Bu mənasız imza günləri kimə lazımdır? - Ayxan yazır

Bu mənasız imza günləri kimə lazımdır? - Ayxan yazır
7 iyul 2021
# 11:00

Kulis.az Ayxan Ayvazın "Niyə kitab çap edirsiniz ki?" adlı yazısını təqdim edir.

Zaman keçir, yaş-yaş üstə gəlir və sən hər şeyin lazımsızlığı haqda düşünürsən. Tutaq ki, birdən-birə başa düşürsən ki, nəşriyyat sisteminin, oxucunun olmadığı bir dövrdə kitab çıxartmaq sağlam düşüncə deyil, bu olsa-olsa sadəlövhlük, ya da özünü aldatmaqdır.

Ərkim çatan dostlara da demişəm, böyüyündən balacasına qədər, hamısı da eyni cavabı verib: “Yaxşı, bəs nağayraq?” Deyirəm ki, yoldaşlar, bax o kitabı ordan-burdan, borca-xərcə tapdığın güc-bəla pulla az tirajla çıxardırsan, sonra da qoltuğuna vurub harasa aparıb satmağa başlayırsan, üz-üzdən utanar janrında tanış-biliş də gəlib bir-ikisini alır, dalınca da şəkil çəkdirib dağılışırıq.

Nə olsun axı?

Bütün bunların nə mənası var?

Əgər biz özümüz yazıb, özümüz oxuyacağıqsa, niyə kitab çıxardırıq ki? O zaman bizi oxuyanlara elektron formada göndərək, onlar da oxusunlar, vəssalam.

Hələ bu imza günləri də (pandemiyanın yumşalmasından sonra) elə toylara oxşamağa başlayıb. Bir yazar kitabını çıxardır, yazır ki, filan yerdə oturmuşam, gəlin kitabımı alın. Bu elanı görən digər yazarlar da düşünür ki, sabah, o biri gün mənim də kitabım çıxa bilər, ona görə gedim gözə görünüm, hardansa tapdığım beş-on manata kitabını alım, başqa vaxt da o mənim kitabımı alar. Beləcə, toy estetikasında imza günlərimiz, satış strategiyamız var.

Yazar dostlar inciməsin, bu cür kitab təqdimatları (özünün kitab satmağı) yalnız bir nəfərdə alınır. Daha doğrusu, elə onda alınıb. Və indi də onda baş tutur. Sizdə, başqasında tutan deyil. Bu sevdadan əl çəkin! İnsanlar o adamı bir persona kimi tanıdıqlarından və sevdiklərindən gedib kitablarını da alırlar. Sizi isə vur-tut 30 adam tanıyır, onlar da ədəbiyyat adamlarıdı, vəssalam. Deyirlər, gedək, bir onu da tək qoymayaq. Guya orda yazarların yığışıb bir yazara dəstək olması çox möhtəşəm hadisədir axı. Hər yerdə belədir: kitab oxucu üçün çıxır, imza günü oxucular üçün nəzərdə tutulur. Bizdə əksinədir (hər şeyimiz əksinə olduğu kimi): kitab çıxır, öz həmkarlarının almağı üçün. Niyə? Çünki “kitabını almasan, sabah o da sənin kitabını almayacaq”. Belə bir fərəhsiz bir mühitdə ədəbiyyatdan, kitabdan danışmaq da gülüncdür.

Balaca bir tirajla kitab çıxarmaq nəyə lazım?

Satılmırsa kitabı çap etmək...

Oxucu yoxdursa...

İzah edə bilirəm?

Xüsusən, gənclərə aiddir.

Tez-tələsik kitab çıxarıb sonra da parkda oturub üç-beş adamın kitab alması ilə özünü xoşbəxt sanmaq necə də bədbəxtlikdir. Ola bilsin, bununla özlərinə təsəlli verirlər. Çox kədərli təsəllidir.

Hələ kitabın gətirəcəyi qazancı qoyuram qırağa. Kitabın özü də tələm-tələsik hazırlanıb axı. Yəni yerli yazıçılardan uzaqbaşı 5 imzanın kitabını almaq olar. Qalanları sadəcə kitab buraxır. Oxunacaq, ayrıla bilməyəcəyin kitab sayı hər yerdə olduğu kimi, bizdə də azdı. Və bu azlığın içində çoxluq yaratmaq, həmişə kitab çıxarmaq, xüsusən bu cür vəziyyətdə, inciməyin, komikdir.

Qonorar olsa...

Nəşriyyat sistemi olsa...

Sizə təklif olunsa...

Və o kitabdan qazanc qazansanız...

Üstəlik kitab da kitab olsa...

Sanballı və oxumağa dəyər bir şey olsa...

Heç bu yazını yazardım?

Gedib öz işimlə-gücümlə məşğul olardım.

Bir də, sən kimə deyirsən ki, Ayxan?

Sən kitab çıxarmamısan?

Öz səhvini niyə gizlədirssən?

Guya sən həqiqətə çatmısan?

Nə təcrübə e? Nə təcrübən var sənin? Bu nə qudurmuşluqdu? Hamıda səhv tapmaq...

Ə, yeri burdan...

Ağıllı ol...

Qoy camaat kitab çap eləsin, bundan sənə nə?

Ə, kəs səsini! Danışma!

Uçdun burdan!

# 3151 dəfə oxunub

Oxşar xəbərlər

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

Türk gənclərinin səsi – “Ulduz" jurnalının növbəti sayı

18:45 4 noyabr 2025
Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

Məşhur "Toy marşı"nın müəllifi - O, niyə yaşamaq həvəsini itirmişdi?

17:00 4 noyabr 2025
Mikayıl Müşfiqin hüquqi varisi:  "Qanun qarşısında cavab verəcəklər..."

Mikayıl Müşfiqin hüquqi varisi: "Qanun qarşısında cavab verəcəklər..."

16:55 4 noyabr 2025
Nizami Cəfərov:  "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

Nizami Cəfərov: "Bunlarla barışmaq mümkün deyil..." - AÇIQLAMA

16:05 4 noyabr 2025
“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

“Zəfər Andı” bədii kompozisiyası təqdim edildi

15:47 4 noyabr 2025
Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

Füzuli Teatrının direktoru xəstəxanadan evə buraxılıb

14:59 4 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər