"Çətir" əhvalatı niyə bu qədər müzakirə olundu?

"Çətir" əhvalatı niyə bu qədər müzakirə olundu?
21 yanvar 2026
# 18:22

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Şəhidlər xiyabanını ziyarət etdi. Adi bir ziyarət kimi görünür, hə. Sən demə, hər şey elə sadə deyilmiş.

Deməli, sürətli yağışa görə, AMEA əməkdaşlarından biri ona çətir tutdu. Elə hər şey də burdan başladı.

Görüntülər sosial mediada yayılandan sonra lağ hədəfinə çevrildi. Ki, bəs o adam niyə İsa bəyin başına çətir tutub. Açığı, xəbəri görəndə fikirləşdim: Bu, niyə xəbər olsun ki?

Heç xəbəri oxuyub qurtarmamışdım, başqa bir xəbər çıxdı ki, bəs İsa bəy başına çətir tutan Coşqun Məmmədovu işdən çıxarıb. Doğrudur, yanlışdır, bunu qoyaq bir qırağa. Məsələ başqadır. Yəni bir adamın işdən çıxıb-çıxmamağı artıq havaya bağlıdı. Kim bilir, bəlkə, dünən hava yağışlı olduğuna görə, neçə adam işdən çıxarılıb.

Düşünürəm ki, əgər sabah günəş çıxsa, digər AMEA əməkdaşları da göy qurşağı altında “təhlükəsiz” iş günü keçirmək üçün çətir tutmalı olacaqlar. Hər çətir yeni vəzifə sınağıdır.

Kimdir müqəssir?

**

Söz yox ki, bizdə vəzifəli adamlar insanlarda qıcıq yaradır. Açığı, adamları da qınamaq olmur. Dünən hətta İsa bəyin elə həmin ziyarətdə burnunu silməyinə də söz atmışdılar. Ki, bəy burnunu siləndən sonra haman dəsmala niyə diqqətlə baxır? Hə, vallah. Nə yalan deyim, məni də maraqlandırdı bu vacib məqam.

Yəqin Coşqun bəy də hörmətli akademikin səhhətindən narahat olduğuna görə başına çətir tutub ki, xəstəliyi kəskinləşməsin.

Söz yox ki, çətir tutmaq yalnız yağışdan qorumaq üçün deyil. Bu, həm də status simvoludur: “Akademik İsa Həbibbəyliyə ən yaxın adam mənəm”.

Bu hadisənin bu qədər müzakirə olunması, xəbərə çevrilməsi…

Biz nələri müzakirə eləyirik?

Biz nələri müzakirə etmək istəyirik?

“Çətir” əhvalatı bu iki sualı xatırlatdı mənə. Çünki insan da, cəmiyyət də zamanla müzakirə elədiklərinin xarakterinə bürünür.

Bəlkə, bizi belə görmək istəyirlər.

Burun dəsmalını və başa tutulan çətiri müzakirə eləyəcək insanlar kimi…

Söz yox ki, işdən çıxarılmaq bu gün havaya, suya, iynə ucuna, Marsın hərəkət trayektoriyasına və s. bağlıdır.

Sabah hansısa məmura “işçinizi niyə işdən çıxartdınız?” sualını verəndə rahatlıqla “nəsə ürəyim sıxılırdı o gün” deyə bilər.

Biz də deyərik ki, əşşi, yaxşı olub, onsuz da Manafa qulaq asırdı. Müəllim yaxşı eləyib çıxarıb işdən.

Və cəmiyyət bunu qəbul edir, çünki artıq gündəlik həyatımızın öz “qlobal” problemi var: “Hansı hadisəni ciddi, hansı hadisəni adi saymalıyıq?” sualının cavabı yoxdur. Çətir, burun dəsmalı və işdən çıxarılmalar bir-birinə qarışıb, sanki sosial absurdlığın kataloquna çevrilib

***

“Əşşi, indi kim kimədiyee”.

Dünən avtobusda eşitdim bu cümləni.

Bir nəfər arxa oturacaqda telefonla danışırıqdı.

Əlbət ki, birinci dəfə deyildi bu cümləni eşidirdim. Ancaq bu cümləni 20 Yanvarda eşitməyim mənə ikiqat təsir elədi.

Bilmirəm, bəlkə, elə “çətir” əhvalatı baş verəndə eşitmişdim bu cümləni…

Ya da hörmətli akademik burun dəsmalına diqqətlə baxanda…

Hərçənd biz əhvalatı sosial mediada, avtobusda və ya kafedə eyni ciddiyyətlə müzakirə edirik. Çətir və dəsmal gündəlik absurdlardan ibarət bir tamaşanın rekvizitləridir.

Kim bilir, sabah nə tutacağıq?

Kim bilir, sabah nədən tutacağıq?

Kim bilir, sabah niyə tutacağıq?

# 1237 dəfə oxunub

Oxşar xəbərlər

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

Stalinə etiraz məktubu yazan yeganə yəhudi - Onu edamdan nə xilas etdi?

18:48 26 yanvar 2026
Televiziyalara xəbərdarlıq edildi - Səbəb

Televiziyalara xəbərdarlıq edildi - Səbəb

17:51 26 yanvar 2026
Paşinyan musiqi qrupu yaratdı

Paşinyan musiqi qrupu yaratdı

17:17 26 yanvar 2026
Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

Milli İncəsənət Muzeyində yeni daimi ekspozisiyanın açılışı oldu

16:31 26 yanvar 2026
“İkinci həyat”  bədii layihəsi təqdim olundu

“İkinci həyat” bədii layihəsi təqdim olundu

16:05 26 yanvar 2026
Kamera qarşısında özünü “şah” sayanlar  - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

Kamera qarşısında özünü “şah” sayanlar - Müğənnilər niyə şosial şəbəkələrdə "lotuluq" edir?

16:00 26 yanvar 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər