İmam Hüseynə lağ edənlər - Ayxan Ayvaz yazır...

İmam Hüseynə lağ edənlər - Ayxan Ayvaz yazır...
1 sentyabr 2020
# 11:01

İllər əvvəl Aşura günü bir məscidə getmiş və ordan reportaj yazmışdım. Reportaj səs-küy doğurdu, biri təriflədi, o biri dodaq büzdü. Dodaqbüzənlər özlərini ateist adlandıran kəsim idi. Sən demə, məni də ateist hesab edirlərmiş və düşünüblərmiş ki, bu cür cəfəng, cahil bir anı necə bəh-bəhlə yazıya çevirmişəm.

Onlara dedim: mən ateist deyiləm, dindar da deyiləm, mənim inancım Rafiq Tağının "Allah, varsansa sənə şükür, yoxsansa eybi yox" cümləsinə söykənir. Qaldı reportaja... Mən hesab edirəm ki, yaxşı yazı sevgiylə yazılar, nifrətlə yox. Mən gördüyümü yazmışam, yazıçı kimi kənardan müşahidə etdiklərimi qələmə almışam.

İndi də eyni fikirdəyəm, təzə-təzə yazmağa başlayanda da bu fikirdəydim: sevgisiz yazı alınmır, lax yumurta kimi olur. Ədəbiyyat adamı ateist də ola bilər, deist də, ancaq və ancaq heç bir vədə sevgisiz ola bilməz. Sevgisiz yazılan heç nə hədəfə dəymir. Məsələn, zövqünə inandığınız, həqiqi ədəbiyyat adamlarından soruşun, görün hansı biri Salman Rüşdinin qalmaqallı "Şeytan ayələri"ni bəyənəcək. İnanmıram biri bəyənər. Estetik gözəllik olmadığından o əsər sadəcə dinə nifrət qılıncı sıyırmaqdır. Sənin sevgin tənqid kimi də ifadə oluna bilər, amma nifrət, qəzəb kimi yox. O zaman yazdığınız alınmaz.

Milli ədəbiyyatımızda Axundovun "Kəmalüddövlə məktubları" da mənə görə bu qəlibdəndir. Bəlkə də məqsədi dini fanatizmi tənqid etmək, insanları oyatmaq olub, ancaq əsərə sevgiylə deyil, nifrətlə girişib. Əmin olun, nifrətin sıçradığı heç bir əsər yaxşı deyil.

Mənə din həmişə mifoloji qatı ilə maraqlı olub. Heç vaxt uzun-uzadı din dartışmalarına girişməmişəm. Dinin yalançı, puç və əfsanə olduğunu sübut etməyə çalışan həmkarlarıma da həmişə gülümsünmüşəm. Qərb dindən ədəbiyyat yaradanda, Qərb dini rəvayətlər üzərində möhtəşəm bədii nümunələr qoyanda, biz sadəcə dinə qəzəbimizi püskürən publisistik yazılar yazdıq, ya da əliəyri, gülünc molla obrazları yaratdıq.

Aşura da, İmam Hüseyn də mənim üçün hər şeydən əvvəl mətn hadisəsidir. Ədəbiyyatdır. Mən onun gerçəkliyini qoyuram bir qırağa. Sırf yazıçı kimi o hadisənin bədiiliyinə boylanıram və ordakı tükləri ürpərdən faciəni görürəm.

Həmişə fikir vermişəm: İmam Hüseyni, Aşuranı tənqid edən, ona lağ-lağı qoşanlar özlərindən xəbərsizdirlər. Adi bir həqiqəti dilə gətirə bilmir, nəyəsə cəsarətləri çatmır. İmam Hüseyn isə öz həqiqəti uğrunda sona qədər gedib. Əqidə nümunəsidir o. Kərbəlanı yalnız ərəbə aid etmək nə deməkdir? Kərbəla bəşəridir. Dünyada ədalətsizlik, zülm var, əzən, haqqı tapdalayan var. Deməli, Kərbəlanı lokal ərazi çərçivəsində qiymətləndirmək doğru deyil. Çox sadə bir sual verim: siz öz əqidənizə görə hara qədər getmisiniz? O həqiqətiniz kimlərə görə gülünc, mənasız, boş olsun, eybi yox. Amma getmisinizmi? Heç özünüzü sorğulamısınızmı? Mən öz həqiqətim uğrunda nələr etmişəm?

Kərbala həqiqət uğrunda savaşmağın, zülmkara baş əyməməyin simvoludur. Onu kiçik görmək, adiləşdirmək olmaz. Sevməyə, inanmaya bilərsən. Hörmət etməyi, olmursa, susmağı bacar.

Mən də, Aşuranın fəlsəfəsini həqiqi başa düşənlər də bilirlər ki, baş yarmaq doğru deyil, uşaqlara o ayinləri izlətmək olmaz. Biz də onu tənqid edirik. Ancaq bütün bunlar sizə o yol uğrunda ölənlər üçün yas tutanlara lağ etmək haqqı verməz. Çünki bu dünyada hərə bir şeyə inanar, hərə bir yola qulluq edər. Heç kim heç kimə "sənin inandığın mənasızdır" deyə bilməz. İnanmaya bilər, tənqid edə bilər, lağ edə bilməz. Bu, ironiya deyil, yumor hissi deyil, bu sadəcə nadanlıqdır. Dini fanatizm necə təhlükəlidirsə, intellektual fanatizm ondan daha dəhşətlidir. İntellektə görə insanların həqiqi sevgisinə təpik vura bilməzsən. Eyni qaydada o da sənə "mənim kimi ol" deyə bilməz.

Hər şey bu qədər sadədir.

Çe Gevaraya sevgi olanda, hər şey qaydasındadır, intellektualdır, İmam Hüseynə sevgi olanda cahillikdir.

Elə şey olar?

Özünüzü güldürməyin!

# 5751 dəfə oxunub

Oxşar xəbərlər

“Star Wars” anime ilə ekranlara qayıdır

“Star Wars” anime ilə ekranlara qayıdır

15:20 4 avqust 2026
Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

Təhsilimizdə sabitlik ehtiyacı - İslahatlar, yoxsa bitməyən çılğın eksperimentlər?

14:00 4 avqust 2026
Tanınmış  aktrisa vəfat etdi – Səbəb

Tanınmış aktrisa vəfat etdi – Səbəb

13:40 4 avqust 2026
12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

12-ci Bakı Beynəlxalq Kitab Sərgisinin bu il keçiriləcəyi tarix məlum oldu

13:38 4 avqust 2026
Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

Məşhur müğənni fəaliyyətini dayandırır – Səbəb

13:30 4 avqust 2026
Evində ölü tapılan görkəmli  aktrisamız

Evində ölü tapılan görkəmli aktrisamız

13:00 4 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər