün”, “Mənsiz gecə”, “Vadi adamı” və xüsusilə “vaxt” mövzusunda yazdığı şeirlər. Onun yaradıcılığında zaman anlayışı çox önəmli idi. Bu mövzuda bir neçə şeiri var və bəzilərini əzbər də bilirəm. Həm də bu şeirləri özümə çox yaxın bilirəm.
...Mən küləyə necə deyim: yanımdan ötmə,
yalvarımmı: qara bulud, üstümdən çəkil!
Bir kimsənin kədərini duyarmı kefcil,
güləyənə kim deyər, kim: göz yaşımı sil.
Daşatana niyə deyim:
su at arxamca?!
Çıq-çq, çıq-çıq:
vaxt çiləyir saat arxamca...
— Ələkbər bəyin gec ailə qurmasının səbəbi nə idi?
— Bir az gec evlənib. Əsas səbəb maddi çətinliklər və işlərinin çoxluğu idi. Tələbəlik illərində kirayələrdə yaşayıb, evi yox idi, maaşı az idi. Bir müddət, ümumiyyətlə, evlənmək istəməyib. 34 yaşında ailə qurdu. Anamla aralarında 15 yaş fərq var idi. Əmim Almaniyaya gedəndə evinin açarını ona verdi ki, beş il istifadə edə bilər. Bundan sonra evləndi. Əslində, o ev olmasaydı, bəlkə də, evlənməzdi. Öz evi isə 38 yaşında oldu.
— Ananızla necə tanış olublar?
— Qonşu olublar. Ailə məsləhəti ilə evləniblər. Hər ikisi Qubadandır, eyni kənddəndirlər.
— Münasibətləri necə idi? Bir-birini tamamlayırdılarmı?
— Demək olar ki, xasiyyətcə oxşar idilər. Hər ikisi sakit təbiətli idi. Bəzən atam əsəbiləşə bilərdi, amma anam onu sakitləşdirirdi, evdə sakit bir ab-hava yaradırdı.
— O dövrdə bir çox şair və yazıçılara ev verilirdi. Bəs onun ev probleminin gec həll olunmasının səbəbi nə idi?
— Əsas səbəb növbə məsələsi idi. Ev çox gec verildi. Amma o vaxtkı Yazıçılar İttifaqının katibi İmran Qasımovun dəstəyi olmasaydı, bu məsələ daha da uzana bilərdi.
— O, uzun müddət “Ulduz” jurnalının baş redaktoru olub. Həmin dövrlərdə yazıçılarla münasibətləri necə idi? Məsələn, yazılar çap olunmayanda problemlər yaranırdı?
— Bu hallar həmişə olub. Həm “Qobustan” jurnalında işləyəndə, həm də “Ulduz”da. Kimiləri ədəbi tənqidi anlayıb yaxşı münasibət saxlayırdı. Kimiləri üçünsə yəqin ki, bu tənqid şəxsi qəbul edilirdi və beləcə incik düşürdülər. Ümumilikdə isə belə hallar çox olmurdu. Atam çalışırdı ki, öz tənqidini müəlliflərə yumşaq şəkildə bildirsin, düzəlişləri üçün istiqamət verib onları daha yaxşı yazı yazmalarına ruhlandırırdı.
— Çap olunmamağa görə münasibətləri pozulanlar olurdu?
— Açığı, bunu dəqiq deyə bilmərəm. Atam işi evə daşıyan insan deyildi. Biz bu kimi şeyləri sonradan, artıq onun haqqında yazılanlardan öyrənmişik. Sağlığında açdığımız “Facebook” səhifəsində, zaman-zaman onu tanıyan insanlar yazır, xatirələrini bölüşürlər.
— Deyirlər, evi çox sevirmiş...
— Bəli, biz bunu sonradan daha yaxşı anladıq. Evinə də işinə də bağlı insan idi. Evdə çox söhbət edən insan deyildi. Ən çox xoşuna gələn bir yazı olanda onun barəsində həvəslə danışırdı. O, belə yazılarda düzəliş etməyə bir ehtiyac olmadığını, necə varsa eləcə çapa təqdim etdiyini deyirdi. Belə söhbətləri xüsusilə “Qobustan” jurnalında işlədiyi vaxtlarda eşitmişdim.
— Daha çox günün hansı saatlarında yazırdı?
— Vaxt fərq etmirdi. Həm gecə, həm gündüz yazırdı. Amma əsasən gecələr yazırdı. Gündüzlər isə daha çox mütaliə edirdi. Ümumiyyətlə, atamı heç vaxt boş oturan görməmişəm. Ya uzanıb mütaliə edirdi, ya da yazı masasının arxasında yazılar üzərində işləyirdi.
— Yazı yazanda sakitlik tələb edirdimi? Siz səs salmamağa çalışırdınız?
— Yox, elə bir şey yox idi. Düzdür, ümumi sakitliyi qoruyurdu, amma heç vaxt əsəbiləşib “sakit olun” demirdi. Uşaqların səsi-küyü ona mane olmurdu. Hətta qonaqlar gələndə də çox narahat olmurdu. Heç vaxt acıqlanıb narazılıq etməzdi. Ən azından mən uşaqlıqda belə şeyi xatırlamıram.
— Həyat yoldaşına qarşı qısqanc idi?
— Xeyr, heç qısqanc deyildi. Hər şey yerində idi.
— SSRİ dağılandan sonrakı keçid dövründə vəziyyət necə idi?
— Çətin idi. Hamı kimi biz də sıxıntı yaşayırdıq. Sonra biz universiteti bitirdik, işə düzəldik və vəziyyət tədricən yaxşılaşdı. Maaşlar da müəyyən qədər artdı.
— Bəs 20 Yanvar hadisələri zamanı?
— O vaxt biz uşaq idik. Camal Yusifzadə ilə birlikdə şəhərə getmək istəyirdilər, amma nəqliyyat tapılmadı. Məcbur evdə qalmalı oldular. Yadıma gəlir ki, eyvandan yollarda dövrə vuran tankların keçməsini izləyirdik. Çox narahat idilər, həyəcan keçirirdilər ki, şəhərə gedə bilmədilər. Elə biz də narahat idik başa düşürdük ki, nələrsə baş verir.
— Deyirlər, çox siqaret çəkirdi...
— Bəli, demək olar ki, siqaret əlindən düşmürdü. Səhhətinə çox pis təsir edirdi. Ürək problemi var idi və sonda ürəkdən vəfat etdi. Həkimlər siqareti qadağan etmişdilər, içkini də. Amma buna çox da əməl etmirdi. Şəkəri var idi, onu nəzarətdə saxlayırdı. Ümumiyyətlə, çox yeyib-içən insan deyildi, az yeyirdi. Amma siqareti tərgidə bilmədi.
— Özünə baxan insan idi?
— Şəkəri ilə bağlı məsuliyyətli idi, dərmanlarını vaxtlı-vaxtında qəbul edirdi. Gözündən əməliyyat olunmuşdu. Gözünün də qeydinə qalırdı. Amma ürək problemi yarananda, məsələn, stent qoyulmasını qəti şəkildə istəmədi. Hətta təcili yardım gələndə xəstəxanaya getməkdən belə qəti şəkildə imtina etdi və bu barədə sərt münasibət göstərdi. Həkim daha sonra rəsmi şəkildə imtina imzası aldıqdan sonra əlini üzdü. Hətta həkim əmimi çağırtdırdı ki, bəlkə iki həkim bir olub onu razı sala bilərlər. Təxminən 5-6 ay sonra vəfat etdi. Vaxtında müalicə olunsaydı, bəlkə də ömrü uzanardı.
— Niyə razı olmurdu?
— Ümumiyyətlə, həkimlərdən qaçan insan idi. Niyəsə inanmırdı yəqin.
— Vəfatını necə xatırlayırsınız?
— Mən atamgildə idim. Hər şey normal idi. Həmin gün də çox yaxşı əhval-ruhiyyədə idilər, deyib-gülürdülər, futbola baxırdılar. Həm özü, həm də qardaşım böyük futbol azarkeşi idi. Oyuna böyük həvəslə baxırdılar. Hətta mənim övladıma dedi ki, “Toğrul get yat, səhər birlikdə yemək yeyərik”. Gecə saat 4 radələrində eyvana çıxıb, qayıdanda qapının girəcəyində yerə yıxılıb. Təcili yardım gələndə artıq dünyasını dəyişmişdi.
— Həmin günlərdə davranışında nəsə fərqli hiss olunurdumu?
— Xeyr, heç nə hiss olunmurdu. Hətta bundan bir neçə gün əvvəl toya getmişdilər, sonra Nabrandan qayıtmışdıq. Toyda bir az içki qəbul etmişdi. Bəlkə də bu da təsir edib. Amma ümumiyyətlə, gün xüsusi olaraq heç nə ilə seçilmirdi, hər şey sanki adi idi.
— Siz həmin vaxt evdə idiniz?
— Bəli, evdə idik. Qəfil səsə oyandıq. Bacım Aysanın qollarında can verdi. Çox qəfil oldu, heç nə anlamadıq.
— Xəstəxanaya aparılmadı?
— Yox, artıq gec idi. Təcili yardım gələndə vəfat etmişdi. Qonşular, əmim də gəldi, amma artıq hər şey bitmişdi.
— Onunla son söhbətinizi necə xatırlayırsınız?
— Elə həmin gün, bayaq qeyd etdiyim kimi otaqda qardaşım ilə futbola baxırdılar. Tam adi bir gün idi. Mən elə həmin otaqda maillərə baxırdım. Atama yazılan bir neçə xoş sözlərlə olan məktubları özünə oxudurdum. İnsan heç vaxt düşünmür ki, valideynini itirə bilər. O ana qədər belə bir şey yaşamamışdıq.
— Ondan sonrakı günlər necə keçdi?
— Çox çətin, nisgilli keçdi. Sözlə ifadə etmək çətindir. Mən İçərişəhərdə işləyirəm, tez-tez yolum “Sahil” metrosu tərəfdən düşür. “Qobustan” jurnalının yerləşdiyi Yazıçılar Birliyinin binasına sarı boylanıram. Atam baş redaktor olduğu vaxtlarda bir müddət “Ulduz” jurnalının redaksiyası İstiqlaliyyət küçəsində yerləşib — hamısı mənə atamı xatırladır. Həmin yerlərdən keçəndə atamın sanki səhər işə gedib, axşam qayıdacağı xəyalı məni tərk etmir. Bu artıq qeyri-iradi bir hissdir.
— Onu xatırlayanda ən çox hansı xatirə yada düşür?
— Uşaqlıqdan adımla bağlı zarafat edirdim. Deyirdim ki, niyə mənə bu adı qoymusan, xoşum gəlmir. Bacılarıma Aydan, Afaq, Aysan kimi adlar qoymuşdu — hamısı “A” ilə başlayırdı. Mənim adım isə Xatirə idi. Zarafatla deyirdim, amma hiss edirdim ki, xoşuna gəlmir. Deyirdi ki, çox yaxşı ad qoymuşam. Hətta bir dəfə atam yeni il şənliyi üçün “xlopuşka” almışdı. Onu da partladanda içindən müxtəlif rulon şəklində bükülmüş kiçik hədiyyələr çıxırdı. Nəisə qızlar bir-bir partlatdılar. Hamısında ayı maskası çıxdı. Mənimkində isə bayquş. Bu “ad məsələsi” adlı yaramı lap təzələmişdi. Necə pərt olmuşdum, deyəsən ağlamışdım da. Ayının “A”sını qızların adları ilə bir tutmuşdum. Yenə ayrı düşdüyümü düşünmüşdüm. Atamın “Xatirə çiçəyi” adlı kitabı var, 1982-ci ildə çıxıb. Mən də həmin ildə doğulmuşam. Düşünürəm ki, bəlkə də adım oradan gəlir, amma bunu ondan soruşmamışdım.
— Ananız sağdır?
— Bəli, sağdır.
— O, həyat yoldaşı itkisini necə keçirdi?
— Çox ağır keçirdi. Ümumiyyətlə, hamımız üçün çox çətin idi. Xüsusilə qardaşım çox pis qəbul etdi. İnsan heç vaxt təsəvvür etmir ki, valideynini itirə bilər. İndi-indi bu fikrə alışmağa çalışırıq, amma yenə də bəzən elə gəlir ki, o sağdır. Hətta bir dəfə belə olmuşdu ki, atamın nömrəsindən zəng gəldi. Bacım zəng etmişdi. Amma mən elə bildim ki, atam zəng edir. Bu, inanılması çətin bir hissdir. Halbuki artıq on gün idi vəfat etmişdi. İnsan bir müddət bunu dərk edə bilmir.
— Sonuncu dəfə nə vaxt yadınıza düşüb?
— Bunu dəqiq demək bir az çətindir. Hər dəfə anamgilə gedəndə atamı xatırladacaq hər şey – əşyalarına toxunduqca, kitablarına baxdıqda onu anıram. Təzəlikcə anadan olmasının 85 illiyi oldu. Atamın əziz xatirəsini yad etdik.
— Sizin və bacı-qardaşlarınızın peşə seçiminə təsir edirdimi?
— Müəyyən mənada bəli. Böyük bacımın jurnalist ixtisasını seçməyinə qarşı idi, filoloq olmağını istəyirdi. Amma bacım, jurnalistikanı seçdi. İkinci bacım şərqşünaslıq — ərəb dili üzrə təhsil aldı. Üçüncü bacım hüquq istəyirdi, atam razı olmadı, iqtisadiyyat üzrə oxudu. Qardaşım da iqtisadiyyat üzrə oxudu. Mən isə xarici dillər üzrə oxudum.
— Hobbiləri var idi?
— Boş vaxtlarında taxtadan əşyalar düzəltməyi, rəndə ilə işləməyi sevirdi. Məsələn, evdə açılıb-bağlanan bir masa və bir neçə oturacaq düzəltmişdi. Amma bunu nla çox tez-tez məşğul ola bilmirdi.
— Həmin əşyalar indi qalır?
— Bəli, oturacaqlardan biri qalır, deyəsən. Digərləri zamanla sıradan çıxıb.
— Kolleksiya toplamaq kimi bir marağı var idi?
— Xeyr, elə bir kolleksiyası yox idi. Ancaq gənclik illərindən, müxtəlif görüşlərdən, tədbirlərdən çoxlu sayda fotoşəkillər var. Teatr tamaşalarından da şəkillər qalır. Amma sonralar şəkil çəkdirməyi o qədər də sevmirdi. Ən böyük marağı isə təbii ki, kitab idi. Evimiz demək olar ki, böyük bir kitabxana idi. Qəzet və jurnallara da abunə olurdu. Həmin qəzetlərdən maraqlı yazıları kəsib saxlayardı.
— Daha çox kimləri oxuyurdu?
— Rəsul Rza, Nazim Hikmət, Voznesenski, Mayakovski, Əli Kərim, Anar, Elçin və digərlərini oxumağı çox sevirdi. Ümumiyyətlə, həm klassik, həm də müasir ədəbiyyatı oxuyurdu. Çox zəngin kitabxanası var idi.
— Stolüstü kitabları hansılar idi?
— Müxtəlif lüğətlər, ensiklopediyalar. Son dövrlərdə Paulo Koelyonun “Kimyagər” romanını oxuyurdu. Ümumiyyətlə, müasir xarici ədəbiyyata həmişə marağı vardı.
— Tərcüməçilik fəaliyyəti də var idi.
— Bəli. Ən son tərcümələrindən biri Meşa Selimoviçin “Dərviş və ölüm” romanı idi. Əslində, bu əsəri 1970-ci illərdə tərcümə etmişdi, amma müəyyən səbəblərə görə çap olunmamışdı. Yalnız vəfatından bir neçə il əvvəl nəşr etdirə bilmişdi. Məhz bu əsərə görə ilin ən yaxşı tərcümə əsəri olaraq mükafata layiq görülmüşdü. Daha sonralar daha dəqiq desək ötən il 2025-ci ildə bu roman “Qanun” nəşriyyatı tərəfindən ikinci dəfə nəşr olundu. Bu əsər çox qiymətlidir. Bəzi ölkələr müəllifin bu əsərini dəfələrlə öz dillərinə tərcümə edib bir neçə dəfə nəşr ediblər. Elə uzağa getməyək Türkiyədə bu əsərin təkrar nəşrinin tam dəqiq sayı heç məlum deyil.
— Bu gün onun ədəbi mühitdə xatırlanması sizi qane edirmi?
— Bəli, qane edir. Hər il yad edilir, unudulmur. Sosial şəbəkələrdə dostları, tanışları tez-tez onu xatırlayır, mətbuatda haqqında yazılar yazılır. Biz də tam haqqında xatirələr kitabı hazırlayırıq. Həm sağlığında yazılanlar, həm də yeni yazılar toplanır.
— Bəzi hallarda yazıçıların vəfatından sonra unudulduğu deyilir. Sizdə necədir?
— Yox, belə deyil. Onsuz da sağlığında son dövrlərdə elə də tez-tez gedib-gəlmələr olmurdu. Biz də heç kimdən xüsusi olaraq nəsə gözləmirik. Amma həqiqətən səmimi şəkildə deyə bilərəm ki, bir çox dostları onu yad edir, xoş xatirələrini bölüşürlər. Bu, bizim üçün kifayətdir.
— Ən çox kim xatırlayır onu?
— Ən yaxın dostları artıq dünyasını dəyişib. Amma onunla yaxın münasibətdə olan Ramiz Rövşən, Vaqif Yusifli, Aydın Tağıyev və digər adlarını unutduğum şəxslər həmişə hörmətlə yad edirlər. Bacım da Yazıçılar Birliyində, “Qobustan” jurnalında işləyir, orada da bu diqqəti hiss edirik. Ümumiyyətlə, onun haqqında yalnız xoş sözlər deyilir. Mən indiyə qədər əks fikir bildirən birinə rast gəlməmişəm.
— Tanınmamağı, kütləviləşməməyi onu narahat edirdi?
— Yox, elə də narahat etmirdi. Düzdür, müsahibələrində deyirdi ki, insan vaxtında tanınmalıdır. Bunu televiziya və qəzetlərdə olan müsahibələrində də qeyd edirdi. Amma ümumilikdə onu çox narahat edən məsələ deyildi. Deyirdi ki, əsas odur, mənim poeziyamı anlayan, dəyər verən ziyalılar var. Onun üçün əsas qiyməti də məhz həmin çevrədən alması idi. Bu, onu qane edirdi. Hətta çətin, intriqalı suallara belə sakit və mülayim cavab verirdi, bu mövzunun onu narahat etmədiyini göstərirdi.
— Doğrudan narahat etmirdi, yoxsa kimlərinsə xətrinə dəyməmək üçün belə deyirdi?
— Bunu tam deyə bilmərəm. Amma, ümumiyyətlə, belə insan deyildi. Məsələn, televiziya əməkdaşları tez-tez çəkiliş üçün müraciət edirdi, amma o, razı olmurdu. Deyirdi ki, kitablarım var, onları yaradıcılığım ilə maraqlanın. Üzdə, diqqət mərkəzində olmağı sevmirdi. Daha çox sakit, öz dünyasında yaşayan bir insan idi. Bəzən elə olurdu ki, jurnalistlər zarafatla “gəlib qəfil çəkiliş edəcəyik” deyirdilər. Amma o, yenə də bundan qaçırdı.
— Övladlarına həsr etdiyi şeirlər var idi?
— Ümumiyyətlə, uşaqlara həsr etdiyi şeirlər çoxdur. Bu şeirlərin çoxu “Yanıltmaclı əlifba” kitabında toplanıb. Övladlarına da çox sayda şeirlər həsr edib. Ən çox da mənə və Aysana yazıb. Uşaq vaxtı sayırdım ki, görüm ən çox kimə yazıb. Şeirlərində “Xatış”, “Xatirə” adlarını görəndə sevinirdim, elə bilirdim ki, bu, onun məni daha çox sevdiyinin göstəricisidir. Evin ən kiçiyi idim, bir az ərköyün idim, amma nadinc deyildim. Şeirlərdə öz adımı görmək mənə çox xoş gəlirdi.
— İstirahəti necə keçirməyi sevirdi?
— Ən çox doğulduqları rayona — Qubaya getməyi sevirdi. Uzun müddət getmədiyimiz vaxtlar da oldu. Sonralar isə, xüsusilə son beş ildə, Nabran tərəfdə ev tutub ailəvi istirahət edirdik.
— Onun vəfatından sonra ürəyinizdə qalan, deyə bilmədiyiniz sözlər oldumu?
— Çox oldu. Məsələn, həmişə fikirləşirdim ki, “Xatirə çiçəyi” kitabının adı ilə mənim adım arasında əlaqə varmı — bunu soruşmaq istəyirdim. Bir də heyfislənirəm ki, birlikdə çox şəkil çəkdirməmişik. Uşaqlıq dövründə olan şəkillərimiz var, amma sonrakı illərə aid çox azdır. O da son vaxtlar şəkil çəkdirməyi sevmirdi. Bəzən düşünürəm ki, kaş bəzi qərarlarımda daha israrcı olardı, məni öz fikrimdən döndərərdi. Amma o, elə ata deyildi — bizə seçim azadlığı verirdi.
— Əgər Ələkbər bəy indi burada olsaydı, ona nə demək istəyərdiniz?
— Əslində, bu suala cavab vermək olduqca çətindir. Lakin mən bu sualın istiqamətini biraz dəyişib deyə bilərəm ki, azca möhlət olsaydı atamın xəstəliyinə qarşı daha ciddi və israrcı olardım. Onun bu barədə göstərdiyi sərtliyi dəf edə bilərdim…
Layihənin digər müsahibələri:
Yusif Səmədoğlunun qızı: "Atam həmin hadisədən sonra şəkər oldu..." - Müsahibə
Sabir Əhmədlinin oğlu: "Atama ən böyük pisliyi Ramiz Mehdiyev eləyib" - Müsahibə
Həsənağa Turabovun qızı: "Onu heç vaxt bağışlamayacam" - Müsahibə