Musa Yaqub şəhəri təbiətləşdirə bilmədi - Loğman yazır...

Musa Yaqub şəhəri təbiətləşdirə bilmədi - Loğman yazır...
24 dekabr 2022
# 10:00

Kulis.az Loğmanın "Məmləkətin Xan Çinar Adamı" adlı yazısını təqdim edir.

Musa Yaqub poeziyaya təbiət gətirdi, təbiilik gətirdi.
Təbiətin ruhunu gətirdi.
Təbiəti özündən, ömründən keçirib gətirdi.
Təbiətin göründüyündən qat-qat gözəl və böyük olduğuna bizi inandıra bildi.
Ağac dilində, yarpaq pıçıltısında, budaq ləhcəsində danışıq gətirdi dilimizə.
Nanə kimi əsmək, palıd kimi dözmək öyrətdi bizə.
Poeziyamızın həmişəyaşıl sözü oldu.
Baharlaşdırdı şeirimizi.
Musa Yaqub şeiri ilə təbiətə qovuşduq.
Kəpənək qanadlı, çiçək ətirli sözlər qondu ruhumuza.
Şeirin cızlarına ağac əkdi – cərgə-cərgə, sətir-sətir.
Meşə saldı, gül bitirdi şeirdə.
Şeiri təbiətləşdirdi.
Yarpız qoxulu şeirlər doğuldu.
Torpaq ətri gəldi şeirdən.
Təbiətin bizə qoyun açdığına inandırdı bizi.
Bizi təbiətləşməyə səslədi.
Təbiətlə unudulmuş doğmalığımızı, qohumluğumuzu yada saldı.
Təbiətdən uzaq düşdüyümüzü xatırlatdı.
Sətirlər arasından çayların nəğməsi, bulaqların zümzüməsi söz-söz, kəlmə-kəlmə ruhumuza axdı.
Ağaclaşdıq, çiçəkləşdik, qayalaşdıq, dağlaşdıq.
Ağac ömrü yaşadıq, dağ ömrü sürdük.
Göyərmək sevinci, kəsik gövdə kimi ağrımaq, ağlamaq öyrəndik Musa Yaqub şeirlərindən.
Ovcumuza aldığımız bulaq suyu kimi içdik o sözləri.
Başımıza çəkdik dupduru, büllur şeirləri.
Təbiətlə danışmaq, təbiəti dinləmək dərsi verdi bizə Musa Yaqub.
Dinlədikcə insanlaşdıq, saflaşdıq, təbiətlə simsarlaşdıq, durulduq, ömrümüz bulaq kimi axıb keçdi.
Elə doğmalaşdıq, elə mehrləndik ki, bu qovaq bacılar, çinar qardaşlar, palıd dədələr, nağıl meşələrnən...
Fidanların boyunu sevmək, oxşamaq keçdi ürəyimizdən.
Sinəmiz yaşıl düzlər kimi üfüqlərə dirəndi.

Musa Yaqub sözü göyərtdi.
Musa Yaqub şeiri sözün çiçək açdığı torpaqdır.
Musa Yaqub sözü cücərtmək üçün ömrünü şum elədi.
Sözü qurudub gövdəsini odun eləmədi.
Sözü yandırmadı.
Hər söz öz yerində cücərdi.
Musa Yaqub poeziyası sözdən meşə salmaq şairliyidir.
Sözdən bənövşə bitirmək şairliyidir.
Sözdən bulaq axıtmaq şairliyidir.
Musa Yaqub şeirində sözün təbiətlə eyniləşmək, bərabərləşmək səlahiyyəti var.
Sözün payızı var, qışı var.
Sözün xəzəli var, yazı var.
Qışdan çıxan sözün əriyib bulaq olmağı var...
Musa Yaqubun kitabını açmaq havasından doymadığımız meşəyə girməkdir.
Meşə saflığına, meşə ömrünə girməkdir.
Musa Yaqubun sətirləri könlümüzü sulayan, suvaran arxlar kimi uzanıb gedir ruhumuza...

Musa Yaqubun vətən sevgisi özünəməxsusdur, bənzərsizdir.
Vətənin hər şeyi vətəndir – dağı da, çiçəyi də, cığırı da.
Doğma məzarlar da vətəndir.
Qərib yaylığında gözyaşı da vətəndir.
Musa Yaqubun vətən sevgisi meşədən, çaydan, zəmidən keçib gəlir.
Yaxşı adamlardan keçib gəlir.
Yaxşı adamlar da vətəndir.
Ona görə yaxşıları qoruyun deyir.
Təmiz ürəkləri, zərif çiçəkləri qoruyun deyir.
Xeyirxah adamlar açılan qapılardır deyir.
Torpağın əbədi istisi kimidir xeyirxah adamlar.
Pislərə nə var – kolda dovşan kimi, tikan olub gül ləçəyinə bürünə-bürünə də yaşaya bilər...
Bütün daşı-torpağı, bulağı, qarı-çovğunu ilə vətəni könlünə yığmaq, sinəsində vətən sevgisinə yuva qurmaq istəyir Musa Yaqub.
Vətən ağırlığını çiyninə götürüb özünü yurd yeri eləyir Musa Yaqub.
Təmtəraqlı, hay-küylü, pafoslu "sevgi" əvəzinə, təbii, sadə, ölümüynən bir ovuc vətən torpağını artırmaq eşqi ilə yaşayır...

Bənövşəyə, laləyə yaman üz göstərməyən Musa Yaqub, bir gün dizlərinin üstündə cüyürlər yatacağına inanacaq qədər safdır, sadəlövhdür.
Gündüzlər günəşlə, gəcələr ayla, səhərlər quşlarla görüşən Musa Yaqub, budağının havaya, kökünün torpağa nə qədər işlədiyi ilə ölçmək istəyir ülfətini.
Yanından axan çay, nəğməsini eşitdiyi yer, ətrafında uyuyan çiçəklər Musa Yaqubun kainatıdır – torpaq kainatı, arx kainatı, ağac kainatı, dağ kainatı...
Hər yerdən baxanda dünyanı sevən, təpədən-dırnağacan təmizliyə bürünən Musa Yaqub üçün torpağa sitayiş hər şeydən əzəldir.
Hər yerdən baxanda dünyanı sevmək də hər kişinin işi deyil.
Soyuq qarın təmizliyinə qızınan, ümiddən kölgəsi belə göyərib qalxan, balta yarasını sağaldan ağaca, nakam kötüyün şumal pöhrəsinə bir insan kimi üz tutan Musa Yaqub dünyanın qara daşının da göyərəcəyinə inam yaradır.

Musa Yaqub xoşbəxtliyi təbiətdə tapmağı bacaran şairdir.
Ömür boyu çinarlaşmaq xoşbəxtlikdir.
Geniş qəlbinə geniş dünyanı yerləşdirmək xoşbəxtlikdir.
Yarpaq olub çeşmələrdə axmaq səadətdir.
Daş olub bulaqda qalmaq səadətdir.
Əlləri ilə yarpaq-yarpaq çinar budağından tutub, yaylaq dilində oxumaq xoşbəxtlikdir.
Sevinci də, qüssəsi də özününküdür Musa Yaqubun.
Fərəhi – gülündən üzünə bahar çilənən, buz altında çiçəkləri açılacaq qədər qeyri-adidir.
Təkləri ananda ürəyi əsən Musa Yaqub bəxtəvərdir.
Şikayətçi deyil, çoxları kimi zarımır, ağlamır.
Təmənnasızdır – təbiət kimi.
Bəxtəvərliyin yeni meyarıdır Musa Yaqub.
Onun üçün bəxtəvərlik bir zərrə yaxşılığa uşaq tək oynamaqdır.
Arx qırağında ağac kimi bitməkdir.
Bir yaz gecəsində ağac olmaq, yamac olmaq, çöl olmaq, göl olmaq, baharla qol-boyun olmaqdır.
Kədəri də bənzərsizdir – bir otdan asılı qalan sahibsiz qaranquş yuvası, vaxtsız düşüb, budağına qayıda bilməyən yarpaq, yoncalıqda yel ağzında titrəyən qəribsəmiş tək sünbül kimi...

Musa Yaqub sarala-sarala günəş gözləyən bir günəbaxan arzusunda yaşamaq qədər zərifdir, təbiidir.
Sevgisini günəbaxan Günəşə deyən kimi çatdırır bizə.
Dünyasını təbiətdən keçirib sevdiyindən hər şeyi təbiidir.
Ağaclar, çiçəklər canlıdır.
Həmsöhbətdir, bacı-qardaşdır, mehriban dostdur, sevgili qədər əzizdir Musa Yaqub üçün.
Musa Yaqub üçün torpaq müqəddəsdir, ürək kimidir – satıla bilməz.
Vətəndir, atadır, anadır torpaq.

Musa Yaqub təbiəti şəhərə, insanların içinə gətirmək istədi.
Amma şəhəri dəyişdirə bilmədi.
Şəhərin üzünü təbiətə sarı döndərə bilmədi.
Ona təbiəti sevdirə bilmədi.
Şəhərin havasına dağların saf, təmiz havasını qata bilmədi.
Şəhərdən təbiətin həniri gəlmədi.
Şəhər gözünün qulağı ilə də baxmadı təbiətə.
Şəhərdə ağaclar boy verməkdən binalar ucaldı.
Binalar qırdı ağacları.
Şəhəri qatil binalar bürüdü, basdı.
Ağaclar azaldı, binalar artdı.
Ağaclar azaldıqca təbiət uzağa düşdü.
Musa Yaqub ağacı, çiçəyi, pöhrəni sevməyi öyrədə bilmədi şəhərə.
Şəhər təbiətdən istədiyini aldı, amma ona sevgisini verə bilmədi.
Qırılmış ağaclarını ayaqlar altına atdı – döşəmə-döşəmə.
Qurudub öldürdü – qapı-qapı, pəncərə-pəncərə, ev-ev, mənzil-mənzil.
Meşələrdə vüqarlı, əzəmətli palıd ağacları şəhərdə yazıq günə qaldı.
Təbiət adamları şəhər adamı olanda qırılmış palıdın gününə qalır, ondan nə dəsən düzəldirlər.
Şəhər təkcə şəhərdəki təbiəti qırmadı, şəhərdən uzaqdakı təbiəti də qırıb daşıdı şəhərə.
Şəhərə təbiətin ölüsünü daşıdı şəhər.
Musa Yaqub şəhəri təbiətləşdirə bilmədi.
Amma şəhər də Musa Yaqubu dəyişdirə, özgələşdirə, yadlaşdıra, şəhərliləşdirə bilmədi.
Musa Yaqubu təbiətdən ayırıb şəhərə çəkə bilmədi.
Təbiətə pərvanə vurğunluğunu, sədaqətini əlindən ala bilmədi.
Musa Yaqub bir dəstə bənövşə ətrini bütün şəhər həyatına dəyişmədi.

Musa Yaqub şəhərə bir adamlıq təbiət, bir nəfərlik təbiilik gətirə bildi.
Şəhər nə qədər çalışsa da, onları itirmədi, daim özü ilə gəzdirdi.
Özünü, təbiiliyini, təbiətliyini qorudu, saxladı.
Hər kəsin içinə əkmək istədi – təbiətdən gətirdiklərini.
Bitəni də oldu, quruyanı da.
Heç nəyi qırmadı, qırpmadı.
Qola, qanada, budağa qıymadı.
Ağaca qıymadı.
Ağac qıran adama da qıyar.
Çünki ağacda – adamı, adamda ağacı görmür.
Musa Yaqubu xatırlamaq təbiətin qoynunda olmaqdır.
Çünki hər şeyi təbiətə bənzəyir – sözü də, yerişi-duruşu da, saçları da, siri-sifəti də.
Kədəri payız meşələri kimi həzin və qüssəli, fərəhi yaz yağışları kimi gurşaddır.

Çiçək sözlü, gözünün səsi ilə danışan Musa Yaqubu eləmədikləri yandırır.
Balsız qalan arılar kimi, özünə vurduğu yaralar kimi yandırır.
Arxı quruyub yağışa həsrət qalan söyüdlər kimi yandırır.
Bəsləsə də, torpaqda sevgisi göyərməyən, ancaq həsrəti daş üstündə özbaşına bitən Musa Yaqubu eləmədikləri yandırır.
Qaratikanın çiçək açmasına belə sevinə bilən Musa Yaqubu eləmədikləri yandırır.
Heç kim inanmaz ki, Musa Yaqub eləmədiklərini eləyə bilərdi.
Çünki eləmədikləri onu Musa Yaqub elədi.
Çünki eləmədikləri elədiklərinin gözəlliyini anlatmağa xidmət göstərdi.
Çünki eləmədikləri onu özgələşməyə qoymadı, yadlaşmağa qoymadı, dəyişməyə qoymadı.
Musa Yaqub elədiklərini elədi – təmənnasız, umacaqsız, əvəzsiz – Musa Yaqubluğunu qorumaq üçün.
Elədiklərini elədi, ancaq dəyişmədi, dönmədi, geriyə qayıtmadı.

Dəyişmədi – nə özünü, nə də özümlüyünü, nə mənini, nə də mənliyini, nə təbini, nə də təbiiliyini...
Dəyişən dönüklə eynidir.
Dönük ölənlə eynidir.
Ölən qurtaranla eynidir.
Dəyişməyən qurtarmır – Musa Yaqub kimi...
Dəyişmədi.
Məmləkətin Baş Təbii Adamı oldu.
Məmləkətin Palıd Adamı oldu.
Əzəmətli Xan Çinar Adamı oldu...

# 1824 dəfə oxunub

Müəllifin son yazıları

# # #