Qayıt, səhmana sal bu kainatı - Əli Kərimin şeirləri

Qayıt, səhmana sal bu kainatı - Əli Kərimin şeirləri
29 iyun 2023
# 12:30

Bu gün görkəmli şair Əli Kərimin anım günüdür. Kulis.az bu münasibətlə onun şeirlərini təqdim edir.



Qayıt

Həsrətin araya atdı, dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi,-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı
***

Axtarıram mən səni,
Arayıram mən səni.
Soruşuram gözümlə ötüb keçəndən səni,
Axtarıram kitabda, arayıram həyatda.
Bilmirsən nə boydasan, nə görkəmdə, nə adda,
Sənin təhsilin nədir, sənin yaşın neçədir?
Aladırmı gözlərin, qaradırmı, necədir?
Bəlkə elə xalın var, ay ömrün rəfiqəsi,
Qoy qara xalın olsun həsrətimin nöqtəsi!
Bəlkə məndən böyüksən, bəlkə məndən kiçiksən;
Ol, kiçik ol. böyük ol, amma kamallı ol sən.
Kamal ol ki ömür bir şən nümayiş deyil,
Mənalı yaşamaqsa çox da asan iş deyil.
Ağıl da öz yerində. kamal da öz yerində.
Bir gözəllik də görüm mənalı gözlərində.
Kimə, niyə baxıram təkcə səni andırır.
Ürəyimdə sözüm var, ürəyimi yandırır.
O elə bir sözdür ki, dosta. yada deyilməz.
Anadan əziz nə var, anaya da deyilməz.
Əllərimi göynədir saçlarının həsrəti.
Gəl yiyəsiz qalıbdır könlümün məhəbbəti.
İşdir üz-üzə gəldik… Onda məndən utanma,
Ürəyindən keçəni nə gizləmə, nə danma
Gizləmə ki, danma ki, gedər hərə bir yana;
Qoyma canım od tutub yana, ömürlük yana.
Səni harda axtarım? De nəçisən? De kimsən?
Tez ol, görün, tez ol gəl, axtarıram səni mən!
Gözümdə, könlümdə qəm,
Yollarına bitmişəm.
İlk baharı gözləyən cavan bir ağac kimi.
Baharı gözləyirəm… Ay qız, gəl bahar kimi.

***

Bəzən haqq qazanır insan öləndə,
Hətta unudulur ağır günahı
Hamıya dərd olur cavan getməyi,
Oduqca az görüb, az yaşamağı…

Deyirlər:”bilsəydik, ayıq olardıq
Onu qoyardıqmı heç gözdən iraq?
Hər bir dərdinə də çarə tapardıq,
Nə bilək, o belə az yaşayacaq?”

Eh! Bu gün nə qədər xəyala daldım,
Eh! Qəlbim nə qədər alışdı, dindi.
Sən mənim qədrimi biləsən deyə
Bu cavan yaşımda ölümmü indi?
***

Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən.
Nə xoşbəxt imişəm,
nə xoşbəxt,
xoşbəxt!
Bu gün eşitmişəm bunu həsrətdən.
Niyə yazmamışam o zaman, Allah,
Əlimə qələm də gəlməyir indi.
De, niyə aradan küləklər əsir?
Aramız, de, niyə belə sərindir?
İçdiyim o su da səadət imiş,
İşə getməyim də, qayıtmağım da.
Ona baxmağım da xoşbəxtlik imiş,
Onu yuxusundan ayıltmağım da.
Dünya başdan-başa səadət imiş,
Mənsə bu dünyanın qoynundayammış,

Dünya fırlanırmış sevinc gücüylə,
Bəs indi nə olub belə dayanmış?
Göylər səadətin çətiri imiş,
Torpaq da səadət məhvəri imiş.
Gecələr toranlı vüsal məskəni,
Hər səhər,
ruhumun səhəri imiş.
Dilin quruyaydı sənin, ay həsrət,
Sən bu gün könlümü tarımar etdin.
Ya bunu vaxtında deyəydin mənə,
Ya da ki lal olub heç dinməyəydin.
Dünya başdan-başa səadət imiş,
Görəsən, heç bir də olarmı yenə?
Dünya başdan-başa nə imiş dedin?
Dünya başdan-başa nə imiş, de nə?
***

Daş

Yarıçılpaq
Qədim insan
Düşməninə bir daş atdı,
Qana batdı.
Daş düşmədi
Amma yerə.
Uçub getdi
Üfüqlərdən üfüqlərə.
Deməyin ki daş yox oldu.
Oldu qılınc,
güllə,
mərmi.
Dayanmadı fikir kimi.
Atom kimi
Meridianı qırıq-qırıq,
Arzuları zərrə-zərrə,
Okeanı parça-parça
Edib keçdi…
Həmin o daş
İndi yenə dayanmayır
uçur hara?
O neytron,
elektron —
Dönüb
nələr,
nələr olur.
Alov olur,
ölüm olur,
zəhər olur.
Ey həməsrim,
Həqiqətin qan qardaşı,
Dayandırmaq olmazmı, de,

Yarıçılpaq
yarıvəhşi
Qədim insan
atan daşı?!

# 2474 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #