Yayı yola salarkən payız sərin hava ilə üzünü göstərməyə başlayır. Mövsüm dəyişir, təbiət dəyişir, biz dəyişirik. Bəs yazıçılar yayın bitməsini heç nə hiss edirlər?
Kulis.az bu mövzuda yazıçıların münasibətini öyrənib.
Şərif Ağayar
“Meqapolis onsuz da təbiətdən uzaqdır, Bakı isə xüsusilə... Bəlkə, bilməyən var, Bakıda bütün ağaclar qəribdir. Burda ağac bitməyib. Kol-kos olub. Yer deyil Bakı. Limana və neftə görədir bu qələbəlik. Fəsillərin dəyişməsini burda əvvəllər meyvələrlə hiss edirdik. İndi istixanada hər fəsildə hər meyvə yetişir deyə, bu lüksümüz də artıq yoxdur. Təəssüf, payızı sadəcə tıxacın artması ilə hiss edirəm. Bir də xanımların geyimində. Bakıda gözəl qızlar çoxdur. Zövqlə də geyinirlər. Payızda xüsusilə... Payız, ümumiyyətlə, möhtəşəm fəsildir".
Mirmehdi Ağaoğlu
“Dənizə gedə bilməyəndə bilirəm ki, yay bitib, çünki mənim üçün yay dəniz deməkdir”.
Qismət Rüstəmov
“Yayın bitməsini fənərbağçalıların gülməli xəyallarından bilirəm”.
İlham Əziz
“Elə ki, dənizə üzmək yox, düşünmək üçün baxıram, bilirəm ki, yay bitib”.
Cavid Zeynallı
“Mənim üçün yayın bitməsinin xüsusi əlaməti və işarəsi yoxdur. Sadəcə, pencəklə vodolazka geyinmək üçün darıxmışam. Hiss edirəm ki, bu rahatlığı, izaholunmaz ləzzəti dadmağıma lap az qalıb. Kaş ki, soyuqlar tez düşəydi”.
Rəşad Səfər
“Gecələr oyananda görürdüm yuxudaykən üstümə mələfə örtmüşəm. Onda bilirdim, yay sağollaşır”.
Vüqar Van
""Yay mallarına 70 faiz endirim" yazılarında hiss edirsən ki yay qutardı”.
Əli Zərbəli
“Günorta vaxtı ürəyim buz kimi pivə istəməyəndə bilirəm ki, yay bitib”.
Orxan Həsəni
"Bir dəfə yay tətilindən qayıdandan sonra paltarlarımın heç biri əynimə olmamışdı".
Orxan Saffari
“Çox sadə, üşüyürəm və təzə paltarlar almaq lazım gəlir. Qış paltarları baha olur, onda hiss edirəm ki, artıq yay bitdi”.
Fəridə
“Yayın bitməsini əvvəlcə havadakı sentyabr qoxusundan hiss edirəm. Bunu izah edə bilmərəm, amma sentyabrda havanın məxsusi bir qoxusu var, uşaqlıqdan bəri o qoxunu hiss edirəm. Bir az kitab, bir az pendir, qaynanmış yumurta qarışıq bir hava olur səhərlər. Bakının zibil və mazut qoxulu səhərlərində belə uzaqlardan o qoxunu almaq olur.
Sonra yolboyu piştaxtalara düzülmüş salxım üzümlər qeybə çəkilir. Həmin piştaxtalarda pomidorlar da yavaş-yavaş kiçilir, əzilir, rəngi dəyişir, qırmızısı solur.
Bir də geyim dükanlarının vitrinində "yay mallarına 70 % endirim" yazısı var, təbii ki. Yavaş-yavaş vitrinlərdəki manikenlər qollu köynəklər geyinməyə başlayır.
Parklarda, həyətlərdə qaynaşan uşaqlar məktəb yollarında sıraya düzülür, həftəsonu "yenə dənizə gedə bilmədim" dərdin olmur daha.
Siyahını payızacan uzatmaq olar, əsas bunlardır, məncə”.
Orxan Cuvarlı
“Yuxu rejimimin qaydasına düşməyindən. Yayın bürkülü gecələrində yatmaq əzaba çevrilir, hər şey alt-üst olur”.
Nadir Yalçın
"Yayın bitməsini yeni paltar qoxusundan bilirəm".