Bu gün şair Maarif Soltanın 70 yaşı tamam olur.
Kulis.az yubilyarı təbrik edir və onun şeirlərini təqdim edir.
Xaos
Sən mənim boğazımda düyünlənib qalmış
udquna bilmədiyim qəhərimsən.
Sən mənim qaranlıq ömrümdə açılmayan səhərimsən.
Sən mənim başıma çəkdiyim ən şirin zəhərimsən,
Həsrətin viran qoyduğu şəhərimsən -
Nə günə qoydun məni...
Bir cüt təşnə dodağam - qabar-qabar oldum,
Qurumuş bir çəmənəm - cadar-cadar oldum.
İntizar sazağından qubar-qubar oldum,
Əsəbdən damar-damar oldum -
Nə günə qoydun məni!
Arxanca sürünməkdən elə yorulmuşam ki,
Sənə tərəf son addım atamağa taqətim yox.
Elə qorxubdur gözüm, sən tərəfə baxmağa
Halətim, cürətim yox.
Bir kəlmə söz deməyə bir gilə qüdrətim yox,
Əlimi uzatmağa qolumda qüvvətim yox...
Nə günə qoydun məni?!..
Yeknəsəqlik
Eyni şeyləri görməkdən - gözlərim,
Eyni yükü çəkməkdən - dizlərim,
Eyni yolları getməkdən - ayaqlarım,
Eyni yalanları eşitməkdən - qulaqlarım,
Eyni sözləri deməkdən - dilim,
Eyni işi görməkdən - əlim,
Eyni paltarı geyinməkdən - əynim,
Eyni sualları düşünməkdən - beynim,
Eyni günlərdən ömrüm qabarladı.
Eyni dərdlərdən ürəyim qubarladı.
Xoş gördük
Darıxmışdım...
Şirin bir yorğunluqla qayıtdım sənə.
Xoş gördük,
xoş gördük dönə-dönə.
Dodaqlarım yuxulu,
əllərim mürgülü...
Köksümdəki intizar qoxulu
pardaxlanmış al-qırmızı Qızılgülü
həsrət sazağından keçirib sənə gətirdim yenə.
Sənsiz yaşamağın mümkünsüzlüyünü
bir daha anladım.
Səni yalqız qoyduğumçün
o ki var özümü danladım.
Sənsizlik
Bu mavilikdə dəniz,
bu boyda dəniz
yetim, kimsəsiz...
Bombozdu sənsiz,
bomboşdu sənsiz...
Min mil uzaqlardan
duyursanmı,
hiss edirsənmi
necə çalxalanır,
necə vurnuxur ?
Min il uzaqlardan
görürəm səni...
Sən necə
bomboş sahildə
görürsənmi məni?
***
Nəfəsindən ayırıb
bir az meh göndər -
sənsiz alışan ruhumu sərinlətməyə.
Gözyaşlarından
bir az şeh göndər -
adının yandırdığı
suluqlamış dodaqlarıma sürtüb
səni soraqlaya-soraqlaya
ardınca getməyə.
Təbəssümündən
bir az ümid göndər,
əlimi uzadıb sənə yetməyə...
Bunları qıymasan,
qollarından
bir az taqət göndər-
intihar etməyə...
***
Arada səni elə arzulayıram ki...
yanında olam...
sənə sığınam...
hər şeyi unudam...
deyirdin.
Bəs niyə unutdun hər şeyi?
***
Bu da sənsən...
Bu da sənin başındı,
Bu da sənin qaşındı.
Bu göz sənin gözündü.
Bax, bu da göz yaşındı.
Dodağındakı atəş,
Bu köz sənin közündü.
Bu qol sənin qolundu,
Bu əl sənin əlindi.
Səni çəkənsə mənəm,
Mənəm - sənin dəlindi.
Güzgü
Onda ki, güzgünün önündə durub
qaşlarını çatıb, gözlərini qıyıb
diqqətlə baxdın güzgüdəkinə.
Onda ki, tanıya bilmədin onu,
əriyib axacaqsan güzgünün təkinə...
Onda heyrətlə baxacaq güzgüdəki
Təəssüflə gülümsəməkdən başqa
heç nəyə gücün çatmayacaq.
Onda anacaqsan məni...
Özünü unudacaqsan,
Ağlayacaqsan məni...
***
Necəsən? - soruşursan.
Bilirəmmi necəyəm?
Haçandı özümdən yoxdu xəbərim...
Bir qaranlıq gecəyəm,
Açılmır səhərim.
Qaranlıqda özümü görə bilmirəm,
Güzgüyə baxıram - üzümü görə bilmirəm.
Boğazımda düyünlənmiş qəhəri uda bilmirəm...
Özümü unutdum,
Səni unuda bilmirəm...