Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir... - Nihat Pir
28 mart 2026
# 15:00

Kulis.az Nihat Pirin "Utanc hissi haqqında" yazısını təqdim edir.

Axırıncı dəfə futbol millimizin oyununa nə vaxt baxmışam, yadıma gəlmir. Bilmirəm. Bu yaxınlarda öyrənmişəm ki, sən demə, Çertoqanov daha oynamır. Yəni milli o qədər uzaqdır mənə. Mən Leyli olmuşam, milli Məcnun, o misal.

Diqqətli oxucunun yeri məlum, dünən yaxşı bir qonaqlıqda idim. Az-az gedirəm belə yerlərə, məni tanıyan adam göz də vura bilər söhbətin bu yerində. Elə həmin qonaqlıqda bir qəfil eşitdim ki, demə, millimiz oynayır.

Milli sözü səni yora bilər bu yazıda, biləsən, elə ki yazının bu abzası olsun şum, xəbərdarlığım da şərt. Sonra səni əlində yaba rəylərdə görməyim.

Nəsə sevirik bu milli sözünü. Bu o sevgidir ki, bir bina alimimizi yığdığımız akademiyanın da adına yapışdırmışıq həmin milli sözünü. Yaxşı bir yazı mövzusunun da işartılarını duymamış olmazsan, hər halda. Gələn dəfə üçün yadında saxla yazının bu yerini.

Xülasə, qonaqlıqda bir qəfil eşitdim ki, millinin oyunu var. Sözün açığı, heç vecimə də olmadı. Sağlıq sağlıq dalınca, tərif tərif üstünə. Arabir dostlardan biri hərlənib-fırlanıb yanağıma öpücük də qondururdu. Haradasa, iyirmi-iyirmi beş dəqiqədən bir olurdu. "Kişi kişinin öpməz" fikrimizə də beləcə bir göndərmə.

Yedik, içdik, sevindik, kədərləndik.

Qayıdanbaş taksi sürücüsü iyirmi dəqiqəlik yolun on doqquz dəqiqəsini futbol millimizə həsr elədi. Nə yalan deyim, sevmirəm taksi sürücüləri ilə ünsiyyəti.

Ay oxucu, söymə, imkan ver, fikrimizi tamamlayaq: ümumiyyətlə, tanımadığım adamlarla ünsiyyəti sevmirəm mən.

Taksi sürücüsünün yerində avtobus sürücüsü də ola bilər, pilot da, üst qonşum da. Yəni, fərqi yoxdur mənim üçün. "Bizim sevdamız beş-on dəqiqə çərçivəsini aşmırsa, heç başlamayaq"dır dediyim: Mən taksi sürücüsünün belə ümid verib getməsinə dözə bilmərəm.

Sürücü dedi ki, adam gərək utansın. Belə dedi, vallah. Əvvəl elə bildim, mənə deyir.

Baxma da, yağışlı havadır, gecənin bir aləmi, sifariş də kartla: belə baxanda, bu ifadəni mənə deməsi üçün üç dənə üzüsulu arqument var əlində.

Amma şükür, söhbət millidən gedirmiş. Taksi sürücüsü sonra dedi ki, utanc hissi yaxşı şeydir, kaş adamların hamısında olsun. Və ən nəhayət, taksi sürücüsü dedi ki, millinin oynadığı ölkənin adını quqla yazanda üç dəfə hərf səhvi edib. "Belə bir ölkə ilə oynamaq və belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir" - dedi.

Çatdıq vədə başına. Düşdüm və unutdum bu milli söhbətini. Belə baxanda, nə vecimə? Milli uduzanda üzülmürəm, xətrimə dəymir, pis olmuram. Əsəb keçirmirəm. Eləcə də udanda sevinmirəm, qürur duymuram, əl-qol açıb oynamıram. Mən uzaq bir yaşıl adayam futbol millimiz üçün.

Səhər dünənki qonaqlığın təəssüratı ilə ayıldım. Gecəni bir müddət gözümün önündən keçirdim. Hiss elədim ki, dünən nəsə olub, nəsə maraqlı bir şey baş verib həyatımda. Amma ha istədim, xatırlaya bilmədim.

Ta ki Feysbukda milli futbolçularımızdan birinin qol vurandan sonra dizləri üstündə sürüşüb sevinməsini görənə qədər. Təkrar-təkrar seyr etdim bu qol sevincini. Sənin bu diqqətin məni dəli edir, ay oxucu, bəli, sən gördün ki, mən qolu təkrar seyr etdim demədim.

Qolu və qol sevincini təkrar seyr etdim də demədim. Məhz qol sevincini dedim.

Saydım, düz on iki dəfə həmin qol sevincini izlədim.

Və nəhayət, taksi sürücüsünün dünən dediklərini xatırlayıb rahatlaşdım: doğrudan da, adam gərək utanc hissini itirməsin.

# 230 dəfə oxunub

Oxşar xəbərlər

Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

Şəhər sakinləri kərgədanlara çevriləndə... - İonesko faşizmi necə ifşa etmişdi?

14:00 28 mart 2026
"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

"Belə adamlara ziyalı kimi baxanlar da bambılıdır" - Ulucay Akif

12:25 28 mart 2026
“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

“Ulduz müharibələri”ndəki başlıq rekord qiymətə satıldı

11:50 28 mart 2026
Qəni Camalzadə:  "Süni yazı oxucuya təsir etmir" - Müsahibə

Qəni Camalzadə: "Süni yazı oxucuya təsir etmir" - Müsahibə

11:35 28 mart 2026
Yenə yağış, yenə su altında qalan Bakı... - Məsul qurumlar hara baxır?

Yenə yağış, yenə su altında qalan Bakı... - Məsul qurumlar hara baxır?

11:00 28 mart 2026
Çində itmiş qədim krallığın paytaxtı aşkarlandı

Çində itmiş qədim krallığın paytaxtı aşkarlandı

10:25 28 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər