Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız  

Küçədə alça yeyən Arif Quliyev və təbəssümünü itirən uşaqlığımız  
7 may 2021
# 11:37

Dünən Arif Quliyev öldü. Heç nə edə bilmədik. Onsuz da ölüm qarşısında kim nə edə bilər ki?

Son 1 ildə daha da vəhşiləşmiş ölüm caynaqlarını çıxarıb sağa-sola hücum etməkdədi.

Arif Quliyev öldü.

Düzü mənə həmişə elə gəlirdi ki, Arif Quliyev, Yaşar Nuri, Siyavuş Aslan kimi sənətkarlar heç vaxt ölməyəcək.

Bəlkə də, sadəcə bunun baş verməsini istəmirdim.

Mənə elə gəlirdi, Arif Quliyev bütün filmlərimizdə qəfil ortaya çıxıb bir söz, ya bir jest ilə hamını güldürməlidir.

İndi yadıma düşür, bir dəfə, nə vaxtsa çoxdan, uşaqlıq illərimdə Arif Quliyevi canlı görmək mənə qismət olmuşdu. Küçədə alça satan xalaya yaxınlaşmışdı.

Ona heyrətlə baxırdım. Deyəsən, ilk dəfə elə məşhur və sevdiyim birini canlı görürdüm. Boz kostyumda idi. Hamının diqqətini cəlb eləmişdi.

Taksi sürücüləri, mağazalardakı satıcılar, yoldan keçənlər, hətta itlər, pişiklər, hamı üzündə təbəssüm Arif Quliyevə baxır, ən yaxın adamına salam verirmiş kimi salam verirdi.

O da eyni səmimiyyətlə bu salamları qəbul edirdi.

Elə bir təəssürat yaranmışdı, sanki film çəkilirdi və biz də gizlincə o filmin içinə daxil olmuşduq.

Alça satan xalanın qarşısındakı yeşiklərdən bir alça götürdü və rol canlandırırmış kimi dişlədi.

Bilmirəm, bəlkə yaddaşım məni aldadır, çünki çox balaca idim, amma deyəsən alçanı mənə baxaraq dişlədi və üzünü nümayişkaranə şəkildə turşutdu. Həmin mimikasını, üz cizgilərini ən xırda incəliyinə kimi xatırlayıram. Üzünü turşutdu və mən çox ürəkdən güldüm.

Deyəsən, taksi sürücüləri, mağazalarının qarşısına çıxmış satıcılar, küçədən keçən adamlar, hətta itlər və pişiklər də güldü.

Daha sonra alçadan nə qədərsə alıb hamıyla sağollaşaraq yoluna davam elədi.

Yadıma düşür, onda içimdən onun arxasınca düşmək, onu izləmək keçmişdi. Onun yavaş-yavaş bizdən uzaqlaşdığını görmək məni çox üzmüşdü. İsrarla onu gözdən itənə kimi izləmişdim.

Dünən Arif Quliyevin ölüm xəbərini eşidəndə də eynən belə üzüldüm.

Onun bir döngədə sağa dönüb gözdən itməsi gəldi durdu gözümün qabağında.

# 4578 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər