Hacıkənddə karantin

Hacıkənddə karantin
2 aprel 2020
# 11:40

Martın 11-dən Hacıkənddəyəm. Hələ koronavirus pandemiyasının həyəcanı təşvişə səbəb olmamış Bakıdan çıxdım. Ağlıma da gəlməzdi iş bu qədər böyüyəcək. Elə olacaq ki, dövlət ciddi tədbirlər görəcək. Rayon və şəhərlərarası gediş-gəliş dayanacaq.

Artıq 10 gün keçmiş geri qayıtmaq haqda düşünürdüm. Novruz tətili başa çatar, ay tamam olar, mən də dönərəm paytaxta. Qismət deyilmiş. Pandemiya elə bir zərurət yaratdı ki, karantin müddəti uzadıldı. “Evdə qal” devizi bütün Azərbaycana yayıldı. Bir sözlə, virus bizi saldı tələyə.

Sosial biri olmadığımdan şəhər gəzintisi, axına qarışmaq kimi məhrumiyyətlər məni elə də narahat etmir. Olur, arada özləyirəm. Malakan bağının içindən keçib Fəvvarələr meydanına üz tutmaq. 28 may metro stansiyası, Cəfər Cabbarlı heykəlinin qabağından yellənə-yellənə İçərişəhər ətrafına düşmək. Nizami kinoteatrına baxan keçidi qalxıb Fəvvarələr meydanına tərəf addımlamaq. Bakı üçün darıxmağa nələr tapılar.

Bunlar öz yerində. Amma Hacıkəndin dincliyini şəhərdə tapmaq çətindir.

Düzü, buraların havası dəyişkəndir. Təbiət şıltaq və dəcəldir. Oynamağı sevir. Günəş, duman, yağış daim alış-verişdədir. Hətta 21-nə qədər qar da gördük. Sonra yaz günəşi qışı yola saldı.

Hacıkənd qəsəbəsi mesenat Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Parkımızda onun xatirəsinə heykəl də var. Yəqin ki, qəsəbəni xeyriyyəçinin özü salıb.

Bura istirahət zonasıdır. Dağlarla əhatə olunub. Kəpəz dağına və məşhur Göy gölə, Maral gölə yaxındır. Qışı sərt, yayı sərindir.

Bir müddət əvvəl məcburi köçkünlərin çoxluq təşkil etdiyi qəsəbə indi, demək olar, boşdur. Bir neçə qərbi azərbaycanlı ailəsi yaşayır, bir də biz.

İnsanlar və yaşayış azaldığından meşələr sıxlaşıb. Təbiət coşub. Əgər 10 il əvvəl quşların səsi birə beş gəlirdisə, hazırda birə on eşidilir.

Hacıkənd karantin günlərini keçirməyə şəhərdən yaxşıdır. Ünsiyyət qurmağa adamın azdır. Bu səbəbdən yoluxmaq təhlükəsi çox deyil. Hər yer meşə olduğundan rahat gəzib-dolaşmaq fürsətin var. Daha sıxlıq, çoxluq qorxun yoxdur.

Amma bilmək olmaz. Bəlkə, elə virus bizi burda yaxaladı!

Hərdən kitab oxumağa çalışıram. Buralarda böyüdüyümdən ağacların arasında kitab oxumaq vərdişimdir. Evdən çox meşədə oxumağı sevirəm. Amma yer nəmişlikdir. Torpaq hələ doyunca qurumayıb. Ona görə evdə oxumağa və havaların yaxşıca qızmağını gözləməyə məcburam.

Deyim ki, çox kitab oxuyuram, yalan olar. Yeriməyi və açıq havada gəzməyi daha çox sevirəm. Ara-sıra isə pandemiya panikasından silkinib qonşuluqda dostumla bir araya gəlirik. Yaxşıca domino vurub söhbət edirik.

Mal-qara, toyuq-cücə saxlamırıq. Mal-qaranın südü, əti ələ gəlməz, zəhməti də öz yerində. Amma bizi mal-qara saxlamağa qoymayan bu deyil. Axı, kənddə, qəsəbədə ondan yaxşı məşğuliyyət tapmaq olar? İşin bir əmması var. Yaratdığı iy! Səhv eşitmədiz. Sözün əsl mənasında iy! İnəklərin azadlığının belə qəribəlikləri var. Sözsüz ki, inək öz altını təmizləyəsi deyil. Bizimsə o qoxudan və bu işgəncədən uzaq durmaq şansımız var.

Toyuq-cücə saxlamağa isə meşənin heyvanları imkan verməz. İkicə toyuğun olsa, bəsdir. Tülkülər hinin qabağını kəsdirər.

Hərəkətsiz həyat kimi görünə bilər. Amma qapıda-bacada xırda işlər çıxır. Bekar qalmırsan. Harda həyat var, orda hərəkət var. Yenə də, nə olur-olsun, heç bir qüvvə və iş anamla atamın televiziya həvəsini söndürə bilməz.

Yaş artdıqca, görünür, evə qapanıb televizorun qabağında asılı qalırsan. Bu, keçən əsrin nəslinə xas vərdişdir və internet nəslinin nümayəndələri üçün yabancıdır. Mən də görürsən onlara qoşuluram. Nədən təcrid olunursan ol, bir evdə yaşadığın insanların adətlərindən təcrid olunmaq çətindir.

Axx, deyingənliyim. Belə cənnətməkanda da, qulp qoymağa nəsə tapıramsa, çətin bu xasiyyət canımdan çıxa.

Bax belə. İndi bir şey qalır. Karantin günlərini səbrlə başa vurmaq. İtkisiz, zərərsiz koronavirusu yola salmaq. Necə ki, günlər öncə qışı yola saldıq.

# 4467 dəfə oxunub

Oxşar xəbərlər

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı

13:38 30 mart 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

12:30 30 mart 2026
XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

XX əsr Naxçıvanını böyük sevgi ilə yaradan rəssam - Şamil Qazıyev

11:30 30 mart 2026
Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

10:40 30 mart 2026
Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

Xalq artisti Rasim Balayevin cənazəsi İstanbuldan Bakıya gətirildi

10:00 30 mart 2026
Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

Həbs olundu, ruhi xəstəxanada yatdı, ən yaxın dostunun dəfninə getmədi - Rasim Balayev haqqında maraqlı faktlar

16:42 29 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər