Unut kədərini, qəmini unut - Nüsrət Kəsəmənli

Unut kədərini, qəmini unut - Nüsrət Kəsəmənli
8 may 2026
# 11:25

Kulis.az Nüsrət Kəsəmənlinin "Unut kədərini..." şeirini təqdim edir.

Nədir gözlərində bu qəmli sual,
Unut kədərini, qəmini unut,
Hələ ki ömründə mən varam sənin,
Unut kədərini, qəmini unut.

Bu da bir zamandı gəlib gedəcək,
Sevincin kədərə gülüb gedəcək,
Bu qəmli günlərin ölüb gedəcək,
Unut kədərini, qəmini unut.

Elə bil dağsan ki, vüqar yaraşır,
Söylə, taleyində kimlər dolaşır?
Sən elə işıqsan görənlər çaşır,
Unut kədərini, qəmini unut.

Dağlardan gəlmişik çəni unutma,
O şirin çağları, dəmi unutma.
Qurban gözlərinə, məni unutma,
Unut kədərini, qəmini unut.

# 273 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər