Kulis.az Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsi, Multimedia və elektron kommunikasiya kafedrasının doktorantı Nərmin Nəbiyevanın şair, dramaturq, ssenari müəllifi Eldar İskəndərzadə ilə müsahibəsini təqdim edir.
O, 62 illik ömür yoluna 2 bədii və 160-dan çox sənədli televiziya filminin ssenarisini sığdırıb. Dövrün salnaməsi rolunu oynayan telefilmlərin ssenarilərini qələmə alan sənətkarın özü illər içərisində salnaməyə çevrilib. Qələminin kəsərliliyini təsvirin gücü ilə birləşdirən qəhrəmanım sənədli ekranımıza “Şəhər içində şəhər”, “Ürəyiniz istəyən kimi yaşayın”, “İvanovka”, “Liderlər Lider haqqında”, “Günəşin batdığı yer”, “Milli qürur meydanı” kimi televiziya filmlərini qazandırıb. Tədqiqat işimin gedişatında mənim qazancım isə sənədli televiziya filmlərimizin tarixini bu tarixin divarlarını hörən ustadlardan biri ilə vərəqləmək oldu. Müsahibim şair, dramaturq, kinossenarist, kino redaktoru, “Qızıl qələm” və “Həsən bəy Zərdabi” mükafatı laureatı, Prezident təqaüdçüsü Eldar İskəndərzadədir.
Dosye: Eldar İskəndərzadə “ATV” və “CBC” telekanallarında “Televiziya Filmləri Studiyası”nın yaradıcısı və baş redaktoru olub. Həmçinin bu kanallarda, eləcə də “İdman Azərbaycan” telekanalında çəkilən ilk sənədli filmlərin ssenari müəllifidir. Onun ssenarisi əsasında ekranlaşdırılan “Milli qürur meydanı” adlı sənədli televiziya filmi yüksək peşəkarlıqla hazırlandığına görə bir nüsxəsi Azərbaycan Prezident Kitabxanasına daxil edilib. “Ürəyiniz istəyən kimi yaşayın” sənədli televiziya filmi isə Amsterdamda keçirilmiş Beynəlxalq Festivalın mükafatına layiq görülüb. Digər bir ssenarisi əsasında çəkilən “Şəhər içində şəhər” adlı sənədli televiziya filmi 2013-cü ildə keçirilmiş I Bakı Beynəlxalq Turizm Filmləri Festivalının iki mükafatını qazanıb. Belə ki, ekran əsəri “TV Filmlər” nominasiyasında ikinci yer tutaraq gümüş medal qazanmışdır. “Milli kino” nominasiyasında isə qızıl mükafatını qazanan yeganə Azərbaycan filmi olmuşdur. Onun ssenariləri əsasında lentə alınan “Qaranlıq dünyanın nuru” və “Fransız qadının gündəliyi” adlı sənədli televiziya filmləri “Azərbaycan gündəliyi” adlı beynəlxalq kinofestivalda 5 mükafatdan 2-sini qazanmışdır.
Qeyd edək ki, E.İskəndərzadə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. O, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində (“Azərbaycan Televiziyası”) baş redaktorun müavini, “Carçıfilm” Yaradıcılıq Birliyində (“İTV”) isə direktor müavini vəzifəsində çalışıb.
- Sənədli film ilə sənədli telefilmin fərqi nədədir? “Böyük ekran” və “kiçik ekran” üçün çəkilən sənədli filmləri necə ayırd etmək olar?
- Zənnimcə, sənədli film və ya sənədli televiziya filmi arasında elə bir ciddi fərq yoxdur. Hər ikisi real həyata əsaslanan hadisələri əks etdirir. Sadəcə olaraq, bu filmlərin nümayiş məkanı müxtəlif ola bilər. Sənədli film kinoteatrlarda, sənədli televiziya filmi televiziya ekranlarında nümayiş olunur. Sovet dövründə sənədli filmlər, kinojurnallar, buraxılışlar, əsasən, kinoteatrlarda bədii filmin nümayişindən öncə göstərilərdi. Adəti üzrə, sənədli filmlər kinostudiyada kino lentinə, televiziya filmləri videolentə çəkilərdi. Böyük ekran üçün çəkilən sənədli filmlər, adətən, qısametrajlı olurdu. Televiziya filmləri nisbətən həcmcə daha böyük xronometrajı əhatə edirdi. Lakin hazırda hər iki ekran üçün çəkilən sənədli filmlər həm televiziya ilə, həm də böyük ekranlarda nümayiş etdirilir. Prinsipcə eyni məqsədə xidmət edən ekran əsərinin ssenari həlli də, demək olar ki, eynidir.
- Müstəqillik dövrünün gəlişi ilə ölkəmizdə sənədli televiziya filminin “müstəqillik” qazanması onun estetik baxımdan inkişafına, sənətkarlıq axtarışlarına, ssenari yaradıcılığına hansı formada təsir göstərdi? Nələr dəyişdi?
- Sualınıza cavab verməzdən öncə qeyd etmək istərdim ki, sənədli film yaradıcılığı televizual, yəni ekran əsəri yaradıcılığının ən yüksək mərhələsidir. Sənədli televiziya filmi faktlara əsaslanan, hər şeyi göründüyü və olduğu kimi təqdim edən ekran əsəridir. Bu baxımdan zamanın siyasi mənzərəsi fonunda və ya dövrün ruhuna uyğun olaraq sənədli telefilm yaradıcılığını yalnız şərti olaraq mərhələyə bölmək mümkündür. Fikrimi nümunə vasitəsilə əsaslandıracam. Sovetlər dönəmində İçərişəhərə həsr edilmiş sənədli telefilm ilə müstəqillik dövründə çəkilən (eyni məkan haqqında) sənədli ekran nümunəsi arasında tarixi informasiya təqdimatı baxımından, demək olar ki, elə bir ciddi fərq yoxdur. Əlbəttə ki, texniki inkişafın verdiyi imkanları, tarixi həqiqətləri, eləcə də dövrün siyasi tələblərinin izn vermədiyi bəzi informasiya yasaqlarını nəzərə almasaq.
Deyək ki, sovet dövründə İçərişəhərdəki Şah sarayının silah anbarına çevrilməsindən, tarixi keçmişimizə qəsdən zərər verilməsindən heç nə demək olmazdı. Tarixi təhriflərə yol verilməsini nəzərə almadan çox vaxt film yaradıcıları abidələrin təyinata uyğun gəlməyən istiqamətdə istismarını tənqid əvəzinə sanki təbliğ edirdilər. Digər tərəfdən, tarixi keçmişimizin pasportu olaraq İçərişəhərin kinolentin yaddaşına yazılması gələcək nəsillərə bu məkan haqqında məlumat verir, həmçinin ekran əsərinin nümayiş olunduğu dövr ilə bağlı tarixi həqiqətləri çatdırır.
O dövrdə tarixi yadigarların “sovetləşdirilməsi” cəhdi, yazılan ssenarilərin siyasi rejimin tələblərinə uyğunlaşdırılması məcburiyyəti vardı. Qız qalasının tarixi mütləq azadlıqsevər, sosialist təfəkkürlü bir insanın hekayətinin abidəsi ilə əlaqələndirilirdi. Məscidlərin fanatizmin beşiyi, şah saraylarının zülmün ünvanı kimi təqdim edilməsi məcburiyyəti ssenarilərin süjet xətti olmalı idi. Bütün bu çərçivələrə baxmayaraq, o dövrün sənədli film yaradıcıları görüntü, mətn, musiqi və s. vasitələrlə nələrisə gələcək nəsillərə çatdırmağa cəhd edirdilər.
Sənədli filmləri tarixin ekran dili ilə təqdim edilən səhifələri hesab etmək lazımdır. Ölkəmizdə bir əsrdən çox tarixə malik olan kino sənətinin 60 ildən artıq bir hissəsinə sənədli televiziya filmlərinin istehsalı daxildir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev sənədli filmlərin əhəmiyyətini yüksək dəyərləndirərək Azərbaycan Dövlət Televiziyasında sənədli film istehsalı üçün xüsusi olaraq kompleks inşa etdirmişdi. Təsadüfi deyil ki, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində bu günədək elmi-kütləvi, etnoqrafik janrda ümumilikdə 1500 saat həcmində, 2300 adda sənədli televiziya filmi çəkilib. Azərbaycanın tarixi, folkloru, memarlığı, mədəniyyəti və seçilmiş insanları filmlərin əsas mövzusu olub.
Qeyd edim ki, o dövrlərdə çəkilən sənədli filmlər müasir dövrün sənədli televiziya filmlərinin xronika bazasını təşkil edir. Bu gün biz Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Yusif Məmmədəliyevin, Mir Cəlal Paşayevin, Rəsul Rzanın, Həsən Seyidbəylinin, Sidqi Ruhullanın, Məhəmmədhüseyn Təhmasibin, Abbas Mirzə Şərifzadənin, Şövkət Məmmədovanın və daha kimlərin canlı görüntülərini görürük. Bütün bunlara görə biz bu kadrları çəkib bu günümüz üçün əvəzsiz xəzinə yaradanlara borcluyuq. O dövrdə bu filmlərin yaradıcılarının nə dediklərini yox, əslində, nə demək istədiklərini müstəqillik dövründə həmin sənətkarların xələfləri olaraq bizlər deyə bilirik.
Müstəqilliyin verdiyi imkanlar hər şeyin öz adı ilə ifadə edilməsinə şərait yaratdı və sənədli televiziya filmləri bu dövrdə artıq öz təyinatı üzrə yaranmağa başladı. Məhz buna görə də müasir sənədli telefilmlər həm estetik baxımdan, həm ssenari nöqteyi-nəzərdən, həm təqdimat cəhətdən tamamilə yeni reallıqlarla müşahidə olunur. Yəni həqiqətə söykənir. Ekran əsərinin adında olan “sənəd” sözü onun tam reallıqlar əsasında istehsal edilməsini şərtləndirən əsas cəhətdir. Düzdür, müəyyən məkan və zaman çərçivəsində sənədli film obyektləri haqqında informasiyanın dəyişməsi qaçılmazdır. Məsələn, deyək ki, 1996-cı ildə muğam sənəti haqqında çəkilən filmdə həmin klassik sənətin Ümumdünya İrs Siyahısına daxil edilməsi barədə məlumat yoxdur. Və yaxud hər hansı bir tarixi abidə ətrafında baş verən elmi-tədqiqat işlərində yeni tarixi həqiqətlər ortaya çıxır. Bu hallarda eyni mövzuya təkrar qayıtmaq zərurəti yaranır. Amma bu zaman yaranan sənədli televiziya filmi öncəkinin təkrarı olmamalıdır. İnformasiya eyniliyi olsa da, quruluş və təqdimat tamamilə fərqlənməlidir.
- Bəs bu gün Azərbaycanda televiziya üçün çəkilən sənədli filmlərdə hansı problemlər gözə çarpır və həll yolunu nədə görürsünüz?
- Təəssüflər olsun ki, istehsal olunan sənədli telefilmlərin sayında azalma var. Problemlərə gəlincə, ilk növbədə Azərbaycanda mövcud olmuş ənənələrə riayət edilmir. Sənədli telefilmlərin istehsalı müəyyən təcrübəyə malik, çoxsaylı orijinal televiziya verilişlərinin müəllifi olan və bu sahədə müəyyən uğurlar əldə etmiş yaradıcı şəxslərə həvalə olunmalıdır. Bu artıq ənənənin birinci və vacib bəndidir. Ali məktəb partasından qalxıb rejissor ixtisasına yiyələnən insana sənədli telefilmin çəkilişini tapşırmaq yolverilməzdir. Film çəkmək üçün istehsalat məktəbi keçmək vacibdir.
Televiziyaya ilk dəfə qədəm qoyanda mərhum kinorejissor, sənədli filmlər ustası Nazim Abbas mənə filmlərin birində inzibatçı işləməyi tapşırmışdı. Sonra assistent, icraçı direktor, direktor, uzun müddət redaktor və ən nəhayət, ssenari müəllifi kimi işləməyə başladım. Bəli, istehsalat prosesini görmədən, onun iştirakçısı olmadan, ilk addımda sükan arxasına keçməklə uğur əldə etmək olduqca çətindir. İstedad ola bilər, amma o istedadı mütləq lazımi məcraya yönəltmək lazımdır. Sənədli televiziya filmi bəhs etdiyi obyektin, bölgənin, ümumilikdə ölkənin təqdimatıdır.
Fəaliyyətim boyu neçə-neçə xarici ölkələrlə bağlı olan sənədli telefilmlərin fraqmentlərini çəkməkdən ötrü həmin ölkələrin Azərbaycandakı səfirliklərinə müraciətlərimiz olub və hər dəfə də səfirliklər ölkələrini tanıtmaq üçün bizə sənədli filmlər təqdim ediblər ki, gedəcəyimiz yeri tanıyaq. Azərbaycanın da xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərində müəllifi olduğumuz sənədli filmlər var və onlar ölkəmizlə maraqlanan xarici vətəndaşlara təqdim olunur. Ona görə də ölkənin vizit kartının hazırlanması adi məsələ ola bilməz. Bunu həmişə nəzərə almaq lazımdır.
- Müasir dövrdə ekranlaşdırılan sənədli televiziya filmlərində jurnalistlər mövzu və qəhrəmanı nəyə əsasən seçirlər?
- Bilirsiniz, sənədli film öz sehri, qeyri-adiliyi, informasiya zənginliyi, çox vaxt təzadlı epizodları, mübahisəli və müqayisəli yükü ilə heyrətləndirməlidir. Məncə, çəkiliş obyektinin də sənədli filmin bu tələblərinə cavab verməsi vacib və mütləqdir. Yəni hər şey sənədli filmin mövzusu ola bilməz. Bu gün sənədli film istehsalında əsas problem, məncə, məhz bu meyarlara riayət edilməməsidir.
Mövzu seçimi istər ssenari müəllifinin, istərsə də rejissorun il ərzində apardığı yaradıcı müşahidələrinin nəticəsində formalaşır. Yuxarıda qeyd etdiyim kimi, sənədli telefilmin mövzusu ola biləcək obyektin düzgün seçilməsi vacib şərtdir. Bu məsələdə yaradıcı şəxsin özündən asılı olmayaraq rastlaşdığı maraqlı, tarixi, etnoqrafik, qeyri-adi hadisələr, görüşdüyü insanlar, müxtəlif mənbələrdən oxuduğu əhvalat və ünvanlar əsas rol oynayır. Sovet dövründə sənədli filmlərin çəkilişi hər ilin sonunda SSRİ Dövlət Teleradio Komitəsinə təqdim edilən təqdimat əsasında, həmin komitənin öz əlavələrinin də daxil olduğu və təsdiq etdiyi tematik plan əsasında aparılıb.
Müstəqillik illərində isə “Azərbaycan Televiziyası”nda Bədii Şura tərəfindən müzakirə edilərək bəyənilən mövzular əsasında “Azərbaycantelefilm” Yaradıcılıq Birliyi televiziyanın sədri tərəfindən təsdiq edilən istehsalat planına uyğun olaraq sənədli filmlərin istehsalını reallaşdırırdı. Daha sonrakı illərdə müəlliflərin təklifləri və dövlət sifarişləri də nəzərə alınmaqla tematik planlar təsdiq olunur və filmlərin istehsalına başlanılırdı. Müəlliflər, rejissorlar həmin plan əsasında təsdiq edilən mövzuları, eləcə də planlaşdırılan sifarişli mövzuları seçir və il ərzində filmlərin çəkilişlərini həyata keçirirdilər. Hal-hazırda bu işlərin necə baş verdiyini deyə bilmərəm. Bir ara televiziyaların bütün redaksiyaları “sənədli film” istehsal etməyə başlamışdı. Yadımdadır, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində çalışdığım illərdə mərhum sədrimiz, professor Nizami Xudiyev iclasların birində digər redaksiya rəhbərlərinə çox kəskin irad bildirərək demişdi: “Telefilmlərə görə həmişə mənə “sağ ol” deyirlər, razılıq edirlər, bəs siz niyə belə işləmirsiniz, sizə görə haçan bir xoş söz eşidəcəyik?!”. Bundan sonra “film bumu” yarandı, bütün redaksiyalar film çəkməyə başladı, amma açığını deyim ki, buna görə onlara yenə də “sağ ol” deyən olmadı…
Bu gün ədəbiyyatımızın, kinomuzun, mətbuatımızın əsas mövzusu Qarabağ zəfəridir. Amma baxaq görək, bu sahədə hansısa yaddaqalan iş ortaya qoyulubmu?! Film adı ilə çəkilən ekran işlərinin bir qismini “yaxşı veriliş”, digər qismini isə “zəif veriliş” adlandırmaq olar…
- Müharibədən söz düşmüşkən, bu mövzunun sənədli televiziya filmləri vasitəsilə işlənməsini necə dəyərləndirirsiniz?
- 44 günlük zəfərimiz dünya tarixində yenilikdir. Təsəvvür edin ki, ABŞ kimi qüdrətli bir dövlət Azərbaycanın apardığı savaşı “dünya hərb tarixi üçün yeniliklərlə zəngin və öyrənilməsi zəruri olan müharibə” adlandırıb. Gəlin baxaq, dünya səviyyəsini aşan zəfərimizə dünya kinematoqrafiyasının hansı səviyyəsində əsər həsr edə bilmişik?! Azərbaycanın yaradıcı insanlarını “susduran”, bu möhtəşəm tarix ilə bağlı əsər yazmaqda gözləmə mövqeyində qalmağa vadar edən nədir, görəsən?! Bəlkə, bu misilsiz qələbənin şokundan ayılmamışıq, bilmirəm?! Böyük qələbənin qarşısında aciz qalmışıq desəm, bəlkə də, səhv etmərəm. Doğrudur, bu mövzuda sənədli televiziya filmləri çəkilib, çəkilir... Etiraf edək ki, bu ekran əsərləri veriliş estetikasından yuxarı qalxa bilməyib. Məncə, biz bütün yaradıcı insanlar üçün imkanlar yaradıb bu mövzuda sözlərini deməyə şərait yaratmalıyıq. Vaxt, zaman keçir, biz yaşadığımız hisslərdən uzaqlaşırıq... Bir il, iki il öncə yaratmaq istədiyimiz əsərlərin konturları belə unudulur... Hər bir azərbaycanlı özünün fəaliyyət sahəsində bu misilsiz qələbə üçün nəsə etməyə borcludur. Əks halda, bu zəfəri bizə yaşadanların önündə xəcalətli qalacağıq...
İndi çəkilən ekran nümunələri də əhəmiyyətlidir. Reportajların, müsahibələrin də öz yeri, əhəmiyyəti var. Amma bu gün müharibə mövzusunda çəkilən sənədli telefilmlərin əksəri hadisə yerindən reportajdır. Portret-müsahibədir. “İTV”nin və “Azərbaycanfilm” kinostudiyasının birgə layihəsi olan “Görünməyən qəhrəmanlar” silsilə filmlərini tarixi yaddaş üçün uğurlu hesab etmək olar. Lakin zəfərimizin səviyyəsinə uyğun sənədli, bədii filmlərin çəkilməsi daha vacibdir. Hər bir şəhidin, hər bir qazinin həyatı bir filmdir, inanın mənə. Niyə 44 günlük zəfər haqqında 44 seriyadan ibarət sənədli, eləcə də bədii teleserial çəkilməsin?! Niyə müxtəlif qəhrəmanlıq nümunələrinin üzərində qurulan ssenarilər əsasında bədii filmlər çəkilməsin?!
Erməni vandalizminə məruz qalan kənd və şəhərlərimiz dövlətimizin misilsiz qayğısı nəticəsində sürətlə bərpa edilir. Xarabazara çevrilmiş yurd yerlərimizin hər guşəsi, bərpa prosesi bütövlükdə tarixi xronika olaraq lentin yaddaşına yazılmalıdır. Misilsiz zəfərimizin xüsusi arxivi yaradılmaldır. Bir sözlə, bu istiqamətdə məni qane edən işlər çox azdır, yox səviyyəsindədir. Qane etməyənləri də söylədim. Hərəkətə keçmək, zəfərimizə layiq əsərlər yaratmaq vacibdir və mütləqdir.
- Siz həm də “ATV”, “ATV International”, “CBC” telekanallarında və “Carçıfilm”də (“İTV”) də çalışmısınız. Maraqlıdır, bu qurumlarda mövzu seçimi nəyə əsasən aparılırdı?
- Adlarını qeyd etdiyiniz telekanallarda mən “Televiziya Filmləri Studiyası”nın yaradıcısıyam. Yəni bu kanallara dəvət olundum və orada sənədli televiziya filmlərinin istehsalı üçün qurum yaratdım, bura peşəkarları dəvət etdim. Yüksək səviyyəli sənədli televiziya filmlərinin istehsalına nail olduq. Filmlərimiz xarici ölkələrdə Azərbaycanla bağlı keçirilən tədbirlərin əksəriyyətində nümayiş etdirilirdi. Çoxsaylı mükafatlar aldıq, festivalların qalibi olduq.
“CBC” telekanalı Azərbaycanın MDB məkanında təbliğ edilməsi üçün nəzərdə tutulub. Təsəvvür edin, biz 2 ilə yaxın bir müddətdə 50-yə yaxın sənədli televiziya filminin istehsalına nail olduq və həmin ekran əsərlərini rus dilinə dublyaj edib kanalımızda yayımladıq. Azərbaycanın təbliği üçün bundan gözəl vasitə ola bilməzdi. Ən əsası, tamaşaçı məmnuniyyətini qazandıq. Filmlərimizin mövzuları ilk növbədə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm əhəmiyyət kəsb edən məsələlərdən ibarət idi. Əsasən, Qarabağ münaqişəsinə, Xocalı soyqırımına, Azərbaycanın tolerantlığına, Bakıdakı xarici ölkə memarlığına və s. mövzulara həsr olunan sənədli filmlər təqdim edirdik. Qarabağ həqiqətlərinə həsr olunan filmləri ingilis və erməni dilinə tərcümə etdirib “CBC” kanalında yayımlamaqla düşmənin cinayətlərini onların sifətinə şillə kimi çəkirdik. Aldığımız qeyri-rəsmi məlumata görə, ermənilər bizim sənədli filmlərin kadrarxası mətnlərini oxuyan xanımın başına pul da qoymuşdular… 1945-ci ildə Fransadan İmişliyə gəlmiş fransız gəlinin həyatından bəhs edən film də çox böyük marağa səbəb olmuşdu və sair.
“Carçıfilm” Yaradıcılıq Birliyində də təsdiq edilmiş tematik plan əsasında filmlərin çəkilişi planlaşdırılırdı. “İTV”nin ciddi tamaşaçı kütləsi burada istehsal edilən filmlər barədə dəfələrlə müsbət fikirlər bildirir, təşəkkür məktubları göndərirdi.
- Bir az da sənətkarlıq məsələlərinə toxunaq. Sənədli televiziya filmi üçün ssenari lazımdırmı?
- Sənədli film üçün öncə ssenari yox, dolğun tərtib edilmiş ssenari-plan lazımdır. Çəkiliş obyektinin əvvəlcədən öyrənilməsi vacib məsələdir. Bunlar aydın olandan sonra ssenarinin yazılması da mümkündür. Bəzən tarixi hadisələr bədii vasitələrlə təqdim edildikdə və aktyor oyunundan istifadə olunduqda ssenarinin hazırlanması labüd olur. A-dan Z-yə qədər çəkiliş obyekti üzrə hadisələrin xronoloji ardıcıllığı, bir hadisənin digərinə vəsilə olması üçün onlar arasında bağlılığın tapılması olduqca vacib şərtdir. Bəzən hadisələrin gedişatı ssenarini yox, ssenarinin süjet xəttini müəyyən edə bilir. Əslində, sənədli kinoda müzakirə mövzusu mövcud olan reallığın tamaşaçıya necə təqdim edilməsi məsələsidir. Bədii və quruluş ssenariləri də, musiqi də bu məsələnin necə həll edilməsini şərtləndirmək üçün lazımdır.
- Sənədli telefilmlərdə təsvir situasiyası əsasdır, yoxsa söz sırası?
- Sənədli televiziya filmində təsvir də, söz də, musiqi də bir-birini tamamlamalıdır. Burada sıralama düzgün olmazdı, məncə. Bir həqiqət var ki, kino kollektiv əməyin məhsuludur. Təsvir, söz, musiqi, informasiya bir-biri ilə yola getməlidir. Ona görə də bu işlərin nizamlayıcısı olan rejissor istehsalata etibar etdiyi sənət adamlarını, necə deyərlər, yola gedə biləcəyi adamları cəlb edir. Sənədli kinoda kadr da, musiqi də, söz də danışmalıdır. Təsvirin verdiyi informasiyanı söz təkrar etməməlidir. Kadrarxası mətnlər bədii ifadələr və aforizmlərlə zəngin olan xalq dilində, el dilində yazılmalı, lakonik olmalı, ümumi işin xeyrinə xidmət etməlidir. Sözün və təsvirin verdiyi informasiyanın tamaşaçı qəlbinə yol tapması üçün musiqi ovqat yaratmalı, hadisənin, situasiyanın mühitini formalaşdırmalıdır.