Dövlət Pantomim Teatrından yeni “Şinel” - Psixo-plastik qarabasma tamaşası

Dövlət Pantomim Teatrından yeni   “Şinel”  - Psixo-plastik qarabasma tamaşası
5 oktyabr 2026
# 15:30

1–5 oktyabr 2026-cı il tarixlərində keçirilən V Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrı Nikolay Qoqolun əsəri əsasında hazırlanmış “Şinel” psixo-plastik qarabasma tamaşası ilə çıxış edib.

Kulis.az xəbər verir ki, tamaşa 3 oktyabrda Şəki Teatrının səhnəsində nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru Ceyhun Dadaşov, rəqslərin quruluşçuları isə Elnur İsmayılov və Ceyhun Dadaşovdur. Tamaşanın premyerası 4 mart 2023-cü ildə baş tutub, xronometrajı 45 dəqiqədir.

“Şinel” tamaşasında Qoqolun əsəri müasir və simvolik yozumda təqdim olunur. Səhnə əsərində şinel insanın cəmiyyətdə mövqe, diqqət və nüfuz qazanmaq istəyinin rəmzinə çevrilir. Rejissor yozumunda bu obraz vəzifə, pul, bahalı avtomobil, telefon və sosial status kimi maddi dəyərləri simvolizə edir.

Tamaşada Nargilə Qəribova, Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli, Cavad Nuriyev, Hilal Dəmirov, Nurlan Süleymanlı və Zəhra Hüseynova iştirak ediblər.

Festivalda Azərbaycan Dövlət Pantomim Teatrını direktor Yarməmməd Qurbanovun rəhbərliyi ilə yaradıcı və texniki heyət təmsil edib.

Festival çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı yüksək qiymətləndirilib. Kollektiv uğurlu festival iştirakı münasibətilə diplom və təşəkkürlərlə təltif olunub.

“Şinel” tamaşası festival tamaşaçıları qarşısında plastik ifadə dili, fərqli səhnə həlli və müasir interpretasiyası ilə diqqət çəkib.

# 135 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər