Toysuz qala bilməyən azərbaycanlılar - Ayxan Ayvaz yazır...

Toysuz qala bilməyən azərbaycanlılar - Ayxan Ayvaz yazır...
17 fevral 2021
# 11:37

Bu dəfə toy keçirənlər yox, xına yaxanlar tutulub. Salyanda xınayaxdı mərasimi yarıda kəsilib. Hamı gülərkən, əylənərkən kədərə bürünüb. Yəqin xınayaxdı sınaq olub. Deyiblər, burda tutulmasaq, toyu da eləyərik.

Bizi bu cür əyləncələrdən kənar qoymaq mümkünsüzdür. Yerin deşiyindən də olsa, tapıb özümüzə əyləncə quracaq, vur-çatlasın edib qol qaldırıb oynayacağıq. Yadımdadır, bir fransız xanım dostum vardı, günlərin birində məndən soruşdu ki, Ayxan, siz niyə bu qədər oynayırsınız? Anlamadım. Danışdı. Sən demə, azərbaycanlıların toy mərasimində iştirak edib və kababdan bir dişlək alıb tezbazar qol qaldırıb oynayan kişilər ona qəribə gəlib.

Yüz il keçsə də, bizim bu oynamaq, əylənmək sevdamız bitən deyil. Bilmirəm, bunun hansı psixoloji alt qatı var? Suala birbaşa cavab versək, yəqin ki, genlərimizə qayıtmalıyıq. Ora da qayıtmaq uzun söz-söhbətdir. Kəsəsi, biz o qədər dərdin-sərin içindəyik ki, hardansa bir toy, əyləncə, xınayaxdı tapıb özümüzü əyləndirməliyik. Başqa əyləncə vasitəsi tapmaqda çətinlik çəkirik. Bu mənada bir az yaradıcılığımız qısıtdır. Köhnə hamam, köhnə tas estetikası ilə başımızı qatmaq ən yaxşısıdır. Belə nə beyin işlətməyə gərək var, nə də artıq xərc çəkmək. Alan razı, satan razı.

İndi durub deyəcəksiniz ki, bu həmvətənlərimiz gözləyə bilmirdi, elə bu maskalı-spirtli günlərdə xınayaxdı edəydilər? Bizdə hər şey anormal olduğu üçün təəccüb doğurmamalıdır əslində. Bu dəqiqə hamımız "ə, bir toy olsa, gedib vurardıq" arzusuyla yaşayırıq. Sonra da başımız ağrıya-ağrıya toya xərclənən pula heyfslənirik. Lap sonra da deyirik, onsuz bu borcdu, bizim toyumuzda gətirib qaytaracaqlar. Söz sözü çəkir. Bir dəfə alman cütlüklə kafedə tanış olmuşdum. Yanımda dostlar da vardı. Məlum oldu ki, alman cütlük evlilikdən əvvəl Azərbaycana gəliblər, subaylığın son günlərini Qafqazda əylənərək keçirmək istəyirlər. Bizim zarafatcıl dostlardan biri də soruşdu ki, bəs toy olacaqmı? Alman oğlan gülümsündü, olacaq dedi və alman toyundan danışdı. Onlara qulaq asandan sonra özümü və gülüşümü saxlaya bilməyib dedim: "Gərək gedəsən ki, sənin də toyun gəlsinlər". Nə qədər elədik, alman dostlara bu cümləni ingilis dilində izah edə bilmədik. Boşa kürək çəkirdik, çünki onlarda bu anlayış yerli-dibli yox idi.

Nə qədər tənqid etsək, zarafata salsaq da, bizim içimizdə toy, xınayaxdı kimi əyləncələr həmişə mövcud olacaq. Ona görə ki, bunlar bizim milli rənglərimizdi. Avtobusda ağız-ağıza gedə bilirik, marketə tıxa-basa doluşuruq, bəs şadlıq sarayında toy etmək niyə problem olsun? Üstəlik bir yandan da metro bağlı. Avtobusda virus yoxdu, metroda var. Şadlıq sarayında da virus var, yaxın gəlmək olmaz. Bu nə məntiqdi? Xınayaxdı eləmək istəyir, qoy eləsin də. Yaxud toy. Vallah, bu camaat toysuz qala bilməz. O gün bir yaxın adam danışır ki, pandemiyadan əvvəl toylara bu qədər pul xərcləmişəm, indi oğlumun toyunu eləyə bilmirəm. Camaat toylara atdığı pulları geri davalayır. Burda anlaşılmayan bir şey yoxdu. Di gəl, pandemiyaya necə başa salasan bunu? Üstəlik əl altından toy etməyə cəhd edirlər onsuz. Məndən eşitmiş olmayasınız, bir ata-ana toyu evində hissə-hissə keçirib. Hər dəfə beş adam gəlirmiş, yeyib-içib oynayıb, dağılışırlarmış.

Belə.

Həmişə toylara yığışaq!

# 3299 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək

Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək

11:31 10 aprel 2026
AzTV-də yeni serial: "IV Divar"

AzTV-də yeni serial: "IV Divar"

11:03 10 aprel 2026
Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

Bi­zi sonsuz xəyallara qərq edən qüvvə - Sərgərdan və məzəli həyatın sonu

11:00 10 aprel 2026
Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət etdi

Litvanın Baş naziri Milli Xalça Muzeyini ziyarət etdi

11:00 10 aprel 2026
Yüksək vəzifədən imtina edən, fəxri ada görə insult keçirən Salam Qədirzadə

Yüksək vəzifədən imtina edən, fəxri ada görə insult keçirən Salam Qədirzadə

10:40 10 aprel 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

10:13 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər