Azərbaycan dilinin şivələri və özbək dilində ortaq sözlər - Sevinc Qəmbərli

Azərbaycan dilinin şivələri və özbək dilində ortaq sözlər - Sevinc Qəmbərli
26 avqust 2025
# 18:00

Kulis.az Xəzər Universitetinin Dillər bölməsinin koordinatoru Sevinc Qəmbərlinin “Azərbaycan dilinin şivələri və özbək dilində ortaq sözlər” yazısını təqdim edir.

Türk dilləri ailəsinə 30-a yaxın dil daxildir ki, daha çox uyğunuq təşkil edən xüsusiyyətlərinə görə bu dillər müxtəlif qruplarda birləşdirilir. Azərbaycan və özbək dilləri türk dilləri ailəsinə daxil olub özünəxas fonetik, leksik, qrammatik xüsusiyyətləri olan müstəqil qohum dillərdir. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir, bu dildə yer üzərində 50 milyona yaxın adam danışır.

Azərbaycan dilinin tarixi kökləri qədimdir, dialektləri əsasında seçmə və əvəzetmə yolu ilə imla qaydaları, normaları, funksional üslubları olan cilalanmış ədəbi dili yaranmışdır. Azərbaycan dili türk, qaqauz, türkmən dilləri ilə birlikdə türk dilləri ailəsinin oğuz qrupuna daxildir.

Özbək dili salar, yeni uyğur, sarı uyğur dilləri ilə birlikdə türk dilləri ailəsinin karluq-uyğur qrupuna daxildir. Özbək dili Özbəkistan Respublikasının dövlət dilidir, bu dildə 20 (iyirmi) milyona yaxın əhali danışır. Özbəklər həm də Qazaxıstan, Tacikistan, Türkmənistan respublikalarında, Çinin Sintzyan-Uyğur ərazisində, Əfqanıstanda (şimal hissəsində) yaşayırlar.

Özbək ədəbi dili karluq və uyğur tayfa birliklərinin əsasında formalaşmışdır. Bu dilin formalaşmasında oğuz və qıpçaq tayfaları da həlledici rol oynamışlar. Bu dil XI-XIV əsrlər ərzində türk adı altında tanınmış, XV əsrdən başlayaraq cığatay dili kimi tanınmışdır (Xəlilov, Türkologiyaya giriş, 2013, s. 296).

Türk dilləri ailəsinə daxil olan dillər monoqrafik üsul ilə həm ədəbi dil, həm də dialektləri səviyyəsində kifayət qədər araşdırılmış, bu istiqamətdə dəyərli tədqiqat işləri ortaya qoyulmuşdur. Artıq qohum dilləri və onların dialektlərini müqayisəyə cəlb edərək ümumtürk elmi miqyasında araşdırmalar aparmaq və dəyərli faktları işıqlandırmaq dövrü gəlmişdir. Çünki bu kimi araşdırmalar türklər üçün ortaq ünsiyyət dili, ortaq terminologiya, ortaq imla qaydaları və digər istiqamətlərdə aparılan işlər üçün çox faydalıdır. Bu ehtiyacdan irəli gələrək XXI əsrin əvvələrindən başlayaraq bu kimi araşdırmaların vüsəti genişlənmiş, diaxron və sinxron olaraq bir çox müqayisəli-linqvistik təhlillər aparılmışdır.

Bu istiqamətdə Azərbaycan dilçiliyində bir çox işlər görülməkdədir: 2013-cü ildə Zabitə Teymurlu “Azərbaycan dili dialektlərində və türk ədəbi dilində işlənən ortaq sözlər” mövzusunda, 2017-ci ildə Sevinc Qəmbərova “Azərbaycan dilinin qərb şivələri və türk dilinin Qars şivələrinin leksikasının müqayisəli-linqvistik təhlili” mövzusunda,2018-ci ildə Qalibə Hacıyeva “Naxçıvan dialekt və şivələrinin Güney Azərbaycan və Şərqi Anadolu dialektləri ilə müqayisəli təhlili” mövzusunda, 2021-ci ildə Əlvan Cəfərov “Qərbi Azərbaycan və Şərqi Anadolu dialektlərinin etnolinqvistik xüsusiyyətləri” mövzusunda dissertasiya işləri müdafiə etmişlər.

Azərbaycan ədəbi dili və şivələri arasında müəyyən fərqli xüsusiyyətlər vardır. Belə ki, əgər Azərbaycan ədəbi dili incələşməyə meyllidirsə, qərb şivələrində qalınlaşma hadisəsi müşahidə olunmaqdadır, ədəbi dildə damaq ahəngi hökm sürürsə, qərb şivələrində dodaq ahənginin izləri vardır və s.

Həmçinin, lüğət tərkibinə baxsaq, görərik ki, milli sözlər ilə yanaşı, Azərbaycan ədəbi dilində monqol, ərəb-farsa, rus-Avropa və s. mənşəli alınmalar da çoxluq təşkil edir, şivələrdə isə qədim türk leksik qatı izlənilməkdədir. Bu kimi xüsusiyyətləri lüğət tərkibi ilə yanaşı, Azərbaycan dili şivələrinin fonetik və qrammatik laylarında da izləmək olar: qədim türk abidələrində mövcud olan səsləri (ŋ), qədim qrammatik xüsusiyyətləri (yönlük halda k ünsürü, arxaik halların izləri, feili bağlamaların qədim şəkilçilər ilə işlənməsi) və s.

Azərbaycan dilinin şivələri səviyyəsində müşahidə edilən linqvistik cəhətlər, digər türk dillərində ədəbi dil səviyyəsində izlənilməkdədir. Məqalədə Azərbaycan dilinin şivələri özbək ədəbi dili ilə müqayisəyə cəlb edilərək ortaq xüsusiyyətlər ortaya çıxarılmışdır. Araşdırma həm Azərbaycan dilinin şivələri və özbək ədəbi dilinin materialları əsasında fonetik və leksik səviyyələrdə aparılmışdır. Yeri gəldikcə Kaşğarinin lüğətinə, “Dədə-Qorqud kitabı”na, “Oğuznamə”yə və başqa mənbələrə də müraciət olunmuşdur.

Bugünkü türk xalqlarının ədəbi dillərini və ya dialektlərini və eyni zamanda onların tarixi-etnik-genetik köklərinin dərindən öyrənilməsində saysız-hesabsız leksik vahidlər də mühüm rola malikdirlər və ümumtürk dillərinin leksik bazasına söykənməklə qohum dillərin dialekt və şivələrində müşahidə olunan inteqrasiya hallarını üzə çıxarmaq mümkündür (Hüseynova, 2020, s. 484). Dialekt leksikasında alınma sözlərə rast gəlinsə də, əsasən qədim türk leksikası muhafizə edilmişdir.

Türk dilləri ailəsinin oğuz qrupuna daxil olan digər türk dilləri ilə (türk, türkmən, qaqauz) Azərbaycan dili şivələri arasında xeyli ortaq sözlər vardır. Həmin sözlər Azərbaycan ədəbi dilində işləkliyini itirmi, lakin şivələrdə işlədilməkdədir. Eyni halı özbək dili ilə də müşahidə etdik, belə ki, müəyyən ifadələr var ki, Azərbaycan dilinin passiv fonduna daxildir və ancaq müəyyən məhdud ərazilərdə işlədilir, özbək dilində isə aktiv fonda daxildir və ümumişlək söz hesab edilir.

Dilin lüğət tərkibi onun ən çox dəyişikliyə məruz qalan qatıdır. Hər bir dil məxsus olduğu xalq ilə eyni taleyi yaşayır. Xalqın tarixində baş verən bütün hadisələr, təsirlər, miqrasiyalar onun dilində və dialektlərində öz dərin izini buraxır. Türk dilləri ailəsində olan dillərin lüğət tərkibinin yarıdan çox hissəsi (təxminə 60 faizi) özündə qədim türk leksikasını əks etdirir və elə bu lay da onları birləşdirir. Müəyyən qədim türk sözləri vardır ki, Azərbaycan ədəbi dilində öz işləkliyini itirmiş, lakin şivələrində qorunub saxlanılmışdır. Özbək ədəbi dilində isə bu sözlər hazırda işlədilməkdədir:

Ağırramax (Cəbrayıl, Göygöl, Şəmkir)-hörmətlə qəbul etmək (qonağı). Məs.: -Məsələn, sən qonax gəleysiŋ, soŋra gedif deysiŋ kin, məni yaxşı ağırradılar (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.14). Özbək dilində eyni mənada istifadə edilən oğırlomoқ sözü müşahidə edilir (Berdak, 1993, s. 10). Kaşğarinin lüğətində “əziz, möhtərəm” mənasını ifadə edən ağır sözü qeydə alınmışdır: “ağırlığ kişi-xalq və ya bəy tərəfindən ağırlanan, yəni əziz tutulan adam; tənqri məni ağırladı-tanrı məni əziz tutdu”.

Lüğətdə ağırlığ “əziz, hörmətli, hər kəs tərəfindən sayılan, ağırlanan, əzizlənən adam” leksemi də verilmişdir (Kaşğari, 2006, s. 126, 202). Bu ifadə “Oğuznamə”nin dilində istifadə edilmişdir: Ağırlayanı ağırlarlar (Oğuznamə, 2006, s. 42). “Dədə Qorqud kitabı”nda bu sözə rast gəlinir: - Ozan, eviŋ tayağı oldır ki, yazıdan-yabandan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol anı yedirər-içirər, ağırlar-əzizlər, göndərər; -Üç gün təmam ağırladı və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 33, 104).

Bayramnıx (Ağdam, Bərdə, Füzuli, Tərtər)-bayram münasibətilə qız evinə göndərilən pay, bayram hədiyyəsi. Məs.: - Nişannısına bayramnıx göndərdi Əli (Bərdə) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.44). Özbək dilində “bayram münasibəti ilə yaxın insanlara verilən töhfə, bayram sovqatı” bayramlık sözü işlədilir. Məs.: - Keliningizga man buni [krepdeshinni] oldim, sizga uch-t'ort bayramlikni bir qilib olib kelaman. O'. Umarbekov, Ona (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.I.A–D., 2023, s.325).

Bijəltəx', bijəndər (Şuşa, Qazax) - kələkbaz, bic, hiyləgər. Məs.: -Çox bijəltəx' gədədi bizim bu Məhi, heş allatmax olmur onu (Şuşa); - Belə bijəndər adam olmaz (Qazax) və s. Gəncə, Şuşa şivələrində bu sözdən əmələ gəlib “kələkbazlıq, biclik, hiyləgərlik” mənasını ifadə edən bijəndərrix', bijəltəx'lix' sözləri də istifadə edilir. Məs.: - Bijəndərrix'də onun qavağına çıxan olmaz (Gəncə); - Bijəltəx'lix'də hamını ötüf keşmisən (Şuşa) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.55).

Özbək dilində “heç kimə imkan verməyən, çoxdanışan” bijildoq sözü işlədilir. Məs.: - Bijildoq xotin. - Ayvonida bu xonadonning bijildoq bekasi. Oybek, Navoiy. Həmçinin, bu sözdən əmələ gələn bijildoqlik (heç kimə danışmağa imkan verməmək, kobudluq etmək) sözü də özbək dilinin lüğət tərkibinə daxildir. Məs.: - O'z bijildoqligi bilan kolxozda “Qumri qaqildoq” deb nom chiqargan ayol. A. Mirahmedov, O'tyuraklar (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.I.A–D., 2023, s.449).

Cəviz (Ağcabədi, Cəbrayıl, Culfa, Laçın, Naxçıvan, Ordubad, Şərur, Zəngilan) - qoz. Məs.: - Cəviz meşələrdə çox çoxdu (Zəngilan); - Cəviz bu kətdə çox olur və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 74). Bu söz özbək dilində geniş şəkildə izlənilən c ̴ j hadisəsinə uyğun olaraq jeviz şəklində istifadə edilir (Berdak, 1993, s. 27).

Çamır (Goranboy, Qazax, Şahbuz, Şəmkir, Tovuz, Yevlax) - palçıq. Məs.: - Su çamır kimi gəler, çay qoymağ olmaz (Tovuz); - Getdim gördüm at batıb çamıra, çıxa bilmir (Şahbuz) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 89). Özbək dilində bu sözün çomur formasında işlədildiyini görürük (Berdak, 1993, s. 29). “Oğuznamə”də bu sözə rast gəlinir: Köti cəmri//çamırı bay olmaz (Oğuznamə, 2006, s. 152).

Çim (Ağcabədi, Bakı, Daşkəsən, Goranboy, Xanlar, Kürdəmir, Qazax) - tamam, tamamilə. Məs.: - Xüreg lap çim yağdu (bakı); Məs.: - Ət çox yağlı olanda de:rix' çim yağdı (Goranboy) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 102). Özbək dilində chim sözü var ki, “ot, yaşıllıq” mənasını bildirir. Chim bosmoq isə yaşıllaşdırmaq, bitki əkmək deməkdir. Məs.: - Biz uchun ko‘kаrаr do‘ngliklаrdа chim, Biz uchun yashaydi ko‘kdа yulduzlаr. “Yoshlik” (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi. J. VI, 2023, s. 778). Kaşğarinin lüğətində çim vahidinin qədim türk dilində iki mənada işlədildiyi göstərilmişdir: 1. Bir şeyin çiy və ya yaş olmasını vurğulamaq üçün işlənir: çim yik ət-çim çiy ət, çim öl ton-çim yaş paltar; 2. Ayrıq otu. Yerdən yarıköklü şəkildə biçilib yığılır, qurudulduqdan sonra od qalamaq üçün çırpı işlənir: çim bıçtı-ayrıq otu biçdi, yığdı (Kaşğari, 2006, s.349).

Çin (Ağcabədi, Ağdaş, Bakı, Bərdə, Cəbrayıl, Göyçay, Lənkəran, Tərtər, Zərdab) - düz, doğru. Məs.: - Yuxum çin çıxdı (Cəbrayıl); Məs.: -Nənəmin yuxusu çin oldu (Zərdab) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 102). Özbək dilində chin şəklində yazılır və “həqiqi, həqiqətən, doğru, düzgün, real vəziyyət, hadisə və s.” mənalarında işlədilir. Məs.: - Оtаmning yo‘qdir tаyini, Mеn аytаy gаpning chinini. “Nurаli”. Shu оndа хаvоtiri chingа аylаndi. “Sharq yulduzi” (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi. J. VI, 2023: 780). Kaşğarinin lüğətində bu vahid çın “doğru, çin, səhih” kimi göstərilmişdir: Çın sözlər-o, doğru deyir; Çın aydınq-düz dedin (Kaşğari, 2006, s.350).

Dam (Borçalı, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qazax) - 1. qazma (Borçalı). Məs.: - Keşmişdə qışda kətdilər damda olardı; 2. Hər cür tikili, bina (Cəbrayıl, İmişli,Kürdəmir). Məs.: - Dam deyərük daş əvə, kərpic əvə (İmişli); - Bizdə bişir-düşüri damda eliyəllər (Kürdəmir) və s. Dam sözü Azərbaycan dilinin digər şivələrində başqa mənalarda istifadə edilir: 1. Tavan (Kürdəmir, Quba, Ordubad); 2. Tövlə (Gəncə,Göyçay, Karvansaray, Kürdəmir, Qazax, Sabirabad, Salyan, Şəki, Şəmkir, Şuşa, Tərtər). Məs.: -Evin damı qurtarmıyıb (Ordubad); - Heyvannarı dama doldırdım (Şuşa) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 113). “Dədə Qorqud kitabı”nın dilində tam şəklində istifadə edilir: -Gördi kim, oğrı köpək, yekə tana evini bir-birinə qatmış-tauq komasına, sığır tamına dönmüş; - Bənciləyin qarusından ağ əllərin bağladuban toŋuz tamında yaturmı olur? (Kitabi-Dədə Qorqud, 1988, s.33, 114).

Dam sözü özbək dilində a>o səs əvəzlənməsinə uğrayaraq dom şəklində və bir çox mənalarda işlədilir. Məs.: - Binobarin, har bir domdan oqilona foydalanish zarur etdi. S.Karomatov, Oltin qum (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.I.A–D., 2023, s. 894).

Damad (Quba) - kürəkən. Məs.: - Cəfərin damadı naxuşdu və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 113). Özbək dilində bu söz Azərbaycan dili şivələri və digər türk dillərindən fərqli olraq (türk, türkmən, qaqauz və s.) bu dilə xarakterik olan a ̴ o səs əvəzlənməsinə uğrayaraq domot şəklində istifadə edilir (Berdak, 1993, s. 35).

Davar (Təbriz) - qoyun. Məs.: -Bizim davarrarı qoymırdıla orda otdası <otlasın> (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.120). Azərbaycan dilinin qərb şivələrində bu söz “kiçik buynuzlu heyvan” mənasında istifadə edilir. Özbək dilində eyni mənada dovor şəklində işlədildiyini görürük (Berdak, 1993, s. 35). Kaşğarinin lüğətində tawar “mal, əşya”, tawarlığ (tawarlığ ər-malı olan adam), tawarluk “mal qoyulan yer” sözləri öz əksini tapmışdır (Kaşğari, 2006, s. 409, 474, 480). “Oğuznamə” də bu söz tavar, tovar şəklində verilmişdir: Tovarın yavuqlandığı vaqt bölüşdüyün kişiyə sor; Tavar ilə issi arasına girə gör, sonı qolay olur; Məlik,- dəgirmən, tavar,-qouun, devlət,-oğul (Oğuznamə, 2006, s. 120, 121, 164).

Davarcığ (Ordubad)-dağarcıq, torba. Azərbaycan dilinin Ağbaba şivəsində davarçın formasında işlədilir (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 120). Kaşğarinin lüğətində “içinə buğda və başqa şeylər qoyulan nəsnə, dağarcıq, kisə, çuval, xaral” mənasını ifadə edən tağar sözü qeydə alınmışdır (Kaşğari, 2006, s. 409). “Dədə-Qorqud kitabı”nda tağarcığ sözü istifadə edilmişdir: -Çoban tağarcığı çıqardı və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 46). Özbək dilində bu söz doğorjıқ şəklində işlədilərək eyni mənanı ifadə edir (Berdak, 1993, s. 34).

Eşix' (Böyük Qarakilsə, Çənbərək, Naxçıvan, Öğuz, Tovuz, Zaqatala)- həyət. Məs.: -Gedirix' qonşunun eşiyində bir isdikən çay içirix' (Oğuz); - Eşix'də bir sö:üx var kı, gəl görəsən (Tovuz) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 151). Özbək dilində bu ifadə eshik şəklində yazılır və “ev, bina, xanədan, çöl, bayır, müəyyən bir obyektin açılıb bağlanan, girilib çıxılan hissəsi (otaq, təyyarə, qəfəs, saat və s.) mənasını ifadə edir. Məs. - Mehman kelar eshikdan, Rizqi kelar teshikdan. Maqol; - Bu o‘rtаdа sоаt eshigi оchilib, kаkku qush chiqdi-dа: “Kаkku! Kаkku!”, dеb yanа kirib kеtdi. U.Ismоilоv, Sаylаnmа; - Eshigimdа judа ko‘p оdаmlаr ishlаgаn. Оybеk, Tаnlаngаn аsаrlаr (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K, 2023, s. 83). Eşik leksemi “Oğuznamə”də işlədilmişdir: İş işləməyəyim deyirsən, eşikdə ol (Oğuznamə, 2006: 37). “Dədə-Qorqud kitabı”nda bu söz eşik, eşig şəklində istifadə edilmişdir: - Eşikdəki inaqlar! - Qapu eşigi üzərindən arqurı qomışlardı ki, bu məhəldə xan Qazan yetdi və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 63, 74).

Eşmax (Qax)-qazmaq. Məs.: - Yolun qırağını eşip salıllar, sel gələndə hordan əxsin <axsın> (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.152). Özbək dilində “çevirərək bükərək bişirmək, qarışdırmaq, əyirmək və s.” mənaları ifadə edən eshmoq sözü işlədilir. Eshkak eshmoq “sıra, növbə çəkmək” ifadəsinə də rast gəlinir. Məs.: - Hayotxon bechora ip eshib, marvaridlarni terishga o'tirdi. M. İsmoiliy, Farg'ona; - Labi cho'chchaygan kichkinagina sanitar qiz eshkak eshardi. A. Muxtor, Davr mening taqdirimda (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K, 2023, s.85-86).

Əfci (Basarkeçər, Borçalı, Gədəbəy, Hamamlı, Xocavənd, Qazax, Tovuz, Mingəçevir)-qadın işinə qarışan kişi; xırdaçı, çürükçü; xəbərçi, sözgəzdirən. Məs.: - Qadınnarın işinə qarışan kişiyə əfci de:rix' (Basarkeçər); - Yaman əfcisən ha (Qazax). Çənbərək, Gədəbəy, Qazax şivələrində bu sözdə yaranıb “boş-boş, mənasız danışmaq” mənasını ifadə edən əfci-əfci: əfci-əfci danışmax ifadəsi istifadə edilir. Məs. -Əfci-əfci danışma, yaxşı danış (Gədəbəy) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.155). Özbək dilində lof “yalan, boş sözlər”, lofçi “yersiz danışan” sözləri qeydə alınmışdır (Berdak, 1993, s. 255).

Qazdanməg (Yardımlı) - lovğalanmaq, özünü üstün tutmaq. Məs.: - Nə qazdaneysən, yanındəkiləri nə sayeysən və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 289). Həmçinin ümumxalq dilində qazdamax “aldatmaq, kələk gəlmək” ifadəsi də işlədilir. Özbək dilində gazlamoq, gazlashmoq sözləri vardır ki, “hər hansı mayeni qazla doyurmaq, mayeyə qaz vermək; qaz ilə təmin edilmək” mənalarını bildirir (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K, 2023, s. 203-204).

Mayıf (Ağdaş, Cəbrayıl, Cəlilabad, Culfa, Dəvəçi, Füzuli, Gədəbəy, Qax, Qarakilsə, Qazax, Laçın, Lənkəran, Masallı, Salyan, Şəki, Şəmkir, Tovuz, Yardımlı, Zəngilan) - şikəst. Məs.: - Qızın bi gözi mayıfdı (Lənkəran); - Mayıf adamam, işə yaramıram (Şəki) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.347). Özbək dilində mayıb şəklində yazılaraq eyni mənanı ifadə edən ifadə istifadə edilir (Berdak, 1993, s. 257).

Nay (Bərdə, Gəncə, Göyçay, Qazax, Şəmkir) – məzəli, zarafatcıl.Məs.: - Nay yoldaşın yanında adam qojalmaz (Gəncə) və s. Bu söz Qazax şivəsində “uzun <adam>”, Cəlilabad, Göyçay, Şamaxı şivələrində “qarmon”, Cəlilabad, Şamaxı şivələrində “qaval”, Gədəbəy şivəsində “key, gec başa düşən” mənalarında işlədilir. Şəmkir, Tərtər şivələrində “hoqqabazlıq, oyunbazlıq” mənalarını bildirən naylıx, Göyçay şivəsində “boş-boş” mənasında işlədilən nay-nay ifadələri qeydə alınmışdır (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.370).

Özbək dilində nay leksemi bir mənalarda istifadə edilir: 1) Uzun, içi deşik boru. Məs.: Shisha nay. Qamish nay və s. 2) Hər hansı alətin, qəlyanın uc hissəsi. Məs.: - Mulla chilimning nayini labiga bir tegizgandan keyin uni Hayit amin tоmоniga burib... bir jilmaydi. S.Ayniy, Qullar; 3) Nəfəs ilə ifa olunan deşikli musiqi aləti. Məs. - Uning ketidan biri nay, biri tanbur, biri dutоr ko‘targan uch yigit kirdi. A. Qahhоr, Qanоtsiz chittak. (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi. J.III. L–P, 2022, s.353).

Naxoş - xəstə. Qərbi Azərbaycan şivələrində (indiki Ermənistan Respublikasının ərazisi) naxoş sözü geniş şəkildə işlədilir. Bu sözdən yaranan naxoşdamax “xəstələnmək” feili də istifadə edilir. Məs. - O gün sizdən gələnnən so:ra yaman naxoşdamışam; - Uşax naxoşdu və s. Özbək dilində “naxoş, dadsız, sevimsiz” mənalarını ifadə edən noxuş [naxuş] sözü istifadə edilir (Berdak, 1993, s. 278).

Səmiz (Dərbənd) -kök (ən çox mala aid edilir). Məs. - Gəncəli həmişə mala yəxşi baxadu, həmi malları səmizdü (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.427). ). Həmin vahid “Dədə Qorqud kitabı”nda simüz şəklində işlədilmişdir. Məs. - Simüz qoyun, arıq toqlı səniŋ qapuŋdan kafərlərə vermədim və s. (Kitabi-Dədə Qorqud, 1988, s.46). “Oğuznamə”nin dilində bu vahid semiz şəklində işlədilmişdir. Məs. -Çün yoldaşın semiz sevməz, sən gir yüyir qarasına, Sonra semiz sana qalur, kimsə girməz arasına (Oğuznamə, 2006, s.85).

Səmiz Kaşğarinin lüğətində “kök, kökəlmiş heyvan” mənasını ifadə eliyən söz kimi qeydə alınmışdır. Lüğətdə bu sözdən yaranan səmizlik “köklük” ifadəsi də verilmişdir (Kaşğari, I cild, 2006, s.370, 483). Özbək dilində semiz şəklində işlədilərək “şişman” mənasını ifadə edir (Berdak, 1993, s.304).

Sığır (Ağdam, Cəbrayıl, Göyçay, İsmayıllı, Qafan, Qax, Qarakilsə, Şuşa, Şəki)-inək, naxır. Məs. - Həmid kişinin malı çoxsa da, hamısı sığırdi (İsmayıllı); - Sığır gələn vədədə ona iras gəldim (Qarakilsə) (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 432). Kaşğarinin lüğətində sığır sözünün qədim türk dilində iki mənada işlədildiyi göstərilmişdir: 1. Xanların xalqla bərabər keçirdikləri ov. Xanın adamları meşəyə və çöllərə yayılır, vəhşi heyvanları qabaqlarına qataraq xanın olduğu yerə sürürlər. Xan isə yorulmadan durduğu yerdən önünə çıxan heyvanları ovlayır. Buna sürək ovu deyilir; 2. Suw sığırı. Lüğətdə sığırlığ ifadəsi də öz əksini tapmışdır: Sığırlığ ər-sığır sahibi (Kaşğari, 2006, s.369).

“Oğuznamə”də bu sözə rast gəlinir: Sağır sığırdır (Oğuznamə, 2006, s. 116, 474). “Dədə Qorqud kitabı”nın dilində sığır leksemi istifadə edilir: -Gördi kim, oğrı köpək, yekə tana evini bir-birinə qatmış-tauq komasına, sığır tamına dönmüş (Kitabi-Dədə Qorqud, 1988, s.33). Sığır sözünə “Kitabi-Dədə Qorqud” dastanında “mal otaran” mənasında işlənən sığırtmac sözündə də rast gəlinir: Məgər bir sığırtmacları vardı (Bayramov, 2022, s.391). Özbək dilində “inək, sığır” mənasında siqir [sigir] vahidi istifadə edilir (Berdak, 1993, s. 304).

Kəl (Şəki)-keçəl. Bu sözdən kəl olmax “keçəl olmaq” ifadəsi yaranmışdır. Məs. - Başına yara düşüf kəl o:ltdı (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 246). Özbək dilində kal şəklində yazılaraq eyni mənanı ifadə edir (Berdak, 1993, s.242).

Kəndi (Basarkeçər, Şəki, Qazax) - öz. Dərbənd şivəsində bu vahid kəndü şəklində işlədilir. Məs. - Qalxuzda günümüzə u qədər buğda düşeydi ki, kəndülərimüzdə yər yux, əvü bir küncində tükeydüg (Dərbənd) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 249). Kaşğarinin lüğətində kəndü şəklində verilərək “özü, zat, nəfs” mənasını ifadə etdiyi göstərilmişdir: ol kəndü aydı-o özü dedi (Kaşğari, 2006, s. 416).

“Oğuznamə”yə daxil olan hikmətli sözlərin tərkibində də kəndü əvəzliyi bir neçə dəfə istifadə edilmişdir: Kəndü düşən ağlamaza ağlamaq degil, amma gözi də çıqar; Hər kişiyə kəndü şəhəri yeg gəlür Bağdaddan (Oğuznamə, 2006, s.156, 170). “Dədə Qorqud kitabı”nın dilində bu əvəzliyə rast gəlinir: - Qızla kəndü arasına bıraqdı (Kitabi-Dədə Qorqud, 1988, s.112). Özbək dilində kendi “öz” şəklində işlədilir (Berdak, 1993, s. 92).

Küz (Borçalı, İmişli, Qax, Ordubad) - payız. Məs. - Qoyunu yaz otar, yaz otarmadın duz otar, duz otarmadın küz otar (İmişli); - Taxıl səfdiŋ küzdə sula, küzdə sulamadıŋ buzda sula (Borçalı) və s. Azərbaycan dili şivələrində küz sözünün işlənmə arealı çox genişdir və müxtəlif mənalar ifadə edir: 1. Quzu saxlanılan üstüörtülü yer; 2. Əkin sahəsində kiçik arx; 3. Xışın və ya kotanın açdığı şırımla müəyyən hissələrə bölünmüş əkin sahəsi və s. Eyni zamanda bu vahid söz yaradıcılığında da fəal istifadə edilir: küzdəx' (Qazax) “payız otlağı”; küzdüx' (Füzuli) “payızlıq”; küzəm (Bakı, Füzuli, Kürdəmir, Sabirabad) “payızda qırxılan yun”(Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s.271).

Özbək dilində eyni mənanı ifadə edərək quz şəklində yazılır (Berdak, 1993, s.62). Kaşğarinin lüğətində küz “payız fəsli, sonbahar” vahidi qeydə alınmışdır (Kaşğari, 2006, s.341). “Dədə Qorqud kitabı”nda bu söz güz şəklində işlədilmişdir: - Bir yazın, bir güzin buğayla buğrayı savaşdırarlardı; -Güz alması kibi al yanağını tartdı, yırtdı və s. (Kitabi-Dədə Qorqud, 1988, s.33, 58).

Yengilməx' (Axalsxi) - məğlub olmaq. Məs.: - Düşmannar bizimnən davada yengildi (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 548). “Oğuznamə” də bu ifadə istifadə edilmişdir: Yenilən oyuna toymaz (Oğuznamə, 2006, s. 183). Özbək dilində yengilmoқ şəklində yazılaraq “uduzmaq, məğlub olmaq” mənasını ifadə edir (Berdak, 1993, s. 224).

İn (Culfa, Naxçıvan, Ordubad, Şərur, Zəngilan)-hin. Azərbaycan dili şivələrində in ifadəsi başqa mənalarda da istifadə edilir: 1.qoxu, iy (Quba); 2.səs (Göyçay). Məs.: -Üzərrigi yandıraduğ, yaxşı in verədü (Quba); -Mənim inim ona çətin çatar (Göyçay) və s. Eyni zamanda in vahidi bəzi şivələrdə (Ağcabədi, Balakən, Bərdə, Tərtər) qədim ŋ səsi ilə də tələffüz edilir. Məs.: -To:ladan pis iŋ gəlir (Tərtər) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 234). Müasir Azərbaycan ədəbi dilində işlənən inləmək sözünün tərkibindəki “in” də ün sözünün qədim variant olmaqla səs mənasını bildirir (Bayramov, 2022, s.393).

Özbək dilində in sözü “yuva, səs” mənalarında istifadə edilir (Berdak, 1993, s. 235). Kaşğarinin lüğətində ün “səs” sözü qeydə alınmışdır (Kaşğari, 2006, s.112). “Dədə-Qorqud kitabı”nda ün sözü istifadə edilmişdir: -Ünim aŋlaŋ bəglər, sözüm dinləŋ, bəglər! və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 42). “Oğuznamə”də in, ün şəklində işlədilmişdir: İn dinlən, bin dinlən; Köpək üni gögə çıqmaz (Oğuznamə, 2006, s. 51, 152).

İni (Balakən, Qax, Şəki, Zaqatala) - qayın, arvadın ərinin qardaşı. Məs. - Zəhranın inisinin toyunda Bakidən gəlmişdi oxiyən (Şəki); - Qelin di: ki, menin inisi sizə qelipbi? (Qax) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 234). Kaşğarinin lüğətində ini sözü “yaşca kiçik qardaş” mənasında verilmişdir (Kaşğari, 2006, s.156). Özbək dilində də ini sözü “kiçik qardaş” mənasında işlədilir (Berdak, 1993, s. 236).

İrağ – uzaq. Bu söz Azərbaycan ədəbi dilində işləklikdən çıxmışdır. Müəyyən deyimlər vardır ki, onların tərkibində qorunub saxlanılmışdır. Məs.: - Gözdən uzaq, könüldən irağ; -İrağ olsun. Özbək dilində bu vahidin qarşısında y samiti mühafizə edilərək yiraq şəklində işlədilməkdədir (Berdak, 1993, s. 241). “Dədə-Qorqud kitabı”nda irağ sözü istifadə edilmişdir: - Bərə çoban, irağından-yaqınıŋdan bərü gəlgil! və s. (Kitabi-Dədə Qorqud, 1988, s. 43).

İxdiyar (Şəki, Borçalı) - var-dövlət, qoca. Məs. - İxdiyarı aşif-daşiydi, heylə varrılar variydi (Şəki); -Qolxozda mala gedirdim, indi də ixdiyaram, işdiyə bilmirəm (Borçalı) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 232). Özbək dilində bu söz ixtiyor şəklində yazılır və “istək, xahiş, ərk” mənalarını ifadə edir. Məs. - Dastlab kirgan zavodimdan o‘z ixtiyorim bilan kеtganim yo‘q. A. Qahhor, Qanotsiz chittak. Bu sözdən “istəmək, istifadə, sərəncam vermək və ya idarə etmək hüququ və s.”mənalarını ifadə edən ixtiyor etmoq (yoki qilmoq) vahidi yaranmışdır. Məs. - Ma’lumingiz, kеchalari bo‘sh bo‘laman, shuning bilan birga, otangiz qaysi vaqtni ixtiyor qilsalar, ijobat etishdan o‘zga choram bo‘lmas. A.Qodiriy, O‘tgan kunlar (O‘zbek tilining izohli lug‘ati: 80 000 dan ortiq so‘z va so‘z birikmasi.J.II.E–K, 2023, s. 571-572).

Uruğ (Biləsuvar, Göyçay, Qax, Sabirabad) - nəsil. Bakı şivəsində bu sözdən yaranan uruğlu “qohum”, Bakı ilə yanaşı, Qax və Şamaxı şivələrində isə uruğlu-turuğlu “qohum-əqrəbalı” ifadələri də istifadə edilir. Məs. - Adə, o Memedgil yaman uruğludılar (Bakı) və s. (Azərbaycan dilinin dialektoloji lüğəti, 2007, s. 519-520). Özbək dilində uruğ sözü iki mənada istifadə edilir: 1. Toxum, dənə; 2. Əqrəba (Berdak, 1993, s. 338).

Azərbaycan dili şivələri indiyədək türk dilləri ailəsinin oğuz qrupuna daxil olan digər dillərin (türk, türkmən, qaqauz) materialları ilə müqayisə edilmiş, ortaq xüsusiyyətlər ortaya çıxarılmışdır.

Bu istiqamətdə olan araşdırmalar həm ədəbi dil, həm şivələr, həmçinin ədəbi dil və şivələr səviyyəsində aparılmışdır.

Məqalədə ilk dəfə olaraq Azərbaycan dili şivələrinin leksikası türk dillərin ailəsinin karluq-uyğur qrupuna daxil olan özbək dilinin materialları ilə müqayisəyə cəl edilmiş, əsasən qədim türk sözlərindən ibarət olan ortaq leksika müəyyən edilmişdir.

Hesab edirik ki, bu səpkidə aparılan araşdırmalara ehtiyac vardır və bu kimi mövzulara gələcəkdə də müraciət olunacaqdır.

# 153 dəfə oxunub

Oxşar xəbərlər

Sarı çiçək - Xulio Kortasarın hekayəsi

Sarı çiçək - Xulio Kortasarın hekayəsi

18:10 26 avqust 2025
"Təbi gələndə yazmaq" anlayışına inanmıram"  - Bioqrafik romanlar ustası  yazı prosesi haqqında nə düşünürdü?

"Təbi gələndə yazmaq" anlayışına inanmıram" - Bioqrafik romanlar ustası yazı prosesi haqqında nə düşünürdü?

17:30 26 avqust 2025
"Heykəli Bakıdadır, bəzi əlyazmaları İstanbulda, məzarı isə..." - Nəsiminin məzarı Azərbaycana gətiriləcəkmi?

"Heykəli Bakıdadır, bəzi əlyazmaları İstanbulda, məzarı isə..." - Nəsiminin məzarı Azərbaycana gətiriləcəkmi?

17:20 26 avqust 2025
Cennifer Lourensə mükafat veriləcək

Cennifer Lourensə mükafat veriləcək

17:10 26 avqust 2025
Kolumbiyada yeni insan növü aşkarlandı

Kolumbiyada yeni insan növü aşkarlandı

17:00 26 avqust 2025
Yaponiyanın 102 yaşlı alpinisti   Fuji dağının zirvəsində

Yaponiyanın 102 yaşlı alpinisti Fuji dağının zirvəsində

16:00 26 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər