Ədəbiyyatdakı tarixi mövzular

Ədəbiyyatdakı tarixi mövzular
13 yanvar 2011
# 17:40

Kulis.az Vahid Məhərrəmovun "Ədəbiyyatdakı tarixi mövzular" yazısını təqdim edir.

Azərbaycan ədəbiyyatında daha çox tarixi romanları ilə tanınan Cəlal Bərgüşad (Cəlal Novruz oğlu Cavadov) vətənpərvər, doğulduğu yurda ürəkdən bağlı olan qeyrətli, milli düşüncəli, sözünü düz, mərdanə və sərrast deyən yazıçı idi. Onun qələmə aldığı "Bozatın belində", "Gələcəyi yaradanlar", "Dərilməmiş salxımlar" "Sıyrılmış qılınc", "Şərq çiçəyi" və başqa əsərlər bu gün də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Cəlal Bərgüşad 1924-cü ilin iyununda Qubadlı rayonunun Qəzyan kəndində dünyaya göz açıb. Orta təhsilini kənddəki fəhlə-gənclər məktəbində alıb. Böyük Vətən müharibəsi başlayanda döyüşlərə yollananlardan biri də o olub. Qanlı döyüşlərin birində ağır kəllə-beyin travması alan gələcəyin yazıçısı ordu sıralarından tərxis edilib.

Kiçik yaşlarından poeziyaya maraq göstərən Cəlalın "Cənub taydan əsən meh" adlı ilk şeiri Qubadlı rayonunda çıxan "Avanqard" qəzetində dərc olunub. Şeirlə yaradıcılığa başlayan Cəlal Bərgüşad ömrünün sonrakı illərində bir-birindən maraqlı nəsr əsərləri yazıb.
Cəlal Bərgüşad ali təhsil almaq arzusu ilə Qubadlıdan Bakıya üz tutub. Azərbaycan Dövlət Universitetinin Fılologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olub. Ali təhsilini başa vurduqdan sonra "Azərbaycan pioneri" qəzetində ədəbi işçi kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Qəzetin səhifələrində məktəblilər üçün bir-birindən dəyərli məqalə və şeirlər yazıb.

1958-ci ildən isə Cəlal Bərgüşad Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində böyük redaktor vəzifəsində işləməyə başlayıb. Burada çalışdığı illər ərzində onun ssenarisi əsasında "Çoban Boran", "Göy göl", "Torpağın ətri", "Çinar yarpağı" televiziya filmləri çəkilib. Çəkilən bu filmlər böyük tamaşaçı rəğbəti qazanıb. "Babək" əsəri Tehranda (1984) farsca, "Qaçaq Nəbi" İstanbulda (1979) türkcə kütləvi tirajla çap olunub.
Calal Bərgüşadın dəyərli əsərlərindən biri də "Sıyrılmış qılınc" tarixi romanıdır. Romanda 30 ildən artıq bir dövrdə ərəb xilafətinə qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan xalqının igid sərkərdəsi Babək Xürrəminin həyatından və qəhramanlığından bəhs olunur. Əsərdə Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı şanlı döyüşlər, o dövrün tarixi xronologiyası ardıcıllıqla təsvir edilir.
Müəllif əsərində obrazlarını fərdləşdirərək onların hər birini öz dili ilə danışdırır. Romanda ərəb, fars və Azərbaycan dillərində atalar məsəlləri çəkilir. Obrazlar öz fikirlərini həmin atalar sözləri və hikmətli kəlamlarla bəzəyir, özlərinin milli mənsubiyyətini, siyasi-ictimai mövqelərini nümayiş etdirirlər. Romanın dili sadə və obrazlı olduğuna görə çox oxunaqlıdır. Hər bir sənət əsəri xalqın mənəvi sərvətidir və bu sərvətin qiyməti onun müasirliyi baxımından xüsusilə qiymətlidir. "Sıyrılmış qılınc" zamanla səsləşən romandır. Təsadüfi deyil ki, bu romana ön söz yazan akademik Ziya Bünyadov bu əsəri ədəbiyyatımızın ən dəyərli tarixi romanlarından biri hesab edirdi.

Erməni işğalçıları torpaqlarımıza hücum edən ilk günlərdən Cəlal Bərgüşad qələmini silaha çevirmişdi. Onun bir ayağı Qubadlıda, Laçında, Zəngilanda və başqa bölgələrdə qalmışdı. Yazıçı cəbhə bölgələrinə səfərləri zamanı döyüşçülərlə görüşür, çıxışları ilə onların döyüş ruhunu yüksəldirdi. Təəssüflər olsun ki, torpaqlarımız ermənilər tərəfindən işğal olundu. Qoynunda dünyaya göz açdığı Qubadlının ermənilər tərəfindən ələ keçirilməsi yazıçını sarsıtdı, onu için-için üzdü.

Cəlal Bərgüşad torpalarımızın erməni işğalçılarından azad olunduğu günü görə bilmədi, ömür buna vəfa etmədi. O, 1996-cı il iyulun 9-da dünyasını dəyişdi. Amma xatirəsi dostlarının, doğmalarının qəlbində yaşayır. Yazıçı yaddaşlarda tarixi roman müəllifi kimi qalır.

# 766 dəfə oxunub

Oxşar xəbərlər

Qısa hekayə müsabiqəsi elan edildi - Şərtlər

Qısa hekayə müsabiqəsi elan edildi - Şərtlər

17:22 15 dekabr 2025
"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı

"Avroviziya 2026"da hansı ölkələr iştirak edəcək? - Siyahı

16:47 15 dekabr 2025
"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

"Səttar bu günahlı dünyanın günahsız uşağıydı..." - Rəsmi dairələr niyə rəssama mənəvi təzyiq göstərirdi?

16:30 15 dekabr 2025
"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

"Öncə onun dərman uzadan əlin, sonra isə..." - Əbülfət Mədətoğlu

15:07 15 dekabr 2025
"46 yaşım var, amma..." -  3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

"46 yaşım var, amma..." - 3 aya 300 kitab oxuyan Rəqsanə bizə nə öyrətdi?

15:00 15 dekabr 2025
Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

Necə ola bilər ki, bu zəmanə ona öz sözünü keçirə bilməsin? - Könül Həsənqulu

14:35 15 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər