Ölmək sənəti – Ağalar Qut yazır...

Ölmək sənəti – Ağalar Qut yazır...
29 noyabr 2020
# 17:25

Hər peşənin öz xəstəliyi olan kimi, öz uçurumu, məğlubiyyəti, ölümü də var. Görkəmli böyüklərimizdən biri olan Cabbar Qaryağdıoğlu yaşlı çağlarında bir məclisdə oxuyurmuş, lap zilə qalxanda birdən nəfəsi qaralır, huşunu itirir. Ayılıb özünə gələndən sonra üzünü tarzənə tutub deyir: “Oranı bir də çal!” Bir xanəndə üçün muğamın zilində nəfəsi qaralıb huşunu itirməkdən uca yüksəklik nə ola bilər?! Bu, yıxılmağın, gücü çatmamağın estetikasıdır.

Qədim Şərqdə gözəl ölməkdən danışardılar, ölümə hazırlaşardılar, misal üçün, borclarını qaytarardılar, halallıq istəyərdilər, vəsiyyətlərini edərdilər, son sözlərini deyərdilər, ölümlərdən ölüm seçərdilər. Latın dilində “ars moriendi” deyirlər, yəni, ölmək sənəti. Son dəfə yıxılmağın yaraşığı, gözəl ölmək bacarığı.

Misal üçün, filosof necə ölməlidir? Məşhur azərbaycanlı filosof Şəhabəddin Söhrəverdi kimi dar ağacında, Nitsşe kimi dəli yatağında, Qazzali kimi bütün şan-şöhrətini atıb gedib dərvişlərə qoşularaq, Sokrat kimi ölümə məhkum edilərək, Spinoza kimi tənhalıqda...

Mömin necə ölməlidir? İsa kimi çarmıxa gərilərək, Həzrət Əli kimi namaz qıldığı yerdə qılınclanaraq, Nəsimi kimi dərisi soyularaq, azərbaycanlı Mani peyğəmbər kimi həbsə salınıb acından öldürülərək…

Bəs qəhrəmanlar necə ölməlidir? Qəhrəmanlar döyüşdə, vuruşmada, hərb meydanında, alınlarından, kökslərindən vurularaq, qanla, qanlı ölməlidirlər. Qəhrəman – öz xoşuyla ölə bilməz, o, öldürülməlidir! Qəhrəmancasına ölüm budur. Bizim ordumuz bu dərin həqiqəti bilir. Döyüş meydanında öldürülmək hər hərbçiyə nəsib olmayan qismətdir.

Qarabağda canını qoymuş qəhrəmanların ölümləri bizi indi elə yandırır ki, bəzilərimiz bədbinliyə qapılır, gör kimlərimizi itirdik, ən yaxşılarımız getdi, onların yeri necə doldurulacaq, buna dəyərdimi, belə ömürlük kədərlə biz indən belə hansı can rahatlığıyla sevinə biləcəyik, hansı məclisdə ürəkdən qol qaldırıb oynaya biləcəyik və s. Amma… ovunmağa da yer var.

Qəhrəmanlarımız gözəl öldülər, çünki döyüşdə öldülər, bu, onlara nəsib oldu, iraq olsun, fərari kimi həbsdə intihar etmədilər, məşuqələrinin xəyanəti nəticəsində öldürülmədilər, oğurluq üstə öldürülmədilər, Birinci Qarabağ Müharibəsində əsir götürülmüş azərbaycanlıları evində zəncirli qul kimi işlədən erməni generalı Manvel Qriqoryan kimi kürəyindən vurularaq öldürülmədilər və s. Yəni, rəzil-rüsvay ölümlə ölmədilər, hər biri hekayəli bir ölümlə öldülər, qəhrəmancasına ölmək sənətinin estetləri, virtuozları, ustadları kimi irs qoyub gedərək.

# 3630 dəfə oxunub

Oxşar xəbərlər

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

18:50 21 avqust 2025
Qırmızı Qəsəbədəki  qədim  yəhudi  qəbiristanlığı   rəqəmsallaşdırılacaq

Qırmızı Qəsəbədəki qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq

18:10 21 avqust 2025
Çilidə Moai heykəlləri təhlükə ilə üzləşdi

Çilidə Moai heykəlləri təhlükə ilə üzləşdi

16:50 21 avqust 2025
"Ezel"in "Dayı"sı həbs edilə bilər

"Ezel"in "Dayı"sı həbs edilə bilər

16:30 21 avqust 2025
"Sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən..." - Seymur Baycan

"Sənə cadu ediblər, ona görə ərə gedə bilmirsən..." - Seymur Baycan

15:40 21 avqust 2025
“Qarınqulu ayı balası”nın Birobican şəhərində premyerası olub

“Qarınqulu ayı balası”nın Birobican şəhərində premyerası olub

15:30 21 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər