Azərbaycanlı ekstrasens: “Ukraynalı qızı polislərdən əvvəl tapdım” – Müsahibə

Səbuhi İmanov, ekstrasens, psixoloq

Səbuhi İmanov, ekstrasens, psixoloq

22 aprel 2022
# 09:00

Kulis.az ekstrasens, psixoloq Səbuhi İmanovun müsahibəsini təqdim edir.

– Gəlin birinci ekstrasenslikdən başlayaq...

– Məncə, psixologiyadan. Çünki ekstrasenslik də, parapsixologiya da psixologiyadan gəlir. Psixologiya isə fəlsəfədən. Kariyeram ekstrasenslikdən başlanıb amma. Siz necə istəyirsinizsə, o cür olsun. Mən özüm də istəmədən bəzən adamlara yön verirəm. Bu məndən asılı olmur. Elə bilirəm, hiss etdiyim yoldan getsək, daha yaxşı olacaq.

– Heç yanılmamısınız bəs?

– O qədər yanılmışam ki... Mən yalan danışmağa meylli və ya yalana köklənən adam deyiləm. Amma hiss etdiklərim bəzən məni aldadır. Buna baxmayaraq, hisslərimə güvənirəm. Onlar bəzən mənə yalan “danışsalar da”. Çox vaxt adamlar elə bilir ki, ekstrasenslər hər zaman mütləq düzgün proqnozlar verməlidir. Elə deyil. Enerji, insanların fiziologiyası, özümüz, əhvalımız bizi yanılda bilir. Bu da normal haldır, əslində. Biz hər şeyin həqiqət olduğu dünyada yaşamırıq ki?!

– Ekstrasensliklə psixologiyanın nə kimi əlaqəsi var?

– Ekstrasenslik, əslində, parapsixologiyanın içindədir. Psixologiyanın kökü hətta qədim yunanların miflərinə dayanır. Amma əsas etibarilə fəlsəfədən yarandı. Sokrat, Pifaqor və digərlərinin bu barədə sonralar mükəmməlləşən fikirləri vardı. O dövrdə psixologiya insanın təbiət haqqında təsəvvürləri ilə sərhədlənirdi. Təbiəti dərk etməyə çalışanlar ruhu öyrəndi. Aristotel ruha canlı mexanizm kimi baxmağa başladı. Mən də o cür düşünürəm psixologiyanı. Ruh var, o canlı mexanizmdir. Bizim fikirlərimiz də o mexanizmin içindədir. Mən ona görə təklif etdim ki, birinci ordan başlayaq.

– Yəni deyirsiniz ki, ekstrasensliyin mifoloji əsasları var?

– Mifologiya, fəlsəfə, psixologiya, parapsixologiya, ekstrasenslik, hipnoz.

Bu ardıcıllıqla təkamül edib. Əslində, psixologiyanın mifoloji kökündən danışmasaq da olar. Bu çox uzun çəkəcək.

– Məncə də. Gələk əsas mətləbə...

– 19-cu əsrin sonlarında Amerika və İngiltərə alimləri, psixoloqları, – hələ onda psixologiya elm kimi də qəbul olunmurdu, – labarotoriyalar yaratdılar, təcrübələr keçirdilər və psixologiyanı elm kimi qəbul etdirdilər. Sonralar universitetlərdə tədris olunmağa başladı. Psixologiyanın nəzdində parapsixologiya labarotoriyaları da yaradıldı. Bu gün də parapsixologiya elm kimi qəbul olunmur. Çünki onun rassional izahını vermək çətindir. 1911-ci ildə Stonford Universitetində ekstrasenslik öyrənilməyə başlanıldı. Ondan sonra Avropa və dünyanın başqa ali tədris mərkəzlərində də öyrənilir.

– Bu iki sahənin konkret olaraq elmi təsdiqi var?

– Yox. Heç birinin. Elm qəbul etmir bu iki sahəni. Onlar fakt olaraq qalır. Amma isbat edə bilmirik. Bu şey var, bu sahələrin kifayət qədər təcrübələri də var, amma nəzəri əsaslarla öyrənmək olmur. Bilirsiniz necədir? İnsanın xarakteri proqramlaşa bilir. Bizim işimiz o proqramı öyrənməkdi, vəssalam. Həmin proqramı öyrənəndən sonra isə insan taleyi ilə bağlı mühakimələr irəli sürmək olur. Bunu hamı edə bilər. Bir şey də deyim. Bu gün parapsixologiyanın, ekstrasensliyin elm olmadığını deyənlər, onu qəbul etməyənlər, efirdən kənarda hamısı gəlib maraqlanırlar. Hamı öz taleyinə maraqlıdır. Hər bir sahənin ibtidai və ali tərəfləri var. Mən ekstrasensliyi də, hipnozu da A-dan Z-yə qədər bilirəm. Bizim adamların bəziləri, bəziləri yox, əksəriyyəti ekstrasensliyi ibtidai səviyyədən də aşağı bilirlər. Biri əlinə bir kəsik parça alıb gəlir ki, mənim həyatıma bax. Nə bilim, əlini uzadır ki, bax gör nə vaxt evlənirəm. Belə deyil. Ekstrasenslik taleyə baxmaq deyil. Ekstrasenslik intuitsiyasını falçılıqla qarışdırmaq olmaz. Falçılıq tamamilə başqa bir sahədi, onun da öz ovçusu və öz ovu var. Hətta müasir insanımız da bu fərqi bilmir. Onların fərqi barədə nə qədər istəsəniz danışa bilərəm…Əsas odur ki, ekstra-intuitsiya mənəvi-psixoloji, falçılıq isə fiziki məişətə qulluq edir.

– Fərqi nədir?

– Bunlar fərqli psixoloji həyat tərzlərinin öyrənilməsidir. Məsələn, təbii qanunauyğunluqla insan bədəni qocalır. Bu, insanlar üçün faciədir. Adamlar bundan narahat olur. Amma emosiyalar qocalmır və adamlar bununla barışmır. Görürsünüz, yenə insan emosiyaları. Bəziləri üçün bu faciədir, bəziləri isə bundan həzz alır. Və bir şey də var. Ekstrasensliyin, falçılığın öyrənilməsi, araşdırılmağı insanlar üçün zərərlidir, onların həyatı üçün xeyirli bir şey deyil. Mənə deyirlər ki, iki televiziya yarışmasında iştirak etmisən, tanınırsan, necə bunun əleyhinə ola bilərsən? Mən yanıma gələn adamlara da deyirəm ki, evlənmək əgər biri üçün problemdirsə, ondan hansı inkişafı, mənəvi yüksəlişi gözləmək olar? Ekstrasensin yanına evlənmək üçün gələn adamlar mənəvi cəhətdən mahiyyəti zəif olan adamlardır. Bu cür insanların biopoliyası yaxşı səviyyədə deyil. Və bizlərin işi o biopoliyaya girməkdi. Bu da gedib çıxır şamanizmə. Trans vəziyyətlərə. İnsanlar o vəziyyətə düşmək üçün müəyyən proseslərə qatlaşmalıdır. Təsəvvür edin, bu qədər həngamə bir adamın evlənmək istəyi üçündür (gülür).

– Hipnozun özü də trans halıdır?

– Bəli. Və bunlar məişət səviyyəsindəki problemlər üçün deyil. Bir baxıcı və ya falçı sizin sadəcə taleyinizdə olanları və ola biləcəkləri sizə deyə bilər. Onlar sizi evləndirməyəcək və ya başqa problemlərinizə konkret bir həll yolu deməyəcək. Çünki deyə bilməz. Falçılar da, özünü falçı kimi aparan ekstrasenslər də sizi aldadır. Əvvəllər mən də bu işlə məşğul olmuşam. Amma öyrənəndən sonra yanıma gələn adamlara da deyirdim ki, mən sənə ər tapmayacam, heç sənin hansı yaşda evlənəcəyini də bilmirəm. Bu sənin üçün bir problem ola bilməz. Olmamalıdır. Avropada adamlar bu məsələyə ayıq baxırlar.

– Necə yəni, ayıq baxırlar?

– Yəni onlar dərk edib ki, bir insanın evlənməyi də, evlənməməyi də normal haldır. Evlilik bu qədər qabardılacaq problem deyil. Bizim adamların düşüncəsi isə evlilik kimi yüngül şeylərdə ilişib qalır. Bizdə ata-ana övladlarını evlənməyə məcbur edir. Hökmən övladları evlənməlidir ki, nəvələri olsun. Yəni bu boyda həngamə iki nəfərin nəvə istəyinə görədir. Mənə bu şeylər gülməli gəlir. Mən Avropada yaşamışam. Oralarda belə deyil. 13-14 yaşdan sonra uşaqlar cəmiyyətlə, həyatla həqiqi mənada tanış olurlar. Burda “kəs səsini, sən kiçiksən” janrı orda “sən də düz deyirsən, amma bu daha yaxşıdır” janrındadır.

– Hər kəs ekstrasenslik edə bilər?

– Edə bilər. Bu çətin bir şey deyil ki. Bir az keçmişi bilirsən, bir az indini. Bir az da gələcəyə intuisiyanı işə salırsan, vəssalam. Amma bu ciddidirmi? Ciddi deyil. Kimsə gəlir ki, mənim torpağım satılmır. Satılmırsa, get elan ver də. Buna görə də ekstrasensin yanına gəlməzlər axı. Ekstrasens sənin üçün elan verən adam deyil ki. Lakin bu cür adamlardan istifadə edib pul alan falçılar da, ekstrasenslər də var.

– Bir hadisənin olacağına nə qədər əmin ola bilirsiniz?

– Hamının içində şübhə var. Hətta Allaha inanan bir adamın da içində mütləq şübhə hissi olur. “Allah yoxdu” deyəndə də şübhə var. İntuisiya adama hər an gələ bilər. Məsələn, sən demişdin, ayın 11-i görüşək. Mən 11-i günü oyandım və telefonda gözümə 12 aprel göründü. Sonra mənə yazdın ki, sabah (yəni 12 apreldə) görüşək. Bizim görüşümüzü, məsələn, hiss etmişdim və əmin idim. İntuisiyam məni aldatmadı. Ukrayna müharibəsini hiss elədim. Bir səhər gözümə rus tankları göründü. Sadəcə tarixdən əmin deyildim. Qarabağ müharibəsini də bilirdim. Ancaq gələn il üçün hiss eləmişdim. Zabit qardaşıma demişdim, gələn ilin sentyabrında Qarabağ müharibəsi başlayacaq. Lakin tez oldu. İndi Zirəddin deyib ki, 24 rəqəmi görmüşəm. Hamı da onun üstünə düşüb ki, bəs niyə 24 günə bitmədi müharibə. Bu konkret deyiləcək bir şey deyil axı. Bəlkə, 2024-də bitəcək? Zamanla dostluq etmək çətindir – o adamı gah geridə qoyur, gah irəlidə. Rəqəmlər olan zonaya girmək isə olduqca çətindir. Bunu 100 faizlik bacaran adam yoxdur. Bir var müharibəni görmək, bir də var müharibənin dövrünü görmək. Mən müharibənin dövrünü görürəm. Bir az analiz edəndə isə hər şey ortaya çıxır. Rusiya-Ukrayna müharibəsi iki ölkənin müharibəsi deyil. İki sistemin, iki düşüncənin müharibəsidir artıq və mənə elə gəlir ki, bu xəmir çox su aparacaq. Dəqiq tarixi deyə bilmirəm. Ukraynadan gəlmişəm, orda vəziyyət başqa cürdür, çox faciəlidir. Və adamları çox fərqli düşünür, ruslar kimi yox. Ruslar deyir, biz ac qalaq, amma qalib olaq. Onların psixologiyası çox kəskin fərqlənir.

– Səbuhi müəllim, fikrin təlimi nədir bəs?

– Həyatda görmək istədiyimiz şeylərin fikrimizdə daha əvvəldən proqramlaşdırılmasıdır. Yəni biz bir işi görməzdən qabaq bütün beynimizlə onun alqoritmini qururuq. Bu isə insanın təxəyyülünü genişləndirir. Parapsixologiyanın bu cür təlimləri çoxdur. Nəfəs təlimləri də var hətta.

– İnsanlarda təbii çakralar var axı...

– Çakralar insanlara falçılıq etmək üçün verilməyib. Ümumiyyətlə, bizim bədənimizdə 7 böyük çakra var. Onlar bizə kainatın və bədənimizin enerjisini idarə etməyə imkan yaradır. İnsanlar bu çakralardan yaxşı işlər üçün, peşəkarlıq üçün istifadə etməlidir, kimisə evləndirmək, ya da yalan danışmaq üçün yox. Dində bu şeylər haqqında məlumatlar var. Mən Quranı da, digər müqəddəs kitabları da oxuyuram. Falçılıq düzgün buyurulmayıb. Falçılar deyir ki, ruh gördüm, mələk gördüm. Mümkün deyil. Mələyin sadəcə kölgəsi görünə bilər. Falçılar daha çox cinlərlə işləyirlər və bunu etiraf edirlər. Psixologiya ilə falçı arasında çox incə bir xətt var. Elə adamlar var ki, bilinmir falçıdır, yoxsa psixoloq.

– Hiss etdiyiniz və sizi uzun müddət narahat edən hallar olub?

– Olub. Dostlarım, tanışlarım, pasiyentlərim haqqında elə şeylər hiss edirəm ki, bu məni ciddi şəkildə narahat edir. Mənfi şeyləri insanlara deməyi sevmirəm. Amma bəzən buna ehtiyac duyursan. Qorxulu şeyləri demək, əslində, pul qazanmağın ən yaxşı yoludur. Bəzi ekstrasenslər bu şeyləri deyib pul qazanırlar. Yanına gələn adamlar da elə bilir ki, həmin ekstrasens ona şəfa verdi. İndi mən özüm üçün həyatı yaşamağın formulunu tapmışam. İstədiyim heç nə yoxdu – maddi anlamda. Əgər sən bilirsən ki, səndən qabaq hamı ölüb, deməli, narahat olmağa səbəb yoxdur. Məni ən böyük narahat edəcək şey valideynlərimin ölümü olardı. Onlar da ölüb. Mən bəzən anamın ölümünü çox istəyirdim. O öləndə şükür və dua etdim. Çünki çox pis xəstəlikdən əziyyət çəkirdi. İstəmirdim fiziologiyası, ruhu o qədər incinsin. Öldü və canını bütün ağrılardan xilas etdi. Ümumiyyətlə, həyatda mənim üçün problem deyiləcək bir şey yoxdur. Maneələr var, onları da həll etmək olar. İnsan çalışmalıdır. Əməlləri sözdə qalmamalıdır. İnsanın sözü çox olanda feili azalır.

– Ekstrasens kimi xüsusi tapşırıqlar almısınızmı?

– Kiyevdə almışam. Bir qız uşağı itmişdi. Polislərlə bərabər işlədim. Mən onlara əlamətləri dedim, qızı cansız görürdüm, yol kənarında, meşə tərəflərdə hiss etmişdim. 6 aydan sonra qızı meşə kənarında cansız tapmışdılar. Birinin diri, ya ölü olmasını hiss etmək də təlimlərlə ola bilir.

– Hər kəs hipnoz vəziyyətinə düşür?

– Bəli. Sadəcə bəziləri buna tərəddüd etdiyi üçün gec təsir edir. Kimsə həyatda yox deməyi bacarırsa, o, gec hipnoza düşür. Enerji kanallarının açıq və qapalı olması ilə bağlıdır.

Foto: İlkin Nəbiyev

# 5594 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
#
#
# # #