Yaxşı adamlarla doludu dünya... - Günün şeiri

Yaxşı adamlarla doludu dünya... - Günün şeiri
27 aprel 2026
# 14:00

Bu gün şair, publisist Namiq Hacıheydərlinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Dünya" şeirini təqdim edir.

Qoy ruhdan düşməsin dərdə düşənlər,

Hamının dərdindən halıdı dünya.

Sonunda hər kəsin haqqını verir,

Minillər şahidi, uludu dünya.

Gah ömür yoluna bəla gətirər,

Gah da yollarında çiçək bitirər.

Doğru yol tutanı haqqa götürər,

Əyriyə cəhənnəm yoludu dünya.

O kəs ki, düşməni öz tamahıdır,

Qazancı günahsız məzlum ahıdır.

Şərə dost olanın şahənşahıdır,

Haqqa dost olanın quludu dünya.

Nəbzi var, dili var, canlı, diridi,

Yaşayan varlığın o da biridi,

Dilini bilənə yaylaq yeridi,

Bilməzə düzlərin koludu dünya.

Ay Namiq, əməllər getməz havayı,

Hər kəsin önünə qoyular payı.

Kim deyir, azalıb onların sayı,

Yaxşı adamlarla doludu dünya...

# 92 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər